Məhkəmə qərarları › İş №2(103)-5531/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5531/2024

25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5531/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5531/2024 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X9 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi, təmir işlərinin aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-709/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56-cı mənzilində qeydiyyatda olmaqla orada yaşayır. Həmin ünvanda yerləşən 60 nömrəli mənzil isə Cavabdeh1 mülkiyyətindədir.

2. İddiaçı cavabdehlərin yaşadığı mənzildən onun mənzilinə suyun axıdıldığını iddia edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çirkli suyun axıdılması nəticəsində dəymiş maddi ziyana görə 1.000 manatın, mənəvi ziyana görə 500 manatın, həmçinin ödənilmiş 35 manat dövlət rüsumunun X1 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Xətai rayonu, 7 noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 60-cı mənzilində vanna otağından çirkli suyun axıdılmasının qarşısının alınması üçün cavabdehlərin vanna otağında təmir işlərinin aparılması öhdəliyinin cavabdehlər X2 və Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cu ildən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56-cı mənzilində yaşayır. Mənzil 2 otaqlı olmaqla birinci mərtəbəbə yerləşir. Yaşadığı mənzil xüsusidir və adına 2010-cu il yanvarın 13-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlər təxminən 10 il əvvəl bu evə köçmüş, mənzilin üst tərəfində 3-cü mərtəbədə yerləşən 60-cı mənzildə yaşamağa başlamışlar. Son illərə qədər aralarında heç bir problem yaşanmamış, 2023-cü ilin avqust ayında cavabdehlər yaşadıqları 60-cı mənzildə təmir işləri aparmış, aparılmış təmir işləri nöqsanlı olduğundan oradan 2-ci mərtəbəyə, oradan da iddiaçının yaşadığı 56-cı mənzilə çirkli su axmağa başlamış, bu barədə onlara məlumat vermiş, suyun həqiqətən onlardan axıdılmasını etiraf etmiş, lakin heç bir tədbir görməmişlər. Cavabdehlərə dəfələrlə etdiyi xəbərdarlıqlar nəticə verməmiş, ərazi üzrə 27 saylı MKİS-nə şikayət etmiş, mənzillərdə baxış keçirilmiş, bu barədə 2023-cü il oktyabrın 12-də akt tərtib olunmuş, suyun həqiqətən cavabdehlərin yaşadığı mənzildən 58-ci mənzilə oradan da iddiaçının mənzilinə axması öz təsdiqini tapmış, cavabdehlər təmir edəcəklərini və problemi aradan qaldırmağa söz versələr də, nəticə olmamışdır, hazırda da çirkli suyun axması davam etməkdədir. Cavabdehlərin bu hərəkətləri iddiaçıda psixoloji sarsıntıya səbəb olur, iddiaçı mənzildə hər an mənəvi sarsıntı keçirir. Cavabdehlərin hərəkəti nəticəsində mənzilin qonaq otağının tavanı, divar kağızları, tualet və vanna otağı sıradan çıxmış, əsaslı təmirə ehtiyac vardır. Mənzilin qeyd olunan hissələrində rütubət yaranmış, kəskin qoxu iyləri əmələ gəlmişdir. Cavabdehlərin mənzilindəki çirkli su axan hissənin, yəni trapda yaranmış problemi aradan qaldırmadan iddiaçının mənzilində aparılacaq təmirin əhəmiyyəti olmayacaqdır, ona görə də ilk növbədə cavabdehlərin yaşadığı 60-cı mənzilin vanna otağında trapda olan problem aradan qaldırılmalıdır. Cavabdehin hərəkətləri nəticəsinə iddiaçının mənzilində yaranmış problemin aradan qaldırılması üçün 1.000 manat vəsait tələb olunur, həmçinin hesab edir ki, mənəvi zərərə görə cavabdehlərin üzərinə 500 manat, habelə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 60-cı mənzilinin vanna otağında çirkli suyun axıdılmasının qarşısının alınması üçün təmir etmək barədə öhdəlik qoyulmalıdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-709/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddianın qismən təmin edilməsi, cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada vurulmuş maddi zərərə görə 795 manatın, mənəvi zərərə görə 100 manatın və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspert tədqiqatının dəyəri 50 manatın cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 213.6, 1096.1, 1096.2, 1097.1 -ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyasına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gedişindən xəbəri olmamış, bu səbəbdən hüquqlarını müdafiə edə bilməmişdir. Ona məhkəmənin keçirilməsi barədə heç bir rəsmi bildiriş və ya mesaj gəlməmişdir. Qanunvericiliyin tələblərinə əsasən şəxs o halda mülki hüquq məsuliyyəti daşıyır ki, o delikt törətmiş olsun. Belə ki, iş hərtərəfli araşdırılarkən suyun onun mənzilimdən axması sübuta yetirilməli idi. Lakin suyun məhz onun mənzilindən axması sübita yetirilməmişdir və eyni zamanda suyun hansı mənzildən axması dəqiqliklə müəyyən olunmamışdır. Belə ki, cavabdeh işdə iştirak etməyə cəlb olunmamış və cavabdehin iştirakı olmadan işə baxılmış və yekun məhkəmə aktı çıxarılmışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı cavabdehə bildirilməmiş və onun iştirakı təmin edilməmişdir. Eyni zamanda iş üzrə çıxarılmış yekun məhkəmə aktı cavabdehə poçt vasitəsilə məhkəmə tərəfindən təqdim olunmamışdır. Eyni zamanda məhkəmə gəldiyi nəticəni təqdim edilmiş fotoşəkillərlə də iddiaçının mənzilinə ziyan dəydiyi, keçirilmiş ekspertiza tədqiqatı ilə cavabdehlərin yaşadığı mənzildən iddiaçının yaşadığı mənzilə suyun axıdılması ilə əsaslandırmışdır. Hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış və sübutları yetərincə tədqiq etməmişdir. Belə ki, iş üzrə araşdırma aparılarkən cavabdehin yaşadığı ərazi üzrə ekspertiza təyin ounmlı və cavabdehin evinə baxış keçirilməli idi. Eyni zamanda iş araşdırılarkən həmin mənzil üzrə hər mərtəbədən müayinə aktı tərtib olunmalı və həmin suyun hardan iddiaçının mənzilinə axdığı dəqiqliklə müəyyən olunmalı idi. Lakin iş üzrə çıxarılmış yekun məhkəmə aktından da məlum olduğu üzrə, cavabdehin mənzilində Tikinti-texniki ekspertiza keçirilməmiş və eyni zamanda həmin mənzil üzrə hər mərtəbədən müayinə aktı tərtib olunmalı və həmin suyun hardan iddiaçının mənzilinə axdığı dəqiqliklə müəyyən olunmamışdır. Məhkəmənin əsaslandırdığı ekspertiza rəyində iddiaçıya zərərin dəydiyi müəyyən olunmuşdur, lakin suyun hansı mənzildən axdığı dəqiqliklə müəyyənləşdirilməmişdir. ona görə də hesab edir ki, təkrar ekspertiza keçirilməli və iddiçının evinə axan suyun onun yaşadığı mənzildən axmadığı müəyyən olunmalıdır. Bildirir ki, oğlu X7 ilə illərdir ki, ölkə hüdudlarından kənarda yaşayır və iddiaçının mənzilinə axan su ilə heç bir əlaqəsi yoxdur. Lakin məhkəmə bu halı araşdırmamışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 44 saylı evin 60-cı mənzili əvvəl mərhum ərinin adına qeydiyyatda olmuş, hazırda isə özü mənzilin mülkiyyətçisidir. Həmçinin, qeyd etdi ki, qətnamədə göstərilən zərərin məbləği ilə razı deyil.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü və digər tərəflərin məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəbi barədə hər hansı məlumat olmadığını nəzərə alaraq məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

16. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

17. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.

18. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

21. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.

22. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

23. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

24. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı

25. Qərarın 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

26. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

27. Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, hazırki apellyasiya baxışının predmetini həmin cavabdehə aid hissədə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. Belə ki, hazırki işin faktiki hallarına görə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56-cı mənzili iddiaçının əri X4 mülkiyyətindədir və İddiaçı həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 44, 60 saylı mənzil isə Cavabdeh1 mülkiyyətindədir və cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Həmçinin müəyyən olunur ki, iddiaçının mənzili 1-ci mərtəbədə, cavabdehlərin mənzili isə 3-cü mərtəbədə yerləşir. İddia tələbnin məzmunundan görünür ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində 3-cü mərtəbədən 2-ci mərtəbəyə, oradan da iddiaçının yaşadığı 1-ci mərtəbədəki mənzilinə suyun axıdıldığını iddia edir.

38. İlk öncə kollegiya iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun mövcudluğuna münasibətdə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56-cı mənzili iddiaçının ərinə məxsus olsa da, mübahisə olmadığından həmin mənzilin ərlə-arvadın ümumi birgə mülkiyyətində olması prezumpsiyası qüvvədədir və Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.

39. Daha sonra kollegiya bildirir ki, iddia tələbində göstərilən halların araşdırılması məqsədilə işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 56 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 60 saylı mənzildən su axıdılığı və nəticədə 56 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. 60 saylı mənzilin qapısı bağlı olduğundan, 56 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 56 saylı mənzilə su sızması 60 saylı mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, 8 noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 795 manat məbləğində müəyyən olunmuşdur. 60 saylı mənzilin qapısı bağlı olduğundan, 56 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın bu sualı üzrə tədqiqat aparılması mümkün olmamışdır.

40. İş materiallarında olan Xətai rayon MKTB-nin 27 saylı MKİS tərəfindən tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, MKİS-in mühəndisi və fəhlələri imza edərək təsdiq etmişlər ki, iddiaçının müraciəti əsasında 60-cı və 58-ci mənzillərə baxış keçirilmiş və məlum olmuşdur ki, 60 saylı mənzildən su axmış və nəticədə 58-ci və 56-cı mənzilə xeyli ziyan vurmuşdur. Axıntı davam edir.

41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

43. Məhkəmə kollegiyası iş materiallarında olan fotoşəkilləri, MKİS tərəfindən tərtib olunmuş aktı və ekspert rəyini əlaqəli şəkildə tədqiq edərək və işin bütün hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının yaşadığı mənzilə Cavabdeh1 mülkiyyətində olan mənzildən su axıdılması halı baş vermişdir.

44. Cavabdeh tərəfindən isə iddiaçının mənzilinə olan sızıntının onun mülkiyyətində olan mənzildən olmadığını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdehin apellyasiya icraatı zamanı verdiyi izahatından da görünür ki, o tutulan zərərin məbləğindən narazıdır, lakin zərərin həcmi və məbləği ilə də bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

46. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

47. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarında olan MKİS aktında iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı göstərilmiş, ekspert də bu halı müəyyən etmişdir.

48. Kollegiya birinci instansiya məhkəməsinin iddianın mənəvi zərərlə bağlı olan hissəsində gəldiyi nəticə ilə də razılaşaraq hesab edir ki, iddiaçının məruz qaldığı mənəvi zərərin kompensasiyası qismində cavabdehdən 100 manat pulun tutulması işin halları və qanunvericiliyin yuxarda sadalanan müddəaları baxımından ədalətli və ağlabatan məbləğ kimi qiymətləndirilməlidir.

49. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı aydın olur və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin digər dəlillərindən olan cavabdeh X3 illərdir ki, ölkə hüdudlarından kənarda yaşaması və iddiaçının mənzilinə axan suya görə onun məsuliyyət daşımamasına münasibətdə isə qeyd edilməlidir ki, qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti verdiyindən, digər cavabdeh E.Səlimbəyliyə aid hisssələrdə məhkəmə aktının yoxlanılması hazırki apellyasiya baxışının predemtini təşkil etmir.

50. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

51. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir. Ekspertiza xərcinin dəyəri isə cavabdehdən tutulmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-709/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar