Məhkəmə qərarları › İş №2(103)-5500/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5500/2021

13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5500/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlunun və onun nümayəndəsi və vəkili Ələkbərov Vüsal Nazim oğlunun, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-13/2020 saylı, 05 mart 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və Məmmədova Fidan Şirvani qızı cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-yə qarşı «əsassız yerə silinmiş borcun qaytarılması, ilk vəziyyətin bərpası və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-nin onlar tərəfindən qoyulmuş əmanət hesabına əsassız yerə kredit xətti müqaviləsi üzrə silinmiş borcun həmin əmanət hesablarına qaytarılması və əvvəlki vəziyyətin bərpa edilməsi, dəymiş zərərin ödənilməsi, hal-hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunan sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı və Məmmədova Fidan Şirvani qızı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 09.06.2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı əmanət müqaviləsi üzrə müqavilə ilə nəzərdə tutulmuş son müddətədək 11,5 % dərəcəsi ilə faiz hesablanması, 09.06.2017-ci il tarixdə depozitin əsas məbləğindən və hesablanmış faiz məbləğindən müddəti bitmiş 143786-1-24093 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğə ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmaqla onlara qaytarılması; 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsi üzrə müqavilə ilə nəzərdə tutulmuş son müddətədək 12 % dərəcəsi ilə faiz hesablanması, 09.06.2018-ci il tarixdə depozitin əsas məbləğindən və hesablanmış faiz məbləğindən müddəti bitmiş 143786-1-24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğə ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmaqla onlara qaytarılması; hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsi bərpa olunması, 57.000 ABŞ dolları əsas borc və 18.420 ABŞ dolları məbləğində faizin hesablanması; 143786-1- 24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ (4.416 ABŞ dolları 26.01.2017-ci il tarixə MB məzənnəsinə əsasən) çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları məbləğinə 10.06.2018-ci il tarixdən ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə (11 %) faiz hesablanmaqla ona qaytarılması; hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı Məmmədova Fidan Şirvani qızı məhkəməyə ərizə göndərərək, ona aid hissədə iddia tələbindən imtina etdiyini bildirmiş və məhkəmədən iş üzrə icraata ona aid hissədə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(006)-13/2020 saylı qərardadı ilə iddiadan imtina qəbul edilmiş və iş üzrə icraata ilk iddia üzrə iddiaçı Məmmədova Fidan Şirvani qızına aid hissədə xitam verilmişdir. «Bank VTB (Azərbaycan)» ASC İddiaçı və Məmmədova Fidan Şirvani qızına qarşı «əmanət müqaviləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, Məmmədova Fidan Şirvani qızı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı bank əmanəti müqaviləsinin və İddiaçı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı bank əmanəti müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı və Məmmədova Fidan Şirvani qızı iddia ərizəsini onunla əsaslandırmışlar ki, 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı bank əmanəti müqaviləsinə əsasən İddiaçı tərəfindən cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-yə hesablanmış faizlərin (müddətin sonunda) ödənilməsi şərti ilə illik 12 % dərəcəsi ilə, 300 ABŞ dolları əmanət 36 ay müddətinə və 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçı Məmmədova Fidan Şirvani qızı tərəfindən cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-yə hesablanmış faizlərin (müddətin sonunda) ödənilməsi şərti ilə illik 11,5 % dərəcəsi ilə, 300 ABŞ dolları əmanət 24 ay müddətinə qoyulmuşdur. 25.11.2015-ci il tarixdə «Bank VTB (Azərbaycan)» ASC ilə İddiaçı arasında 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinə əsasən 19 ay müddətinə 103.500 manat və 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinə əsasən 31 ay müddətinə 45.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında bundan başqa əlavə üç ədəd pul vəsaitinin girovu üzrə kredit xətti müqavilələri bağlanmış və həmin müqavilələr tam icra edilmişdir. Lakin yuxarıda qeyd olunan 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti 09.06.2017-ci il tarixdə 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti 09.06.2018-ci il tarixdə bitəcəyinə baxmayaraq, «Bank VTB (Azərbaycan)» ASC iddiaçıya heç bir rəsmi bildiriş və ya xəbərdarlıq etmədən bankda olan iddiaçının əmanəti hesabına həmin kredit xətti müqavilələri üzrə borc məbləğlərini silmişdir. Bununla bağlı iddiaçının cavabdehə ünvanladığı 16.12.2017-ci il tarixli müraciətinə cavab olaraq «Bank VTB (Azərbaycan)» ASC tərəfindən 19.01.2017-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının yuxarıda qeyd olunan tam icra olunmuş və artıq müddətləri bitmiş kredit xətti müqavilələri üzrə gecikmə borcları olmuşdur. Eyni zamanda, «Bank VTB (Azərbaycan)» ASC tərəfindən verilmiş 19.01.2017-ci il tarixli 03/55 saylı və 19.01.2017-ci il tarixli 03/56 saylı arayışlarda da 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi və 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi üzrə iddiaçı tərəfindən heç bir gecikmə borcunun olmaması göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, «Bank VTB (Azərbaycan)» ASC tərəfindən əsassız olaraq iddiaçının əmanəti hesabına kredit xətti müqaviləsi üzrə borcunun silinməsi tamamilə əsassız və qanunsuzdur. İddiaçı ilə cavabdeh «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış kredit xətti müqaviləsinin 6.1-ci bəndində bankın həmin müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilməsi üçün əsas olan hallar qeyd olunmuşdur ki, həmin halların heç biri iddiaçı və cavabdeh arasında mövcud olmamışdır. Eləcə də, müqavilənin 6.2-ci bəndinə əsasən bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Qeyd olunan bəndin məzmunundan da aydın olduğu kimi, bank müqavilənin həmin tələbini pozmuş, belə bir bildirişi göndərməmiş və iddiaçının əmanət hesabından əsassız yerə kredit üzrə borcu silmişdir. Tərəflər arasında girovla bağlı razılaşma mövcud deyildir və həmçinin bu məsələ ilə bağlı məhkəmə qərarı yoxdur. Göründüyü kimi, cavabdeh «Bank VTB (Azərbaycan)» ASC mülki qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq öz xeyrinə müəyyən hərəkətlər etməkdən çəkinməmişdir. Eyni zamanda, iddiaçı yuxarıda qeyd olunan bank əmanəti müqaviləsinə görə müəyyən edilmiş illik faiz dərəcələrindən məhrum olmuş və ona maddi zərər dəymişdir. Bundan başqa, İddiaçı fərdi fəaliyyət göstərən vəkil Ələkbərov Vüsal Nazim oğlu ilə müqavilə bağlayaraq hüquqi xidmət almış və bu da iddiaçı üçün 500 manat zərər hesabına başa gəlmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilmiş xərclər də iddiaçıya maddi zərərin dəyməsinə səbəb olmuşdur. İddia ərizəsinə əlavədə iddiaçı tərəf qeyd etmişdir ki, iş üzrə iddia ərizəsinin 26 yanvar 2017-ci il tarixdə təqdim olunmasını və o zamandan uzun müddət keçməsi ilə əlaqədar iş üzrə təqdim olunmuş həm depozit, həm də kredit müqavilələrinin müddəti bitmişdir. Bu səbəbdən, aşağıdakıları qeyd etməklə iddia tələbinə dəyişiklik etmək zərurəti yaranmışdır. Belə ki, 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin müddətinin 09.06.2018-ci il tarixdə bitməli olmasına baxmayaraq, bank həmin müqaviləyə də 14.12.2016-cı il tarixdə birtərəfli qaydada qanunsuz xitam vermişdir. Bə səbəbdən də, hesab edirlər ki, müqavilə bərpa olunmalı və 57.000 ABŞ dolları üçün müqavilə ilə nəzərdə tutulmuş son müddətədək həmin müqavilə ilə nəzərdə tutulmuş 12 % dərəcəsi ilə faiz hesablanıb ona ödənilməlidir. 09.06.2018-ci il tarixdə müqavilə müddətinin bitməsi həmin müddətdən sonra pul vəsaitinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsinin hesablanmasını istisna edir. Çünki, bu müddətdən sonra həmin pul vəsaiti Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla qaytarmaqdan imtina kimi qiymətləndirilir və bu səbəbdən pulun onlara qaytarıldığı müddətədək həmin vəsaitə ödəniş günü üçün Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmalıdır. Sadə hesablamalar göstərir ki, qeyd olunan depozit müqaviləsi bank tərəfindən qanunsuz olaraq ləğv edilməsə idi müddətin sonunda həmin depozit üzrə ona 18.420 ABŞ dolları məbləğində faiz ödənilməli idi. Lakin bank müqaviləyə xitam verdiyindən ona 0 ABŞ dolları faiz məbləği ödənilmişdir. İddia ərizəsi ilə banka müraciət etdiyi gün götürdüyü kredit üzrə 4.416 ABŞ dolları faiz məbləği hesablanmışdır. O, krediti şəxsi vəsaiti hesabına bağlamaq istəsə də, bu mümkün olmamışdır, çünki bank artıq depozit hesabına bu borcu qanunsuz olaraq bağlamışdır. Bu isə açıq-aydın göstərir ki, bankın əsas məqsədi ona depozit üzrə faiz ödəməmək olmuşdur. Hesab edir ki, depozit müqaviləsinin qüvvəsi bərpa olunmalı, 57.000 ABŞ dolları əsas borc və 18.420 ABŞ dolları məbləğində faiz ona ödənilməlidir. İddia verdiyi günə hesablanmış faiz və kreditin əsas borc məbləği çıxıldıqdan sonra 10.06.2018-ci il tarixdə bank tərəfindən ona 14.005 ABŞ dolları məbləğində vəsait ödəməli idi. Lakin bank bu vəsaiti ona ödəməməsi səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən borcu qaytardığı günədək 11 % (10.06.2018-ci il tarixə MB uçot faiz dərəcəsi) ilə əsassız istifadəyə görə vəsait ödəməlidir. Kredit müqaviləsinin icrası kreditorun təqsiri səbəbindən icra olunmadığına görə Mülki Məcəllənin 446-cı maddəsinə əsasən o, heç bir vəsait ödəməli deyil. «Bank VTB (Azərbaycan)» ASC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Məmmədova Fidan Şirvani qızı (bundan sonra mətndə cavabdeh) ilə «Bank VTB (Azərbaycan)» ASC (bundan sonra mətndə iddiaçı və ya bank) arasında 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı bank əmanəti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən həmin əmanət «Universal» adlı müddətli əmanətdir. Eyni zamanda İddiaçı (bundan sonra mətndə cavabdeh) ilə bank arasında 09 iyun 2015-ci il tarixdə UNİ_Y_36M-143786-06 saylı bank əmanəti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən həmin əmanət də «Universal» adlı müddətli əmanətdir. Qeyd edilən müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə əmanət üzrə hesablanmış faiz müvafiq olaraq 11,5 və 12 faiz müəyyən edilmişdir. Göründüyü kimi, həmin faiz dərəcələri ölkənin bank sistemində dollarla olan əmanətlər üzrə təklif olunan bəlkə də ən yuxarı faiz dərəcələridir. Bu isə ondan irəli gəlir ki, bu əmanət məhsulları bankda standart bir əmanət məhsulu deyildi və onların əsas şərtlərindən biri yüksək məbləğdə depozit yerləşdirilməsindən ibarət idi, yəni bu məhsul yüksək məbləğdə yerləşdirilən şəxslər üçün yaradılmışdır. Əks təqdirdə, bu dərəcədə faiz məbləğinin müəyyən edilməsi bankın iqtisadi maraqlarına uyğun deyil. Həmin əmanət müqavilələrinə uyğun olaraq cavabdehlər tərəfindən hesablarına müəyyən vaxtlarda ümumilikdə müvafiq olaraq 450.000 ABŞ dolları və 57.000 ABŞ dolları əmanət yerləşdirilmişdi. Lakin 2016-cı ilin sonlarında onun əmanət məbləği azaldılmış və hazırda İddiaçı hesabı sıfırlanmış, F.Məmmədovanın hesabındakı məbləğ isə təxminən 381.000 ABŞ dolları təşkil edir. Bu isə yuxarıda da qeyd edildiyi kimi bankın iqtisadi maraqlarına uyğun olmayan bir məbləğdir və hazırkı halda həmin əmanət məbləğlərinə bu dərəcədə, yəni 11,5 və 12 faiz məbləğinin hesablanması bankın ziyanla üzləşməsi ilə nəticələnir. Bundan başqa, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən əmanət müqavilələrinin tərkib hissəsi sayılan əlavələrdə də qeyd edilmişdir ki, əmanətin azaldılmasına icazə verilmir. Hazırkı halda isə, göründüyü kimi bu qeyd edilən əmanət müqavilələri üzrə məbləğlər azaldılmışdır. Bu səbəbdən, «Bank VTB (Azərbaycan)» ASC ilə cavabdeh Məmmədova Fidan Şirvani qızı və İddiaçı arasında bağlanmış bank əmanəti müqavilələrinin ləğv edilməsini məqsədə uyğun hesab edirlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-13/2020 saylı, 05 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-yə qarşı «əsassız yerə silinmiş borcun qaytarılması, ilk vəziyyətin bərpası və dəymiş zərərin ödənilməsi» tələbinə dair ilk iddiasının və «Bank VTB (Azərbaycan)» ASC-nin İddiaçı və Məmmədova Fidan Şirvani qızına qarşı «əmanət müqaviləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, 290 manat ekspertiza xərci ilk iddia üzrə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlu apellyasiya şikayəti verərək, qətnamənnin ləğv edilib, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə əsaslandırılmamışdır. Bir neçə dəfə ekspertiza təyin olunmuş, ekspert qarşısında eyni suallar dəfələrlə qoyulmuş, hər bir ekspertiza zamanı, "xxxx" (Azərbaycan) ASC məhkəməni aşağılayaraq onda olan sübutları nümayişkaranə şəkildə təqdim etməmiş, bütün ekspertizaların nəticələrində eyni rəy alınmışdır ki, “iş materiallarında vəsaitin hansı kredit müqaviləsinə silinməsi müəyyən olunmur”. Hesabdan pulu bank onun sərəncamı olmadan silibsə, o, pulun silinmə istiqamətinə dair necə sübut təqdim edə bilər ?! Digər tərəfdən məhkəmə onun hesabından pulun silinməsinin qanunsuzluğunu gözardı edərək buna dair qətnaməsində heç qiymət də verməyib. Halbuki, əsas məsələ elə ondan ibarət idi ki, bankın hesabından vəsaiti silmək hüququ olmayıb, çünki pulun silinməsi üçün hüquq o vaxt yarana bilərdi ki, o, bank qarşısında hər hansı öhdəliyi pozmuş olsun. Halbuki, məhkəməyə bank tərəfindən ona verilən iki məktub təqdim etmiş və hər birində qeyd olunub ki, onun bank qarşısında öhdəlik pozuntusu mövcud olmayıb. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6059/2020 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(006)-13/2020 saylı qətnaməsi İddiaçı Kamandar oğluna aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2147/2021 saylı 30.03.2021-ci il qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6059/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı Kamaləddin oğlu və onun nümayəndəsi və vəkili Ələkbərov Vüsal Nazim oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, Bank əmanəti müqaviləsi üzrə müddətin bitdiyi gün borca silinmiş əmanətdən qalan 27000 dollar pulu məxaric etmişdir. Bankın etirazına cavab kimi ərizə ilə müraciət edərək tələbinin əsasını əmanət müqaviləsinin vaxtından əvvəl əsassız xitam verilməsi səbəbindən ona ödənilməmiş qalan 18400 USD məbləğinin ödənilməsi təşkil edir. Bununla belə o, həmin vaxta bank qarşısında 43786-1-24092 saylı kredit müqaviləsinə əsasən ödəməli olduğu 4416 USD məbləğində öhdəliyi qəbul edir və arada yaranan fərq, yəni 14005 USD-nin bank tərəfindən ona ödənilməsini və həmin ərizəni iddia tələbinin dəyişdirilməsi və ya dəqiqləşdirilməsi kimi deyil, iddia tələbinə izah kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Bank Hesabı Müqaviləsi”nə görə Bank müştərinin sərəncamı olmadan özünün və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslərin pul tələblərini onun cari hesabından qanunvericiliyə uyğun olaraq silmək hüququna malikdir. İddiaçı Kamaləddin oğlu ilə Bank arasında bir neçə kredit müqaviləsi bağlanmış və o, həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirmədiyi üçün bank onun sərəncamı olmadan onun əmanət müqaviləsindən vaxından əvvəl borcunu silmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilk iddia üzrə İddiaçı Kamandar oğluna aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-13/2020 saylı 05 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsi bərpa olunmaqla 57.000 ABŞ dolları əsas borca 18.420 ABŞ dolları məbləğində faiz hesablanmaqla 143786-1-24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında 17 mart 2015-ci il tarixli 143786 saylı, 09 iyun 2015-ci il tarixli UNİ_Y_24-M-143786-06 saylı bank əmanəti müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında 25 noyabr 2015-ci il tarixli 1-DEPOZİT-1048 saylı pul vəsaitlərinin girov müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli 32553 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan mövcud sənədlərə əsasən İddiaçı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı bank əmanəti müqaviləsinə əsasən 09.06.2016-cı il tarixdən 14.12.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57.000 ABŞ dolları məbləğində və Məmmədova Fidan Şirvani qızı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M143785-04 saylı bank əmanəti müqaviləsinə əsasən 09.06.2016-cı il tarixdən 14.12.2016- cı il tarixədək olan dövr üzrə ümumilikdə 450.000 ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan Məmmədova Fidan Şirvani qızı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı bank əmanəti müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə 14.12.2016-cı il tarixdə 68.535 ABŞ dolları 23 sent məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68.535 ABŞ dolları 23 sentin hansı kredit müqaviləsinə silinibsilinməməsi tədqiqatla müəyyən edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2019-cu il tarixli 11390 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan mövcud sənədlərə əsasən İddiaçı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı bank əmanəti müqaviləsinə əsasən 09.06.2016-cı il tarixdən 14.12.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57.000 ABŞ dolları məbləğində və Məmmədova Fidan Şirvani qızı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M143785-04 saylı bank əmanəti müqaviləsinə əsasən 09.06.2016-cı il tarixdən 14.12.2016- cı il tarixədək olan dövr üzrə ümumilikdə 45.000 ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan Məmmədova Fidan Şirvani qızı ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı bank əmanəti müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə 14.12.2016-cı il tarixdə 68.535 ABŞ dolları 23 sent məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68.535 ABŞ dolları 23 sentin hansı kredit müqaviləsinə silinibsilinməməsi tədqiqatla müəyyən edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının hüquqları pozulmamış, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri ilk iddia üzrə cavabdeh tərəfindən pozulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ilk iddia üzrə iddiaçılar olmuş İddiaçı Kamaləddin oğlu və Məmmədova Fidan Şirvani qızı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında iddiaçıların hər biri ilə ayrı-ayrılıqda 09.06.2015-ci il tarixdə Bank əmanəti müqaviləsi bağlamış, İddiaçı Kamaləddin oğlunun əmanət hesabına 57000 ABŞ dolları, Məmmədova Fidan Şirvani qızının əmanət hesabına 450000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Bu hal iş birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Bundan sonra 25.11.2015-ci il tarixdə İddiaçı Kamaləddin oğlu ilə bank arasında iki pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi bağlanmış, 143786-1-24092 saylı kredit xətti üzrə ona 31 ay müddətinə 450000 manat məbləğində, 143786-1- 24093 saylı kredit xətti müqaviləsi üzrə isə 103500 manat məbləğində kredit verilmiş, 14.12.2016- cı ildə, yəni hər iki müqavilə üzrə müddətin bitməsindən xeyli müddət əvvəl borc tam, yəni əmanət məbləği hesabına icra edilmişdir. Bu hal ilk iddia üzrə cavabdehin qarşılıqlı iddia tələbində və ilk iddiaya etiraz ərizəsində də öz təsdiqini tapmışdır. Hər iki kredit xətti üzrə öhdəliyin tam icra edilməsinə dair verilmiş arayışlarda da (səh 26, 27) 25.11.2015-ci il tarixdən 14.12.2016-cı il tarixədək kredit xətti üzrə heç bir gecikmə borcu olmadığı göstərilmişdir. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi ilk iddiaçının tələbinə dair məhkəməyə sübut təqdim etməməsinə və əmanətin bankdan məxcaric edilməsinə əsaslanmışdır. Lakin birinci instansiya məhkəməsi iş materiallarını tam və hərtərəfli araşdıraraq müəyyən etməli olduğu halda müəyyən etməmişdir ki, məxaric olunduğuna əsaslandığı məbləğ ilk iddia üzrə iddiaçı olmuş, lakin sonradan özünə aid tələbdən imtina etmiş Məmmədova Fidan Şirvani qızı tərəfindən məxaric edilmişdir. Məxaric edilmiş 457159.58 ABŞ dolları məbləğ isə Məmmədova Fidan Şirvan qızı tərəfindən əmanət hesabına qoyulmuş məbləğə uyğun məbləğdir. Digər ilk İddiaçı Kamaləddin oğlunun əmanət hesabına yerləşdirilmiş 57000 ABŞ dollarının məxaric edilməsi barədə isə hər hansı sübut iş materialları ilə müəyyən edilməmişdir. Bu barədə kassasiya instansiya məhkəməsinin də göstərişi eyni olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında təkrar apellyasiya icraatı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlunun izahatı alınmış və İddiaçı izahatında bildirmişdir ki, Bank əmanəti müqaviləsi üzrə müddətin bitdiyi gün borca silinmiş əmanətdə qalan 27000 dollar pulu məxaric etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı cavabdehə qarşı hazırki tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, əmanət məbləğinin əmanət hesabından kredit məbləğinin hesabına silinməsi işin mübahisəsiz halı kimi müəyyən olunur. Cavabdeh tərəfindən bu halı mübahisələndirilməmişdir. Digər tərəfdən, bu hal Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həm “Bank VTB (Azərbaycan” ASC-yə, həm də İddiaçı Kamaləddin oğluna ünvanlanmış 10.02.2017-ci il tarixli məktubu ilə də öz təsdiqini tapır. Adıçəkilən məktubun məzmunundan həmçinin görünür ki, kredit xətti müqavilələri üzrə vətəndaşın öhdəliklərinin icrasında gecikdirməyə yol verilməməsinə baxmayaraq, həmin müqavilələr üzrə borc məbləğləri təminat qismində çıxış edən əmanət hesablarından akseptsiz qaydada silinmişdir. Həmin kredit xəti müqavilələrinin 6.1.10-cu bəndinə əsasən, kredit borcunun problemli olacağı riski olduğu təqdirdə Bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin müqavilələrin 6.2-ci bəndinə əsasən Bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə kreditin, faizlərin və Bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Göründüyü kimi, vətəndaşın öhdəliklərinin icrasının vaxtından əvvəl tələb edilməsi üçün ona əvvəlcədən bu barədə müvafiq bildiriş göndərilməli idi. Lakin vətəndaşa bildiriş göndərmədən kredit xətti müqavilələri üzrə borc məbləğləri təminat qismində çıxış edən əmanət hesablarından akseptsiz qaydada silinmişdir. Beləliklə, bank tərəfindən müqavilənin şərtlərinə riayət edilməmiş və vətəndaşın hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi isə ilk iddiaçının sübut təqdim etməməsinə istinad etsə də, göstərilən məktubu sübutlar sırasında qeyd etməmiş və həmin sübuta hər hansı münasibət bildirməmişdir. Halbuki, həmin məktubdan aydın olur ki, ilk iddiaçının əmanət hesabından pul vəsaitinin akseptsiz qaydada silinməsi üçün onun kredit xətti müqavilələri üzrə gecikmələrin olması və ya kredit borcunun problemli olacağı riski olması halı mövcud olmalı idi ki, bu hallardan hər hansı biri, ümumiyyətlə ilk iddiaçının öhdəliklərinin icrasında hər hansı pozuntuya yol verməsi halı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilməmişdir. Bu hal da mübahisələndirilmir. Kollegiya hesab edir ki, işin mübahisələndirilməyən halıdır ki, bank tərəfindən kredit borcunun problemli olacağı riskin əsas götürməklə sildiyi borc məhz 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsi ilə təminatlı edilmişdir. Kollegiya hesab edir ki, borcun silindiyi kredit müqavilələri əmanət müqaviləsi ilə təminatlı olduğundan, ümumiyyətlə riskdən söhbət gedə bilməz. İddiaçının kredit xətti müqavilələri üzrə hər hansı gecikmələri və hazırkı halda hər hansı risk etimalının olmadığı halda Bank iddiaçının əmanət hesabından pul vəsaitinin akseptsiz qaydada silməkdə haqlı olmamışdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, «Bank VTB (Azərbaycan)» ASC tərəfindən birtərəfli qaydada 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinə xitam verilməklə iddiaçının müqavilə müddətinin sonunda əldə edəcəyi gəlirdən məhrum etmişdir. Ona görə də qeyd edilən müqavilənin qüvvəsi bərpa olunmalıdır. Kollegiya 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsinin bərpa olunması nəticəsinə gəldiyindən müqavilə üzrə cavabdehdən tutulmalı məbləğin müəyyən edilməsini zəruri hesab edir. Tərəflər arasında bağlanmış əmanət müqaviləsinə əsasən İddiaçı Kamaləddin oğlu 57.000 ABŞ dolları əmanəti 36 ay müddətinə illik 12 (on iki) % dərəcəsi ilə müddətin sonunda ödənilməsi şərti ilə «Bank VTB (Azərbaycan)» ASC-yə əmanətə qoymuşdur. Kollegiya hesab edir ki, işin icraatının uzadılmaması və xüsusi bilik tələb olunmadan sadə riyazi hesablama ilə məbləğin müəyyən edilməsi mümkün olduğundan hazırkı iş üzrə ekspertizanın aparılmasına zərurət yoxdur. Hesablama apardıqda müəyyən etmək mümkün olur ki, 57.000 ABŞ dollarına 36 aylıq illik faiz dərəcəsi 12% hesablandıqda alınan məbləğ 18.607,9 ABŞ dolları təşkil etməklə aşağıdakı kimidir: Əmanətin Əmanət Faizin hesablanması Əmanətə yerləşdirildiyi gün məbləği (günlərlə) hesablanan faiz məbləği 09.06.15 300 USD 36 x 0,1 3,6 USD 16.07.15 +9700=10000 USD 19 x 3,33 59,99 USD 04.08.15 +10000=20000 USD 24 x 6,66 159,99 USD 28.08.15 +15000=35000 USD 46 x 11,66 536,66 USD 14.10.15 +15000=50000 USD 217 x 16,66 3616,66 USD 20.05.16 +7000=57000 USD 749 x 19 14231 USD Yekun: 57000 USD əmanət məbləği Yekun: 18607,9 faiz məbləği Hazırki halda iddiaçı 57.000 ABŞ dolları əsas borca 18.420 ABŞ dolları məbləğində faizin hesablanmasını və 43786-1- 24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğdən 4.416 ABŞ dolları çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları məbləğində pulu tələb etdiyindən kollegiya hesab edir ki, riyazi hesablama ilə 18607,9 faiz məbləği müəyyən edilsə də müəyyən edilən məbləğ iddiaçının iddia tələbindən çox olduğundan tutulmalı məbləğ məhz iddia tələbi həddində yəni, 14.005 ABŞ dolları məbləğində təmin edilməlidir. Kollegiya 14.005 ABŞ dolları məbləğinə 10.06.2018-ci il tarixdən ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə (11 %) faiz hesablanmaqla ona qaytarılması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki halda isə iddiaçı illik beş faiz ödənilməsini deyil müqavilə üzrə hesablanmış faizə faiz borcu tələb edir. Kolegiya hesab edir ki, qanunvericiliyin tələbi baxımında faizə faiz hesablanması yol verilən deyil. Ona görə də kollegiya hesab edir ki, ilk iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə 500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissələri ilə bağlı hesab edir ki, bu tələb məhkəmə tərəfindən yuxarıda qiymət verilən tələbdən doğan tələblər olduğuna görə bu hissədə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 459700 nömrəli mədaxil qəbzlərdən görünür ki, hüquqi xidmətə görə İddiaçı Kəmalləddin oğlu tərəfindən Ələkbərov Vüsal Nazim oğluna (VÖEN **********) 500 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh «Bank VTB (Azərbaycan)» ASCdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli 32553 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2019-cu il tarixli 11390 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-13/2020 saylı 05 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsi bərpa olunmaqla 57.000 ABŞ dolları əsas borca 18.420 ABŞ dolları məbləğində faiz hesablanmaqla 143786-1-24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-13/2020 saylı 05 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsi bərpa olunmaqla 57.000 ABŞ dolları əsas borca 18.420 ABŞ dolları məbləğində faiz hesablanmaqla 143786-1-24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla), 500 manat vəkil xərci və 30 manat dövlət rüsumu cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 290 manat «Bank VTB (Azərbaycan)» ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar