Məhkəmə qərarları › İş №2(103)-5518/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5518/2022

31.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5518/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Üfüq İstehsalat Birliyinin "xxxx" MMC-si Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə borc olaraq verilmiş ümumilikdə 34100 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehin atası "xxxx" MMC-də 2015-ci ildən işləmiş, xx.xx.2020-ci il tarixdə keçirdiyini qəza nəticəsinə xəstəxanaya müraciət edilmiş, nəticədə xx.xx.2020-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Mərhumun vəfatı ilə əlaqədar iddiaçı tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən onun vərəsələri üçün birdəfəlik müavinət ödənilmiş, həmçinin sığorta ödənişi edilmişdir. Mərhumun xəstəxanada olduğu vaxtda onun vərəsələri MMC-yə müraciət edərək onun müalicə xərclərinin ödənilməsini xahiş etmiş, məbləğin gələcəkdə qaytarılmasını söz vermiş, MMC də ailənin çətin vəziyyətə düşdüyünü görüb onlara kömək etmiş,cavabdehin atasının vəfatından sonra da dəfn, yas mərasiminin təşkili üçün cavabdehlərə ümumilikdə 34100 manat borc verilmiş, lakin həmin məbləğ bu vaxta qədər qaytarılmamışdır.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-1487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

4. Rayon Məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi D.Abidova apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uygun izahat verərək təmin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, onlar öz işçılərinin vəfatı ilə bağlı onun vərəsələrinə bütün zəruri xərclərdə köməklik etmələrinə baxmayaraq, cavabdeh və onun qardaşı MMC-yə qarşı əsasız tələblər irəli sürür, çoxlu şikayətlər edir, bədbəxt hadisə faktı ilə bağlı prokuropluqda aparılan araşdırmaların yekunlaşmasına imkan vermirlər.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi, eyni zamanda bildirdi ki, cavabdehin atası iddiaçı MMC-də işləmiş, iddiaçı tam qanunsuz olaraq əmək müqaviləsi olmadan və qeyri iş günü cavabdehin atasını ona aid olmayan işlərə cəlb etmiş, əməyin təhlükəzsizliyi qaydalarına əməl edilmədiyindən baş vermiş bədbəxt hadisə nəticəsində cavabdehin atası baş nahiyəsundən xəsarət almış, iddiaçı MMC öz qanunsuzluqlarını ört-basdır etmək və məsuliyyətdən qaçmaq üçün özləri öz təşəbbusləri ilə işçini xəstəxanaya yerləşdirmiş, ola bilsin ki, onun müalicəsini və sair ilə bağlı müəyyən xərclər çəkmiş, lakin bu xərcə dair iddiaçının mötəbər sübutları yoxdur, tərtib olunmuş sənədlər hamısı iddiaçının işçiləri tərəfindən tərtib olunmuşdur, həmin sənədlər etibarlı sübut sayıla bilməz, başlıcası isə iddiaçı bunu öz təşəbbüsü ilə etmişdir, bu iddianın verilməsində məqsəd cavabdeh MMC barəsində davam edın cinayət işindən zərərçəkən tərəf kimi cavabdehi çəkindirməkdir, iddianın hadisədən iki il sonra ortaya çıxması da buna dəlalət edir, cavabdehin atasının xəstəxanada olduğu vaxt, yaxud sonra dəfn və sair çəkilən xərclərlə bağlı MMC-nin vərəsələrə borc verməsi və sair barədə hər hansı sübut yoxdur, hazırkı tələbin qanuni əsası da yoxdur. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)- 70/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri Mahmud Mehdiyev tərəfindən qəbul edilmiş 23 iyun 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş və hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-176/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-70/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Xətai Rayon Məhkəməsinin 2(011)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Xətai rayon prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri Mahmud Mehdiyevin cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından X7 tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1992/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh və X1 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) icbari sığorta məbləğinin bərpası tələbinə dair iddiası qismən təmin edilmiş, 3701.26 manat, hüquqi xidmət xərcinə görə 190 manat və 11.40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3902.66 manat pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilməsi və 4355.93 manat pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutularaq X3 ödənilməsi qət edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 836/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1992/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsində cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1992/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri qismən təmin edilmişdir.

14. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir etiraz ərizəsindən görünür ki, iddia ərizəsində Cavabdeh atası X2 xx.xx.2020-ci ildə keçirdiyi qəzaya görə xəstəxanaya müraciət etməsi və mərhumun 10 gün sonraxx.xx.2020-ci ildə vəfat etdiyi göstərilir. Cavabdeh atası X6 həqiqətən xx.xx.2020-ci il tarixdə bilavasitə iş yerində-‘’Radioquraşdırma zavodu’’nda plastmas yeşiklər hazırlayan dəzgahda ilişib qalan plastmass hissəciklərin çıxarılması üçün istifadə olunan metal çubuğun başına batması nəticəsində ağır xəsarət almış və 10 gün sonra xəstəxanada vəfat etmişdir. Bununla əlaqədar Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri Mahmud Mehdiyevin 23 iyun 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin iş üzrə zərərçəkən qismində tanınmış X4 (hazırki iş üzrə Cavabdeh qardaşı) həmin qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət Xətai Rayon Məhkəməsinin 6(011)-70/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilmiş və Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri Mahmud Mehdiyev tərəfindən qəbul edilmiş 23 iyun 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. İddiaçı tərəfindən Rasim Heydərovun müalicəsi ilə bağlı hər hansı xərclər çəkilməyib. İddiaçı qeyd edilən xərcləri çəkməsi ilə bağlı məhkəməyə ciddi hesabat blankında tərtib olunmuş və ödəyən şəxs qismində ‘’Radioquraşdırma zavodu’’ MMC-nin qeyd olunduğu hər hansı sübut təqdim etməyib. İddiaçının məhkəməyə təqdim etdiyi mədaxil çap formaları ciddi hesabat blankı hesab olunmur və orada ödəyən şəxs qismində iddiaçının adı ümumiyyətlə qeyd olunmayıb. İddiaçı məzar qazılması, ehsan verilməsi, ehsan çadırlarının kirayələnməsi, cümə axşamı və 40 mərasimləri, habelə qəbir daşının hazırlanması üçün ‘’mərhumun vərəsələrinə geri qaytarmağa söz verdikləri üçün kömək məqsədi ilə’’ və ‘’cavabdehlər tərəfindən borc istənildiyi üçün’’ cavabdehlərə 34100 manat məbləğində borc verildiyi qeyd olunur. Bununla bağlı bildirmişdir ki, məzar qazılması, ehsan verilməsi, ehsan çadırlarının kirayələnməsi, cümə axşamı və 40 mərasimləri, habelə qəbir daşının hazırlanması üçün iddiaçı tərəfindən Cavabdeh nə kömək formasında, nə də borc formasında hər hansı məbləğdə pul verilməyib. İddia ərizəsində mübahisə predmeti olan pul məbləğinin ‘’cavabdehlərə’’ verildiyi qeyd olunur. Lakin cavabdeh qismində hazırki iddia ərizəsində yalnız 1 nəfər- Cavabdeh göstərildiyindən qalan cavabdehlərin kim olması ilə bağlı sual açıq qalır. İddiaçı cavabdehə 34100 manat pulun borc qismində verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh tərəfindən borcun qaytarılması öhdəliyinin yaranması üçün ilk növbədə iddiaçı tərəfindən cavabdehə borcun verilməsi faktı müəyyən olunmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hüquqların məhkəmədə müdafiə edilməsi üçün Cavabdeh ilə Bakı şəhəri 25 saylı Vəkil Bürosu arasında müqavilə bağlanıb və bununla əlaqədar 300 manat xidmət haqqı ödənilib. Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Cavabdehin etibarnamə üzrə nümayəndə və vəkili həmin məbləğin iddiaçıdan tutulub cavabdehə ödənilməsinin zəruri hesab edildiyini bildirir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı “Radioquraşdırma zavodu’’ MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin təmin olunmaması və ödənilmiş hüquqi xidmət haqqına görə 300 manat məbləğində pul vəsaitinin ‘’Radioquraşdırma zavodu’’ MMC-dən tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. İddiaçı Üfüq İstehsalat Birliyinin "xxxx" MMC-si cavabdehə borc olaraq verilmiş ümumilikdə 34100 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia qaldırsa da, iddiaçı ilə cavabdeh arasında borc münasibətlərini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

35. İddiaçı apellyasiya şikayətində pulun verilməsi ilə bağlı sübut kimi kassa məxaric orderlərinə istinad etmişdir. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

36. Məhkəmə kollegiyası cavabdeh iddiaya qarşı etirazında digər əsaslarla yanaşı, həm də iddiaçının tələb etdiyi məbləğdə vəsait xərcləməsinin sübut olunmadığını bildirməsinə münasibətdə qeyd edir ki, hazırkı halda bu xüsusatın yoxlanılmasının əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının tələbinin özü keçərli deyildir, belə olan halda onun məbləğinin müəyyən olunması prosessual qənaət prinsipi baxımından izafidir.

37. Hazırkı mülki işin mübahisəsiz olan halları ilə də müəyyən olunur ki, iddiaçı tərəf ilə cavabdeh arasında borc münasibətləri olmamış, iddiaçı MMC öz işçisinin istehsalatda aldığı xəsarətlə bağlı çəkdiyi xərclər, həm xəstənin həyatını xilas etmək, eləcə də onun ailə üzvləri üçün gözlənilməz olan müəyyən digər xərclərin qarşılanmasına köməklik etmək məqsədi ilə və həm də iddiaçının özünün təşəbbüsü ilə həyata keçirilmişdir.

38. Demək ki, belə olan halda bəlli olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsası kimi əsassız varlanmaya da istinad oluna bilməz.

39. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hazırkı apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

41. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Prosessual qanunun tələbinə görə də (Maddə 385.2.) birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Üfüq İstehsalat Birliyinin "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-1487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar