Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5517/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mraciət edərək ödənilməmiş 9882 manat məbləğində siğorta ödənişinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (2(006)-1583/2024 nömrəli mülki iş üzrə, hakim R.Xəlilov) iddia tələbi rədd edilmişdir. İddiaçı göstərilən nəticə ilə razılaşmamış və qətnamədən apellyasiya şikayəti vermişir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsinə (Sumqayıt Tibb Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (bundan sonra – birinci instansiya məhkəməsi) müraciət edərək, ödənilməmiş 9882 manat məbləğində siğotra ödənişinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı səhhətində problemlə bağlı xx.xx.2023-cü il tarixdə verdikləri çağırış əsasında Təcili Yardım ambulans xidməti ilə Sumqayıt 1 nömrəli X9 Xəstəxanasına aparılmışdır. Orada nerocərrahın olmaması, səhhətinin vəziyyətinə uyğun olaraq müayinə olunmağı üçün şəraitin olmaması səbəbindən Sumqayıt Travmatologiya Xəstəxanasına köçürülmüşdür. Həmin xəstəxanada iddiaçıya ilkin tibbi yardım göstərilmiş, həkim qəbulu zamanı beyin qanaxması olduğundan müvafiq tibbi avadanlıqlarda nasazlıq olduğu səbəbindən diaqnozu tam dəqiq müəyyənləşdirməyin mümkün olmadığını bildirmişlər. Həmçinin ailə üzvlərinə onu digər tibb müəssisəsinə aparmağı məsləhət görmüşlər. Vəziyyəti getdikcə ağırlaşdığına görə dərhal "xxxx" MMC-yə zəng edilmiş, Təcili Yardım ambulans xidməti ilə ora transfer olunmuşdur. Həmin klinikada xx.xx.2022 cü il tarixdə "sağ alın payında törəmənin çıxarılması" əməliyyatı icra olunmuş və bu əməliyyatın icra olunması üçün klinikanın hesabına 9882 manat məbləğində ödəniş edilmişdir. Qanunvericiliyə uyğun olaraq bütün ölkə vətəndaşları Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş əsasında xəstəyə tibbi xidmət göstərilir. Belə ki, iddiaçının əməliyyat olunduğu tibb müəssisəsi "xxxx" MMC Agentlik ilə müqavilə bağlanmış tibb müəssisələri siyahısına aiddir. Həmçinin, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan da birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət etmək olur. Orada xəstəyə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik tibbi xidmətin dəyərini qarşılayır. Qeyd edilir ki, Vətəndaşlara tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində göstərilir. Xidmətlər zərfi icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu adlanır. Əlillik və ölüm riski olan xəstəliklərin müalicəsi, eləcə də həyati vacibdəyəri yüksək olan əməliyyatlar da ora daxildir. Bununla bağlı aidiyyəti üzrə Agentliyinə müraciət edilmişdir. Lakin Agentliyin xx.xx.2023-cü il tarixli cavab məktubunda gösətrilmiş tibbi xidmətlərə görə ödənilmiş vəsaitin sığorta tərəfindən qaytarılmasının mümkün olmadığı qeyd olunmuşdur. Həmin məktub əsassız və qanunsuzdur. Belə ki, Sumqaylt Tibb Mərkəzində müalicədə şərait olmadığı üçün imtina edilmişdir. Belə olan halda, iddia tələbi təmin olunmalı, "xxxx" MMCnin hesabına ödənilmiş 9882 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (2(006)- 1583/2024 nömrəli mülki iş üzrə, hakim R.Xəlilov) iddia tələbi rədd edilmişdir.
5. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, Agentliyin hazırkı iş üzrə cavabdehlik daşıması üçün ilk növbədə iddiaçının Sumqayıt Tibb Mərkəzindən "xxxx" MMC-yə aparılması üçün müvafiq qaydada göndəriş olmalı idi. Belə ki, Xidmətlər Zərfinin 1.2-ci bəndinə əsasən, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. Hazırkı iş üzrə isə İddiaçı səhhətində yaranmış problemlə bağlı ilk növbədə X9 Xəstəxanasına müraciət edilmiş, daha sonra həmin xəstəxanada lazımi şəraitin olmamasına görə, yəni yuxarıda qeyd edildiyi kimi müvafiq göndəriş olmadan iddiaçı tərəfin öz istəyinə uyğun Mərkəzi Klinikaya aparılaraq orada əməliyyat olunmuşdur. Hazırda iddiaçı “Sumqayıt Tibb Mərkəzi”ndə müalicə üçün lazımi şərait olmadığına görə məcburiyyət qarşısında qalaraq Mərkəzi Klinikaya aparıldığını iddia etsə də, iş materiallarında olan iddiaçının qohumu R.İbrahimov tərəfindən yazılan xx.xx.2023-cü il tarixli ərizədən göründüyü kimi, iddiaçı tərəf bunu könüllü şəkildə etmiş, yəni iddiaçı öz istəyi ilə "xxxx" MMC-yə aparılaraq orada əməliyyat olunmuşdur. Həmçinin, həmin ərizədə tibbi personala qarşı heç bir narazılığın olmaması qeyd edilmişdir. İddiaçı tərəf müalicə aldığı xəstəxananı yuxarıda qeyd edilən ardıcıllığa riayət edərək dəyişmiş olsa idi belə, iş materiallarından göründüyü kimi iddiaçı hazırda tələb etdiyi pul vəsaitini Agentliyin yox, "xxxx" MMC-nin hesabına köçürmüşdür. Yəni hər bir halda Agentlik hazırkı iş üzrə subyektiv cavabdehlik daşımır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işin faktiki halları qətnamədə qeyd edilsə də, qətnamə qanunvericiliyin tələblərini səhv tətbiq edilməklə çıxarılmışdır. Belə ki, iddiaçının əməliyyat olunduğu tibb müəssisəsi "xxxx" MMC Agentlik ilə müqavilə bağlanmış tibb müəssisələri siyahısına aiddir. Həmçinin, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan da birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət etmək olur. Orada xəstəyə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik tibbi xidmətin dəyərini qarşılayır. Bundan başqa, iddiaçı xəstəxanaya aparıldıqdan sonra orada aparatın işləmədiyi, vaxt itkisi zamanı iddiaçının beyninə qan sızdığı bildirilmişdir. Ona görə də iddiaçının orada saxlanılmasının onun ölümünə səbəb olacağı bildirmiş, ailə üzvləri həkimin sözünə qulaq asaraq iddiaçını xəstəxanadan çıxarıb "xxxx" MMC-yə aparmışlar. Bu zaman onlar həkimə təşəkkür əlaməti olaraq və həkimin təklifi üzərinə elə bir ərizə yazmışlar. Bu da sırf həkimin özünü sığortalaması məqsədini daşımışdır. Hansı ki, bu, maddi imkanı olmayan xəstə yaxınlarının marağında olmamışdır. Bilavasitə dövlət xəstəxanasının həkimi iddiaçının orada qalacağı təqdirdə öləcəyini bildirmiş və onu özəl xəstəxanaya aparılmasını xəstə yaxınlarına məsləhət görmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı cavabdeh "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə etiraz daxil olmuşdur. Cavabdeh publik hüquqi şəxs apellyasiya şikayətində qeyd edilən halların nə faktiki nə hüquqi əsası olmadığından apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.
10. İddiaçı məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu:
11. Maddə 1.0.1. Xidmətlər zərfi – baza və əlavə hissələrdən ibarət olmaqla icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu.
12. Maddə 1.0.5. Sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).
13. Maddə 1.0.7. Sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər.
14. Maddə 1.0.8. Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti.
15. Maddə 1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.
16. Maddə 1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.
17. Maddə 2-1. Tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalılar, sığortaçılar və tibb müəssisələridir.
18. Maddə 15-2.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”:
19. Bənd 1.1. İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-17.4-cü maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini (o cümlədən, sığorta limitini), növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.
20. Bənd 1.2. Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir.
21. Bənd 1.3. Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.
22. Bənd 2.1.7. Göndəriş vərəqəsi – tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə yazılı göstərişi.
23. Bənd 3.2. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edildiyindən və qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam formada yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir.
30. Belə ki, birinci instansiya məhkəməsi tələbin əsl olmayan cavabdehə yönəldiyi mövqeyindən çıxış edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə bu mövqeyini iki halla əsaslandırmış və izah etmişdir ki, iddiaçı ilk növbədə Xidmətlər Zərfində müəyyən edilmiş prosedur qaydalara riayət etməmiş, yəni qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq göndəriş olmadan müalicə aldığı xəstəxananın yerini dəyişmiş və əməliyyat olunmuşdur. Digər tərəfdən isə iddiaçı müalicə aldığı xəstəxananı qanunvericiliyin tələblərinə riayət edərək dəyişmiş olsa idi belə, hazırda tələb etdiyi pul vəsaitini "xxxx" MMC-nin hesabına köçürdüyündən Agentlik hazırkı iş üzrə cavabdehlik daşımır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqedən çıxış etməsini əsassız sayır və qeyd edir ki, mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də, məhkəmə işə baxarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək məqsədilə əvvəlcə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Bu şərtlərin mövcudluğu iddiaçı ilə cavabdeh arasında yaranan qarşılıqlı hüquq münasibətləri əsasında müəyyən edilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə görə prosesdə tərəflər iddiaçı və cavabdehdir. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçı, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər isə cavabdeh hesab olunurlar. Göründüyü kimi, iddiaçı özünün və ya başqasının mənafeyi naminə iddia qaldırır, həmin iddia tələbi isə cavabdehə yönəlir. Bu məqamda nəzərə almaq lazımdır ki, cavabdehə yönəlmiş bu tələb qarşılıqlı hüquq münasibətlərinə əsaslanmalıdır. Çünki, mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı hüquq münasibətləri əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. hallara əsaslanmış ola bilər.
32. Hazırkı işdə də iddiaçı ilə cavabdeh arasındakı hüquq münasibəti məhz qanunla müəyyən olunan əsaslara uyğun olaraq yaranmışdır. Belə ki, “Tibbi sığorta haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, “sığortaçı” icbari tibbi sığortaya münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur). Burada orqan (qurum) dedikdə isə Agentlik nəzərdə tutulur (Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2019-cu il tarxili 502 nömrəli Fərmanının 6.12-ci bəndi). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə X1”nin 1.1ci bəndinə əsasən, Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Digər tərəfdən, “Tibbi sığorta haqqında” Qanunun 1.0.7-ci maddəsinə əsasən, “sığortaolunan” sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir. İddiaçı da hazırda sağlamlığı icbari qaydada siortalanmış fiziki şəxs qismində çıxış edir. Beləliklə, mövcud mübahisədə iddiaçı “sığortaolunan” cavabdeh isə “sığortaçı”dır. Belə olan halda isə iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən olunan əsaslara uyğun olaraq sığortaolunma ilə bağlı hüquq münasibətləri, bu münasibətlər əsasında subyektiv hüquqlar və qarşılıqlı vəzifələr yaranmışdır. İddaçı da mülki dövriyyə iştirakçısı kimi bu münasibətdən qaynaqlanan subyektiv hüququndan istifadə etmiş və qanunvericiliklə üzərinə sığorta ödənişini etmək vəzifəsi qoyulmuş cavabdehdən, yəni Agentlikdən sığorta ödənişini etməyi tələb etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi hazırkı cavabdehi əsl olmayan cavabdeh hesab etməkdə haqlı olmamışdır. İddiaçı da əsaslı şəkildə qətnamədən şikayət verərək bu halı dəlil kimi irəli sürmüş və qətnamənin ləğv olunmasını xahiş etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibətdə xüsusilə vurğulayır ki, məhkəmənin iddiaçının zəruri prosedur qaydalara əməl etmədiyini aşkar etməsi (birinci instansiya məhkəməsinin qətnaməsinin 23-cü bəndi) tələbin əsl cavabdehə yönəlmədiyi nəticəsinə gəlməyə əsas verə bilməz.
34. Bundan başqa, birinci instansiya məhkəməsinin digər dəlilinə, yəni iddiaçının tələb etdiyi pul vəsaitini hazırkı cavabdehin yox, "xxxx" MMC-nin hesabına köçürməsinə münasibətdə kollegiya qeyd edir ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. İddiaçının hazırkı tələbinin predmetini də məhz bu təminatdan yararlana bilməsi üçün məhkəmə qətnaməsinin çıxarılması təşkil edir. Bu baxımdan, iddiaçının müalicə aldığı tibb müəssisəsinə tibbi xidmət qarşılığında müəyyən ödəniş etməsi, sonradan iddiaçının həmin ödənişi məhsul qurumdan, yəni Agentlikdən sığorta ödənişi formasında tələb etməsini məhdudlaşdırmır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə maddi hüququ normalarını düzgün tətbiq etməmişdir. MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
36. Nəzərə alınmalıdır ki, məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə MPM-in 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci və 385.1.1-ci maddələrində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
37. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmaqla əsassız olaraq iddia tələbi rədd edildiyi üçün apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır.
38. Məlum olduğu kimi, MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Bu baxımdan, kollegiya iş üzrə yeni qətnamə çıxararaq qeyd edir ki, Xidmətlər Zərfinin 1.2-ci bəninə əsasən, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq Agentlik ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. Göndəriş vərəqəsinin dəqiq anlayışı isə Xidmətlər Zərfinin 2.1.7-ci bənində əks olunmuşdur. Belə ki, göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə yazılı göstərişidir.
40. Qeyd olunanların təfsirindən belə nəticəyə gəlinir ki, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibb müəssisəsi ilə Agentlik arasında müqavilə bağlandığı halda göstərilir. Bu müəssisədə tələb olunan tibbi xidmətlərinin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsi yazılı şəkildə göndəriş vərəqəsi verərək, sığortaolunanı bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndərir. Göründüyü kimi, göndəriş vərəqinin verilməsi üçün tibb müəssisəsində tələb olunan tibbi xidmətlərinin göstərilməsi mümkün olmamalıdır.
41. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı Sumqayıt Tibb Mərkəzindən "xxxx" MMC-yə aparılarkən Xidmətlər Zərfinin tələbləri pozulmuşdur. Belə ki, ilk növbədə Sumqayıt Tibb Mərkəzində iddiaçıya tələb olunan tibbi xidmətlərinin göstərilməsinin mümkün olmadığını sübuta yertirən dəlil yoxdur. Digər tərəfdən, bu hal sübuta yerilsə idi belə, Sumqayıt Tibb Mərkəzinin bununla bağlı göndəriş vərəqəsi olmalı idi. Lakin iş materiallarında belə bir sənəd mövcud deyil. Əksinə, iddiaçının qohumu tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən iddiaçı tərəfin öz istəkləri ilə "xxxx" MMC-yə müraciət etdikləri və Sumqayıt Tibb Mərkəzinin tibbi personalına qarşı heç bir narazılıqlarının olmaması müəyyən edilir. İddiaçı apellyasiya şikayətində bu ərizənin sadəcə həkimə təşəkkür əlaməti olaraq və həkimin təklifi üzərinə yazıldığını bildirsə də, bu hal mövcud hüquqi nəticəni, yəni qanunvericiliyin tələblərinin pozulması ilə bağlı nəticəni dəyişmir. İddiaçı, eyni zamanda, apellyasiya şikayətinin dəlillərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan da birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət olunmasının mümkünlüyündən bəhs etsə də, bunu qanunvericiliyə uyğun əsaslandırmamışdır.
42. Digər tərəfdən, iddianın rədd olunması ilə bağlı nəticəyə gələrkən məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı "xxxx" MMC-də beyin şişi ilə bağlı əməliyyat keçirmişdir. İddiaçının əməliyyat keçdirdiyi dövrdə isə üzrə Xidmətlər Zərfinə əlavə edilmiş “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin Siyahısı və Tarifləri”ndə isə belə adda əməliyyat əks olunmamışdır. Nəzərə alınmalıdır ki, Xidmətlər Zərfinin 3.2-ci bəndinə əsasən, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir.
43. Həmçinin iş üzrə məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş sorğu əsasında "xxxx" MMC-dən alınmış 05 noyabr 2024-cü il tarixli cavab məktubunda İddiaçı xx.xx.2023-cü ildə əməliyyat olunduğu, lakin həmin tarixdə Beyin şiş əməliyyatlarının İTS Dövlət Agentliyinin Xidmətlər Zərfi Paketinə daxil edilmədiyi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilmədiyi bildirilmişdir.
44. Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş Xidmətlər Zərfində dəyişiklik edilmiş və beyin şişi ilə bağlı bəzi əməliyyatlar Xidmətlər Zərfinə daxil edilmişdir.
45. Beləliklə, iddiaçı əməliyyat olunan zaman Xidmətlər Zərfinə sözügedən dəyişikliklər həyata keçirilmədiyindən iddiaçının dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan da birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət olunması zamanı ona icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi qeyri-mümkün olmuşdur.
46. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1583/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.