Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5522/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın bölməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1318/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərin əvəzi olaraq 6.000 manat, mənəvi zərərin əvəzi olaraq 5.000 manat, cəmi 11.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə hərbi xidmətə yararlılığın yoxlanılması üçün dəvət olunmuş, müəyyən tibbi yoxlanışlar zamanı səhhəti ilə bağlı əvəllər yaşanmış nasazlıqları və buna səbəb olan hadisəni bildirməyinə baxmayaraq, xidmətə yararlı kimi qiymətləndirilməyinin nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə AR Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə qoşulmuşdur. Müddətli həqiqi hərbi xidmət zamanı sərəncamına verildiyi hərbi hissədə kəskin baş ağrıları və davamlı olaraq bayılma hallarının yaranması səbəbindən hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlığının təyini üçün Hərbi Həkim Komissiyasına göndərilmiş, xx.xx.2023-cü il tarixində isə Müdafiə Nazirliyinin Baş X2 bölməsinə stasionar müalicəyə qəbul olunmuş və müvafiq yoxlanışların, analizlərin yekununda Müdafiə Nazirliyinin 123 saylı əmrinin 81b, 23c maddəsinin 2-ci qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdudyararlı” hesab edilməyi əsasında xx.xx.2023-cü il tarixində ordu sıralarından tərxis olunmuşdur. Tərxis olunduqdan sonra qanunsuz olaraq hərbi xidmətə göndərilməyi barədə xx.xx.2023-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna ünvanladığı müraciətə cavab olaraq aparılan müvafiq araşdırmalar zamanı SHXÇDX-nin Laçın rayonu bölməsi tərəfindən düzgün şəhadətləndirilmədiyinin aşkara çıxdığı, xx.xx.2024-cü il tarixində cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarın qəbul edildiyi və materialın aidiyyəti üzrə verilməsi məsələsinə baxılmağı üçün AR Baş Prokurorluğuna göndərildiyi qeyd edilmişdir. SHXÇDX-nin Laçın rayon bölməsinin hərbihəkim komissiyası tərəfindən yalnış şəhadətləndirilməsinin nəticəsi kimi o, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək “xidmətə yararsız” olduğu halda sırf məsul şəxslərin öz vəzifələrinə diqqətsiz, səhlənkar və laqeyd yanaşması səbəbindən təxminən 6 ay müddətində hərbi xidmət keçmək məcburiyyəti qarşısında qalmışdır. Xidmətə yararsız olduğu təsdiqləndiyi və ordu sıralarından tərxis edildiyi zaman artıq onun bir vətəndaş kimi hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırıldığı, bundan əlavə ləyaqətinin (özününözünə verdiyim dəyər) alçaldıldığından iddiaçıya dəymiş olan maddi zərərin (əldən çıxmış fayda) əvəzi olaraq orta aylıq əmək haqqına müvafiq təxminən xidmətdə olduğu zaman kəsiyinə uyğun olaraq hər müvafiq ay üçün 1.000 manat olmaqla, ümumilikdə 6 ay üzrə 6.000 manat, mənəvi zərərlərin qarşılığı olaraqsa, 5.000 manat ödənilməsinin kifayət olduğunu zənn edir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddiaçı haqqında qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən qəbul olunduğundan cavabdeh qismində məhkəmə icraatına həmin bölmə cəlb edilməlidir. Çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunan çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır, iddiaçının Xidmətin Laçın rayon bölməsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇSnin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin iddiaçının və yaxınlarının Laçın rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasına səhhəti ilə bağlı şikayət etməməsi (etdiyi halda hərbi hissədən geri qaytarılmaması) onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin məsuliyyətinin yaranmamasını göstərir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1318/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının təşəbbüsü ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın bölməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməmiş və iddiaya qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın bölməsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 1318/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının: 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır; 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır; 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 7.1-ci bəndinə əsasən nzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb iddiaçının hərbi xidmətə çağırış üçün yararsız olmasına baxmayaraq, hərbi xidmətə çağırılmağı və xx.xx.2023 - xx.xx.2023-cü il tarix aralığında hərbi xidmət keçməsi, daha sonra hərbi xidmətə yararsızlığı müəyyən edilərək hərbi xidmətdən təxris edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyət orqanları və onların yerli (struktur) və digər qurumları hüquqi statusu etibarı ilə inzibati orqan hesab edildiyindən, müvafiq icra hakimiyyət orqanları və onların yerli (struktur) və digər qurumları tərəfindən verilmiş hər hansı sənəd də inzibati akt statusu daşıyır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, habelə onun yerli baş idarə, idarə, şöbə və bölmələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-1.1-ci və 4-1.1.1-ci bəndlərinə müvafiq olaraq inzibati orqanlara aid edilmişdir. Mübahisənin əsasını da məhz inzibati orqanın qanunsuz hərəkətləri (hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə çağırılma) təşkil edir. İddiaçı məhz inzibati orqanın qanunsuz hesab etdiyi hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir və onun əvəzinin ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı özünün hüquqi marağına uyğun olaraq bu hərəkətlərə yol vermiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin hərəkətlər nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etməlidir. Bununla belə, hazırki iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin birinci instansiya məhkəməsi iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və hüquqi nəticə etibarı ilə işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxaraq, məhkəmə aktı qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1318/2024 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, iddiaçıya hazırki tələblə inzibati orqana qarşı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit edilmiş aidiyyəti iddia ilə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261- 264, 384-cü, 387-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1318/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın bölməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar) xitam verilsin. İddiaçı hazırki tələblə inzibati orqana qarşı Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit edilmiş aidiyyəti iddia ilə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5522/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5522/2024
17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver