Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5507/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından E.Talıbov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə (hakim Pərviz Zamanlı) əsasən, iddia tələbi təmin edilmişdir.
3. Həmin qətnamədən X1 vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayəti vermişdir.
4. Mülki iş materialları ilə müəyyən edilir ki, xx.xx.2008-ci il tarixli müqavilə əsasında cavabdeh yuxarıda qeyd edilmiş mübahisə predmeti olan qeyri-yaşayış sahəsini Talıbov Elsevərə təhvil verməsi, sonuncu da öz növbəsində qeyri yaşayış sahəsinin dəyəri olan 261 000 manat pulu cavabdehə ödəməsi barədə üzərlərinə öhdəlik götürmüşlər. Şikayətə əlavə edilmiş xx.xx.2008-ci il tarixli kassa məxaric orderinə əsasən 261 000 manat məbləğində pul vəsaiti Talıbov Elsevər tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi həqiqətən də Talıbov Elsevərin maraqlarına toxunduğundan onun həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ var.
5. Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
6. E.Talıbovun həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
9. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməlidir.
10. Belə ki, rayon məhkəməsi həmin qərardadında qeyd etmişdir ki, Elsevər Talıbov sözügedən qətnamədən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, Elsevər Talıbov apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən qətnamədən 2023-cü ilin yanvar ayında xəbəri olmuşdur. Lakin o, qətnamədən elektron qaydada apellyasiya şikayətini 2 ay sonra, yəni, xx.xx.2023-cü il tarixdə vermişdir. Beləliklə, Talıbov Elsevər apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin mövqeyi əsaslı sayıla bilməz və bununla bağlı aşağıdakıları qeyd edir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Hazırkı halda, müddətə görə apellyasiya şikayətini geri qaytaran rayon məhkəməsi müddətin ötürülməsi barədə qənaətə gələrkən məhz E.Talıbovun apellyasiya şikayətində qeyd etdiyi onun qətnamədən yanvar ayında xəbər tutmasına istinad etmişdir.
14. MPM-in 134.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.1. iddia ərizəsini; 134.1.2. qarşılıqlı iddia ərizəsini; 134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; 134.1.4. məhkəmə bildirişini; 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; 134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı; 134.1.7. məhkəmə əmrini; 134.1.8. apellyasiya şikayətinin surətini; 134.1.9. kassasiya şikayətinin surətini.
15. MPM-in 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
16. Hazırkı apellyasiya şikayəti verən E.Talıbov işdə tərəf deyil, qətnamə ilə maraqlarına toxunan şəxsdir, mülki işdə qətnamənin E.Talıbova rəsmi təqdim edilməsinə dair məlumat yoxdur.
17. Kollegiya hesab edir ki, qətnamənin E.Talıbova rəsmi qaydada verilməsini təsdiq edən məlumat mülki iş materiallarında aşkar edilmədiyindən, rayon məhkəməsi E.Talıbovun apellyasiya şikayətindəki qeydinə əsasən, müddətin ötürülməsi qənaətinə gəlməkdə haqlı olmamışdır.
18. Bütün yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası bildirir ki, E.Talıbov tərəfindən qətnamənin rəsmi qaydada alınmasına dair sübut mülki iş materiallarında olmadığından və E.Talıbov tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov