Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5500/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Bankın nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Banka qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, İ-SKMF/50/af-m saylı “İpoteka müqaviləsinə” 5 saylı “Əlavə razılıq müqaviləsinin” etibarsız hesab edilməsi və bu “Əlavə razılıq müqaviləsinin” əsasında Daşinmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi X4 və X1 göstərilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor olan Bank ilə borcalan – iş üzrə üçüncü şəxs Ə.Zalov arasında xx.xx.2006 və xx.xx.2007-ci il tarixlərdə “Kredit müqavilələri” bağlanmışdır. Həmin “Kredit müqavilələri” üzrə Ə.Zalovun “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq İddiaçı özünə məxsus olan və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,08 ha torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla bağlı olaraq Bank ilə Ə.Zalov və iddiaçı arasında xx.xx.2006-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Sonradan Bank hazırki iş üzrə üçüncü şəxslərə və hazırki iş üzrə iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələblər barədə” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli, 2(012)-57/2017 saylı qətnamə ilə Bankın iddiası qismən təmin edilmişdir. Qeyd edilən həmin mülki işin baxılması zamanı hazırki iş üzrə iddiaçıya məlum olmuşdur ki, yuxarıda qeyd edilən “Kredit müqavilələrin” bağlanmasından sonra Bank ilə Ə.Zalov arasında daha bir neçə “Kredit müqaviləsi” bağlanmış və yeni “Kredit müqaviləsi” üzrə Ə.Zalovun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq iddiaçıya məxsus olan torpaq sahəsinin guya əlavə yüklülüyü ilə bağlı iddiaçı ilə Bank arasında “İpoteka müqaviləsinə 5 saylı əlavə razılıq müqaviləsi” bağlanmışdır. İddiaçı bildirir ki, həmin “Əlavə razılıq müqaviləsindən” xəbəri olmamış, iddiaçı həmin “Əlavə razılıq müqaviləsini” imzalamamışdır. Buna görə də, iddiaçı hesab edir ki, həmin “Əlavə razılıq müqaviləsi” etibarsız hesab edilməli, həmin müqavilə əsasında xx.xx.2012-ci il tarixdə verilmiş “Reyestrdən çıxarış” ləğv edilməlidir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsinin əsas götürdüyü ekspert rəyi aydın və tam deyil, həqiqəti əks etdirmir. Ekspert xx.xx.2006-cı il tarixdə bağlanmış ipoteka müqaviləsinə 5 nömrəli xx.xx.2012-ci il tarixli əlavə razılığı tədqiq etmişdir. Halbuki, 5 nömrəli xx.xx.2012-ci il tarixli əlavə razılıq xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əlavə razılaşmadır. Göründüyü kimi, ekspert onun istinad etdiyi müqavilə əsasında deyil, naməlum başqa bir müqavilə əsasında tədqiqat aparmışdır. Buna görə də rəy əsaslı hesab edilə bilməz. İş üzrə (apellyator) iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı tərəfindən etibarlılığı mübahisələndirilən müqavilə tərəflər arasında qarşılıqlı razılıq əsasında imzalanmışdır, müqavilədəki imza iddiaçıya məxsusdur. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı borcun tutulmasına dair məhkəmə qətnaməsinin qüvvəyə minməsini və icrasını yubatmaq məqsədi ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərindən müəyyən edilir ki, Bank ilə borcalan Ə.Zalov arasında xx.xx.2006 və xx.xx.2007-ci il tarixlərdə “Kredit müqavilələri” bağlanmışdır. Həmin “Kredit müqavilələri” üzrə Ə.Zalovun “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq İddiaçı özünə məxsus olan və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,08 ha torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla bağlı olaraq Bank ilə Ə.Zalov və iddiaçı arasında xx.xx.2006-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Sonradan Bank hazırki iş üzrə üçüncü şəxslərə və hazırki iş üzrə iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələblər barədə” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(012)-57/2017) Bankın iddiası qismən təmin edilmişdir. İddiaçı bildirir ki, qeyd edilən həmin mülki işin baxılması zamanı ona məlum olmuşdur ki, yuxarıda qeyd edilən “Kredit müqavilələrin” bağlanmasından sonra Bank ilə Ə.Zalov arasında daha bir neçə “Kredit müqaviləsi” bağlanmış və yeni “Kredit müqaviləsi” üzrə Ə.Zalovun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq iddiaçıya məxsus olan torpaq sahəsinin guya əlavə yüklülüyü ilə bağlı iddiaçı ilə Bank arasında “İpoteka müqaviləsinə 5 saylı əlavə razılıq müqaviləsi” bağlanmışdır. Həmin “Əlavə razılıq müqaviləsindən” onun xəbəri olmamış, 0, “Əlavə razılıq müqaviləsini” imzalamamışdır. Buna görə də, iddiaçı hesab edir ki, həmin “Əlavə razılıq müqaviləsi” etibarsız hesab edilməli, həmin müqavilə əsasında xx.xx.2012-ci il tarixdə verilmiş “Reyestrdən çıxarış” ləğv edilməlidir. Məhkəmə, mövcud mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). İşin mübahisəli halı ipoteka müqaviləsinə əlavənin iddiaçı tərəfindən imzlanıbimzalanmamasıdır. Rayon Məhkəməsi iddia ərizəsi ilə iddiaçının dəlillərinin həqiqəti əks etdiribetdirməməsini yoxlamaq üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2019-cu il tarixli, 23011 nömrəli rəydən görünür ki, Bankın “Azadlıq” filialı ilə iddiaçı arasında bağlanmış İSKMF/50/af-m nömrəli, xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsinə 5 nömrəli xx.xx.2012-ci il tarixli əlavə razılıqda “İddiaçı” sözünün üzərindəki imza iddiaçı tərəfindən icra olunmuşdur. Rayon Məhkəməsi ekspertizanın rəyini nəzərə alaraq hesab etmişdir ki, mübahisələndirilən imza iddiaçı tərəfindən icra olunmuşdur. İddiaçı apellyasiya şikayətində bildirir ki, ekspert rəyi həqiqəti əks etdirmir, lakin Rayon Məhkəməsi həmin rəyə üstünlük vermişdir. Belə ki, ekspert xx.xx.2006-cı il tarixdə bağlanmış ipoteka müqaviləsinə 5 nömrəli xx.xx.2012-ci il tarixli əlavə razılığı tədqiq etmişdir. Halbuki, 5 nömrəli xx.xx.2012-ci il tarixli əlavə razılıq xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əlavə razılaşmadır. Göründüyü kimi, ekspert onun istinad etdiyi müqavilə əsasında deyil, naməlum başqa bir müqavilə əsasında tədqiqat aparmışdır. Buna görə də rəy əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsi xətşünaslıq eksperizası təyin edərkən, araşdırılıb cavab verilməsindən ötrü ekspert qarşısında sualı qoymuşdur: “Bankın Azadlıq filialı ilə Ə.Zalov (borcalan) və İddiaçı (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə 5 nömrəli əlavə razılıqda müqavilənin sonunda “ipotekaqoyan” sözü yazılan qrafanın altında “İddiaçı” qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdurmu?”. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti “əlavə materialların təqdim olunması barədə” xx.xx.2019-cu il tarixli, 7717 saylı vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə 5 nömrəli əlavə razılığın əslinin təqdim olunmasını xahiş etmiş və xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə 5 nömrəli əlavə razılığın əsli (iddiaçının istinad etdiyi əlavə razılaşma) tədqim olunduqdan sonra tədqiqat aparılaraq yuxarıda artıq qeyd edilmiş rəy təqdim olumuşdur. Ekspert rəyini səhv hesab edən iddiaçı, rəyi şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla yuxarıda qeyd edilmiş nəticəyə gəlməkdə Rayon Məhkəməsi haqlı olmuşdur. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçıtərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5500/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5500/2020
26.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver