Məhkəmə qərarları › İş №2(103)-5512/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5512/2020

18.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5512/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, iddianın bir qisminin təmin edilməməsi barədə hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və iddiaçının nümayəndəsi (övladı) Nuranə Quliyeva ərizə ilə Məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmişlər. İş materiallarını və “apellyasiya şikayətindən imtina barədə” ərizəni araşdıraraq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.3-cü maddəsinə görə, məhkəmə MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. MPM-nin 191-ci maddəsinin mənasına görə isə, tələbin etiraf edilməsi və ya tələbdən imtina icraatın xitam verilməsi üçün kifayət deyil, bu imtina və ya etiraf məhkəmə tərəfindən təsdiq və qəbul edilməlidir. Göründüyü kimi MPM-nin 369.3-cü maddəsi məhkəmə aktından verilmiş şikayətdən imtinanı iddia tələbindən imtinaya, şikayətin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). İş materiallarından görünür ki, qətnamədən verilmiş apellyasiya şikayətdən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-nin 369.1-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxsin məhkəmə aktından verdiyi şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş həmin aktın tanınmasına səbəb olur. MPM-nin 369.2-ci maddəsinin mənasına görə, şikayəti verən şəxs, apellyasiya instansiyası məhkəməsində iş üzrə yekun qərar qəbul edilənə kimi şikayətdən yazılı formada imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinin mənasına görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçının şikayətdən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, şikayətdən imtina qəbul olunmalı və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263 və 369-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu səbəbdən hazırki apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar