Məhkəmə qərarları › İş №2(103)-5549/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5549/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5549/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “xxxx” MTK-nın cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(004)- 2913/21 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(004)-2913/21 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında sənədlərin cavabdehlərə çatdırılmasına mane ola biləcək poçt ünvanlarının qeyri-məlumluğu barədə dəlilləri təsdiq edəcək hər hansı bir sübutu göstərməmişdir. Bundan əlavə, mülkiprosessual qanunvericilikdə bu əsasla iddia ərizəsinin qaytarılması nəzərdə tutulmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(004)-2913/21 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan forma və məzmununa riayət etməmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 75 nəfər cavabdehin ünvanları ilə onların poçt ünvanları arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, iddia ərizəsində qeyd edilən cavabdehlərin adları və soyadları sorğu məlumatlarında axtarıldıqda həmin ad və soyadla bir neçə şəxs çıxır ki, bu da onların poçt ünvanlarını müəyyənləşdirməkdə çətinlik yaradır. Həmçinin cavabdehlərin hamısı elektron sistem vasitəsilə yoxlanılmış, əksəriyyətinə dair məlumatlar sistemdə aşkar edilməmiş, aşkar edilən şəxslərin ünvanları ilə qeydiyyat ünvanları arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə olan halda tərəflərin çəkişmə prinsipinə əməl etməklə məhkəmə prosesinin təşkilinin həyata keçirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində qeyd olunur ki, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində gösərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(004)-2913/21 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” MTK-nın şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(004)-2913/21 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar