Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5507/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh Ağəli qızının və onun vəkili Abışov Sadıq Hüseyn oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ağəli qızına qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)-1219/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Ağəli qızına qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağəli qızından 15000 manat vurduğu zərərə görə, 10000 manat məbləğində mənəvi zərərə görə və 5000 manat çəkilmiş xərclərə görə, cəmi 30000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh onun 15000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub məhkum olunmuş, lakin aldığı pulu geri qaytarmamışdır. Cavabdehin hərəkətləri onun mənəvi zərər çəkməsinə səbəb olmuş, bundan əlavə hüquqlarının bərpası üçün 5000 manat məbləğində xərc çəkmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)-1219/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 14100 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı yuxarıda qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmamış, yalnız şahid statusunda olmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2020-ci il tarixli 2(103)- 7212/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli 2(102)-2602/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdeh və onun vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehi və onun vəkilini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)- 1219/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində qismən təmin edilmiş, qalan hissələrdə iddia təmin edilməmişdir. Qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, iddia tələbinin təmin olunmayan hissələri onun mənafeyinə uyğun olduğundan, həmin hissələrdə qətnaməni mübahisələndirməmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.10.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Ağəli qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 178.2.1 və 178.2.4-cü maddələrlə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 32.4, 312.2-ci maddə ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə uyğun olaraq Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən olunaraq o, həmin cəzaya şərti məhkum edilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş qardaşı X2 ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında birləşib 2005-ci ildə test üsulu ilə qəbul imtahanlarında keçid ballarını toplaya bilmədiyinə görə ali təhsil müəssisələrinə daxil ola bilməyən İddiaçı aldadaraq onu ali təhsil müəssisələrindən birinə qəbul etdirəcəyini yalandan vəd edərək 2008-ci ilin oktyabr ayında İddiaçı 15000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və sonuncunu rüşvət verməyə təhrik etmişdir. Həmin pulun 900 manat hissəsini Cavabdeh hissə-hissə İddiaçı qaytarmışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq aparmış Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqinin “Sübutların qiymətləndirilməsi haqqında” 17.04.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı (hazırki iş üzrə iddiaçı) əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312 (rüşvət verməyə cəhd) kimi qiymətləndirilmiş, lakin o törətdiyi əməl barədə könüllü olaraq məlumat verdiyindən CM-nin 312-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, cinayət işinin başlanmasının rədd edilmiş xüsusatlarla bağlı materiallar ayrılaraq İdarənin arxivində saxlanılmışdır. Göründüyü kimi, iddiaçı 15000 manatı cavabedehə rüşvət kimi verməklə cinayət törətmiş, lakin törətdiyi cinayət əməli barəsində könüllü olaraq hüquq mühafizə orqanlarına məlumat verdiyindən cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin işdən müəyyən edilir ki, Cavabdeh təqsirləndirildiyi cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş, ibtidai istintaq zamanı o, şahid statusunda olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarına istinad etmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Baxılan iş üzrə iddiaçı həmin pulu rüşvət kimi verdiyindən və həmin pulun müqabilində qanuni və ya qanunsuz hərəkətin edilməsini gözlədiyindən, o, əmlakdan məhrum olan şəxs kimi qiymətləndirilə bilməz. Bundan əlavə, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Rüşvət verənin rüşvətin predmeti olan həmin pulu, qiymətli kağızları və ya sair maddi nemətləri rüşvət alandan, yaxud rüşvətdə vasitəçilik edən şəxsdən tələb etmək hüququ, sonuncuların isə rüşvətin predmetini rüşvət verənə qaytarmaq öhdəliyi əmələ gəlmir. Rüşvətin predmeti olmuş pulu, qiymətli kağızları və ya sair maddi nemətləri rüşvət alandan, yaxud rüşvətdə vasitəçilik edən şəxsdən tələb etmək hüququ CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirə qaydasında dövlət tələb edə bilər. Rüşvət verənin rüşvətin predmeti olmuş pulu, qiymətli kağızları və ya sair maddi nemətləri tələb etmənin hüquqi əsasları qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət məsuliyyətindən azad edilməsi onun əməlinin hüquqazidd olmasını aradan qaldırmır və cinayət predmetinə çevrilmiş pulun tələb edilməsinə hüquqi əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyinə görə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)-1219/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ağəli qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)-1219/2020 saylı qətnaməsi 14100 manat pulun Cavabdeh Ağəli qızından alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5507/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5507/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver