Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5534/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sami oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun ödənilməsi, maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Sami oğlunun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 (o, həm də digər Cavabdeh1 nümayəndəsidir), onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Sami oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı Sami oğlu ilə X4 arasında işbirliyi olmuş, onlar hər ikisi xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC tərəfindən yaşayış binasının tikintisinin aparılmasına vəsait qoymuş, bununla belə rəsmi olaraq həmin cəmiyyətin payçısı olmamışlar.
2. İddiaçı xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın üzvü olmaqla bu kooperativin 20 % payının sahibi olmuş, "xxxx" MTK xx.xx.2008-ci il tarixdə adını və təşkilati-hüquqi forması dəyişdirərək, "xxxx" MTK-ya, xx.xx.2012-ci il tarixdə isə təşkilati-hüquqi formasını təkrarən dəyişdirərək, "xxxx" MMC-yə çevrilmişdir.
3. Tikinti işləri yekunlaşdıqdan sonra İddiaçılə Eldar Vəliyev arasında əmlak bölgüsü, o cümlədən son haqq-hesab aparılmış və bununla bağlı xx.xx.2010-cu il tarixdə sadə yazılı formada əlyazma tərtib edilmişdir. Həmin əlyazma bir vərəqdən və 2 səhifədən ibarətdir. Əlyazmanın birinci səhifəsinin üst yarım hissəsində İddiaçı Eldar Vəliyevə 460 000 ABŞ dolları, X6 Kəlbiyevə 185 000 ABŞ dolları məbləğində borcunun olduğu, birinci səhifəsinin alt yarım hissəsində isə ayrı-ayrı məbləğlər göstərilmiş, onların qarşısında müxtəlif adlar yazılmış və imzalar edilmişdir.
4. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh1 və Cavabdeh2 X2 müvafiq olaraq həyat yoldaşı və oğludur. a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Sami oğlu Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 182 848 ABŞ dolları və 13 337 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 182 848 ABŞ dollarının və 63 367 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla X4 arasında işbirliyi olmuş, işbirliyi çərçivəsində onlar yaşayış binasının tikintisini həyata keçirmişlər. X4 rəsmi payçı olmamış, lakin qeyri-rəsmi olaraq onun tikintidə 35 % payı olmuşdur. Tikinti işləri başa çatdıqdan sonra onlar arasında haqq-hesab aparılmış və bu barədə xx.xx.2010-cu il tarixdə sadə yazılı formada sənəd tərtib edilərək hər ikisi tərəfindən imzalanmışdır. Həmin sənədə əsasən onun X3 460 000 ABŞ dolları, X2 isə ona 185 000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan sonra onların arasında olan bütün haqq-hesablar həmin sənəddə qeyd edilmiş və X4 tərəfindən imzalanmışdır. Bu sənəddə göstərilən məbləğlərin fərqindən də müəyyən edilir ki, X2 ona 182 848 ABŞ dolları məbləğində borcu qalmışdır. Eyni zamanda, inşa edilmiş bina ilə bağlı yaranmış kommunal borclar da 2013-cü ilin aprel ayında tərəfindən qarşılanmışdır ki, payına uyğun olaraq bu məbləğin 13 337 manat hissəsini məhz X4 ödəməli idi. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 onun həyat yoldaşı, Cavabdeh2 isə oğlu olmaqla onun vərəsələridir. Bu səbəblə iddia üzrə tələb bu şəxslərə qarşı irəli sürülmüşdür.
7. Cavabdeh2 (o, həm də digər Cavabdeh1 nümayəndəsidir) iddianı qəbul etməmiş, izahatlarında göstərmişdir ki, həqiqətən də atası X4 ilə iddiaçı arasında iş birliyi olmuş, onların hər ikisi "xxxx" MMC tərəfindən aparılan tikinti işlərinə vəsait qoymuşlar. Həmin yaşayış binasında həm iddiaçının, həm də atasının qeyri rəsmi olaraq payı olmuş, binanın tikintisi başa çatdıqdan sonra payçılar arasında əmlak bölgüsü, o cümlədən atası və iddiaçı arasında 2010-cu ildə son haqq-hesab aparılmış, bununla bağlı sadə yazılı formada əlyazma tərtib edilmişdir. Bundan sonra onların arasında hər hansı işbirliyi olmamışdır. Həmin əlyazmanın onlarda olan nüsxəsi ilə iddiaçıda olan nüsxəsi arasında məzmun baxımından fərq var. Belə ki, bu sənədin birinci səhifəsinin alt hissəsində ayrıayrı məbləğlərlə bağlı aparılmış qeydlər onların nüsxəsində yoxdur. Həmin hissədə olan atasının imzalarını da mübahisələndirmir, həmin hissədə aparılan qeydləri ümumiyyətlə qəbul etmir. Bu qeydlər atasının iddiaçıya olan borclarını əks etdirmir, əksinə iddiaçının atasına qaytardığı borcları əks etdirir. Bu səbəblə də məbləğlərin qarşısında atası tərəfindən imzalar edilmişdir və həmin hissə onların nüsxəsində yoxdur. Hər bir halda, həmin hissədə atasının iddiaçıya olan borcu olsa idi, məbləğlərin qarşısında iddiaçının imzaları olardı və həmin hissə onların nüsxəsində də olardı. Başqa sözlə, qaytarılan borcun qeyd edilməsində atası maraqlı olardı və qeydləri özündə saxlayardı. Bu səbəblə həmin əlyazma 2010-2012-ci illərə aid olmasına baxmayaraq, iddiaçı tərəfindən məhz atasının ölümündən sonra iddia irəli sürülmüşdür. Həqiqətdə iddiaçının onlara borcu olmuş və hələ də qalmaqdadır. Hələ bir neçə il əvəl onların arasında baş tutmuş görüşdə iddiaçı onun atasına hələ də 30 000 ABŞ dolları borcunun olduğunu şəxsən etiraf etmiş və qaytaracağına vəd vermişdir. Digər tərəfdən məsələn, qeyd edilən hissədə xx.xx.2010cu il tarixə aid qeyddə “175.000 ABŞ dolları” sözləri, onun yanında “obyekt” sözü, ondan sonra isə atasına aid imza əks etdirilmişdir. İddiaçı onun atasının bu məbləğdə borcunun Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinə görə yarandığını iddia edir. Halbuki, hələ atası sağ olanda ona həmin qeyriyaşayış sahəsinin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı verilmiş, bundan sonra bu əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, hazırda da əmlak onun mülkiyyətindədir. Hər bir halda, bu əmlaka görə hər hansı məbləğdə borc qalsa idi, ona maliyyə arayışı verilməzdi və əmlak hazırda onun mülkiyyətində olmazdı. Sənədin arxa hissəsində də sonradan qarajlarla bağlı qeydlər aparılmışdır ki, onlarda olan nüsxədə bu qeydlər də əks olunmamışdır. Bundan əlavə atasının vəfatından sonra vərəsəlik qaydasında atasından onlara hər hansı miras əmlak qalmamışdır. Bu da öz növbəsində ondan iddiaçının xeyrinə hər hansı məbləğdə pulun tutulmasını istisna edir.
8. Cavabdeh2 nümayəndəsi (vəkili) də iddianın əsassız olduğunu bildirmiş, eyni zamanda iddia tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
9. Digər Cavabdeh1 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, X2 ona 182 848 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və öz iddiasının əsası kimi onunla həmin şəxs arasında xx.xx.2010-cu il tarixdə sadə yazılı formada tərtib edilmiş əlyazmanı təqdim edir. Lakin həmin əlyazmadan bu şəxsin iddiaçıya borcunun olması müəyyən edilmir. Belə ki, əlyazmanın 1-ci səhifəsinin üst hissəsində (səhifə qələmlə çəkilmiş xətlə üst və alt hissəyə bölünmüşdür) iddiaçının X3 460 000 ABŞ dolları, X2 iddiaçıya 185 000 ABŞ dolları məbləğində borcunun olduğu, alt hissəsində isə müxtəlif məbləğlər, onların qarşısında müxtəlif adlar göstərilmiş, həmin məbləğlər qarşısında imzalar edilmişdir. Həmin imzaların X3 aid olmaması mübahisələndirilmir. Lakin əyazmanın 1-ci səhifəsinin alt hissəsində olan bütün məbləğlər qarşısında məhz X4 tərəfindən imza edilməsi onun iddiaçıya borc qaytarması deyil, iddiaçının ona borc ödəməsi anlamına gəlir. Həmçinin, həmin səhifənin üst hissəsində olan qeydlərlə alt hissəsində olan qeydlər tərtibat və məsələyə yanaşma baxımından ziddiyyət təşkil edir. Belə ki, əlyazmanın 1-ci səhifəsinin üst hissəsində tərəflərdən birinin digərinə olan borcu dəqiq göstərilmişdir. Lakin alt hissəsində qeyd edilən məbləğlərin tərəflərin hansının hansına və nə məqsədlə (borc verilməsi və ya qaytarılması, habelə əvəzləşdirmə qaydasında verilməsi) ödənilməsi göstərilməmiş, iddiaçının imzası ümumiyyətlə əks olunmamış, bir sıra məbləğlər silinmiş, 570 000 ABŞ dolları məbləğində pulun verildiyi göstərilsə də, bu məbləğin iddiaçı tərəfindən X3 məhz borc kimi verilməsi barədə hər hansı qeyd aparılmamış, xx.xx.2012-ci il tarixə və xx.xx.2012-ci il tarixə aid olan qeydlər qarşısında ümumiyyətlə imza edilməmişdir. 17 800 ABŞ dolları məbləğinin səhv hesablandığı göstərilsə də, bu məbləğ hər hansı məbləğdən silinməmiş və ya bu məbləğ hesabına hər hansı məbləğ artırılmamışdır. Eyni qaydada, əlyazmanın 1-ci səhifəsinin alt hissəsində verilmiş, lakin sayılmamış kimi göstərilən 30 000 ABŞ dolları məbləği də hər hansı məbləğə hesablanmamışdır. Hər bir halda, X3 460 000 ABŞ dolları məbləğində borcu olan iddiaçı bu məbləği tam şəkildə qaytardıqdan sonra həmin əlyazmada bu barədə müvafiq qeyd aparılmaqla qalan məbləğin verilmə və ya alınma məqsədi dəqiqləşdirilməli, o cümlədən X2 iddiaçıya borclu olduğu məbləğ ayrıca göstərilməli və səhifənin üst hissəsinin formasına uyğun olaraq hər iki tərəfin imzası ilə təsdiq edilməli idi. Anlaşılmaz olan digər bir məbləğ xx.xx.2010-cu il tarix qarşısında qeyd edilmiş 185 000 ABŞ dolları məbləğidir. Belə ki, həmin məbləğin qarşısında “S.Vurğun obyekt + 17 800 ABŞ dolları səhv hesablanıb” qeydi aparılmışdır. Həmin səhifənin üst hissəsində də Səməd Vurğun küçəsində olan mağazaya görə X2 iddiaçıya 185 000 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. Bu da öz növbəsində səhifənin alt hissəsində göstərilən bu məbləğin məhz səhifənin üst hissəsində göstərilən məbləğ olması qənaətinə gəlməyə əsas verir. Lakin səhifənin alt hissəsində məhz iddiaçının X3 verdiyi məbləğlər əks etdirildiyi bir halda, bu məbləğin də orada əks olunması anlaşılmaz olur. Belə ki, iddiaçı həmin səhifənin alt hissəsində əks olunmuş siyahıda onun X3 verdiyi pulların əks olunduğunu iddia edir. Bu məbləğdə borcun isə iddiaçıya yarandığı bu tarixdən əvvəl, yəni xx.xx.2010-cu il tarixdə artıq müəyyən edilmişdir və bu baxımdan həmin məbləğ iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə X3 verilə bilməzdi. Bu məbləğin səhifənin üst hissəsində göstərilən 185 000 ABŞ dolları məbləğində hər hansı aidiyyətinin olmadığı halda hansı səbəbdən 17 800 ABŞ dolları məbləğində pulun səhv hesablandığının məhz onun qarşısında yazıldığı anlaşılmaz olur və bununla da X2 iddiaçıya olan 185 000 ABŞ dolları məbləğində borcun qaytarılıb-qaytarılmaması məsələsi açıq qalır (iddiaçının bu məbləği tələb etməməsi həmin borcun iddiaçıya ödənilməsi qənaətinə gəlmək üçün əsas yaradır). Bundan əlavə, məsələn, iddiaçı əlyazmanın 1-ci səhifəsinin alt hissəsində 395 000 ABŞ dolları barədə qeydin altında yazılmış 175 000 ABŞ dolları məbləğinin X2 Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinə görə ona yaranmış borc məbləği olduğunu bildirir. Lakin Cavabdeh2 bu əmlakın hazırda onun mülkiyyətində olduğunu və bundan əvvəl ona həmin əmlaka görə hər hansı məbləğdə borcunun olmadığını təsdiq edən maliyyə arayışının verildiyini qeyd edir. Hər bir halda, bu əmlaka görə hər hansı məbləğdə borc mövcud olsa idi, cavabdehə maliyyə arayışı verilməzdi və cavabdehə qarşı buna səlahiyyəti olan (binanı inşa edən) şəxs tərəfindən borcun tutulması tələbi ilə iddia qaldırılmış olardı. Bu da öz növbəsində həqiqətən də həmin məbləğdə borcun qaldığını şübhə altına alır. Həmçinin, qeyd edilməlidir ki, əlyazmanın 1-ci səhifəsində göstərilən məbləğlərin hesablanması nəticəsində dəqiq rəqəm olaraq 182.848 ABŞ dolları məbləği yaranmır. Belə ziddiyyətli halların mövcudluğu da iddia tələbinin bu hissədə əsassız olması qənaətinə gəlmək üçün əsas yaradır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı, X1 hər hansı əmlakın miras qaldığını və ya ondan miras qalmış hər hansı əmlakın hər hansı formada cavabdehlər tərəfindən qəbul edildiyini təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Məhkəmə tərəfindən də belə bir halın mövcudluğu müəyyən edilmir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda Cavabdeh2 mülkiyyətində bir ədəd mənzilin və 1 ədəd qeyri-yaşayış sahəsinin olması göstərilsə də, bu əmlakların məhz X1 ona miras qaldığı qeyd edilməmişdir. ...Bu baxımdan cavabdehlər borclu kimi X2 hər hansı kreditorunun (əgər belə bir şəxs varsa) mənafelərini ödəməyə borclu deyillər. Bu da öz növbəsində ümumilikdə iddianın rədd edilməsini şərtləndirir.
13. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, iddianın yuxarıda göstərilən səbəblərdən əsassız hesab edilməsi artıq iddia müddətinin tətbiq edilməsini istisna edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğu və iddiasının əsaslı olduğu halda belə, onun iddiası Cavabdeh2 aid hissədə məhz iddia müddəti tətbiq edilməklə rədd edilmiş olacaqdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmada məbləğlə bağlı son qeyd xx.xx.2012-ci il tarixdə aparılmışdır, lakin bu qeyd qarşısında hər hansı imza mövcud deyil. Qarşısında imza olan son qeyd xx.xx.2011-ci il tarixə aidddir, iddia isə xx.xx.2021-ci il tarixdə qaldırılmışdır. Bu baxımdan bu qəbildən olan iddialar üçün müəyyən edilmiş nəinki 3 illik iddia müddəti, həmçinin ümumi, yəni 10 illik iddia müddətinin ötürüldüyü ehtimal edilir.
14. Məhkəmə, iddia tələbinin “13 337 manat pulun tutulması” hissəsi ilə bağlı vurğulamışdır ki, iddiaçı bu tələblə də cavabdehlərə qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində iddia tələbini bu hissədə də rədd edilməsi üçün əsas yaradır. Ümumiyyətlə, rəsmi olaraq payçı olmadığı bir halda, bu məbləğin məhz iddiaçı tərəfindən ödənilməsi anlaşılmazdır. Həmçinin, bu ödənişin aparılmasını təsdiq edən xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli qəbzlərə əsasən, ödənişlər iddiaçı tərəfindən, lakin "xxxx" MMC-nin direktoru Əliyev Fazilin adından aparılmışdır.
15. Məhkəmə, iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə də eyni mövqedən yanaşmış və bu tələbin həmçinin törəmə tələb olmasını da nəzərə alıb rədd edilməli olduğu nəticəsinə gəlmişdir.
16. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 385.1ci, 372.1-ci, 373.1-ci, 373.2-ci, 375-ci,380-ci, 739.1-ci, 740-cı, 1133.1-ci, 1151.1-ci, 1243.2-ci və 1306.1-ci maddələrinə istinad etmişdir.
17. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
18. İddiaçı və onun məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh (həm də digər cavabdehin nümayəndəsi) Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 şikayətin əsassız olduğunu bildirmişlər.
19. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin faktiki əsası kimi istinad olunan “Tikinti işlərinin başa çatmasına dair payçılar arasında hesabat”ın 2-ci səhifəsindəki imzaların Eldar Vəliyevə məxsus olub-olmadığının müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunması barədə vəsatət verilmiş, lakin Cavabdeh2 həmin imzaların atasına məxsusluğunu mübahisələndirmədiklərini bəyan etdiyindən, vəsatət müəllifi vəsatətin müzakirəsinə ehtiyac qalmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
24. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
28. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
29. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından başlayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
38. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
39. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq hesab edir ki, iddiaçı iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirə bilməmişdir.
40. Nəzərə alınmalıdır ki, iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin borc münasibətləri və əsassız varlanma ilə bağlı müddəaları (13 337 manatın ödənilməsi tələbinə münasibətdə) nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.
41. Kollegiyanın qənaətinə görə, iddiaçının istinad etdiyi əyazmanın 1-ci səhifəsinin alt hissəsində olan bütün məbləğlər qarşısında məhz X4 tərəfindən imza edilməsi, onun iddiaçıya borc qaytarması deyil, iddiaçının ona borc ödəməsi anlamına gəlir. Çünkü qeyd edilən məbləğlərin tərəflərin hansının hansına və nə məqsədlə (borc verilməsi və ya qaytarılması, habelə əvəzləşdirmə qaydasında verilməsi) ödənilməsi göstərilməmiş, iddiaçının imzası ümumiyyətlə əks olunmamış, bir sıra məbləğlər silinmiş, 570 000 ABŞ dolları məbləğində pulun verildiyi göstərilsə də, bu məbləğin iddiaçı tərəfindən X3 məhz borc kimi verilməsi barədə hər hansı qeyd aparılmamış, xx.xx.2012-ci il tarixə və xx.xx.2012-ci il tarixə aid olan qeydlər qarşısında ümumiyyətlə imza edilməmişdir.
42. Əlyazmada 17 800 ABŞ dolları məbləğinin səhv hesablandığı göstərilsə də, bu məbləğ hər hansı məbləğdən silinməmiş və ya bu məbləğ hesabına hər hansı məbləğ artırılmamışdır. Eyni qaydada, əlyazmanın 1-ci səhifəsinin alt hissəsində verilmiş, lakin sayılmamış kimi göstərilən 30 000 ABŞ dolları məbləği də hər hansı məbləğə hesablanmamışdır.
43. Ağlabatan mühakimə əsasında qəbul olunmalıdır ki, X3 460 000 ABŞ dolları məbləğində borcu olan iddiaçı bu məbləği tam şəkildə qaytardıqdan sonra həmin əlyazmada bu barədə müvafiq qeyd aparmaqla qalan məbləğin verilmə və ya alınma məqsədini dəqiq göstərməli və müvafiq qeydlər səhifənin üst hissəsinin formasına uyğun olaraq hər iki tərəfin imzası ilə təsdiq edilməli idi.
44. Birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, əlyazmada xx.xx.2010cu il tarixi qarşısında qeyd edilmiş 185 000 ABŞ dolları məbləğin qarşısında “S.Vurğun obyekt + 17 800 ABŞ dolları səhv hesablanıb” qeydinin, səhifənin üst hissəsi ilə müqayisəli təhlili o ehtimala əsas yaradır ki, səhifənin alt hissəsində göstərilən bu məbləğ, məhz səhifənin üst hissəsində göstərilən məbləğdir. Lakin səhifənin alt hissəsində məhz iddiaçının X3 verdiyi məbləğlər əks etdirildiyi halda, bu məbləğin də orada əks olunması anlaşılmaz olur.
45. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-257/2022 saylı iş üzrə 28 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov