Məhkəmə qərarları › İş №2(103)-5542/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5542/2025

22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5542/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-4441/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixdə "Ellada Palace” şadlıq sarayında iddiaçının qızı X1 toy mərasimi keçirilmiş, bunun qarşılığında iddiaçı tərəfindən şadlıq sarayına 9000 manat ödənilmişdir. Toy mərasimi nəzərdə tutulan qaydada təşkil edilsə də, cavabdeh tapşırıq müqaviləsinə əsasən iddiaçıya verməyi öhdəsinə götürdüyü toy məclisini əks etdirən videoçəkiliş üzrə görüntüləri iddiaçıya təqdim etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞnin xx.xx.2025-ci il tarixli 49-1/2-12-4190 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə şöbənin rəhbərliyinə ünvanlanlanan müraciətdə xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsində yerləşən “Ellada Palace” adlı şadlıq sarayında toy edildiyi, lakin toya məxsus videogörüntülərin müxtəlif bəhanələr gətirilərək təqdim edilmədiyi qeyd edilmişdir. Aparılan araşdırma zamanı müraciətə göstərilən xüsusatların mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də, mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixdə “Ellada Palace” restoranında keçirilmiş qızı X1 toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının disk formatında alınıb ona verilməsi, həmçinin toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının verilmədiyi üçün toy məclisinin keçirilməsinə görə ödənilmiş 9000 manat pulun dəymiş maddi ziyan qismində alınıb ona verilməsi, eyni zamanda, toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının verilməməsi nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztiraba görə dəymiş mənəvi zərər qismində 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 147 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə "Ellada Palace” restoranında qızının toy məclisi keçirilmiş, lakin cavabdeh tərəfindən toy məclisində çəkilmiş fotoşəkillərə aid disk verilsə də, toy məclisini əks etdirən videoçəkiliş üzrə görüntülər bu günədək verilməmişdir. Belə ki, toy məclisindən bir neçə gün sonra videoçəkiliş üzrə görüntüləri almaq üçün toy məclisinin keçirildiyi “Ellada Palace” restoranına getsələr də, lakin həmin görüntülər (disk şəklində) onlara verilməmişdir. Səbəbini soruşduqda gah oğlan evinə verdiklərini, gah da bəyin özünə verdiklərini demişlər. Halbuki restoranda toy sahibi kimi ərinin və oğlunun mobil nömrəsi qeyd edilmişdir. Bu səbəbdən də, həmin diskin digər şəxslərə verilməsi məntiqə uyğun deyildir. Onları bu cür bir neçə dəfə get-gələ saldıqdan sonra və nəticədə müxtəlif bəhanələr uydurmaqla toy məclisinə dair videoçəkiliş üzrə görüntüləri verməkdən yayınmışlar. Daha sonra bu vəziyyətdən restoran rəhbərliyinin məlumatı olmuş və o da onlara əminliklə bu məsələni həll edəcəyini, o cümlədən həmin toy məclisinə dair aparılmış videoçəkiliş üzrə görüntüləri verəcəyini bildirmişdir. Onlarla razılaşaraq, gözləməli olmuşlar. Lakin bu dəfə də xeyli müddət keçmiş və nəticədə yenə də onlara həmin görüntüləri verən olmamışdır. Səbəbini soruşduqda həmin görüntülərin yenidən Türkiyədə yazılmalı olduğunu, buna görə də əlavə xərclərin yaranacağını bildirmişlər. Onlar buna da razı olmuş və həmin xərci çəkəcəklərini bildirmişlər. Lakin yenə də bütün bunlar sözdə ifadə olunmuş, əməldə isə heç nə ortaya qoyulmamışdır. Uzun müddətdən sonra isə onlara “hara istəyirsiniz, gedin şikayət edin” deyərək, toy məclisinə dair diski verməkdən imtina etmişlər. Buna görə də, xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edərək, məlum məsələnin araşdırılması və müvafiq hüquqi tədbirlərin görülməsini xahiş etmişdir. Müraciətinin araşdırılması istiqamətində görülmüş tədbirlər nəticəsində, toy məclisini videoçəkiliş edən operatorun və restoranın digər məsul şəxsindən izahat alınmış, daha sonra ona xx.xx.2025-ci il tarixli məktub verilmişdir. Həmin məktubla aparılmış araşdırmanın nəticəsi olaraq şikayət ərizəsində qeyd olunan xüsusatların mülki hüquqi xarakterli mübahisə olduğu əsas gətirilərək ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edir ki, onlar qızlarına toy məclisi quraraq, onun xoşbəxt gününə şahid olmaq üçün bütün qohum, yaxın, dost, tanışları dəvət edərək gözəl məclis keçirmişlər. Buna baxmayaraq, 1 ildən artıqdır ki, onlar həmin toy məclisinə aid videogörüntüləri əks etdirən diski "Ellada Palace” restoranından əldə edə bilmirlər. Bu günə qədər bu məsələ ilə bağlı kifayət qədər mənəvi sarsıntı və iztirablar keçirmişlər. Ailəlikcə böyük mənəvi əzaba düçar olmuşlar. Toy məclisinin keçirilməsi üçün "Ellada Palace" restoranına 9000 manat pul ödəmişlər. Qeyd etdiyi, kimi el adətinə uyğun olaraq toy məclisi təşkil etmişlər, qonaqları dəvət etmişlər, toy məclisində şənlənib qızılarının sevincli gününü birlikdə qeyd etmişlər. Lakin "Ellada Palace" restoranının bu cür hərəkəti onların sevincini yarımçıq qoymuşdur. Toy məclisi videoçəkilişlə aparılsa da, nəticədə həmin çəkilişə dair disk onlara verilməmişdir. Bunun nəticəsində həm maddi ziyana, həm də mənəvi zərərə uğramışlar. Belə ki, maddi ziyana ona görə uğramışlar ki, toy məclisi təşkil edib nəticədə restorana 9000 manat pul ödəmişlər, lakin toy məclisinin videoçəkilişini əks etdirən disk restoran tərəfindən onlara verilməmişdir. Mənəvi zərərə isə ona görə uğramışlar ki, toy məclisinin keçirildiyi gündən bir neçə gün sonra onlar stress-həyəcan yaşamağa başlamışlar və nəticədə mənəvi sarsıntı və iztirablar keçirmişlər. Hətta əri gecə-gündüz, baş verənləri fikirləşərək ürək ağrısına düçar olmuş, hər gün dərman qəbul edir. Bu hadisə insana çox pis təsir edir. Uzun illər övlad böyüdüb, onun xoş gününü görmək və yaddaşlarda qalması üçün videoçəkilişlə toy məclisi qurasan, lakin bunun sevincini yaşaya bilməyəsən. Çox pis vəziyyətlə qarşı-qarşıya qalmışlar. Bir valideyn kimi bu vəziyyət onlara çox pis təsir edir. Buna görə də hesab edir ki, toy məclisində aparılmış videoçəkiliş üzrə görüntülər (disk formatında) ona təhvil verilməlidir, əks halda, cavabdeh vurduğu həm maddi ziyanı, həm də mənəvi zərəri tam ödəməlidir. İddiaçı qeyd edilənlərə əsasən, iddia təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, tələb tamamilə əsassızdır. İlk növbədə məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının özünün də etiraf etdiyi kimi o, Cavabdeh MMC-yə müraciət edərək övladı üçün toy məclisinin təşkil edilməsini xahiş etmişdir. Bununla bağlı, o, şirkətə 9000 manat ödədiyini və ödədiyi pulun müqabilində də toy məclisinin baş tutduğunu etiraf etmişdir. Beləliklə, iddiaçının iddia ərizəsində göstərdiyi və məhkəmə iclası zamanı verdiyi izahatından bəlli olur ki, tərəflər arasında şifahi formada bağlanmış xidmət müqaviləsi üzrə toyun təşkili baş tutmuşdur, bu səbəbdən də toya görə ödənildiyi bildirilən 9.000 manat pulun qaytarılması üçün əsas yoxdur. Fərz edilsə ki, hətta toyun diski iddiaçıya verilməsə belə, bu hal müqavilədən imtina edilib, ona görə ödənilmiş pulun qaytarılması üçün əsas ola bilməzdi. İddia tələbinin diskin verilməsi hissəsinə gəldikdə isə, cavabdeh tərəf olaraq bildirir ki, disk iddiaçı tərəfə verildiyi üçün hazırda cavabdehdə yoxdur. Məhkəmənin bu hissədə iddianı təmin etməsi gələcəkdə qətnamənin icrasını qeyri-mümkün edəcəkdir. Vurulmuş mənəvi zərərə görə kompensasiyanın ödənilməsinə dair tələbə gəldikdə isə, hesab edir ki, iddiaçının mülki münasibətlərdən irəli gələn öhdəliklərlə bağlı tələbi deliktə bağlamasına heç bir əsas yoxdur. Belə ki, toy görüntüləri olan diskə baxılmaması iztirabverici mənəvi əziyyətə səbəb ola bilməz. Xidmət müqaviləsi üzrə cüzi pozuntunun ağır mənəvi zərər səbəb kimi göstərilməsi əsassızdır. Digər tərəfdən, iddiaçı mənəvi sarsıntıya məruz qalması və bununla bağlı müalicə aldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-4441/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçının qızı X1 xx.xx.2024-cü il tarixdə “Ellada Palace” şadlıq sarayında keçirilmiş toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının disk formatında Cavabdeh MMC-dən alınaraq, İddiaçı verilməsi, həmin videoçəkilişi əks etdirən yazının disk formatında verilməsi mümkün olmayacağı təqdirdə, iddiaçının keçirdiyi mənəvi sarsıntılara görə, 3000 (üç min) manat məbləğində mənəvi zərərin Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun 50 manat hissəsinin cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulması, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdə "Ellada Palace” şadlıq sarayında iddiaçının qızı X1 toy mərasimi keçirilmiş, bunun qarşılığında iddiaçı tərəfindən şadlıq sarayına 9.000 manat pul ödənilmişdir. Toy mərasimi nəzərdə tutulan qaydada təşkil edilsə də, toy məclisini əks etdirən videoçəkiliş üzrə görüntülər iddiaçı tərəfə təqdim edilməmişdir. Cavabdeh tərəf toyun görüntüləri olan diskin təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hazırda İddiaçı "Ellada Palace” şadlıq sarayına qarşı iddia irəli sürərək, toy məclisini əks etdirən videoçəkiliş üzrə görüntülərin təqdim edilməməsi səbəbindən, toy məclisinin keçirilməsinə görə ödənilmiş 9.000 manat pulun dəymiş maddi ziyan qismində və 10.000 manat pulun keçirdiyi mənəvi sarsıntı və iztiraba görə dəymiş mənəvi zərər qismində cavabdehdən tutularaq, ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ödədiyi 9.000 manatın maddi ziyan qismində geri qaytarılmasını tələb etməkdə haqlı deyil. Belə ki, toy mərasiminin nəzərdə tutulan qaydada təşkili və baş tutması işin mübahisəsiz halıdır. Toyun təşkilinə yalnız toy məclisini əks etdirən videoçəkilişin aparılması daxil deyil. Videoçəkiliş onun bir hissəsidir. Fotoqrafın, musiqiçilərin, ofisiantların, aşpazların, təmizlikçilərin və toyun ərsəyə gəlməsində əziyyəti keçən digər şəxslərin zəhmət haqqı, həmçinin yeməklərin, içkilərin alınmasına sərf olunmuş vəsait, stol və stullardan istifadəyə görə, avadanlıqların işləməsinə görə elektrik enerjisinin, yeməklərin hazırlanmasına görə təbii qazın, suyun ödənişləri və digər məsələlərə görə ödənişlər həmin məbləğə daxildir. Bununla belə, məhkəmə qəbul edir ki, toy məclisini əks etdirən videogörüntülərin təqdim edilməməsi səbəbindən iddiaçıya zərər vurulmuşdur. Lakin həmin görüntülərin dəyəri maddi deyil, mənəvi aspektdən ölçülməlidir. Tərəflər arasında şifahi formada xidmət müqaviləsi bağlanıldığından, məhkəmə mənəvi zərərə delikt prizmasından deyil, Mülki Məcəllənin 779.1-ci maddəsindən yanaşmağı məqsədəuyğun sayır. Həmin maddəyə əsasən, vəkalət alan (cavabdeh olan şadlıq sarayı) tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə (iddiaçı olan fiziki şəxsə) dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi, həmin maddədə zərər ümumi formada ifadə olunmuş, zərərin mahiyyətinə yalnız maddi olaraq yanaşılmamışdır. Ona görə də, məhkəmə belə hesab edir ki, həmin maddədə bəhs edilən zərər anlayışı həm də mənəvi zərəri əhatə edir. Bu səbəbdən də, iddiaçı mənəvi zərəri tələb etməkdə haqlı olmuşdur. Lakin iddiaçının tələb etdiyi mənəvi zərərin məbləği toyun keçirilməsinə görə ödənilmiş məbləğdən yüksəkdir ki, məhkəmə həmin məbləği ağlabatan hesab etmir. Məhkəmə, qızının toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən videogörüntülərin təqdim edilməsinin iddiaçıda və ailə üzvlərində yaratdığı və təqdim edilməyəcəyi təqdirdə, bundan sonra da yaradacağı mənəvi sarsıntını, yəni davam edən sarsıntını, həmçinin kommersiya hüquqi şəxsi olan cavabdehin maddi vəziyyətini də nərəzə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərə görə, Cavabdehndən 3000 manat məbləğində pulun tutulmasını ədalətli, ağlabatan, işin hallarına və cavabdehin maddi vəziyyətinə uyğun hesab edir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilərək, iddiaçının qızı X1 xx.xx.2024-cü il tarixdə “Ellada Palace” şadlıq sarayında keçirilmiş toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazı disk formatında Cavabdeh MMC-dən alınaraq, İddiaçı verilməli, həmin videoçəkilişi əks etdirən yazının disk formatında verilməsi mümkün olmayacağı təqdirdə, iddiaçının keçirdiyi mənəvi sarsıntılara görə, 3000 (üç min) manat məbləğində mənəvi zərər Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməli, əsassız olduğundan qalan hissələrdə rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1, 780.1, 780.1.1, 780.1.2, 780.1.3, 780.2, 780.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-4441/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixdə “Ellada Palace” restoranında keçirilmiş qızı X1 toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının disk formatında alınıb verilməsi, həmçinin toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının verilmədiyi üçün toy məclisinin keçirilməsinə görə ödənilmiş 9.000 manat pulun dəymiş maddi ziyan qismində alınıb verilməsi, eyni zamanda, toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının verilməməsi nəticəsində, keçirdiyi mənəvi sarsıntı və iztiraba görə dəymiş mənəvi zərər qismində 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 147 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-4441/2025 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Hesab edilir ki, sözügedən qətnamə tamamilə əsassız olduğu üçün ləğv edilməlidir və bununla bağlı aşağıdakı xüsusatları diqqətə çatdırır: İşə baxan birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini qismən təmin etmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə, qızının toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən videogörüntülərin təqdim edilməməsinin iddiaçıda və ailə üzvlərində yaratdığı və təqdim edilməyəcəyi təqdirdə, bundan sonra da yaradacağı mənəvi sarsıntını, yəni davam edən sarsıntını, həmçinin kommersiya hüquqi şəxsi olan cavabdehin maddi vəziyyətini də nərəzə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərə görə, Cavabdeh Məhdud Məsuliyyətl Cəmiyyətindən 3.000 manat məbləğində pulun tutulmasını ədalətli, ağlabatan, işin hallarına və cavabdehin maddi vəziyyətinə uyğun hesab edir. Qeyd edilən mülahizələrlə bağlı bildirmək istəyir ki, iddia tələbində qeyd edilən toy diski iddiaçı tərəfə verildiyi üçün hazırda cavabdehdə yoxdur. Məhkəmənin bu hissəsdə iddianı təmin etməsi qətnamənin icrasını qeyri-mümkün edəcəkdir. Çünki, artıq həmin disk cavabdeh tərəfindən iddiaçıya verildiyi üçün cavabdeh həmin diski yenidən iddiaçıya verə bilmir. Digər tərəfdən də əgər həmin disk cavabdehdə olsa idi, cavabdeh həmin diski yenidən iddiaçıya təqdim edərdi, çünki həmin disk heç bir iqtisadi dəyərə malik bir əşya olmadığı üçün cavabdehin həmin disklə bağlı heç bir maddi marağı yoxdur. Digər tərəfdən də, cavabdeh həmin diski iddiaçıya verməsə idi də belə, diskin verilməməsi iddiaçıya heç bir mənəvi zərər vura bilməz. Çünki həmin toy mərasimi uğurla baş tutmuş, cavabdeh toy mərasiminin uğurla baş tutması üçün yüksək səviyyədə xidmət göstərmişdir. Həmçinin iş üzrə qəbul edilən qətnamənin 1-ci səhifəsində də qeyd edilmişdir ki, iddiaçı məhkəməyə verdiyi ifadəsində cavabdeh tərəfindən toy məclisində çəkilmiş fotoşəkillərə aid diskin ona verildiyini, toy məclisini əks etdirən videoçəkiliş üzrə görüntülərin bu günədək verilmədiyini bildirib. Göründüyü kimi cavabdehin iddiaçı ilə heç bir qərəzi olmayıb. Əgər elə bir hal olmuş olsa idi, cavabdeh toy məclisində çəkilmiş fotoşəkillərə aid diski də iddiaçıya verməzdi. Belə olan halda bu qənaətə gəlmək olar ki, cavabdeh toyun video görüntüsünün əks olunduğu diski də iddiaçıya vermiş, iddiaçı isə həmin diski ya itirmiş, ya da əsassız varlanmaq məqsədilə belə bir iddia qaldırmışdır. Toyun video görüntüsünün əks olunduğu diskin cavabdeh tərəfindən, həqiqətən də, iddiaçıya verilmədiyini düzgün hesab etsə idi belə, bu hal iddiaçıya mənəvi zərər vurulmasına səbəb ola bilməzdi. Çünki cavabdeh iddiaçının məhkəməyə verdiyi ifadəsində də qeyd etdiyi kimi toy məclisində çəkilmiş fotoşəkillərə aid diski əldə etmişdir. Yəni, ən azından həmin toy mərasiminin baş tutmasını sübut edən, iddiaçının ailəsinin sevincli gününü əks etdirən xatirə şəkillər idiaçıya təqdim edilib. Belə olan halda iddiaçının hansısa mənəvi iztirab keçirməsi, hansısa məhrumiyyətlərlə üzləşməsindən söz gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarında qeyd etdiyi əsas hüquqi mövqe bundan ibarətdir ki, mənəvi zərər fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Plenum qərarında mənəvi zərər kateqoriyasının şərti olaraq müəyyən edilən ifadə formasından da göründüyü kimi mənəvi zərər ixtiyari bir öhdəliyin icra edilməməsinə görə yox, sağlamlığa, şərəf və ləyaqət kimi dəyərlərə, əmək qabiliyyətinə zərər vurulması kimi yüksək təhlükəli qeyri-hüquqi əməllərin törədilməsinin nəticəsi kimi meydana çıxır. Bu yanaşmanı əsas götürərək adi bir toy diskinin verilməməsinin (hələ verilmədiyi də təsdiqini tapmayıb) insanda yaratdığı mənəvi iztirab nə dərəcədə ağır olmalı idi ki, məhkəmə buna görə 3000 manat kompensasiya təyin etsin. İşə baxan məhkəmə kompensasiya müəyyən edən zaman Avropa Məhkəməsinin ədalətli kompensasiya məbləğinin təyin edilməsinə dair tələblərini əsas götürməmiş və ən əsası bu məbləğin hansı mexanizmlə hesablandığını, nəyə görə 1000 manat yox, 3000 manat hesablandığını heç cürə əsaslandırmamışdır. İşin hallarından da göründüyü kimi məhkəmə xx.xx.2024-cü il tarixdə “Ellada Palace” şadlıq sarayında keçirilmiş toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının disk formatında Cavabdeh MMC-dən alınaraq, İddiaçı verilməsini qət etmişdir. Lakin, işə baxan məhkəmə həmin diskin, həqiqətən də, cavabdeh tərəfindən iddiaçıya verilib-verilməməsi faktını müəyyən etməmiş, iddiaçının mülahizələrinə əsasən video diskin iddiaçıya verilmədiyi qənaətinə gəlmişdir. Bununla da işə baxan məhkəmə prosessual hüquq normasının tələbini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, iddia ərizəsinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. Maddə 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Maddə 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdə "Ellada Palace” şadlıq sarayında iddiaçının qızı X1 toy şənliyi keçirilmiş, bunun qarşılığında tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən olunan məbləğ, yəni 9.000 manat iddiaçı tərəfindən şadlıq sarayına ödənilmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, toy şənliyi nəzərdə tutulan qaydada təşkil edilsə də, müqavilə üzrə toy şənliyini əks etdirən videoçəkiliş üzrə görüntüləri iddiaçıya təqdim etmək öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında və apellyasiya şikayətinin dəlillərində toyun görüntüləri olan diskin iddiaçıya təqdim edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində, cavabdeh isə etirazında istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığından, hazırkı mülki iş üzrə cavabdeh etirazında istinad etdiyi halı, yəni müqavilə üzrə toy şənliyini əks etdirən videoçəkiliş üzrə görüntüləri iddiaçıya təqdim etmək öhdəliyini icra etməsini sübuta yetirə bilməmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edib birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya birinci instansiya məhkəməsinin videoçəkilişi əks etdirən yazının disk formatında iddiaçıya verilməsi mümkün olmayacağı təqdirdə, iddiaçının keçirdiyi mənəvi sarsıntılara görə, 3000 (üç min) manat məbləğində mənəvi zərərin Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsinə dair gəldiyi nəticə ilə də razılaşaraq qeyd edir ki, övladının toy şənliyinin keçirildiyi günün xatirələrini qoruyub saxlamaq üçün şadlıq sarayının göstərdiyi xidmətdən istifadə edən, göstərilən xidmətin dəyərini ödəyən, toy şənliyini əks etdirən videoçəkiliş üzrə görüntülərin ona təqdim olunmaması səbəbindən dəfələrlə cavabdehə müraciət edən, hüquqlarının pozulmasını görüb, əvvəl hüquq mühafizə orqanına, daha sonra məhkəməyə müraciət edən iddiaçının əsəb, məyusluq, stress, inamsızlıq hissləri keçirməsi istisna olunmur. Kollegiya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, övladının toy şənliyinin videoçəkilişini əldə edə bilməyən iddiaçının əsəb, narahatlıq, məyusluq hissləri keçirməsi istisna edilmədiyindən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkətini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi ziyanın məbləğini 3.000 manat müəyyən etməklə iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-4441/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar