Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5528/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(009)-1367/2024 nömrəli qətnaməsindən İddiaçı1 verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 22 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik faiz dərəcəsi 24% ödənilməsi şərti ilə 10000 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 22 avqust 2023-cü il tarixli kredit müqaviləsnə əsasən sonuncuya 48 ay müddətinə, illik faiz dərəcəsi 22% ödənilməsi şərti ilə 10000 manat məbləğində kredit verilmişdir.
3. "xxxx" KB ASC ilə İddiaçı1 arasında bağlanmış 22 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.
4. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı1 götürdüyü kredit üzrə 15 avqust 2023-cü il tarixdə 6307 manat məbləğində pul vəsaiti ödənilərək borc tam bağlanmışdır.
5. Cavabdeh1 tərəfindən yazılmış 23 avqust 2023-cü il tarixli yazılı iltizamdan görünür ki, o, İddiaçı1 18500 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22 avqust 2023-cü il tarixli üç kredit müqaviləsi üzrə götürüb cavabdehlərə verdiyi 30000 manat puldan qaytarmadıqları 22543 manat əsas borcun və aylıq kreditləri ödəmədiklərinə görə vurduqları zərərə görə 5334 manat pulun və ödənilmiş 177 manat dövlət rüsumunun, cəmi 28054 manat pulun müştərək qaydada cavabdehlərdən alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 onların qohumudur. Digər Cavabdeh1 isə Qərənfilin qohumudur və əvvəllər onu tanımamışlar. 2023-cü ilin avqust ayında Qərənfil onlara bildirmişdir ki, onun qohumu Aqilə 30000 manat pul lazımdır, bizneslə məşğul olur, götürəcəyi pulun əvəzinə hörmət edəcəkdir. Onların həmin vaxt 01 yanvar 2022-ci ildən "xxxx"dan Təranənin adına götürdükləri kredit üzrə ödənilməmiş 6307 manat borcları var idi. Qərənfil təklif etmişdir ki, Təranə əlavə kredit götürə bilsə, Aqil həmin 6307 manat bank borcunu bağlamaqla, sonrakı vaxtda da, Təranənin köməyinin əvəzini qarşılayacaqdır. Qərənfil eyni zamanda bildirmişdir ki, Aqilə verilən pulla o, ət biznesi qurmuş, bir neçə ay ərzində aylıqları ödədikdən sonra Təranənin adına götürüləcək bank kreditlərini ən geci 6 ay ərzində tam bağlayacaqdır. Onlar cavabdehlərin təklifi ilə razılaşmışlar. Təranə Bakı şəhərinə gedib bir gündə, yəni 22 avqust 2023-cü ildə 3 bankdan cavabdehlərin təşkilatçılığı ilə pul götürmüşdür. Belə ki, Təranə ABB-dən 48 ay müddətinə 24%-lə 10000 manat, "xxxx"dan illik 22% olmaqla 48 ay müddətinə 10000 manat və "xxxx"dan illik 22% olmaqla 10.000 manat pul götürüb Qərənfillə Aqilə vermişlər. Bildirirlər ki, hər 3 kredit razılaşmalarının hamısını və 1 gün ərzində banklardan pulun verilməsi məsələsini Qərənfillə Aqil qabaqcadan danışıb həll etmişlər. Cavabdehlər 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında razılaşmasına əsasən öz üzərlərinə götürdükləri öhdəliklərini tam icra etmişlər. Yəni onlar həmin 3 ayda Təranənin kartına 900 manat pul köçürmüşlər. Həmin puldan Təranə 326 manat Beynəlxalq Banka, 248 manat "xxxx"a, 315 manat isə "xxxx"a ödəmişdir. Bundan sonra cavabdehlər dekabr ayına görə ödəməli olduqları 900 manatı göndərməmişlər, sonrakı aylarda ödəməni kəskin azaltmışlar. Onlar 2024-cü ilin yanvar ayında 300 manat, fevral ayında 200 manat, mart ayında 150 manat, aprel ayında 200 manat, may ayında isə 300 manat pulu Təranənin kartına ödəmişlər. Nəticədə onlar 2023-cü ilin dekabr ayından 2024cü ilin may ayı da daxil olmaqla onlara 5400 manat göndərməli olduqları halda, cəmi 1150 manat göndərmişlər. Bu müddət onlar 4250 manat az göndərməklə, banklarda faiz və cərimə borcları yaratmışlar. Həmin arada danışıqlarda onlar qalıq pullarını da ödəyəcəklərini bildirsələr də, son vaxtlar sözlərinə əməl etməyərək, qismən ödəməni də, çətinliklə, yəni dəfələrlə təkiddən sonra keçirmişlər. O, aldadıldığını başa düşüb, aldıqları pulu və vurduqları zərəri tələb etmək məcburiyyətində qalmışdır. Cavabdehlərə verdiyi ümumi pulun məbləği 30000 manat təşkil edir. Həmin puldan cavabdeh onun "xxxx"a olan 6307 manat qalıq borcunu ödəmişlər. Bundan əlavə cavabdehlər ona bu müddətdə 1150 manat pul göndərmişlər. Cavabdehlərin onlardan aldıqları 30000 manat borcdan cəmi 7457 manat pul ödəmişlər. 2024-cü ilin iyun ayının 1-nə cavabdehlərin onlara qalıq borcu 22543 manat təşkil edir. Bundan əlavə cavabdehlər 3 banka kredit aylıqlarını 2023-cü ilin dekabr ayında tamam ödəmədiklərinə və sonrakı 5 ayda isə qismən ödədiklərinə görə o, həmin banklara olan kredit borclarının bir qismini özü ödəməyə məcbur olmuşlar. Dekabr 2023-cü, may 2024-cü ilədək Təranə məcbur olub 1890 manat "xxxx"a, 1488 manat "xxxx"a, qohumlardan aldığı borc hesabına məcbur olub ödəmişdir. 6 ay müddətində Beynəlxalq Banka hər ay 326 manat, cəmi 1956 manat ödənməli olduğu halda, Təranə 752 manat pul ödəmişdir. Cavabdehlər verdikləri sözə əməl etməmiş, 2023-cü ilin dekabr ayından hər 3 bankın aylıq ödəmələrini vaxtında ödəmədiklərinə görə onlara 5334 manat zərər vurmuşlar. Ona görə də cavabdehlərdən müştərək qaydada 22543 manat əsas borcu və 6 ay ərzində ödəmədiklərinə görə vurduqları zərərin əvəzində 5334 manat, cəmi 27877 manat pul verməlidirlər.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(009)- 1367/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh1 İddiaçı1 və İddiaçı2 xeyrinə 11043 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123,13 manat, cəmi 11166,13 manat məbləğində pulun tutulması qət edilmişdir.
9. Qətnamənin əsaslarına görə, Cavabdeh2 hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı borcun məhz cavabdehlərdən Cavabdeh1 tərəfindən götürülməsi müəyyən edilmiş, həmin borcun qaytarılmasına digər cavabdeh qismində göstərilən şəxsin – Cavabdeh2 məsuliyyət daşıması ilə bağlı sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilə bilməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır. Cavabdeh2 hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılarla Cavabdeh1 arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı1 yalnız 18500 manat məbləğində pulun alınması etiraf olunmuş, bu barədə onun tərəfindən 23 avqust 2023-cü il tarixli iltizam tərtib edilərək imzalanmış və iltizamda 18500 manat borcun ödənilməsi öhdəliyi götürülmüşdür. Əvvəllər qanunvericilikdə borc müqaviləsinin şifahi qaydada bağlanılması mümkünlüyü nəzərdə tutulduğundan, bu hal mülki dövriyyə iştirakçılarının – borc müqaviləsinin tərəflərinin öz hüquq və vəzifələrinin icrasından yayınmağa və sui-istifadəsinə şərait yaradırdı. Məhz borc münasibətlərindən yaranan mübahisələrə baxılarkən mövcud vəziyyəti nəzərə alaraq, bu sui-istifadədə qeyrimüəyyənliklərin aradan qaldırılması baxımından qanunverici məbləği 3000 manatdan çox olan borc müqaviləsinin formasının yazılı olması kimi bir qayda müəyyən etmişdir. Məhkəmə iddiaçılar tərəfindən məhkəməyə təqdim olunan yazılı iltizamda Cavabdeh1 tərəfindən 18500 manat məbləğində borcun alınmasının etiraf olunmasını nəzərə alaraq, həmin sənədi sübut əhəmiyyətli sənəd kimi qəbul edir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim olunan CD diskdə danışıqların konkret hansı şəxslər arasında olması, iddiaçı tərəfindən diskdə səsləndirilən səslərin yalnız Cavabdeh2 məxsus olması barədə izahatını əsas götürərək məhkəmə hesab edir ki, həmin disk sübut əhəmiyyəti kimi qəbul edilməməlidir. İddiaçılar Cavabdeh1 30000 manat məbləğində pulun borc verilməsini, verilmiş puldan qaytarmadığı 22543 manat əsas borcun və aylıq kreditləri ödəmədiyinə görə 5334 manat vurulmuş zərərin olmasını iddia etsələr də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. İddiaçılar iddia ərizəsində Cavabdeh1 tərəfindən götürdüyü borcdan 7457 manat qaytarılmasını etiraf etmişlər. Məhkəmə Cavabdeh1 tərəfindən yalnız 18500 manat məbləğində borc pulun alınmasını etiraf etməsini və bununla əlaqədar müvafiq iltizam tərtib etməsini, iddiaçının 3 bankdan götürdüyü kredit müqavilələri üzrə öhdəlik daşımasına dair (zamin durmasına dair) sübutların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi yalnız cavabdeh tərəfindən etiraf olunan həddə əsaslı hesab edilməlidir. Lakin məhkəmə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini, həmin borc məbləğindən 7457 manat qaytarmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin olunaraq Cavabdeh1 iddiaçıların xeyrinə 11043 manat məbləğində pul tutulmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 406.1, 442, 448.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin olunmayan hissəsində ləğv olunmaqla iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, məhkəmə qətnamədə qeyd etmişdir ki, “iddiaçılar Cavabdeh1 30000 manat pulun borc verilməsini, verilmiş puldan 22543 manat əsas borcun və aylıq kreditləri ödəmədiklərinə görə 5334 manat vurulmuş zərərin olmasını iddia etsələr də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər”. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Yəni, onlar iddia ərizəsində cavabdehlərə 30000 manat pulun borc verilməsini, həmin puldan 7457 manatın qaytarıldığını, 22543 manatın isə qaytarılmadığını və bununla bağlı 5334 manat məbləğində zərərə düşmələrini, inandırıcı və ağılabatan dəlillərlə əsaslandırmışlar. Məhkəmə bunun əksinə olan, iş üzrə cavabdehlər tərəfindən təqdim edilməyən heç bir dəlil olmadığına baxmayaraq, yalnız öz mülahizələri ilə nəticəyə gəlmişdir ki, guya həmin halları sübut olunmamışdır. Belə ki, məhkəmə qətnaməsindən də, görünür ki, cavabdeh tərəflərin heç bir məhkəmə prosesində iştirak etməmiş və iddiaya dair məhkəməyə etiraz və mülahizələrini yazılı şəkildə bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmənin qətnaməsi çəkişmə şəraitində qəbul edilmiş qətnamə kimi qiymətləndirildiyinə görə, məhkəmə cavabdeh tərəfin mövqeini iddianın etiraf edilməsi kimi qəbul etməli olduğu halda etməməklə qanun pozuntusuna yol vermişdir. Onlar cavabdehlərə 30000 manat məbləğində borc pul verdiklərini, həmin puldan onlar tərəfindən 6307 manat onun “Yelobank”a olan kredit borcunu ödədiklərini, bundan sonra 4 ay ərzində mənə 1150 manat göndərdiklərinə dair əsaslı dəlillər təqdim etmişdir. Məhkəmə iddia ərizəsində olan və onlar tərəfindən məhkəmədəki izahatda əsaslandırılan dəlillərin heç birini müzakirə etməmiş və qiymətləndirilməmişdir. O, iddia ərizəsində və izahatında qeyd etmişdir ki, bir gündə ona Bakı şəhərində 3 bankdan 30000 manat kredit verilmişdir. Həmin kreditlərin hamısını cavabdehlər əvvəldən banklarla danışıb razılaşmışlar. O, yalnız 1 gün, 22 avqust 2023-cü ildə Göygöl şəhərindən Bakıya gedib bank sənədlərini imzalamışdır. Həmin günə aid bankların müşahidə kameralarında da, cavabdehlərin onunla birgə orada olmalarını görmək mümkündür. Cavabdehlər onun “Yelobank”a olan 6307 manat borcumu bağlamışlar ki, kreditləri götürə bilsinlər. Məhkəmə yalnız cavabdehin qəbzinə və onun 7457 manat pul ödədiyinə dair mənim etirafımı qəbul edib, nəticəyə gəlmişdir ki, Cavabdeh1 yalnız 18500 manat məbləğində pul aldığına dair müvafiq iltizam verdiyinə görə, onun borci həmin məbləğdə qəbul edilməlidir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya həmin iş üzrə Cavabdeh2 həmin tələb üzrə cavab verməli olan şəxs ola bilməz. Məhkəmənin gəldiyi həmin nəticə ilə heç bir halda razılaşmaq olmaz. Çünki o, iddia ərizəsində və məhkəmədə qeyd etmişdir ki, Aqili tanımamışdır, Qərənfil isə onun uzaq qohumudur. Aqilin adından bütün danışıqları onunla Qərənfil aparmış, pulu onun vasitəciliyi və zaminliyi ilə Aqilə vermişdir. Səs yazılarında da, Qərənfil özü 30.000 manat alındığını etiraf etmiş və qaytarılacağını bildirmişdir. Bundan əlavə cavabdehlər tərəfindən sonradan ona ödənilən pullar da yalnız Qərənfilin vasitəsi ilə ödənilmişdir. Qərənfil həmin müqavilə üzrə rəsmi zamin olmasa da, faktiki zamin və cavabdeh qismində iştirak etmişdir. Məhkəmə onun iddia tələbinin 5334 manat zərər tələbi ilə əlaqədar hissəsinə aid dəlillərimi müzakirə etməmiş və qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı1 və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməklə iddianın tam təmin olunması xahiş edildiyindən mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməlidir.
21. Pul vəsaitinin yalnız Cavabdeh1 tutularaq Cavabdeh2 tutulmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.
22. Belə ki, iddiaçı apellyasiya şikayətində Cavabdeh2 tutulmalı olmasını onunla əsaslandırır ki, faktiki zamin olmuşdur, faizlər onun vasitəsilə ödənilmişdir və s.
23. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, tərəflər arasında öhdəlik münasibətləri olmasını təsdiq edən yeganə yazılı sübut Cavabdeh1 tərəfindən yazılmış 23 avqust 2023-cü il tarixli qəbzdir və işin halları bu qəbz üzərindən araşdırılaraq qiymət verilməlidir.
24. Cavabdeh2 həmin qəbzə əsasən yaranmış öhdəliyə görə zamin olması üçün mülki qanunvericiliyin tələbinə əsasən yazılı formada öhdəlik götürülməlidir. Belə bir öhdəlik isə mövcud deyildir. Pul vəsaitinin onun vasitəsilə verilməsi, danışıqlarda iştirak etməsi, müəyyən vəsaitin məhz onun vasitəsilə qaytarılması və digər hallar onun üzərinə hər hansı öhdəliyin qoyulması üçün əsas ola bilməz.
25. İddiaçının tələbi onunla əsaslandırılır ki, cavabdehlərə 30000 manat məbləğində pul vermişdir, həmin puldan Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə ödənilmiş 6307 manat pul və 1150 manat əlavə ödənilmiş pul çıxıldıqda 22543 manat məbləğində borc yaranır.
26. Məhkəmə isə gəldiyi qənaəti onunla əsaslandırır ki, öhdəlik qəbzə əsasən 18500 manat olmuşdur, həmin məbləğdən "xxxx" ASC-yə ödənilmiş 6307 manat və 1150 manat əlavə ödənilmiş pulun qaytarılmasını nəzərə almış və 11043 manat borcun qalması barədə nəticəyə gəlir.
27. Yuxarıda qeyd olunduğu kimi məhkəmənin öhdəliyin Cavabdeh1 tərəfindən yazılmış 23 avqust 2023-cü il tarixli qəbz əsasında yaranması barədə gəldiyi qənaət əsaslıdır. Lakin məhkəmə ödənilməmiş borcun mələği barədə nəticəyə gələrkən "xxxx" ASC-yə 6307 manat pul vəsaitinin həmin qəbzin tərtib olunmasından əvvəl, yoxsa sonra ödənilməsini nəzərə almamışdır.
28. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı1 götürdüyü kredit üzrə 15 avqust 2023-cü il tarixdə 6307 manat məbləğində pul vəsaiti ödənilərək borc tam bağlanmışdır, Cavabdeh1 tərəfindən iltizam 23 avqust 2023-cü il tarixdə verilmişdir. Yəni, Cavabdeh1 həmin qəbzə əsasən 6307 manat ödədikdən sonra 18500 manat öhdəliyinin olmasını qəbul etmişdir.
29. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddianın 6307 manat məbləğində hissəsinin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmamışdır, bu hissədə qətnamə ləğv olunaraq iddia təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh1 yalnız İddiaçı1 qarşısında öhdəlik götürdüyündən pul vəsaiti cavabdehdən tututlaraq sonuncuya ödənilməlidir.
30. İddianın zərərin əvəzinin ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Belə ki, Cavabdeh1 iddiaçının banklar qarşısında götürdüyü öhdəliklərlə, o cümlədən yaranmış zərərlə bağlı hər hansı bir vəzifə daşıya bilməz. Mülki Məcəllənin 387.3-cü maddəsinin tələbinə görə də öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır.
31. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda müzakirə olunan qaydada qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(009)-1367/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(009)-1367/2024 nömrəli qətnaməsi qismən – iddianın 6307 manat məbləğində pul vəsatinin tutulması hissəsinin rədd olunması hissəsində ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh1 6307 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı1 qızna ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev