Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5505/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, nümayəndəsi (atası) X2nun və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Bilikdən onun xeyrinə maddi və mənəvi zərərin əvəzi olaraq 1.000.000 (bir milyon) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2008-ci ildən cavabdeh Birlikdə müxtəlif vəzifələrdə işləmişdir. O, cavabdeh Birliyin Təmir-Tikinti İdarəsi, Qəza Təmir Bərpa Sahəsini 1 saylı Qəza Təmir Bərpa Xidmətində 6-cı dərəcəli qaz təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləyən zaman 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə ünvan 1 ünvanında yerləşən evdə qaz sızmasını aradan qaldırdıqdan sonra həmin evdə pilləkənlərlə birinci mərtəbəyə düşərkən hündürlükdən yıxılıb xəsarət almışdır. Bu barədə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində onun sağ qulağı 4-cü dərəcə kar olmuş, kəllə-beyin travması almış, beyində 4 mm aralanma yəni, çat yaranmış, sağ ayağının bud sümüyü qırılmış, sağ gözü zədə almış, hal-hazırda görmə qabiliyyəti 60 faizdir. 2018-ci il tarixində ayağına qoyulan mil hələ də çıxarılmamışdır. Sağ əli tam olaraq işləmir, impuls qoyulmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona 5 il müddətində İİ qrup dərəcəsi əlillik verilmişdir. Əmək qabiliyyətinin 70%-ni itirmişdir. İş yerinin dəyişdirilməsi barədə ona məcburi ərizə yazdıraraq xx.xx.2019-cu il tarixində cavabdeh Metrologiya Departamentinin X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə işə qəbul etmişlər. İş yerində bədən xəsarəti aldığı üçün səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicədə olmuşdur. Sonradan iş yerində iddiaçıya bildirmişlər ki, işdən azad edilmişdir. Cavabdeh Birlik iddiaçını əlilliyə məhkum edib sonradan onu işdən azad etməklə onu müalicə və bərpa prosesindən məhrum etmişdir. Bundan əlavə, cavabdeh Birlik iddiaçının üçü azyaşlı olan ailəsini də aclığa məhkum etmişdir. İşlədiyi dövrdə bankdan götürdüyü krediti də qaytara biləcək maddi durumda deyil. İddiaçının əmək qabiliyyətini itirməsinin, üç azyaşlı uşağı təmin edə bilməməyinin, fiziki və psixi durumunun normal olmamasının nəticəsində həyat yoldaşı uşaqlarını da götürüb atası evinə getmiş və boşanma barəsində məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi cavabdeh Birliyin texniki təhlükəsizlik qaydalarına əməl etməməsinin nəticəsində iddiaçı, ağır xəsarətlər alaraq əlil olmuş və nəticədə ailəsi də dağılmaqla onun həyatı alt-üst olmuşdur. Bütün bu sadalananlar cavabdehin öz xidməti vəzifələrinə laqeyd yanaşmasına görə baş vermişdir. Bütün bu sadalananların nəticəsində iddiaçıya külli miqdarda maddi və mənəvi zərər dəymişdir. b) üçüncü şəxsin cəlb edilməsi və onun iddia tələbinə münasibəti barədə məlumat
3. İşə baxılan zaman xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti Rayon Məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir.
4. Üçüncü şəxsin nümayəndəsi X3 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, "xxxx" Sığorta ASC tərəfindən xx.xx.2019-cu il tarixində tərtib edilmiş sığorta aktı əsasında iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Hadisədən sonra ASCyə müraciət olunmuş və araşdırma nəticəsində iddiaçıya sığorta ödənişi edilməsi barədə qərar qəbul olunmuşdur. 2019-cu ildən iddiaçıya hər ay 490,11 manat məbləğində sığorta ödənişi ödənilir. Həmin ödənişlər davam etməkdədir. Bir dəfə də protezə görə 1.710 manat birdəfəlik ödəniş edilmişdir. c) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat
5. Cavabdeh Birliyin nümayəndəsi X4 Rayon Məhkəməsinə verdiyi izahatda iddiaya etiraz edərək, iddiaçının icbari sığorta edildiyini və ona sığorta ödənişi edildiyi üçün cavabdehə qarşı iddia tələbinin əsassız olduğunu bildirmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə İddia qismən təmin edilməsini, mənəvi zərərin əvəzi olaraq 25.000 manat pulun cavabdeh Birlikdən tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birlik ilə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Baş vermiş bədbəxt hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən sığorta olunan - iddiaçıya aylıq sığorta ödənişinin ümumi məbləği 38.228,58 manat müəyyən edilməklə hər ay 490,11 manat sığorta ödənişi edilir, xx.xx.2019-cu il tarixində isə iddiaçının protezlə təmin edilməsi üçün 1.710,08 manat birdəfəlik ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh Birliyin işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından öz mülki məsuliyyətini sığortaladığından və iddiaçının aldığı xəsarətlərə görə müalicə, müayinə, protez və ortopedik cihazlarla təmin edilməsi üçün nəzərdə tutulmuş aylıq ödənişlər sığorta şirkəti tərəfindən qarşılandığından məhkəmə hesab edir ki, cavabdehdən maddi zərərin əvəzinin tutulması barədə iddia təmin edilə bilməz. Rayon Məhkəməsi iddianın mənəvi zərərə aid hissəsinin qismən təmin edilməsini isə onunla əsaslandırmışdır ki, cavabdehin təqsirindən baş vermiş hadisə nəticəsində iddiaçı çoxsaylı bədən xəsarətləri almış, hətta sonrakı dövrlərdə onun səhhətində ağırlaşmalar olmuşdur. Bütün bunların, yəni iddiaçının sağlamlığında sonradan ağırlaşmaqla baş vermiş bu dəyişikliklərin, onun şüurunda mənfi emosiyalara səbəb olması, iztirab çəkməsi isə şübhəsizdir. İddiaçının sağlamlığının tibbi sənədlərdə göstərilən həcmdə pozulması heç şübhəsiz ki, onun xoşbəxtlik hissinin azalmasına, stress keçirməsinə səbəb olmuşdur. Həm də nəzərə alınmalıdır ki, iddiaçı əmək qabiliyyətini itirdikdən sonra onun vəzifəsi dəyişdirilərək daha aşağı peşəyə işə qəbul edilmiş, bir müddət sonra isə iddiaçı ilə aralarında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçının bu qaydada işdən azad edilməsi, sağlamlığının pozulması səbəbindən onun başqa yerdə əmək fəaliyyəti ilə məşğul ola bilməməsi iddiaçının daha da ağır psixoloji stress və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh Birliyin təqsirindən sağlamlığının pozulması da nəzərə alındığı halda, düşdüyü ağır fizioloji durum onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Odur ki, mövcud şəraitdə yalnız pul kompensasiyası vasitəsilə ilə iddiaçı, müəyyən qədər təsəlli ala bilər. e) apellyasiya şikayətləri barədə məlumat
8. İş üzrə cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 25.000 manat pul vəsaitinin tutulması hissəsində iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özünün diqqətsizliyi ucbatından xəsarət almışdır. Cavabdeh Birliyin təqsiri səbəbindən iddiaçıya xəsarət dəyməsi sübuta yetirilməmişdir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
10. İş üzrə cavabdeh Birlik və üçüncü şəxs işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. Apellyasiya baxışında iştirak etmiş iddiaçının özü, nümayəndəsi (atası) X2 və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. g) apellyasiya baxışının hədləri barədə məlumat
12. Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birlik isə şikayətdə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
13. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə qətnamənin iddianın bir qisminin təmin edilməməsi hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işdə olan sənələrdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iddiaçı 2008-ci ildən cavabdeh Birliyin strukturuna daxil olan idarələrdə müxtəlif vəzifələrdə işləmişdir. O, əmək funksiyalarının icrası ilə bağlı 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə ünvan 2 ünvanında yaşayan abonentin evində qaz sızmasını aradan qaldırdıqdan sonra evin pilləkənindən yıxılaraq xəsarət almış, bu barədə xx.xx.2018-ci il tarixdə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 02 nömrəli akt tərtib edilmiş və iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2019-cu il tarixdə Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona 5 il müddətinə (xx.xx.2024-cü il tarixədək) İİ qrup əlillik (əmək qabiliyyətini 70 faiz itirilməsi) təyin edilmişdir
16. Növbəti dəfə iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2020-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona yenidən 5 il müddətinə (xx.xx.2025ci il tarixədək) İİ qrup əlillik (əmək qabiliyyətsiz) təyin edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ikinci dəfə yoxlanılarkən onun səhhətində ağırlaşmaların olması müəyyən edilmişdir.
17. "xxxx" Sığorta ASC tərəfindən xx.xx.2019-cu il tarixində tərtib edilmiş sığorta aktı əsasında iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuş, iddiaçıya hər ay 490,11 manat məbləğində sığorta ödənişi ödənilir.
18. Peşə xəsarəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən iddiaçı cavabdeh Birliyin Metrologiya Departamentinin X1 nəzarətölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə keçirilmişdir.
19. Daha sonra, cavabdeh Birliyin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilmişdir.
20. İş müəyyən edilmiş faktiki hallarına əsasən Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.).
21. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
23. Bu baxımdan hazırki mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının əmək qabiliyyətini itirilməsi ilə nəticələnən sağlamlığına dəymiş zərərin yaranmasında cavabdehin təqsirli olub-olmaması, habelə cavabdehin buna görə məsuliyyət daşıyıbdaşımaması məsələləri araşdırılaraq hüquqi qiymət verilməlidir.
24. İşin mübahisəsiz halları kimi müəyyən edilir ki, iddiaçının sağlamlamlığına dəymiş zərərlə nəticələnən istehsalatda baş vermiş bədbəxt hadisə 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə saat 01:45 radələrində baş vermiş, iddiaçı qəza çağırışı ilə getdiyi yuxarıda qeyd edilən ünvandakı mənzildə qaz sızmasının qarşısını aldıqdan sonra məhəccəri olmayan beton pilləkənlərdən 1-ci mərtəbəyə yıxılaraq sağlamlığına zərər dəymişdir.
25. İş materiallarda olan təhqiqat aktında baş vermiş hadisədə cavabdehin hər hansı cavabdehlik daşımaması göstərilsə də, o da işin mübahisə edilməyən hallarındandır ki, iddiaçı hadisə baş verən vaxt çilingər vəzifəsini icra edirdi və hadisə gecə vaxtı baş vermişdi.
26. Məhkəmə qeyd edir ki, iddiaçının icra etdiyi peşənin təhlükəlilik dərəcəsi və həmin gün gecə növbəsində olduğu üçün, işçilər texniki təhlükəsizlik vasitələri ilə təmin edilməli idi. Cavabdeh Birliyin Rayon Məhkəməsinə təqdim etdiyi təhqiqat aktında iddiaçının əməyin mühafizəsi üzrə ümumi təhlükəsizlik qaydaları haqqında 2014-cü ildə ilkin, 2018-ci ildə sonuncu təlimat aldığı və biliyinin 2017-ci ildə yoxlanıldığı göstərilsə də, birinci instansiya məhkəməsində araşdırma gedişində cavabdehin nümayəndəsindən hadisə baş verən gün iddiaçını əl fənəri və s. kimi digər təhlükəsizlik vasitələri ilə təmin edib-etməmələri soruşulduqda, cavabdehin nümayəndəsi bu barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Ümumiyyətlə, iddiaçının texniki təhlükəsizlik avadanlıqları ilə təmin edilməsini təsdiq edən sübutlarını cavabdeh məhkəməyə təqdim etməmişdir.
27. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında da göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Eyni zamanda, qərarda qeyd edilmişdir ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər.
28. Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.
29. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının əmək qabiliyyətinin itirilməsinə səbəb olan sağlamlığına ziyan dəyməsində cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər müəyyən edildiyindən, apellyasiya şikayətinin hadisənin cavabdehin təqsiri ucbatından baş verməməsi ilə bağlı dəlilləri əsassız hesab edilir.
30. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdehlə üçüncü şəxs, "xxxx" ASC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi əsasında sığorta ödənişi ödənilsə də, bu sığorta ödənişi yalnız maddi ziyanı əhatə edir. İddiaçıya dəymiş mənəvi ziyana görə məsuliyyət isə işəgötürən kimi cavabdeh Birliyin üzərinə düşür.
31. Belə ki, Mülki Məcəllənin 883.1 və 884.1-ci maddələrinin mənasından göründüyü kimi, sığorta - sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış obyektə (sığorta olunanın əmlakı, həyatı, mülki məsuliyyəti və s.) zərər dəydiyi halda sığorta olunanın zərər dəymiş şəxsə ödəyəyəcəyi maddi zərərlə bağlı risklərinin bölüşdürülməsi, yaxud ötürülməsidir. Başqa sözlə, sığorta olunan (sığortalı) bu sahədə peşəkar fəaliyyətlə məşğul olan sığortaçıya razılaşdırılmış məbləğdə sığorta haqqı ödəyərək sığorta hadisəsi baş verəcəyi halda, zərər çəkmiş şəxsə ödəyəcəyi maddi zərərin əvəzini ödəmək öhdəliyini sığortaçıya ötürür.
32. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1 hissəsində də göstərilir ki, sığorta – sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
34. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nı 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
36. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, xx.xx.2019-cu il tarixdə sağlamlığı qiymtləndirilərkən ona kəllədaxili travmanın nəticələri, QKBT. Baş beyinin sağ yarımkürəsinin alın payının əzilməsi. Sağ mil bilək oynağının sınıq-çıxığı. Sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları. Oynaqların kontrakturası, sağ diz və mil bilək oynağının postravmatik kontrakturası. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, İV dərəcəlik karlıq. Eşitmə sinirinin travması, sol tərəfli postravmatik kaxlear nevrit. Postravmatik ensefalopatiya. Ağ ciyərin digər travmaları, ağ ciyərlərin sıxılması. Bud sümüyü cisminin (diavizinin) sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı. Birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı. Sağ bu sümüyünün intramedulyar osteosintez və skafold osteosintezi əməliyyatından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarına və cibinin alt divarının bitişmiş sınığı. OUMioplya.VİS OD = 1.0 digər ensefalit mielit və ensefalomielit, Postravmatik stress, asteno depressiv təzahürlər, vegerativ disfunksiya diaqnozu qoyulmaqla, İİ qrup (əmək qabiliyyətin 70% itirilməsi) əlillik dərəcəsi verilmişdir.
37. İddiaçının növbəti xx.xx.2020-ci il tarixdə sağlamlığı qiymətləndirilərkən ona kəllədaxili travmanın nəticələri, QKBT. Baş beyinin sağ yarımkürəsinin alın payının əzilməsi. Ağırlaşma S04.6 eşitmə sinirinin travması, sol tərəfli postravmatik koxlear nevrit. Ağırlaşma F07.0. üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri. Ağırlaşma S12.0 birinci boyun fəqərəsinin sınığı, birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı. Ağırlaşma S62.8 biləyin və əlin digər hissələrinin dəqiqləşdirilməmiş sınığı. Sağ mil bilək oynağının sınıq çıxığı. Sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma F07.8 baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri diaqnozu təyin edilməklə İİ qrup (əmək qabiliyyətsiz) əlillik dərəcəsi verilmişdir.
38. Rayon Məhkəməsi mənəvi zərər hissəsində iddianı qismən təmin etməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh Birliyin təqsirindən baş vermiş hadisə nəticəsində iddiaçı çoxsaylı bədən xəsarətləri almış, hətta sonrakı dövrlərdə onun səhhətində ağırlaşmalar olmuşdur. Bütün bunların, yəni iddiaçının sağlamlığında sonradan ağırlaşmaqla baş vermiş bu dəyişikliklərin, onun şüurunda mənfi emosiyalara səbəb olması, iztirab çəkməsi isə şübhəsizdir. İddiaçının sağlamlığının tibbi sənədlərdə göstərilən həcmdə pozulması heç şübhəsiz ki, onun xoşbəxtlik hissinin azalmasına, stress keçirməsinə səbəb olmuşdur. Həm də nəzərə alınmalıdır ki, iddiaçı əmək qabiliyyətini itirdikdən sonra onun vəzifəsi dəyişdirilərək daha aşağı peşəyə işə qəbul edilmiş, bir müddət sonra isə iddiaçı ilə aralarında olan əmək münasibətlərinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçının bu qaydada işdən azad edilməsi, sağlamlığının pozulması səbəbindən onun başqa yerdə əmək fəaliyyəti ilə məşğul ola bilməməsi iddiaçının daha da ağır psixoloji stress və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin təqsirindən sağlamlığının pozulması da nəzərə alındığı halda, düşdüyü ağır fizioloji durum onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Odur ki, mövcud şəraitdə yalnız pul kompensasiyası vasitəsilə ilə iddiaçı, müəyyən qədər təsəlli ala bilər.
39. Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil, çünki mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkmiş şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
41. Belə olan halda Məhkəmə hesab edir ki, şərh edilənləri nəzərə almış Rayon Məhkəməsi iddianı qismən təmin etməklə 25.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı nəticəyə gəlmişdir. h) apellyasiya baxışının nəticəsi
42. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
46. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.