Məhkəmə qərarları › İş №2(103)-5546/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5546/2023

01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5546/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1008/2023 saylı 25 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə olmaqla 8000 manat borc verilmişdir.

2. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayına qədər cavabdehin xahişi ilə ona hissəhissə olmaqla 16500 manat borc vermişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş disk dinlənilərkən, cavabdeh tərəfindən iddiaçıya göndərilən səsli mesajlardan onun qohumları üçün iddiaçıdan müxtəlif vaxtlarda borc istəməsi, eləcə də, cavabdehin anası tərəfindən iddiaçıya göndərilən səsli mesajdan cavabdehin anasına iddiaçıya 16500 manat borcunun olduğunu etiraf etdiyi və həmin borcdan anasının iddiaçıya iki dəfəyə 5000 manat olmaqla 10000 manat ödədiyi və iddiaçıya cəmi 6500 manat borclu qaldıqları və həmin borcu özlərinə məxsus evi satdıqdan sonra ödəyə biləcəkləri müəyyən olundu..

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaxın qohumlarının pula ehtiyacı olmasını əsas gətirərək ondan borc istəmişdir. Cavabdehin səmimiliyinə inanaraq ayrı-ayrı tarixlərdə 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək 18000 manat məbləğində ona borc vermişdir. Aralarındakı razılığa əsasən cavabdeh almış olduğu pulu 2022-ci ilin avqust ayınadək qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Bununla əlaqədar DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 2912.2022-ci il tarixdə 007-16712N3722 nömrəli müraciət yönləndirmişdir. Bu müraciəti aidiyyatı üzrə Xətai RPİ-nin 37-ci PŞ-nə yönləndirilmişdir ki, müraciətləri əsasında aparılan araşdırma ilə əlaqədar cavabdeh polisə dəvət olunmuş və izahatı alınmışdır. Sözügedən izahatda şəxs ona borcu olduğunu etiraf etmişdir. xx.xx.2023-cü il tarixli 10555-4/2-N-16712/11 nömrəli məktubla müraciətinin mülki xarakter daşıdığına görə məhkəməyə müraciət etməyi tövsiya olunmuşdur. Habelə onun tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə müraciət etmişdir ki, bu müraciətləri əsasında da aparılan araşdırma ilə əlaqədar cavabdeh izahatda ona borclu olduğunu etiraf etmişdir. Lakin müraciətinə cavab olaraq müraciətinin mülki xarakter daşıdığına görə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1008/2023 saylı 25 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 6500 (altı min beş yüz) manat pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə hərtərəfli, tam və obyektiv baxmadan, mühüm əhəmiyyətli olan faktiki halları aydınlaşdırmadan əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçınının məhkəməyə yalnız 8000 manat borc pul verməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etməsinə baxmayaraq heç bir əsas və dəlil olmadan guya cavabdehə 16500 manat pulun verilməsini müəyyən etmişdir. Məhkəmə yalnız təqdim olunmuş sübutlara qiymət verməli olduğu halda cavabdehin etirazlarına baxmayaraq işin bu faktiki hallarını araşdırmadan iddia ərizəsini əsasız olaraq qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində müəyyən etmişdir ki, iddiaçı cavabdehə guya 16500 manat borc pul vermişdir. Məhkəmənin gəldiyi bu nəticə iş üçün əhəmiyyətli bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Başqa sözlə bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı qismən təmin etmişdir. Məhkəmə bu nəticəyə gələrkən cavabdehin anasının səs yazısına istinad etmişdir. Halbuki, cavabdehin nümayəndəsi məhkəmədə bu səs yazısına etiraz edərək bunu sübut kimi qəbul edilməsinin yolverilməz olmasını bildirmiş və məhkəmə iclaslarında cavabdehin anası şahid qismində dindirilmədən, bu səs yazısının ona aid olub olmamasını aydınlaşdırmadan belə bir nəticəyə gəlinməsinin qanunun tələblərinə zidd olmasını diqqətə çatdırmışdır. Hesab edirəm ki, məhkəmənin gəldiyi bu nəticə tam əsassız və qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

17. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 739.2 borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.

21. Maddə 740.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

22. Maddə 882.1 borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

23. Maddə 882.5 əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 220.4 Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər

27. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən müahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1008/2023 saylı 25 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırki işdə iddiaçı iddia etdiyi 16500 manat borcunun cavabdehə verilməsini, cavabdeh isə həmin məbləğin qaytarıldığını qeyd etdiyi təqdirdə, bu halı sübut etməlidir. Hazırki işin materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayına qədər cavabdehin xahişi ilə ona hissə-hissə olmaqla 16500 manat borc vermişdir. Belə ki, iş materiallarına olan qəbzdən və məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş disk dinlənilərkən, cavabdeh tərəfindən iddiaçıya göndərilən səsli mesajlardan onun qohumları üçün iddiaçıdan müxtəlif vaxtlarda borc istəməsi, eləcə də, cavabdehin anası tərəfindən iddiaçıya göndərilən səsli mesajdan cavabdehin anasına iddiaçıya 16500 manat borcunun olduğunu etiraf etdiyi və həmin borcdan anasının iddiaçıya iki dəfəyə 5000 manat olmaqla 10000 manat ödədiyi və iddiaçıya cəmi 6500 manat borclu qaldıqları və həmin borcu özlərinə məxsus evi satdıqdan sonra ödəyə biləcəkləri müəyyən olur.

36. Göründüyü kimi, iddiaçı cavabdehə 16500 manat borc pul verməsi təsdiq olunur. Sübut etmənin bölüşdrlməsi prinsipi baxımından artıq pulun tam şəkildə qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə qeyd edilən həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

37. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən mötəbər sübutları təkzib edən, habelə apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar hallar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1008/2023 saylı 25 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar