Məhkəmə qərarları › İş №2(103)-5510/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5510/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5510/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5510/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2624/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 nömrəli xx.xx.2016-cı il tarixli hökmündən (giriş və nəticə hissələrindən) görünür ki, xx.xx.2015-ci il tarixdə hazırkı iş üzrə iddiaçı şübhəli şəxs qismində tutulmuş, xx.xx.2015-ci il tarixdə cinayət işi üzrə barəsində qətimkan tədbiri qismində həbs seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan İddiaçı Azərbaycan Respublikası CMnin 28,181.2.1, 28,181.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, barəsində ibtidai istintaq seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalında həbsdən azad edilməsi hökm edilmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 nömrəli xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 nömrəli xx.xx.2016-cı il tarixli hökmü xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1103/2024 saylı, 01 aprel 2024-cü il il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsinin nəzərə alınması hökm edilmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-12/2024 nömrəli xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində onun ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir və xx.xx.2024-cü il tarixli hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-362/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ona alternativ olan ev dustaqlığı qətimkan tədbirinin seçilməsi, iddiaçının məhkəmə zalında dərhal həbsdən azad edilməsi və s. qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 10.000 manat və mənəvi zərərə görə 140.000 manat, cəmi 150.000 manat məbləğində pulun cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 97/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə İddiaçı elan edilmiş Azərbaycan Respublikası CM-nin 28, 181.2.1, 28, 181.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən, bəraət verilmiş, İddiaçı barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 97/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 saylı, xx.xx.2016- cı il tarixli hökmündən görünür ki, iddiaçı barəsində xx.xx.2015-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)-12/2024 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli 1(010)-12/2024 saylı hökmü ilə müəyyən edilmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulma haqqında protokoluna tərtib edilməsi üçün başlanma vaxtı xx.xx.2022-ci il tarix, saat 19:10 göstərilsə belə, lakin tutulma vaxtı, yəni hansı vaxtdan iddiaçının tutulmuş hesab olunmalı olması qeyd edilməmişdir. Həmin protokola əsasən protokolun tərtib edilməsi vaxtı saat 19:10 göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Prokurorluğunun 229-C 22 nömrəli material üzrə araşdırma zamanı izahatı alınmış iddiaçı bildirmişdir ki, o, 29 aprel 2022-ci il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində saxlanılaraq Suraxnı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən onu etmədiyi oğurluq cinayətində təqsirləndirmişlər. O polislərə oğurluq əməli etmədiyini bildirdikdə 6 gün müddətinə şöbədə qanunsuz saxlayıb, işgəncələr vermişdir. O daha sonra verilən işgəncələrə dözməyib qarşısına qoyulan sənədlərə imza çəkmişdir. Hazırda bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi olmadığından ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 18:00-da Polis şöbəsinə gətirilmiş və onunla oğurluq hadisəsi ilə əlaqədar olaraq şifahi söhbət aparılmış və daha sonra isə xx.xx.2022-ci il tarixdə saat 20:10 radələrində Polis şöbəsindən buraxılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə şifahi söhbət aparılsa da Polis şöbəsindən buraxıldıqda izahatı alınaraq buraxılması göstərilmişdir. İddiaçı ilə şifahi söhbət aparıldığından izahatının göndərilməsi mümkün deyildir. Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə saat 16:00-da saxlanılaraq Polis şöbəsinə gətirilmiş və xx.xx.2022-ci il tarixdə saat 17:30- da Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ ”Bakı şəhər Təcili və X2 Stansiyası” PHŞ-nin 28 sentyabr 2022-ci il tarixli, 27 saylı məktubuna əsasən, xx.xx.2022-ci il tarixdə saat 13:08-də “103” Xidmətinə 30-cu Polis Bölməsinin özünə ünvanından naməlum şəxsin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 11 saylı bölmənin həkim Aksun Qocayeva icra edərək, xəstə İddiaçı (28 yaş) “Baş ağrısı” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. İttiham aktına əsasən iddiaçının 02 may 2022-ci il tarixdə saxlanılması qeyd edilmişdir. Belə ki, iddiaçının ifadəsində əsas göstərdiyi hal onun 29 aprel 2022-ci ildə Xəzər rayon Pİ-nin 3 saylı PB-nin polis əməkdaşları tərəfindən tutulduqdan və Suraxanı Rayon Pİ-nin 30-cu PŞ-nə təhvil verildikdən sonra həmin bölmədə 6 gün saxlanılması, döyülməsi və saxlanılmasının yalnız 04 may 2022-ci il tarixdə rəsmiləşdirilməsidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı 04 may 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, tutulma haqqında protokolu tərtib etmənin başlanma vaxtı 04 may 2022-ci il tarix, saat 19:10 göstərilsə belə, tutulma vaxtı, yəni hansı vaxtdan iddiaçının tutulması qeyd edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00-dan təqsirləndirilən şəxs İddiaçı Xəzər Rayon Polis İdarəsinin 3 saylı PB-nin əməkdaşları tərəfindən tutularaq Bakı şəhəri Suraxanı RPİnin 32-ci PB-yə təhvil verilmiş, faktiki olaraq 29 aprel 2022-ci il saat 18:00-dan etibarən həmin bölmədə qanunsuz olaraq saxlanılmış, yalnız xx.xx.2022-ci il tarixdə saat 19:10-da barəsində “tutma protokolu” tərtib edilmiş, lakin qeyd edilən pozuntular istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutlarla təkzib edilməmiş və ibtidai istintaq zamanı və yaxud məhkəmə istintaqı zamanı ağlabatan formada izah olunmamışdır. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində iddiaçının 4 oğurluqla bağlı 4 epizodun törədilməsini polis əməkdaşları tərəfindən təzyiq altında etiraf etdirilməsi, prosessual qanunvericiliyin pozulmaqla tutulması və sonrakı istintaq hərəkətlərinin həyata keçirilməsi, bu zaman prosessual hüquqlarının, o cümlədən azadlıq və müdafiə hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından iddiaçının barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırkı işə tətbiq edilməsini zəruri hesab etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, iddiaçının ilkin izahatları PB-də prosessual hüquqların təmin edildiyi şəkildə saxlanıldığı andan deyil, 06 gündən artıq müddət keçdikdən sonra alınmış, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, dindirilməsi, təqsirləndirilən şəxsin cəlb edilməsi və dindirilməsi haqqında qərarlar və protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərinindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən hər epizodla bağlı verilmiş etirafedici izahatlar, sonradan şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokollarda əks olunmuş ifadələr müxtəlif təsir, təzyiq hədə və təhdid altında imzalanması inandırıcıdır. Cinayət prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı, həm də hədə-qorxu ilə alınmış, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir. Məhkəmə cinayət işinin rədd edilməsinə dair materialı tədqiq edərək, təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatları araşdıraraq, həm həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata məhkəmə nəzarəti qaydasında baxılan məhkəmə iclasında, həm də ki, hazırkı məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsdə olan xəsarətlərin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən verilmiş məlumata, təqsirləndirilən şəxsin özünün, həmçinin də cinayət işinin başlanmasının rədd edilməsi barədə materiallar əlavə edilmiş təqsirləndirilən şəxsin anası Nümayəndə iddiaçının PB-də döyülməsi barədə çoxsaylı şikayətlər olduğuna, həmin araşdırma zamanı təqsirləndirilən şəxs prokurorluğun müstəntiqi M.Alışanov tərəfindən dindirilərkən PB-də döyüldüyünü göstərməsinə, təqsirləndirilən şəxsin onu döydüyünü iddia etdiyi polis əməkdaşının ziddiyyətli və işin həqiqi halları ilə uzlaşmayan ifadələr verməsinə baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan, təqsirləndirilən şəxsin döyülməsi faktı, ümumiyyətlə araşdırılmadan- məhkəmə ekspertizası keçirilmədən, saxlayan əməkdaşları dindirmədən, həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir ki, bu da istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılmasının və məhkəmənin məlumatına səthi və laqeyd münasibətin göstəricisidir. İddiaçı tutularaq “azadlığının məhdudlaşdırıldığı” müddətdə fiziki və psixoloji təzyiqlər edilməklə etmədiyi cinayəti etiraf etməyə məcbur edilmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilərək həbsdə saxlanıldığı müddətdə azadlıq hüququ tamamilə əlindən alınmışdır. İstintaq təcridxanasında saxlanıldığı müddət ərizində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pul xərclənmişdir ki, bu problemdən dolayı ailəsi ciddi şəkildə maddi zərər görmüşdür. Ətrafındakı bir çox şəxslər cinayətkar olduğunu zənn edərək, onunla münasibətləri kəsmişlər. Beləliklə də ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri zamanı həbsdə saxlanılması onu həm maddi, həm də mənəvi zərərə məruz qoymuşdur. İddiaçı cavabdehə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Odur ki, iddiaçı mənəvi ziyanın əvəzi olaraq 140.000 manat və maddi ziyanın əvəzi olaraq 10.000 manat olmaqla, cəmi 150.000 manat məbləğində pul vəsaitinin cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, iddiaçı maddi zərərə görə kompensasiya tələb edərkən həmin zərərin nədə ifadə olunmasını təsdiq edən sənədlər təqdim etmədən, ümumi ifadələrlə kifayətlənir. Belə ki, hansı fəaliyyəti ilə məşğul olduğu barədə, aylıq gəliri ilə bağlı, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə hər hansı təsdiqedici sübutlar təddim etməmişdir. İddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir. İddiaçı, həmçininmənəvi zərərin ödənilməsini də tələb edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə görə hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Cavabdeh bildirir ki, Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya həmin Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Məhkəmə Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini nəzərə almalıdır. Reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı, məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməlidir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Cinayət prosesini həyata keçirən orqan (vəya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. İddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Odur ki, iddianın rədd edilməsi xahiş olunur.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 iyun 2025-ci il tarixli 2(006)-2624/2025 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 24500 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmləri ilə bəraət verilmişdir. Həmin hökmlər qanuni qüvvəsini almışdır.

11. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2015-ci il tarixdə isə həmin cinayət işi üzrə barəsində qətimkan tədbiri qismində həbs seçilmişdir. Daha sonra məhkəmə araşdırmalarının nəticəsində Azərbaycan Respublikası CM-nin 28,181.2.1, 28,181.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində iddiaçının təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalında həbsdən azad edilməsi hökm edilmişdir.

12. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək qanunsuz olaraq azadlığından məhrum edilmişdir.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində 06 may 2022-ci il tarixdə əvvəli 04 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçıya təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, lakin məhkəmə iclas zalından azad edilməmişdir. Çünki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1103/2024 saylı, 01 aprel 2024-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmış, xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Hazırda 1 saylı cəzaçəkmə müəssisədində cəza çəkir.

15. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri tətbiq olunmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə ev dustaqlığı növündə qətimkan tədbiri tətbiq olunmuşdur. xx.xx.2023-cü ildə şübhəli şəxs kimi tutulmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulması, xx.xx.2015-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi, xx.xx.2016-cı il tarixdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə bəraət verilməklə həbsdən azad edilməsi onun azadlıq hüququnun pozulması ilə nəticələnmişdir.

17. Bundan başqa iddiaçının xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək barəsində həbs qətimkan tədbirinin tətbiq olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri tətbiq olunması və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə isə iddiaçıya təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi onun azadlıq hüququnun pozulması ilə nəticələnmişdir.

18. Məhkəmə işin mübahisəsiz halı olaraq qeyd etmişdir ki, iddiaçının qanunsuz olaraq 21 aya yaxın müddətdə həbsdə saxlanılması, barəsində 7 ay müddətinə “ev dustaqlığı qətimkan” tədbirinin seçilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır. İddiaçının barəsində qanunsuz aparılan cinayət təqibi, iddiaçının qanunsuz olaraq həbsə alınması, azadlığının məhdudlaşdırılması nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 140.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosialiqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 24.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 24.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

19. İddia tələbinin “10.000 manat məbləğində maddi ziyan ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələbin bu hissəsi iddiaçının istintaq təcridxanasında saxlanıldığı müddət ərizində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pul xərclənməsi, bu problemdən dolayı ailəsinin ciddi şəkildə maddi ziyan görməsi ilə əsaslandırılır. Məhkəmə iclasında iştirak edən Nümayəndə (iddiaçının anası-nümayəndəsi) həbsdə olduğu müddətdə iddiaçıya sovqat aparıldığını, lakin buna dair sübutlarının olmadığını bildirmişdir. Məhkəməyə iddiaçının maddi ziyana məruz qalmasına əsas olan heç bir sübut təqdim edilməmişdir. Halbuki, maddi ziyan real olmalıdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə, Cinayət Prosessual Məcəllənin 36.2, 56.0.1, 56.0.5, 58.2, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1100, 1101.1, 1115, Mülki Prosessual Məcəllənin 14.2, 76.1- 76.2, 77.1, 80, 82.4, 88, 106.1, 119.1, 216-220, 227 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

21. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətrnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 68, İ hissə. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.

26. Maddə 68, İİ hissə. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

27. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

28. Maddə 68, İV hissə. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

34. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

35. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir

36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

37. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

38. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Cavabdeh tərəfindən qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir.

47. Qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. İşin mübahisəsiz halıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı azadlıq hüququnun qanunsuz məhdudlaşdırılması təsdiqlənməklə mülki məhkəmə icraatı üzrə işin mübahisəsiz halı olmuşdur.

50. Kollegiya işin mübahisəsiz halı olaraq qeyd edir ki, iddiaçının qanunsuz olaraq 21 aya yaxın müddətdə həbsdə saxlanılması, barəsində 7 ay müddətinə “ev dustaqlığı” qəti imkan tədbirinin seçilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır.

51. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.

52. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

53. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

54. İddiaçı tərəfindən qətnamə mübahisələndirilmədiyindən və cavabdeh tərəfindən qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən iddianın təmin edilməyən hissəsinə münasibət bildirməyi kollegiya zəruri hesab etmir.

55. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2624/2025 nömrəli iş üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar