Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5538/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(007)-1170/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «Cavabdeh» İstehsalat Birliyinin Bakı X3 Departameti tərəfindən tərtib edilmiş 31 oktyabr 2018-ci il tarixli ******* saylı aktının etibarsız sayılması və 928,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Cavabdeh» İstehsalat Birliyinin Bakı X3 Departamenti barəsində 31 oktyabr 2018-ci il tarixli ******* saylı «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında akt tərtib edilmişdir. 02 dekabr 2020-ci il tarixdə ödəniş edərkən ona məlum olmuşdur ki, 2018-ci ildə qaz sayğacı dəyişdirləndə həmin sayğacdan çıxan plasmas boruda deşik aşkar oluduğu üçün akt tərtib olunmuş və ona 928,80 manat məbləğində borc hesablanmışdır. Sayğac dəyişdirilərkən o iştirak etməmiş, departamentin işçiləri həmin sayğacın dəyişdirilməsinin yeni sayğacla əvəzlənməsi kimi bildirmişlər, sayğacda dəliyin olmasını ona göstərməmişlər. Sayğacın nə vaxt ekspertizaya göndərilməsi ona məlum olmamışdır. Bu barədə o, ancaq 2 ildən sonra bilmiş, həmin qərarla razı olmadığına görə də «Cavabdeh» İstehsalat Birliyinin Bakı X3 Departamentinə ərizə ilə müracit etmişdir. Bakı X3 Departamenti tərəfindən ona ünvanlanmış 10.12.2020-ci il tarixli SOCAR**********30560046X02076 saylı məklubda göstərmişdir ki, 31.01.2018-ci ildə ona məxsus G-4 markalı, smart iton tipli 202AQ**********0 zavod nömrəli qaz sayğacı 31.01.2018-ci ildə «qaz sayğacının çıxarılması, quraşdırılıması və istismara qəbulu haqqında» ******* saylı akt əsasında dəyişdirilərək yeni, smart tipli qaz sayğacı ilə əvəzləşdirilmiş və yoxlamaya göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarının yoxlanılması labaratoriyasının 02.03.2018-ci il MSK 29\1710-00096 saylı aktında «xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda - 100 faiz nisbi xətala işləyir, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plasmas borusı deşildiyi, sayğac F-044 rejimindən çıxarıldığı, sayğacın dövrəsi üst hissədən deformasiyaya uğradığı» qeyd olunmuşdur. Labarotoriyanın rəyinə əsasən 31.10.2018-ci il tarixli ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib olunaraq 928,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehin nümayəndələri 01.06.2018-ci il tarixdə ona (fiziki şəxs İddiaçı Şəmsoddin oğluna) məxsus olan qaz sayğacına texniki baxış keçirmiş, çıxış plasmasunda bir yerdən deşik olduğu aşkar etmişlər, akta görə ona 928,10 manat məbləğində borc yazılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.10.2018-ci il tarixli ******* saylı akt tərtib edilərkən o, iştirak etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(007)- 1170/2021 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, laborator müayinə zamanı iddiaçıya məxsus köhnə qaz sayğacına müdaxilə olunmasının müəyyən olunması, bu səbəbdən də qaz itikisinə görə 928,80 manat əlavə sərfiyyat hesablanması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan «Cavabdeh» İstehsalat Birliyinin MSK-28/1710-00096 saylı aktından görünür ki, 1202AQ**********0 nömrəli sayğac «Cavabdeh» İstehsalat Birliyinin SOCAR**********30991710X00096 saylı, 14 ferval 2018-ci il tarixli telefonoqramına əsasən 16 fevral 2018-ci il tarixində əhali sektorunda istismarda olan Bakı RQOQX Departamentindən İnformasiya Tesnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasına aparılmış Fransa istehsalı G4 və G6 markalı smart-kart tipli qaz sayğacları 02 mart 2018-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. İşdə olan «Cavabdeh» İstehsalat Birliyinin 31.10.2018-ci il tarixli ******* saylı aktından görünür ki, İddiaçı Şəmşəddin oğluna məxsus G-4 markalı, smart iton tipli 202AQ**********0 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, «Cavabdeh» İB-nin 28/1710-00096 saylı rəyinə əsasən xətalar normadan artıqdır. Hesablama sərfiyyatı minimal həddə keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu deşilmişdir. İşdə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.10.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G-4 markalı, smart iton tipli 1702AZ**********28 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, «Cavabdeh» İB-nin 28/1710-00096 saylı rəyinə əsasən xətalar normadan artıqdır. Hesablama sərfiyyatı minimal həddə keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxıs plastmas borusu deşilmişdir. Qaz işlədici avadanlıqlar - PQ-3, Kombi qeyd edilmiş və müvafiq olaraq hesablanma aparılaraq 0,8*6*180=864, 2,6*18*180=8424, cəmi 9288 kub metr sərfiyyat hesablanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı Şəmşəddin oğlu adlı abonentə 31.01.2018-ci il tarixdə Smart G-4 İTRON DİAFRAQMA markalı, 1702AZ**********28 saylı sayğac quraşdırılmışdır, abonent kodu **********00230-dur. - Abonentin saldosuna əsasən (11/2020) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 928,80 manat pul abonentdən tələb olunur. İşdə olan Bakı X3 Departamentinin 10 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı smart itron tipli 1202AQ**********0 zavod nömrəli qaz sayğacı 31.01.2018-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni G-4 markalı smart itron tipli 1702AZ**********28 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. SOCAR İTRİ-nin Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasının 02.03.2018-ci il tarixli MSK 29/1710-00096 saylı aktında «xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda - 100 faiz nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plastmas borusu deşildiyi, sayğac F-044 rejimindən çıxarılıdığı, sayğacın gövdəsi üst hissədən deformasiyaya uğradığı» qeyd olunmuşdur. Laboratoriyanın rəyinə əsasən 31.10 2018-ci il tarixli ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib olunaraq 928,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bildirirlər ki, borc noyabr 2020-ci il tarixdə İddiaçı yüklədiyi məbləğdən hissə-hissə tutulmaq şərti ilə smart kartına yönləndirilmış və 07.12.2020-ci il tarixdə istehlakçı hesabında 913,80 manat borc mövcuddur və tərəfindən ödənilməlidir. Beləliklə işdə olan sənədlərə əsasən - iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş, bundan sonra köhnə sayğaca müdaxilə (sayğacın çıxış plastmas borusunda dəlik) edilməsi əsası ilə iddiaçıya əlavə sərfiyyat (dəymiş ziyan) hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlmişsə, bu yalnız sayğac quraşdırılan və möhürlənən zaman mümkün imiş. Sayğac isə vətəndaş deyil, «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırıldığından vətəndaşın bu hala görə məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qaz sərfiyatına görə yeni sayğac quraşdırılmamışdan əvvəl və quraşdırıldıqdan sonra eyni məbləğlərdə ödənişlər edilmiş, yəni edilmiş ödənişlərdə hər hansı bir dəyişiklik və ya kəskin fərqlər yaranmamışdır. Eyni zamanda köhnə sayğacın daxili mexanizmi işlək vəziyyətdə olmuş, elektron göstərici isə işləməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, «Cavabdeh» İB tərəfindən hesablanan 928,80 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə kollegiyası iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Belə olan halda isə evdən kənarda quraşdırılmış sayğacın mühafizəsi bilavasitə qaz paylayıcısının üzərinə düşür. Cavabdeh isə sayğaca iddiaçı tərəfindən müdaxilə olunması və bunun nəticəsində sayğacın çıxış plasmas borusunun deşilməsini sübut edə bilməmişdir. Həmçinin lobarator baxış zamanı həmin qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır (həmçinin, 31.10.2018-ci il tarixli akt tərtib olunan zamanı da iddiaçının iştirakı təmin olunmamışdır). Qeyd edilməlidir ki, qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(007)-1170/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(007)- 1170/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5538/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5538/2021
29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver