Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5498/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1349/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1349/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 558,90 manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 37,26 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulub, İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 135.1, 135.2, 445.7, 1091.1, 1091.2, 1092.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric edərək və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır. Qeyd edilənlərə əsasən iddiaçı əsassız varlanma qaydalarına uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia həmin hissədə təmin edilməli və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 558,90 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 37,26 manat məbləğində faiz borcu tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - İddiaçı ASC-nin ödəniş kartları üzrə çıxarışlarına əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarixlərində karta 1165,86 manat pul mədaxil edilmiş, 1823,67 manat isə məxaric edilmişdir. Qalıq -558,90 manatdır; - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən məlum olur ki, Cavabdeh Banka 558,90 manat borcun 5 təqvim günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur (iş səh. 6, 10). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1349/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425; Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən subutlara lazımi hüququ qiymət verilməmiş və mövcud sübutlar tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul etdikdə təbii ki, iddiaçının tələb etdiyi borcun məbləğinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi üçün xüsusi biliyə malik olan mütəxəssis hesablanmasına istinad etməli, həmçinin, iddia tələbinin predimeti olan borcun hansı dövrdən hansı dövrədək yaranmasını, kredit götürən şəxsin götürdüyü kredit borcunu hansı səbəbdən gecikdirdiyini və s. xüsusatları dəqiqləşdirməli idi. Onkoloji xəstə olan cavabdehin nümayəndəsinin iş üzrə icraatın dayandırılması barədə vəsatəti qətiyyən nəzərə alınmamışdır. Məhkəmə İddiaçı ASC-nin iddia tələbi ilə bağlı iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iclas iştirakçısı olaraq prosessual tərəf olan cavabdehin iclasda bilavasitə iştirak etməməsini qətiyyən nəzərə almamış, iddiaçı tərəfin tələb etdiyi borcun həddən artıq şişirdilməsinə nəzər salmağı unudaraq sadəcə MPM-in iddia tələbinin təmin edilməsi ilə əlaqəsi olmayan ümumməlum normalarının şərhini vermişdir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi məhkəmənin yalnız bir tərəfin – İddiaçı ASC-nin mövqeyindən çıxış etməsi, təqdim edilmiş sübutlar üzrə hərtərəfli, obyektiv deyil, ancaq iddiaçı tərəfin formal mülahizələri əsasında qəbul edilmiş qətnamənin işin hallarına uyğun gəlməməsi ilə təsdiq edilir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh da ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində olan uzun sürən onkoloji xəstəliklə əlaqədar olaraq yataq rejimində müalicə aldığı üçün məhkəmə iclasında iştirak etmək imkanının məhdud olduğunu bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 439-449, 560, 723-731, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
9. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlillərə dair iddianın əsaslarına qarşı sübutlar təqdim etmədiyindən dəlillərin müzakirəsi və ya ekspertiza təyin edilməsinə əsaslar müəyyən edilmir. Belə ki, apellyasiya şikayətinin mahiyyəti kreditin götürülməsini istisna etmədiyindən müzakirə predmeti yalnız borcun məbləği ola bilərdi ki, buna dair cavabdeh etirazının əsasını təşkil edən ödənişlər barədə sübutlar (mədaxil qəbzi və s.) təqdim etməmişdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 742.2. Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır.
11. Beləliklə, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə dəlalət edən sübutlar, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir.
12. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1349/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.