Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5538/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə cavabdeh İddiaçı məxsus Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 14 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması ilə bağlı sifarişi əsasında hərrac təşkilatı olan Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-4097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Ayaz Məmmədov) ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
7. Belə ki, mülki iş üzrə iddia ərizəsini geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsinə verdiyi ərizədə Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protokolunun etibarsız hesab edilməsi ilə əlaqədar tələb irəli sürsə də, digər cavabdeh "xxxx" QSC-yə qarşı hər hansı bir tələb irəli sürməmişdir.
8. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. MPM-in 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki işdə iddiaçının onun hüququnu pozan kimi istinad etdiyi şəxs “cavabdeh” adlanır.
9. Prosesin olması üçün maraqları zidd olan iki tərəf - iddiaçı və cavabdeh olmalıdır.
10. İddia ərizəsi verilərkən məhkəmə ondan çıxış edir ki, iddiaçı ilə cavabdeh arasında (mülki, əmək, ailə və s.) maddi hüquqi münasibət mövcuddur və bu münasibətlər onların cavabdeh tərəfindən pozulduğuna iddiaçı inandığı üçün mübahisəli hal alıb.
11. Tərəflər arasında maddi hüquqi münasibətin olub-olmamasını, cavabdehin həqiqətən onu pozmasını məhkəmə araşdırma zamanı öyrənməli olur.
12. İddiaçı iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət edən zaman cavabdeh onu ya rədd etməlidir və ya etiraf etməlidir. Bu isə tərəflərin işdə maddi-hüquqi maraqlı olmasından irəli gəlir. Bu maraq tərəfləri prosesin digər iştirakçılarından fərqləndirən ən təməl xüsusiyyətdir.
13. Beləliklə, mülki prosesdə tərəflərin əsas (təməl) xüsusiyyətləri aşağıdakılardır: 1) işin həllində mülki marağın olması; 2) özünün xeyrinə qərar çıxması üçün prosessual marağın olması; Hazırkı işdə Cavabdeh1 QSC iddiaçının mübahisələndirdiyi hərrac protokolunun qalibi olmaqla, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi protokolun qalibi kimi hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokolu imzalamışdır. Hazırkı iddia tələbi “hərracın nəticələrinin etibarsız hesab edilməsi” olduğundan, məlum olur ki, iddia təlbi həm də Cavabdeh1 QSC-yə qarşı yönəlmişdir, bu səbəbdən məhkəmə Cavabdeh1 QSC-yə cavabdeh kimi tələb irəli sürülməməsi əsası ilə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır.
14. Yuxarıda qeyd edilənlərə əsasən, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
17. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
18. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov