Məhkəmə qərarları › İş №2(103)-55/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-55/2024

21.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-55/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhəri Cavabdeh2nə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və dəymiş ziyanın tutulması tələbi barədə” ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı “əmlakın sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil3 və Cavabdeh1 nümayəndələri X8 və (vəkil) Vəkil4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh1 MMC tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binadan, binanın fasad hissəsinin mərkəzi yola baxan, asfalt səthinə nisbətdə binanın birinci mərtəbəsindən həmin ölçüyə 20 faiz artıq hesablanmaqla qeyri-yaşayış sahəsinin və əldən çıxmış fayda kimi aylıq 7.000 manat icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsi naməlum şəxslər tərəfindən iddiaçının xəbəri və razılığı olmadan xx.xx.2018-ci il tarixdə sökülmüşdür. İddiaçının cavabdeh hüquqi şəxslərə etdiyi sorğulara əsasən verilmiş cavablara əsasən müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi, həmin ərazidə yeni yaşayış binalarının tikintisi üçün cavabdeh "xxxx" MMC-yə, hazırda isə Cavabdeh1 MMC-yə ayrılmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə riayət edilmədən sökülmüş və nəticədə iddiaçıya külli miqdarda maddi və mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona məxsus qeyri-yaşayış sahəsi söküldüyündən ona dəymiş zərər naturada ödənilməli, bunun üçün isə Cavabdeh1 MMC həmin ərazidə inşa edəcək binadan, binanın fasad hissəsinin mərkəzi yola baxan, asfalt səthinə nisbətdə binanın birinci mərtəbəsindən həmin ölçüyə 20 faiz artıq hesablanmaqla qeyri-yaşayış sahəsi cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməlidir. Belə ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə görə, MMC binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı özünə məxsus sahəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər-hansı bir şəxsə icarəyə vermiş olsa idi, aylıq icarə haqqı olaraq ən azı 7.000 manat məbləğində gəlir əldə edə bilərdi. Lakin iddiaçıya məxsus qeyriyaşayış sahəsi söküldüyü üçün iddiaçı bu faydadan məhrum olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddiaçı hesab edir əldən çıxmış fayda kimi aylıq 7.000 manat icarə haqqı xx.xx.2018-ci il tarixdən başlayaraq yeni qeyri-yaşayış sahəsi ona təhvil verilən tarixindən cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməldir.

3. Cavabdeh1 MMC iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan sahənin sökülməsi, həmin sahənin əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 232,1 kv.m ümumi sahəsi olan yeni əmlakın iddiaçının xüsusi mülkiyyətinə verilməsinin MMC tərəfindən təmin edilməsi, yeni əmlak verilənədək MMC tərəfindən iddiaçıya hər ay 550 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus daşınmaz əmlakın yerləşdiyi ərazi mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün icarə əsasında cavabdeh "xxxx" MMC-nin istifadəsinə veilmişdir. Həmin ərazidə yerləşən binalar istismar müddəti bitdiyi üçün sökülməlidir. Ərazidəki sakinlərin əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Cavabdeh1 MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və sonuncunun hüquqi varisidir. İddiaçı ilə danışıqlar aparılmasına baxmayaraq, iddiaçı öz sahəsini söküntü üçün MMC-yə təhvil verməmişdir. Hazırda iddiaçı sahədən istifadə etmir, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına məneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi Cavabdeh1 MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, Cavabdeh1 MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərini boşaldaraq sökülməsi üçün mənzillərini MMC-yə təhvil vermiş sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. b) Tərəflərin mövqeyi barədə məlumat

5. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) Vəkil3 Mövsum oğlu və iddiaçının nümayəndəsi (əri) X7 işə baxmış Rayon Məhkəməsinə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın dəlillərinə etiraz etmişlər. Onlar, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar xüsusi qərardadın çıxarılmasını və araşdırılması üçün müvafiq prokurora göndərilməsini xahiş etmişlər. Nümayəndə (vəkil) Vəkil3 öz izahatında həmçinin bildirmişdir ki, 20% əlavə sahənin verilməsinə dair iddia tələbinin əsasını Nəsimi RİH ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndi təşkil edir. Belə ki, həmin müqavilənin 2.4-cü bəndinə görə, MMC binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi əvvəllər yaşayış sahəsi kimi istifadə olunurdu. Sahə sökülən zaman təmirsiz olmuşdur.

7. Cavabdeh2 nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək, ilkin iddianın təmsil etdiyi RİH-ə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Digər cavabdehlərin nümayəndələri məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilsələr də, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddianın qismən təmin edilməsini, iddiaçının mülkiyyətində olan 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanında Cavabdeh1 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyriyaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsini, yeni əmlak verilənədək həmin MMC tərəfindən iddiaçıya hər ay 550 manat məbləğində kirayə haqqı ödənilməsini, ilk və qarşılıqlı iddianın digər hissələrdə rədd edilməsini qət etmişdir.

10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarına əsasən ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olması müəyyən edilmişdir. İşin halları ilə həmçinin müəyyən edilir ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə əsasında sökülmüşdür. Hazırda cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC tərəfindən təklif edilən əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s. iddiaçının-mülkiyyətçinin “gözləntilərinə” tam uyğundur və beləliklə də söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahənin verilməsi ilə bağlı iddia hüquqi əsası olmadığından bu hissədə rədd edilməlidir. Bundan başqa, hazırkı mübahisənin predmeti qeyri-yaşayış sahəsidir, həmin sahədən tərəf yaşamaq deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etmək niyyətində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 №-li Qərarı və bu Qərarı qüvvədən salan Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 nömrəli qərarı ilə tikinti şirkətlərinə qəzalı vəziyyətdə olan binaların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır. Bu müddəa Nəsimi RİH başçısının xx.xx.2018-ci il tarixli, 33 saylı sərəncamında da öz əksini tapmışdır. Odur ki, hər iki iddia qismən təmin edilməlidir. Rayon Məhkəməsi həmçinin ilk iddianın “əldən çıxmış fayda kimi icarə haqqının ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Eyni zamanda işə baxılan zaman Rayon Məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdeh Komitənin və cavabdeh Nəsimi RİH-nin ilk iddia üzrə iddiaçının onlara münasibətdə irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımadığı müəyyən edilmişdir. İlk iddia üzrə Cavabdeh3 MMC-nin isə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh1 MMC-yə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qoşulması nəticəsində Cavabdeh1 MMC-nin tərkib hissəsinə çevrilməsi və Cavabdeh1 MMC-nin onun hüquqi varisi olması müəyyən edilmişdir. Rayon Məhkəməsi qarşılıqlı iddianın “ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın sökülmüş olması işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən də qarşılıqlı iddianın bu tələbi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir. Rayon Məhkəməsi həmçinin qarşılıqlı iddianın “yeni daşınmaz əmlak verilənədək Cavabdeh1 MMC tərəfindən iddiaçıya hər ay 550 manat kirayə haqqının ödənilməsi” ilə əlaqədar belə qənaətə gəlmişdir ki, müvəqqəti yerləşdirilərək mülkiyyətçilərə ödənilməsi nəzərdə tutulan kirayə haqqının məbləği hər mülkiyyətçiyə və mənzilə münasibətdə mövcud reallığa uyğundur. Məhkəmə həmçinin nəzərə alır ki, ilkin iddia üzrə iddiaçı kirayə haqqının məbləğini mübahisələndirməmiş, əldən çıxmış fayda kimi aylıq 7.000 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək ödənilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş müvafiq normativ-hüquqi aktlarda həyata keçirilən söküntü işləri nəticəsində köçürülən sakinlərə kirayə haqqının məhz müvəqqəti yaşayış yerləri üçün ödənilməsi nəzərdə tutulmaqdadır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Cavabdeh1 MMC tərəfindən iddiaçıya kirayə haqqı olaraq hər ay 550 manat məbləğində pul ödənilməlidir. Rayon Məhkəməsi ilk iddia üzrə iddiaçının ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

11. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Əsasları ilk iddianın əsaslarına uyğun olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iş materiallarında olan 3 müxtəlif qiymətləndirmə şirkətlərindən əldə edilmiş hesabatlarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının 7.000 manatdan artıq olduğu öz təsdiqini tapır. Bundan başqa, Nəsimi RİH ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, MMC, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi həmin müqavilə üçüncü şəxslərin xeyrinə bağlanmış müqavilə olmaqla vətəndaşların sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin olunmalı olduğunu qeyd edir. Lakin Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, mübahisələndirilən hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi öz qətnaməsində yeni əmlak verilənədək Cavabdeh1 MMC tərəfindən iddiaçıya 550 manat məbləğində kirayə haqqı ödənilməsini qeyd etsə də ümumiyyətlə o məbləğin hansı vaxtdan başlayaraq ödənilməli olduğunu ümumiyyətlə qətnaməsində göstərməmişdir. Bundan əlavə, Rayon Məhkəməsi iş üzrə xüsusi qərardad çıxarmalı olduğu halda, cinayət faktlarını görməzdən gəlmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat

13. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, hər iki iddia tələbi qismən təmin olunsa da, cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

14. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir.

15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

17. İlki iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

18. Cavabdeh1 MMC-nin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və qarşılıqlı iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. Cavabdeh1 MMC-nin Ramilə Bağırova əlavə olaraq bildirdi ki, MMC-nin yuxarıda göstərilən ünvanda inşa etdiyi bina xx.xx.2022-ci il tarixdə dövlətin müvafiq komissiyaları tərəfindən istismara qəbul edilmişdir. Elə həmin vaxtdan etibarən iddiaçıya bu barədə məlumat verilmiş və iddiaçıya təklif edilmişdir ki, gəlib, ona təhvil verilməli olan sahəni qəbul etsin. Lakin iddiaçı təklifə əhəmiyyət verməmiş, sahəni qəbul etməmişdir. Bu barədə MMC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmişdir.

19. İşdə iştirak edən digər cavabdehlərin nümayəndələri işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

20. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməlidir.

21. Belə ki, Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini almış hissəsi ilə müəyyən edilən və tərəflər arasında mübahisə doğurmayan işin halları ondan ibarətdir ki, iddiaçı, yuxarıda qeyd edilən ünvanında yerləşən və ümumi sahəsi 232.1 kv.m olan qeyriyaşayış sahəsinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Nəsimi RİH ilə "xxxx" MMC (hazırda – Cavabdeh1 MMC) arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən MMC tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ünvan 2 ünvanında yerləşən yaşayış binalarının normativ istismar müddəti bitmişdir.

22. Apellyasiya baxışının predmetini təşkil edən hissədə işin mübahisə doğuran halları iddiaçıya məxsus daşınmaz əmlakın əvəzində həmin əmlaka 20% əlavə sahənin verilməli olub-olmaması, iddiaçıya əldə çıxmış faydanın əvəzinin ödənilməli olubolmaması, habelə yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək verilməli olan icarə haqqının miqdarı və hansı tarixdən hesablanmalı olması ilə bağlıdır.

23. İddiaçı, ona məxsus olan daşınmaz əmlakına 20 faiz əlavə sahə hesablanmaqla ona təhvil verilməsini və əldən çıxmış fayda kimi aylıq 7.000 manat icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir.

24. Cavabdeh1 MMC isə iddiaçıya yeni daşınmaz əmlaka 20 faiz əlavə sahə hesablanmadan verilməsini və kirayə haqqı olaraq hər ay 550 manat məbləğində pulun verilməsinin müəyyən edilməsini məhkəmədən xahiş edir.

25. Məhkəmə ilk növbədə əlavə sahənin verilməsi məsələsini araşdıraraq qeyd edir ki, söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahənin verilməsi ilə bağlı iddia hüquqi əsası olmadığından, Rayon Məhkəməsi bu hissədə ilk iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, İddiaçı əlavə sahənin verilməsinə dair tələbinin əsası kimi Nəsimi RİH ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə istinad etmişdir. Həmin müqavilənin qeyd olunan bəndinə görə şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20 faizdən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23-cü fəsillərindəki maddələrin mənasına görə, mükəlləfiyyətli tərəfdən müqavilə üzrə yaranmış öhdəliyin icra olunmasını tələb etmək üzrə subyektiv hüquqa yalnız müqavilə tərəfi (kreditor, borclu) malikdir.

28. Lakin iddiaçı, qeyd edilən xx.xx.2018-ci il tarixli müqavilə üzrə tərəf olmadığı üçün müqavilə tərəfindən müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququna malik deyildir.

29. Məhkəmə, ilk iddia üzrə iddiaçının əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).

30. İddiaçı əldən çıxmış faydanı ona məxsus qeyri-yaşayış sahəsindən məhrum olması və bu səbəbdən normal mülki dövriyyə şəraitində qeyri-yaşayış sahəsinin istifadəsindən əldə edə biləcəyi gəlirdən məhrum olması ilə əlaqələndirir.

31. İddiaçı işdə olan aşağıdakı qiymətləndirmə hesabatlarına əsaslanaraq əldən çıxmış faydanın miqdarını 7.000 manat müəyyən etmişdir.

32. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, YDQ/50 saylı hesabatdan görünür ki, iddiaçıya məxsus 232,1 kv.metr daşınmaz əmlakın yerləşdiyi ünvanda həmin ölçüdə olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı (hesabatın verilmə tarixinə) 7.100 manat təşkil edir.

33. "xxxx" MMC tərəfindən verilmiş QR 263 nömrəli hesabatdan görünür ki, iddiaçıya məxsus 232,1 kv.metr daşınmaz əmlakın yerləşdiyi ünvanda həmin ölçüdə olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqqı xx.xx.2018-ci il tarixə 7.400-7.500 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumi icarə haqqının dəyəri isə 273.800 - 277.500 manat müəyyən edilir.

34. “X6” MMC-nin xx.xx.2021-ci il tarixli, 568 saylı hesabatdan görünür ki, iddiaçıya məxsus 232,1 kv.metr daşınmaz əmlakın yerləşdiyi ünvanda həmin ölçüdə olan qeyriyaşayış sahəsinin aylıq icarə haqqı xx.xx.2018-ci il tarixə 7.248 manat, xx.xx.2018-ci il tarixə 7.284 manat, xx.xx.2019-cu il tarixə 7.433 manat, xx.xx.2020-ci il tarixə 7.585 manat təşkil etmişdir. Hesabatın verilmə tarixinə - xx.xx.2021-ci il tarixə isə 7.740 manat təşkil edir.

35. Məhkəmə qeyd edir ki, əldən çıxmış fayda tələbi ehtimal edilən faydaya deyil, real faktlara əsaslanmalıdır. Çünki Mülki Məcəllənin 443.4-cü maddəsinə görə, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

36. Lakin iddiaçı əmlakından məhrum olmazdan əvvəl həqiqətən qeyd etdiyi kimi əmlakdan fayda əldə etdiyini təsdiq edən hər hansı mötəbər sübutu (məsələn: daşınmaz əmlakın sökülmə tarixinə qədər onunla hər hansı şəxs arasında bağlanmış “İcarə müqaviləsini”, “İcarə müqaviləsi” əsasında ona ödənilən icarə haqqından müvafiq vergilərin ödənilməsini təsdiq edən “Ödəniş qəbzlərini və s.) məhkəmələrə təqdim etməmişdir.

37. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin işin hallarından görünür ki, ilk iddia üzrə iddiaçı müzakirə edilən tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəməsi tələbin sübuta yetməməsi əsası ilə ilk iddianın “əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə” hissəsini rədd etməkdə haqlı olmuşdur.

39. Məhkəmə icarə haqqının məbləği ilə bağlı bildirir ki, yeni əmlak təhvil verilənədək Cavabdeh1 MMC tərəfindən iddiaçıya hər ay 550 manat kirayə haqqının ödənilməsi hissəsində qətnamə əsaslı deyil.

40. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.

41. “«Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ..... nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə həddən artıq yük qoymamalıdır.

42. Hazırkı mübahisənin predmeti qeyri-yaşayış sahəsidir, həmin sahədən tərəf yaşamaq deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etmək niyyətində olmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 №-li Qərarı və bu Qərarı qüvvədən salan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 nömrəli qərarı ilə tikinti şirkətlərinə qəzalı vəziyyətdə olan binaların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır.

43. Bu müddəa Nəsimi RİH başçısının xx.xx.2018-ci il tarixli, 33 saylı sərəncamında da öz əksini tapmışdır.

44. Məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın sakinləri ilə Cavabdeh1 MMC arasında yaşayış və qeyri-yaşayış sahələrinin kirayə haqqı məbləği ilə bağlı məhkəmə çəkişmələri olmuş və qanuni qüvvəsini almış məhkəmə qərarları qəbul edilmişdir. Həmin məhkəmə aktları hazırki iş üzrə icarə haqqının məbləği ilə bağlı preyudisial sayılmasa da, sahənin yerləşdiyi binada icarə haqlarının miqdarı ilə bağlı artıq formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalıdır.

45. İş materiallarında olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) mülkiyyətçi olan (hazırki iş üzrə ilk iddiaçının qaynanası) X4 ilə Cavabdeh1 MMC arasında yaranmış icarə haqqının miqdarı ilə bağlı oxşar mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5232/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə binanın söküldüyü xx.xx.2019-cu il tarixdən başlayaraq yeni əmlak verilənədək Cavabdeh1 MMC-dən Zərifə Zülfüqarovanın xeyrinə hər ay 950 manat kirayə haqqı tutulması qət edilmişdir. Həmin məbləğlə razılaşmayan Zərifə Zülfüqarova tərəfindən qətnamədən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 2(102)-975/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

46. Odur ki, qeyri-yaşayış sahəsinə münasibətdə cavabdeh MMC tərəfindən təkli edilən 550 manat kirayə haqqı miqdarı ədalətli sayıla bilməz. Çünki mənzillər üçün müəyyən edilən aylıq kirayə məbləğini qeyri-yaşayış sahəsinin kirayə məbləği ilə eyniləşdirmək olmaz. Halbuki qeyri-yaşayış sahəsinin təyinatı (icarəyə verilməsi, sahibkarlıq obyekti kimi istifadə edilməsi və s.) həmin əmlakdan gəlir götürmə ehtimalının daha çox olması baxımından onun kirayə haqqının mənzillərlə eyni tutulmasını istisna edir.

47. Məhkəmə hesab edir ki, mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin əvəzində iddiaçıya verilməli olan aylıq pul vəsaitinin miqdarının (MMC-nin təklif etdiyi məbləğin iki qatı) 1.100 manat müəyyən edilməsi işin hallarına uyğun olmaqla ədalətli hesab edilə bilər.

48. Bundan əlavə Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi icarə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməməklə səhvə yol vermişdir. Buna görə də, qeyriyaşayış sahəsinin nə vaxtdan sökülməsi məsələsinin araşdırılmasına zərurət vardır.

49. Yuxarıda qeyd edilən və artıq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5232/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçıya məxsus daşınmaz əmlak, həmin iş üzrə iddiaçı olan Zərifə Zülfüqarovaya məxsus daşınmaz əmlak ilə bir binada yerləşirdi və bu şəxslər özlərinə məxsus əmlakdan istifadə etmək hüququndan xx.xx.2019cü il tarixdən etibarən məhrum olmuşlar.

50. İddiaçı tərəfindən binanın həmin tarixdən daha əvvəl sökülməsi və ya onun daha əvvəl mülkiyyətindən məhrum edilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.

51. İş materiallarından həmçinin müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinin əvəzində iddiaçıya yeni qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, lakin iddiaçı tərəfindən həmin sahənin qəbul edilməsindən imtina olunmuşdur. Bu hal MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli akt ilə təsdiq edilir.

52. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq 1.100 manat kirayə haqqı məbləği hesablanmaqla Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

53. Məhkəmə həmçinin iş üzrə xüsusi qərardad qəbul edilərək prokurora məlumat verilməsi barədə iddiaçının vəsatətinə münasibətdə isə qeyd edir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından xüsusi qərardadın qəbul edilməsi üçün əsas yoxdur. Rayon Məhkəməsinin bu məsələdə gəlmiş olduğu qənaəti düzgündür. h) apellyasiya baxışının nəticəsi

54. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni tutulmalı olan pul vəsaitinin məbləğinin və vaxtının müəyyən edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün, hər aya 1.100 manat hesablanılmaqla, ümumilikdə (1.100 x 39,6 ay =) 43.560 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya baxışı zamanı yaranmış məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən bərabər şəkildə iddiaçıya və Cavabdeh1 MMC-yə aid edilməlidir. Bu məqsədlə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun yarısı, yəni 7,50 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

56. Həmçinin iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul iddiaçıdan və Cavabdeh1 MMC-dən bərabər hissələr ilə tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

57. Bundan başqa Məhkəmə bildirir ki, hazırki iş üzrə digər cavabdehlər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən, habelə onlara qarşı təmin edilən tələb olmadığından, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, onlar hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

58. İddiaçının apellyasiya şikayəti qismən təmin edildiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə Cavabdeh1 MMC-yə qarşı təmin edildiyindən iddiaçı və Cavabdeh1 MMC hazırki qətnamədən MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə kassasiya şikayəti vermək hüququna malikdirlər.

59. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni tutulmalı olan pul vəsaitinin miqdarının və vaxtının müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay üçün 1.100 manat icarə haqqı olmaqla, ümumilikdə (1.100 manat x 39,6 ay =) 43.560 (qırx üç min beş yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7 (yeddi) manat 50 (əlli) qəpik manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən apellyasiya baxışı zamanı aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 (iyirmi beş) manat hissəsi İddiaçı Dilqım qızından, 25 (iyirmi beş) manat məbləğində hissəsi isə Cavabdeh1ndən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE**********0002088501, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Nəzərə alınsın ki, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qətnamənin ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 232,1 kv.m olan, fasad hissəsi yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. İddiaçı və Cavabdeh1 tərəfindən hazırki qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilərlər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar