Məhkəmə qərarları › İş №2(103)-5545/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5545/2024

16.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5545/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 27 iyun 2024-cü il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh Birliyə qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətini qəbul etmiş Rayon Məhkəməsi şikayətə baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” isə görünür ki, həmin qətnamə iddiaçının özünə poçt xidməti vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı tərəfindən vəkil Nümayəndə 1 il müddətinə verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən (bax: iş v. 30 və 103) görünür ki, o, digər səlahiyyətlər ilə yanaşı məhkəmə aktından şikayət vermək səlahiyyətini də vəkilə etibar etmişdir. Həmin etibarnamə ləğv edilməyib; qüvvədədir. Belə olan təqdirdə hesab edilməlidir ki, qətnamədə iddiaçıya ilkin olaraq xx.xx.2024cü il tarixdə, təkrarən isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə bildirir ki, qətnamənin təkrarən verilməsi, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddəti bərpa etməmişdir, çünki bu kimi qayda MPM-də nəzərdə tutulmamışdır. Buna görə də qəbul edilməlidir ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı iddiaçıya münasibətdə qətnamənin vəkilə (nümayəndəyə) verildiyi tarixdə başlamış və 1 aydan sonra bitmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı ilk dəfə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə, təkrarən isə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. Göründüyü kimi, hər iki apellyasiya şikayəti prosessual müddət bitdikdən sonra, yəni müddətin ötürülməsi ilə verilmişdir. İş materiallarından görünür ki, apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş iddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” Rayon Məhkəməsinə ərizə verməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayətə baxmış və daha sonra şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 27 iyun 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi apellyasiya şikayəti mülki iş ilə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar