Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5518/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-616/2021 saylı 17.03.2021-ci il tarixli ətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində baş vermiş qəza nəticəsində suyun zirzəmiyə axmasına görə 11.05.2020-ci il tarixədək hesablanmış 264 manat borcdan - mənzildə aylıq istifadə edilən suya görə hesablanan 8 manat çıxılmaqla, qalan 256 (iki yüz əlli altı) manat borcun İddiaçı məxsus **********920 nömrəli abunə kodundan silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 08.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində baş vermiş qəza nəticəsində suyun zirzəmiyə axmasına görə 11.05.2020-ci il tarixədək hesablanmış 264 manat borcdan - mənzildə aylıq istifadə edilən suya görə hesablanan 8 manat çıxılmaqla, qalan 256 manat borcun ona məxsus **********920 nömrəli abunə kodundan silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildən Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə yaşayır və mənzilin mülkiyyətçisidir. Hər ay Cavabdeh ASC-nin təqdim etdiyi bildirişlərə əsasən sudan istifadə haqqını vaxtında ödəmişdir. Aylıq sudan istifadə haqqı 5-8 manat arasında olur. Sonuncu ödənişi 2020-ci ilin aprel ayı üçün 26.04.2020-ci il tarixdə 5,50 manat ödəmişdir. 27.04.2020-ci il tarixdə binanın həyətini süpürən qadın ona bildirmişdir ki, zirzəmidən su səsi gəlir. O, qonşusu Firudini gözləmiş və Firudin axşam işdən gələndən sonra zirzəminin qapısını açmış və onlar 27.04.2020-ci il tarixdə saat 19-20 radələrində zirzəmiyə baxış keçirmişlər. Baxış zamanı müəyyən etmişlər ki, onun mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində boru partlamış və su yüksək təzyiqlə zirzəmiyə axır. Zirzəmidəki suyun həcmindən müəyyən edilirdi ki, boru bir neçə gün əvvəl partlamış və zirzəminin xeyli hissəsi su ilə dolmuşdur. O, təcili usta çağırmışdır. Usta ana xətdən suyu bağladıqdan sonra borunu təmir etmişdir. Zirzəmidəki suyun hündürlüyü çox olduğuna görə usta rezin çəkmə geyinərək zirzəmiyə girə bilmişdir. O, baş vermiş qəza barədə qonşuların və 24 saylı MKİS-in mühəndisinin iştirakı ilə 27.04.2020-ci il tarixdə müvafiq akt tərtib etmişlər. 11.05.2020-ci il tarixdə növbəti dəfə sayğac oxunaraq bildiriş təqdim edildikdə aylıq borcun 264 manat olduğu göstərilmişdir. O, bildirişin üzərində olan ********** nömrəli mobil telefonla Şəhriyar Vəliyevlə əlaqə saxlamış və baş vermiş qəza barədə məlumat vermişdir. Sonradan 14.05.2020-ci il tarixdə sayğac sökülərək laboratoriyaya aparılmış və müəyyən edilmişdir ki, sayğacdan hər hansı bir qüsur yoxdur, normal işləyir. Qəza aradan qalxandan sonrakı aylar üzrə də əvvəlki kimi 5-8 manat arası sudan istifadə haqqı hesablanmışdır. 12.06.2020-ci il tarixdə rəsmi olaraq Cavabdeh ASC-yə ərizə ilə müraciət etmiş və baş vermiş qəza nəticəsində zirzəmiyə axan suya görə hesablanmış borcun onun hesabından silinməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Cavabdeh ASC-də nəzarətçi vəzifəsində işləyir. Hər ayın 11-12-də İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilində sudan istifadəyə nəzarət edir və sayğaca baxış keçirir, sayğacın göstəricisini çıxararaq bildiriş verir. Aylıq sərfiyyat 7-10 manat arası olurdu. 11.05.2020-ci il tarixdə sayğacı oxumuş və bildiriş çap etmişdir. Bildirişdə sudan istifadəyə görə bir ay üçün 264 manat olduğunu görmüş və təəccüblənmişdir. Sonra mənzilin sahibi onun telefonuna zəng edərək onu ünvana dəvət etmiş və bildirmişdir ki, bir ay üçün 264 manatlıq su işlədə bilməz. Zirzəmidə qəza baş verdiyi və suyun zirzəmiyə axması barədə ona məlumat vermişdir. Bundan sonra sayğac sökülərək, laboratoriyada yoxlanılmış və sayğacda qüsur olmadığı müəyyən edilmişdir. Növbəti aylarda yenidən sudan istifadəyə görə hesablanan məbləğ qaydasına düşmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 104 nömrəli mənzilində yaşayır. İddiaçı onun qonşusudur və Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilində yaşayır. Fərhadın mənzili birinci mərtəbədə yerləşir. Həyəti süpürən qadın Fərhada bildirmişdir ki, zirzəmidən su səsi gəlir. O, 27.04.2020-ci il tarixdə axşam işdən gələndə qonşusu Fərhad ona bu barədə məlumat vermiş və zirzəminin qapısını açmış və birlikdə zirzəmiyə düşərək baxış keçirmişlər. Baxış zamanı Fərhadın mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində borunun partladığını və suyun yüksək təzyiqlə zirzəmiyə axdığını görmüşlər. Bu barədə Cavabdeh ASC-nin qəza xidmətinə və 24 saylı MKİS-ə məlumat vermişlər. Lakin həmin gün Cavabdeh ASC-dən gələn olmadığı üçün qonşuda yaşayan Elçinə müraciət etmişlər. Elçin ana xətdən suyu bağlamış və borunu təmir etmişdir. Zirzəmidə süyun hündürlüyü 10-15 sm olardı. Bu barədə 27.04.2020-ci il tarixdə qonşuların və 24 saylı MKİS-in mühəndisi Mikayıl Paşayevin iştirakı ilə akt tərtib edib imzalamışlar. Zirzəminin suyu bir neçə gündən sonra qurumağa başlamışdır. Fərhadın mənzilinə gedən su xətti sayğacdan sonra zirzəmidən keçərək mənzilinə daxil olur. İşin hallarından görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilində sudan istifadə haqqını hər ay Cavabdeh ASCnin təqdim etdiyi bildirişlərə əsasən vaxtında ödəmişdir. Aylıq sudan istifadə haqqı 5-8 manat arasında olmuşdur. Sonuncu ödənişi 2020-ci ilin aprel ayı üçün 26.04.2020-ci il tarixdə 5,50 manat ödəmişdir. 27.04.2020-ci il tarixdə binanın həyətini süpürən qadın iddiaçıya binanın zirzəmisindən su səsi gəldiyini bildirmişdir. İddiaçı zirzəminin qapısının açarları olan qonşusu X2 işdən gəlməsini gözləmiş və axşam saat 19-20 radələrində birlikdə zirzəmiyə baxış keçirmişlər. Baxış zamanı müəyyən etmişlər ki, iddiaçının mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində boru partlamış və su yüksək təzyiqlə zirzəmiyə axır. Zirzəmidəki suyun həcmindən müəyyən edilmişdir ki, boru bir neçə gün əvvəl partlamış və zirzəminin xeyli hissəsi su ilə dolmuşdur. İddiaçı təcili usta çağırmış və ana xətdən suyu bağladıqdan sonra borunu təmir etdirmişdir. İddiaçı baş vermiş qəza barədə qonşuların və 24 saylı MKİS-in mühəndisinin iştirakı ilə 27.04.2020-ci il tarixdə müvafiq akt tərtib etmişdir. İddiaçı baş vermiş qəza ilə bağlı Cavabdeh ASC-yə məlumat vermişdir. 11.05.2020-ci il tarixdə növbəti dəfə sayğac oxunaraq bildiriş təqdim edildikdə iddiaçının aylıq borcunun 264 manat olduğu göstərilmişdir. İddiaçı bildirişin üzərində olan ********** nömrəli mobil telefonla nəzarətçi Şəhriyar Vəliyevlə əlaqə saxlamış və baş vermiş qəza barədə məlumat vermişdir. 14.05.2020-ci il tarixdə iddiaçıya məxsus mənzildəki sayğac sökülərək laboratoriyaya aparılmış və müəyyən edilmişdir ki, sayğacdan hər hansı bir qüsur yoxdur, normal işləyir. Qəza aradan qalxandan sonrakı aylar üzrə də əvvəlki kimi 5-8 manat arası sudan istifadə haqqı hesablanmışdır. İddiaçı 12.06.2020-ci il tarixdə rəsmi qaydada ərizə ilə Cavabdeh ASC-yə müraciət etmiş və baş vermiş qəza nəticəsində zirzəmiyə axan suya görə hesablanmış borcun onun hesabından silinməsini xahiş etsə də, borc silinməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyridəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində baş vermiş qəza nəticəsində suyun zirzəmiyə axmasına görə 11.05.2020-ci il tarixədək 264 manat borc hesablanmışdır, iddiaçı qəzanın baş verməsində təqsirli deyildir və zirzəmiyə axan sudan istifadə etməmiş və qəzadan xəbər tutan kimi borunu təmir etdirmişdir. Sayğacın əvvəlki göstəricisi bərpa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində baş vermiş qəza nəticəsində suyun zirzəmiyə axmasına görə 11.05.2020-ci il tarixədək hesablanmış 264 manat borcdan - mənzildə aylıq istifadə edilən suya görə hesablanan 8 manat çıxılmaqla, qalan 256 manat borcun İddiaçı məxsus abunə kodundan silinməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə olan 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5518/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5518/2021
24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver