Məhkəmə qərarları › İş №2(103)-5546/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5546/2022

27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5546/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İsrafil qızının, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin tutulması, dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(006)-631/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı “sığorta ödənişinin tutulması, dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona məxsus "Mercedes-Benz GL 500” markalı, **-KG-*** dovlət qeyydiyat nişanlı avtomobilə dəymiş maddi zərər kimi 14580 manat, mənəvi ziyan kimi 5000 manat, vəkil xərci olaraq 100 manat, dövlət rüsumunun əvəzi kimi 150 manat, qəbul ediləcək məhkəmə qətnaməsi tam icra olunan vaxtadək, 19 avqust 2021-ci il tarixdən etibarən ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə pulu məbləği və avtomobilimin istifadəsiz vəziyyətdə qalması nəticəsində yararsız hala düşən ehtiyyat hissələrinin dəyəri müəyyən edilməklə cavabdeh "Paşa Sığorta” ASCdən tutularaq onun xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Mercedes-Benz GL 500” markalı, **-KG-*** dovlət qeyydiyat nişanlı avtomobil "Paşa Sığorta” ASC tərəfindən kasko sığorta növündə 2018-ci il tarixdən hər il sığortalanır. Sonuncu dəfə 23 iyun 2021-ci ildə sığortalanmışdır. Hər il "Paşa Sığorta” ASC-yə 2000 manatdan çox sığorta haqqı ödənilir. 19 avqust 2021-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Bilgəh qəsəbəsində Yaşıl Abadlıq adlı restoranın qarşısında sığorta hadisəsi baş vermişdir. Belə ki, həmin istiqamətdə hərəkət edərkən, qəfildən yolun hərəkət hissəsinə it qaçdığından, o manevr qaydalarına uyğun olaraq, mümkün manevr hərəkətlərini edərək, avtomobil ilə itin vurulmasının qarşısını almışdır. Lakin, bu zaman avtomobilin sol hissəsi açıq və batmış vəziyyətdə olan lyuka düşdüyündən avtomobilin qabaq sol amartizatoru və s. yararsız hala düşmüşdur. Hadisə nəticəsində avtomobilin əldə etdiyi digər texniki nasazlıqlar isə gözlə müşahidə olunmurdu belə ki, hava qaranlıq idi. Hadisə baş verdiyi yerdən bağ evinə yaxın məsafə olduğundan və hadisənin 01:30 radələrində baş verməsinə görə, o bağ evinə getmiş və səhər saat 09:30-dan etibarən "Paşa Sığorta” ASC-yə zəng etməyə başlamışdır. 11:30 radələrində onun zənginə cavab verilmiş və o, hadisə barədə ASC-yə məlumat vermişdir. Bundan sonra"xxxx" ASC-nin əməkdaşı hadisə yerinə, gəlmiş öz qeydlərini aparmış və hadisə yerinin foto şəkillərini çəkmişdir. 24 avqust 2021-ci il tarixdə, "xxxx" ASC-nin SMS göstərişi ilə avtomobili 26 avqust 2021-ci il tarixdə “Toyota Servis”ə evakuator ilə gətirib Faiq adlı şəxsə təhvil vermişdir. "xxxx" ASC tərəfindən sığorta hadisəsi baş verməsi qəbul edilərək və bu hal müvafiq qaydada qeydiyyatdan kecirildikdən sonra, onun tərəfindən "xxxx" ASC-nin tələbi ilə 100 manat franşiza məbləği ödənilmiş (odənişi təsdiq edən sənəd əlavə olunur) və bundan sonra "xxxx" ASC avtomobilin təmirinə razılıq verilmişdir. Servis tərəfindən avtomobilin təmirinə başlanılarkən ona bildirilmişdir ki, "xxxx" ASC-yə məlumat verilmişdir ki, avtomobilin qabaq alt hissəsinə ziyan dəyib və qabaq alt hissəsində 8-9 ədəd ehtiyat hissəsi yenisi ilə əvəz olunmalıdır. 02 sentyabr 2021-ci il tarixdə avtomobilini təhvil alan zaman, aşkar etmişdir ki, onun avtomobilinə istifadə olunmuş ehtiyyat hissələri belə deyil, istifadəyə yararsız və mənşəyi bilinməyən ehtiyyat hissələri quraşdırılmışdır. Belə ki, həmin ehtiyyat hissələri avtomobil ölüxanasından istifadəyə yararsız avtomobillərin üzərindən çıxarılmış ehtiyyat hissələri olmuşdur. Həmin ehtiyyat hissələrinin alınması barədə qəbzlər və mənşəyini təsdiq edən sənədlər ona təqdim edilməmişdir. Buna görə də, avtomobilini bu vəziyyətdə təhvil almaqdan imtina etmişdir. O, "xxxx" ASC-yə zəng edərək, bu barədə öz etirazlarını bildirmişdir. "xxxx" ASC tərəfindən ona bildirildi ki, 03 sentyabr 2021-ci il tarixdə şirkətin eksperti gəlib, ehtiyyat hissələrinə baxış keçirəcək və nasazlıq aşkarlandığı halda yenisi ilə əvəz olunacaq. Bununla bağlı 03 sentyabr 2021-ci il tarixdə səhər saat 10:00 radələrində Servisə gələrkən müəyyən oldu ki, avtomoblə "xxxx" ASC-nin gostərişi ilə quraşdırılan istifadə edilmiş (“Avtomobil ölüxanası”-da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələri) amortizatorlar avtomobil dayanan yerdə xarab olmuş və avtomobil təmirdən əvvəlki kimi qabaq hissəsi yatmış vəziyyətdə dayanıb. İki saat ərzində "xxxx" ASC ilə mobil telefon ilə 7 dəfə əlaqə saxlamışdır ki, ekspertizanın aparılması saat neçəyə təyin edilib. Bundan sonra, Servis tərəfindən ona bildirildi ki, "xxxx" ASC tərəfindən saat 13:00 radələrində Servisin müdiriyyətinə göstəriş verilmişdir ki, sığortadan imtina edilib. Buna görə də, Servis avtomobilinin üzərinə quraşdırılan ehtiyyat hissələrini (“Avtomobil ölüxanası”-da istifadəyə yararsız avtomobillərin üzərində olan ehtiyyat hissələri) çıxararaq, avtomobilinə əvvəlki, öz üzərində olan ehtiyyat hissələrini quraşdırdı. Həmin ehtiyyat hissələrinin avtomobilindən çıxarılması və əvvəlki ehtiyyat hissələrinin quraşdırılması Servisə əvvəlcədən bildirilməklə, tərəfindən aparılan video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Müraciətlərinə cavab verilmədiyindən "xxxx" ASC-yə 04 oktyabr 2021-ci il tarixdə pretenziya məktubu təqdim etmiş və bildirişin icra edilməsinə 5 gün müddət müəyyən edilmişdir. Sonda "xxxx" ASC tərəfindən ona məktub göndərilmiş və baş vermiş sığorta hadisəsi barədə “Müvafiq dövlət orqanına sorğu verilməsi” bildirilmişdir. Halbuki, hansı orqana müraciət edilməsi və nə səbəbə müraciət edilməsi bildirilməmişdir. O dəfələrlə "xxxx" ASC-yə sığorta hadisəsi zamanı yolnəqliyyat hadisəsi olmadığından Polis orqanlarına müraciət etmədiyini bildirmişdi. Belə ki, kasko sığorta qaydasında sığorta hadisəsi barədə yol-nəqliyyat hadisəsi olmadıqda Polis orqanlarına müraciət edilməsi qanunvericilikdə "Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nda nəzərdə tutulmamışdır. Bundan əlavə avtomobilinə dəymiş ziyanın müəyyən edilməsi üçün o "Əmlak Ekspert Mərkəzi” MMC-yə müraciət etmişdir. MMC-nin ƏEM/S 15-866/21 saylı 06 sentyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, mülkiyyətində olan avtomobilə 14580 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. 10 sentyabr 2021-ci il tarixdə avtomobilini Servis mərkəzindən evakuatorla götürərək, bağ evinə gətirmişdir. Həmin vaxtdan etibarən avtomobil istifadəsiz vəziyyətdə qalmaqla yararsız vəziyyətə düşür. Bununla da avtomobilinin digər ehtiyyat hissələri sıradan çıxır. Belə ki, avtomobilin radiatoru, patrubkaları, pompası, mühərrikin sepləri və tarımladıcıları, yağ nasosu, arxa amartizatorlar, sükan idarəetmə kolonu, akumlyator, mühərrikin turboları, qabaq ön təkərlər və ön sağ və sol qranatlar yararsız hala düşmüşdür. Qeyd olunan ehtiyyat hissələrinin dəyəri müəyyən edilməlidir. Belə olan halda, məhkəmə əmətəəşünaslıq ekspertizasının təyin edilməsi zərurəti yaranır. Bundan başqa o avtomobilsiz qaldığından, stress və əsəb çəkdiyindən ona 5000 manat mənəvi ziyan vurulmuşdur. Eyni zamanda ödədiyi vəkil xərci 100 manat və dövlət rüsumu 150 manatın cavadehdən tutularaq, ona ödənilməlidir. Sığorta hadisəsinin 19 avqust 2021-ci il tarixdə baş verməsini nəzərə alsaq, həmin tarixdən etibarən ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə hesablanmalı və ona ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2(006)- 631/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin olunmuş, sığorta ödənişi kimi 11535 manat, dəymiş maddi zərər kimi 4641 manat, mənəvi zərər kimi 100 manat, ödənilməmiş dəbbə pulu kimi 100 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manatın 75 manatı, cəmi 16451 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatının İddiaçı, 50 manatının isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissələrində ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sığorta hadisəsinin baş verməsinin sübut olunmaması, iddiaçının bildirdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu DYPİ-də məlumatın qeydə alınmaması, həmçinin iddia olunan hadisənin 19 avqust 2021-ci il tarixdə, saat 01:30 radələrində baş verməsi bildirilsə də məlumatın dərhal deyil həmin günü saat 13.46-da verilməsi, iddiaçıya maddi və mənəvi zərərin dəyməsinin sübuta yetirilməməsi, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinji instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, işin mübahisə olunmayan hallarına əsasən - “Mercedes Benz GL 500” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmaqla, 24 may 2021-ci il tarixli, İ-MİC1421/21 saylı “X1 Tam Sığorta Şəhadətnaməsi”nə əsasən cavabdehdə 23 iyun 2021-ci il 00:00-dan 23 iyun 2022-ci il saat 23:59-dək olan müddət üçün 80000 manat məbləğində sığortalanmışdır (şəhadətnaməyə əsasən şərtsiz azadolma məbləği 100 manat məbləğində müəyyən edilmiş, avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşya, üçüncü şəxsin qanunzidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkətləri, təbii fəlakətlər sığorta təminatlarına aid edilmişdir). Eyni zamanda işdə olan digər sübutlardan görünür ki, iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində "xxxx" ASC-də sığortalanmış "Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə, saat 01.30 radələrində Bilgəhdə “Yaşıl Abadlıq” restornanın qarşısında sığorta hadisəsinə uğramasını göstərmiş (müraciət həmin qeydə alınmışdır), bundan sonra cavabdehin nümayəndəsi tərəfindən avtomobilə baxış keçirilmiş, 24 avqust 2021-ci il tarixdə dəymiş zərərin qiymətləndirilməsi məqsədilə iddiaçıya avtomobilin “Toyota” servisə təqdim olunması bildirilmişdir (bu barədə iddiaçının mobil telefonuna müvafiq SMS göndərilmişdir). İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, 2013-cü il buraxılışlı “Mercedes Benz GL 500” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin ön alt saçka sağ, ön alt saçka sol, ön saffa sol, ön saffa sağ, ön stupitsiya sağ, ön stupitsiya sol, ön sol armatizator, ön sağ armatizator, sipər sağ, sipər sol zədələnmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, 2013-cü il buraxılışlı “Mercedes Benz GL 500” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 14580,0 manat (14.080 manat ehtiyyat hissələri + 500 manat təmir xərci) məbləğində olduğu müəyyən edilmişdir. İşdə olan 12297 saylı, xx.xx.2021-ci il tarixli E-Manat qəbzindən görünür ki, 100 manat məbləğində pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Mersedes” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş YNH-si barədə Sabunçu RPİ DYPŞ-də heç bir məlumat yoxdur və Sabunçu RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən faktla bağlı heç bir qeydiyat aparılmamışdır. İşdə olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli sorğu məktubuna xx.xx.2021-ci il tarixli cavabının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Mersedes” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş YNH-si barədə Xəzər RPİ DYPŞ-də heç bir araşdırma aparılmamış, şöbənin icraatında araşdırma materialı olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir (məktubda qeyd edilmişdir ki, Xəzər RPİ-nin və Sabunçu RPİ-nin təqdim etdiyi sənədlərə əsasən sözügedən avtonəqiiyyat vasitəsinin iştirakı ilə heç bir yolnəqliyyat hadisəsi qeydə alınmamışdır. Sığorta müqaviləsi “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə" sığorta qaydalarının şərtləri əsasında bağlanmışdır və həmin qaydaların 23.1.2-ci maddəsinə əsasən bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində, yəni hadisə barədə sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda sığorta ödənişinin verilməsindən imtina edir. Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması səbəbindən "xxxx" ASC-nin 19 avqust 2021-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır). İşdə olan “X4" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5888,12 manat məbləğində olduğu (dəyişilməli hissələrin dəyəri 3115,87 manat + təmir işlərinin dəyəri - 2772,25 manat) müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/9001-8/3212 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx"nin qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 14580,0 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 14080,0 manat; təmir- bərpa işlərinin qiyməti - 500,0 manat. Nəzəri hesablama yolu ilə, "xxxx"nin qiymətləndirmə aktındakı melumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11535,0 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti - 11035,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 500,0 manat. Nəzəri hesablama yolu ilə, “X4" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5315,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3115,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 2200,0 manat. Nəzəri hesablama yolu ilə, “X4“ MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mersedes Benz GL 500” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 4641,0 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 2441,0 manat. Təmir- bərpa işlərinin qiyməti -2200,0 manat. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, işin hallarına və tədqiq olunmuş sübutlara əsasən iddiaçının iddia etdiyi sığorta hadisəsi baş vermişdir. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlili kimi iddia olunan hadisənin səlahiyyətli dövlət orqanlarında (Sabunçu və Xəzər rayon Polis İdarələri) qeydə alınmamasına istinad etsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının avtonəqliyyat hadisəsi barədə müvafiq dövlət orqanına məlumat verməməsi cavabdehi müvafiq quruma məlumat vermək vəzifəsindən azad etmirdi. Cavabdehin bu vəzifəsi Mülki Məcəllənin 923.2-ci maddəsinin göstərişindən irəli gəlir. Həmin maddəyə görə sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. İddiaçı sığorta hadisəsinin baş verməsi barədə cavabdehi (sığortaçını) məlumatlandırmış, lakin cavabdeh müvafiq quruma məlumat verməmişdir. Məhkəmə cavabdehin bu hala istinad etməsinin ağlabatan olmadığı qənaətini həm də onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının avtonəqliyyat hadisəsi barədə müvafiq məlumatı verməsindən dərhal sonra ondan sığorta hadisəsi nəticəsində dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsinin (azadolma hissəsinin) ödənilməsi, avtomobilin müvafiq təmirxanaya təqdim edilməsi xahiş edilmişdir. Mülki Məcəllənin 921.1-ci və 922.2-ci maddələrinə əsasən sığorta hadisəsinin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan halın olması müəyyən edilir. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 43-cü bəndinin tələblərinə görə yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisə yol-nəqliyyat hadisəsi sayılır. İddiaçının avtonəqliyyat hadisəsi barədə müvafiq dövlət orqanına məlumat verməməsinin cavabdehi sığorta ödənişini ödəmək vəzifəsindən azad etməməsi nəticəsinə gəlindiyindən məhkəmə hesab edir ki, hazırda məhkəmə araşdırması predmeti olan hallar hadisənin sığorta hadisəsi olub-olmaması məsələsi təşkil edir. Beləliklə tərəflər arasında bağlanmış əmlakın sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olduğundan və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəydiyindən, mübahisəyə səbəb olan hadisənin sığorta müqaviləsində nəzərdə tutulduğundan və bununla da sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yarandığından hazırki iddia təmin edilməlidir. Belə ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsindən görünür ki, sığorta riskləri bölməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və bunun nəticəsində iddiaçı maddi zərər çəkdiyindən, o, hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili hadisə barədə gec məlumat verilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin dəlillə də razılaşmır. Çünki, hadisə xx.xx.2021-ci il tarixdə, saat 01.30 radələrində baş vermiş, cavabdehin özünün də bildirməsinə görə iddiaçı həmin günü saat 13.46-da məlumat vermişdir. Belə olan halda, yəni hadisədən bir neçə saat sonra verilmiş məlumatın nəyə görə gecikdirilmiş olmasını cavabdeh əsaslandıra bilməmişdir. Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə xəbər verməlidir. Analoji norma həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın (bundan sonra, Qaydalar) 18-ci bəndində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici müvafiq məlumatın “hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində” verilməli olmasını müəyyən etmişdir. Hadisənin gecə 01.30 radələrində baş verməsi halı da nəzərə alınmaqla məlumatın gün ərzində verilməsi qanunvericiliyin qeyd edilən dispozitiv şərtləri ilə hər hansı uyğunsuzluq təşkil etmir. Həmçinin işin hallarından göründüyü kimi, cavabdehin nümayəndəsi hadisə barədə məlumatdan sonra nəqliyyat vasitəsinə baxış keçirmiş, sonra avtomobilin müvafiq servisə aparılması iddiaçıya bildirilmişdir. Bütün bunlardan sonra isə iddiaçıya hadisənin səlahiyyətli dövlət orqanlarında qeydə alınmaması barədə əsassız imtina verilmiş, cavabdeh tərəfindən zərərin qiymətləndirilməsi həyata keçirilməmişdir. Halbuki, Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Belə olan halda isə iddiaçı dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət etməsi məcburiyyətində qalmışdır ki, bu da qanunvericiliyə zidd deyildir. Çünki, Qaydaların 19.6-cı maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Lakin, tərəflər arasında sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği ilə bağlı mübahisə mövcud olmuş, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan ekspert rəyinə əsasən - 2013-cü il buraxılışlı “Mersedes BenzGL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11535,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi zərər məbləğini ekspertiza təyin etməklə də obyektiv müəyyən etmiş, bu səbəbdən də iddianı həmin hissədə qismən təmin etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının həmin hissədə (zərərin qiymətləndiricinin rəyində göstərilən məbləğdə təmin olunmalı olması) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Birinci instansiya məhkəməsi avtomobilin istifadəsiz vəziyyətdə qalması nəticəsində ona dəymiş zərərlə bağlı qeyd etmişdir ki, İddiaçı məxsus “Mersedes Benz GL 500" markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin sığorta hadisəsinin baş verməsinə baxmayaraq sığorta ödənişini ödəmək üzrə vəzifəsini vaxtında icra etmədiyi üçün avtomobildə hal-hazıradək istismar olunmadan (sürülmədən) saxlanılması ilə əlaqədar yaranan defektlərin bərpa edilməsi üçün 4641,0 manat məbləğində vəsait tələb olunur ki, həmin vəsait də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edilən hissədə məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı qeyd edilən hissədə tələbini əsaslandıra və sübut edə bilməmişdir. Aydındır ki, iddiaçının həmin hissədə tələbi bilavasitə sığorta hadisəsi ilə bağlı deyildir. Yəni, iddiaçı avtomobilinin istifadəsiz vəziyyətdə qalması nəticəsində digər ehtiyat hissələrinin sıradan çıxmasını iddia etmiş, lakin bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi yalnız ekspertiza rəyinə əsaslansa da, rəydən görünür ki, həmin hissədə hər hansı tədqiqat aparılmamış, yalnız “X4” MMC-nin tərtib etdiyi 27 yanvar 2022-ci il tarixli arayışına (ilkin təmir sifarişi) istinad etmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. “X4” MMC-nin tərtib etdiyi 27 yanvar 2022-ci il tarixli arayışda isə avtomobildə zədəli olan əlavə ehtiyat hissələri və onların təmir qiymətləri sadalanmış, lakin orada qeyd edilən həmin ehtiyat hissələrinin məhz baş vermiş hadisənin nəticələri ilə səbəbli əlaqəsinin olması (hadisədən əvvəl saz vəziyyətdə olması, hadisədən sonra yarasız vəziyyətə düşməsi, onlar arasında səbəbli əlaqə və s.) müəyyən olunmamışdır. Eyni zamanda iddiaçı da bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Belə olan halda isə iddia həmin hissədə əsassızdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəmənin qətnaməsinin “cavabdehdən dəymiş maddi zərər kimi 4641 manat pulun tutulması” hissədə ləğv olunması üçün əsasdır. Bununla yanaşı, iddia tələbindən görünür ki, iddiaçı həmçinin sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi ilə bağlı hər gecikdirilmiş gün üçün dəbbə pulu (19 avqust 2021-ci il tarixdən etibarən ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində) tələb etmişdir. Birinci instansiya məhkəməsi həmin tələblə bağlı qeyd etmişdir ki, “iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulunun miqdarının 100 manat məbləğində təmin olunması ədalətli və ağlabatandır.” Göründüyü kimi, rayon məhkəməsi sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi ilə bağlı cavabdeh tərəfindən dəbbə pulunun ödənilməli olmasını müəyyən etsə də, qətnaməni həmin hissədə tam əsaslandırmamış, dəbbə pulunun hər gecikdirilmiş gün üçün faiz məbləğini dəqiqləşdirməmiş, nəyə görə məhz 100 manat dəbbə pulunun ödənilməli olmasını göstərməmişdir. Halbuki, Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qaydaların 24-cü bəndinə əsasən sığortaçı sığorta ödənişini bu Qaydalarla müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi, qanunverici dəbbə pulunun hansı həcmdə olmasını konkret müəyyən etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin hissədə iddiaçının tələbi ilə qismən razılaşaraq hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmaqla, iddia qismən təmin olunmalı. Cavabdehdən sığorta ödənişinin əsassız olaraq ödənilməməsi ilə bağlı, qətnamə ilə müəyyən olunmuş sığorta ödənişi tam ödənilənədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı apellyasiya şikayətində həmçinin mənəvi ziyanın çox aşağı həddə (100 manat) təmin olunmasını, bunun isə işin hallarına uyğun olmamaqla, cavabdehin hərəkəti nəticəsində uzun müddət avtomobilindən istifadə edə bilməməsi, əsəb və sartıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası həmin hissədə də apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə cavabdehin təqsiri ucbatından iddiaçının uzun müddət avtomobilindən istifadə edə bilməməsi, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalması, keçən müddət ərzində əsəb və sarsıntı keçirməsi aşkardır. Belə olan halda, məhkəmə kollegiyası, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçıya dəymiş mənəvi ziyana görə 500 manat tutulması ağlabatan və ədalətlidir. İddiaçı apellyasiya şikayətində həmçinin vəkil xərci kimi ödənilmiş 100 manat pulun tutulması ilə bağlı tələbin əsassız olaraq rədd edilməsini göstərmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə göstərmişdir ki, iddiaçı hüquqi yardıma görə 100 manat məbləğində xərc çəkdiyini iddia etmiş, lakin bununla bağlı maliyyə sənədinin surətini məhkəməyə təqdim etməmişdir. Halbuki, işdən (iş vərəq 35) görünür ki, iddiaçı iddia ərizəsinə 12 saylı vəkil bürosunun hesabına 100 manat pul köçürməsinə dair qəbzin surətini də əlavə etmişdir (iddiaçının vəkili Nümayəndə Bakı şəhəri 12 saylı Vəkil Bürosunu təmsil edir). Belə olan halda isə həmin xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki, MPM-in 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə, qətnamə yuxarıda qeyd edilən hissələrdə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin qeyd edilən hissələrdə ləğvi üçün tam əsasdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə “dəymiş maddi zərər kimi 4641 manat pulun cavabdehdən tutuması” hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalı, qətnamə həmçinin “mənəvi zərər kimi 100 manat və ödənilməmiş dəbbə pulu kimi 100 manat pulun cavabdehdən tutulması” hissələrində, həmçinin “vəkil xərci olaraq 100 manat pulun cavabdehdən tutulması barədə tələbin rədd olunması” hissəsində ləğv olunmalı, iddia həmin hissələrdə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə dəymiş mənəvi ziyana görə 500 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat, qətnamə ilə müəyyən olunmuş sığorta ödənişi tam ödənilənədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tutulmalı, qətnamə qalan hissələrdə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin tutulması, dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(006)-631/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(006)- 631/2022 saylı qətnaməsi “dəymiş maddi zərər kimi 4641 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutuması” hissədə ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamə həmçinin “mənəvi zərər kimi 100 manat və dəbbə pulu kimi 100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissələrində, eyni zamanda “vəkil xərci olaraq 100 manat pulun cavabdehdən tutulması barədə tələbin rədd olunması” hissəsində ləğv olunsun, iddia həmin hissələrdə qismən təmin olunsun. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 (bir yüz) manat, həmçinin qətnamə ilə müəyyən olunmuş sığorta ödənişi tam ödənilənədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tutulsun. Qətnamə qalan hissələrdə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar