Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5553/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “özbaşına tikilinin sökülməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-120/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi, 1583, 1583A, 1584 saylı torpaq (bağ) sahələrindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni Cavabdeh tərəfindən özbaşına şəkildə 1583 saylı bağ sahəsinin yola baxan hissəsində yüksəldilmiş hasarın, özbaşına qoyulmuş qapının, həmçinin hər üç torpaq (bağ) sahəsindən - 1583, 1583A, 1584 saylı torpaq (bağ) sahəsindən keçən özbaşına tikilmiş hasarın (çəpərin) cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini dəqiqləşdirərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583 və 1584 saylı torpaq (bağ) sahələrində: ümumi hasar daxilində olan torpaq sahəsini 2 hissəyə bölən mişar daşının, 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli yaşayış evinin və 1584 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-120/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Tahirə Əsədova) ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583 və 1584 saylı torpaq (bağ) sahələrində ümumi hasar daxilində olan torpaq sahəsini 2 hissəyə bölən mişar daşı, 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli yaşayış evi və 1584 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin Cavabdeh hesabına sökülməsi qərara alınmışdır.
4. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri kimi qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)- 3616/2010 saylı qətnaməsi ilə İddiaçı cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınmasına dair iddiası təmin edilmişdir. Məhkəmə belə qərara gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəhmassivində yerləşən 1583, 1583“A” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınsın. Qeyd olunan qətnamədən məlumatsız olduğu üçün, hazırkı cavabdeh yalnız 2019-cu ildə sözügedən bağ sahələrinin satışa çıxarılmasını bildikdə, narazı qalan maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdi.
6. Yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının2(102)- 4468/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)- 2846/2021 saylı qətnaməsi 1583”A” saylı Bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Bundan sonra Cavabdeh 1583”A” saylı bağa dair çıxarışın və texpasportun verilməsinə dair DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin İdarə ona məktubla cavab verərək bildirmişdir ki, Ali Məhkəmənin sonuncu qərarı ilə onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.
7. Halbuki, həminiş üzrə cavabdeh olan sözügedən Ərazi İdarəsi Sabunçu rayon məhkəməsinin qətnaməsini icra etməklə onun üzərində öhdəlik olduğunu daha öncə qəbul etmişdir. İndi isə hansısa məlum olmayan səbəbdən Ali Məhkəmənin Qərarı əsasında 1583 ”A” saylı bağa dair müvəkkilinin adına çıxarış və texpasport vermək istəmir.
8. Bu səbəbdən DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia tələbi ilə müraciət etmişlər. Həmçinin nə Ali Məhkəmə, nə də ki, Bakı Apellyasiya məhkəməsi icrada dönüşedərək 1583 ”A” saylı Bağa dair İddiaçı adına olan çıxarışı və texpasportu ləğv edərək bağın hüquqi statusunu əvvəlki vəziyyətə gətirməyərək, elə İnzibati Məhkəmədə həmin məsələnin həllini mümkün saymışdır.
9. İşə baxılarkən onun tərəfindən vəsatət verilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh DƏDKR PHŞ-nin Bakı Ərazi İdarəsinə qarşı çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi Sabunçu Rayon Məhkəməsində baxılan iş üzrə icraat dayandırılılsın. Lakin Sabunçu rayon məhkəməsi vəsatəti təmin etməyərək tez tələsik qətnamə çıxarmışdır.
10. Sabunçu rayon məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Cavabdehin vəkili tərəfindən təqdim edilmiş sübutları araşdırmamışdır. Halbuki Məhkəməyə Reyestr Xidmətinin həmin 3 bağa dair bütün arxivi təqdim edilmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi Reyesrtrdən çıxarışlara və natamam ekspert rəyinə istinad etmişdir. Nəzərə alınsa ki, Reyestr xidməti həmin çıxarışları qismən ləğv edilmiş məhkəmə qərarı əsasında vermişdir, həmin sübutları mötəbər hesab etmək olmazdı. Ekspert rəyinin natamamlığı isə ondan ibarətdir ki, iki yerə bölünən 3935 kv.m. ümumi torpaq sahəsinin hansı hissəsinin Cavabdeh hasara aldığı əraziyə düşdüyü qeyd edilməmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, bildirdi ki, onlar 3 qardaşdır, bağ sahələri 1969-cu ildə alınıbdır. Qardaşı, yəni hazırkı iddiaçı və onun qayınatası istəyirdilər ki, onun evini söküb satsınlar.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, bildirdi ki, tərəflər doğma qardaşdır, uzun illərdir aralarında ədavət var, iddiaçı cavabdehə qərəzli münasibət göstərir. Bağ sahələri qardaşlara ulu balalarından qalıbdır. Uzun illərdir məhkəmə mübahisələri gedir. Son olaraq 1583 A saylı bağ sahəsinə dair iddiaçının iddiası rədd edilmişdir, bundan sonra 1 saylı Ərazi İdarəsinə çıxarış almaq üçün müraciət etmişdir, lakin cavab verilmişdir ki, həmin İdarənin üzərinə belə bir öhdəlik qoyulmamışdır. Daha sonra cavabdeh mövcud olan bağ sahələrinin xəritəyə uyğun bölgüsü ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etdi, həmin inzibati işə baxılana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, lakin vəkili elektron qaydada ərizə göndərək işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir.
14. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
15. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi xüsusi mülkiyyətində hər biri 0,12 ha ölçüdə olan üç bağ sahəsi var: 1583 №-li (reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011); 1583a №-li (reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011); 1584 №-li (reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011).
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2332 №, xx.xx.2023cü il tarixli ekspert rəyinə əsasən:
17. Göstərilən torpaq sahəsi (üç çıxarış üzrə nəzərdə tutulur) ümumi hasar daxilində faktiki olaraq 3935.0 kv.m təşkil edir, ümumi hasar daxilində olan torpaq sahəsi sənədlərə uyğun olmayan vəziyyətdə cavabdeh tərəfindən mişar daşı ilə 2 hissəyə bölünüb, hasar daxilində alınan 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə 1 mərtəbəli yaşayış evi inşa edilmişdir, digər hissə olan 1584 №-li bağ sahəsinə düşən bir hissədə isə yarımçıq tikilinin bir hissəsi mövcuddur, qeyd olunan ümumi ərazi daxilində olan hər 3 torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh adına heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmayıb. Sahənin bir hissəsi qeydiyyatdan keçməyən əlavə torpaq sahəsidir.
18. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)- 3616/2010 №-kb qətnaməsi ilə İddiaçı cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınmasına dair iddiası təmin edilmişdir. Məhkəmə belə qərara gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınsın.
19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 4880/2019 №-li qətnaməsi Sabunçu rayon Məhkəməsinin adıçəkilən qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbi rədd edilmişdir.
20. Həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7362/2019 №-li qərarı ilə ləğv edilərək, iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərmişdir.
21. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(103)-1824/2020 №-li qətnaməsi ilə iddia tələbinin yalnız 1583 və 1584 saylı bağ sahələrinə aid olduğunu əsas gətirərək, Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsini qismən, yəni 1583”a” saylı bağ sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınmasını ləğv etmişdir.
22. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 5273/2020 №-li qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir.
23. İşə üçüncü dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(103)-2846/2021 saylı qətnamə ilə Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır.
24. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4468/2021 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi 1583A saylı bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
25. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. .Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır
28. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
29. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4468/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)- 2846/2021 saylı qətnaməsi 1583”A” saylı Bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir.
34. Qeyd edildiyi kimi, 1583A №-li sahəyə dair iddiaçının hüququ məhkəmə qərarı ilə ləğv edilsə də, daşınmaz əmlakın reyestrində həmin hüquq hələ ləğv edilməmişdir. Bununla yanaşı iddiaçı isə həmin sahəyə dair hər-hansı bir tələb irəli sürməmişdir.
35. İddiaçı qüvvədə olan məhkəmə akları əsasında onun mülkiyyət hüququnun qeydə alındığı öz Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583 və 1584 saylı torpaq (bağ) sahələrində: ümumi hasar daxilində olan torpaq sahəsini 2 hissəyə bölən mişar daşının, 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli yaşayış evinin və 1584 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsini tələb etmişdir.
36. Mülki iş materiallarında olan 1583 №-li (reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011); 1584 №-li (reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011) çıxarışlara əsasən, qeyd edilən 1583 və 1584 nömrəli bağ sahələrinin iddiaçının mülkiyyətində olduğu müəyyən edilir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
40. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
41. Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər
42. Beləliklə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 1583 və 1584 nömrəli bağ sahələri iddiaçının mülkiyyətində olduğundan, birinci instansiya məhkəməsi cavabdehin 1583 və 1584 №-li bağ sahələrində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə gəldiyi qənaət əsaslıdır.
43. Belə olan halda, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biri olduğundan cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
44. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh DƏDKR PHŞ-nin Bakı Ərazi İdarəsinə qarşı çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası ilə bağlı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi hazırkı iş üzrə icraatın dayandırılması barədə cavabdehin həm apellyasiya şikayətinin dəlili, həm də vəsatəti üzrə qeyd edir ki, inzibati icraat qaydasında həmin işlərin baxılması, müvafiq ekspertizaların keçirilməsi və sair səbəbdən 3-4 il çəkir ki, bu isə mülki işlərə baxılması ilə bağlı ağılabatan müddətin pozulmasına səbəb ola bilər. Kollegiya bu baxımdan hesab edir ki, hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməməlidir.
45. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, inzibati iddiası ilə bağlı onun xeyrinə qərar qəbul edilərsə, cavabdeh hazırkı məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması kimi prosessual imkanlara malikdir. Nəticə:
46. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-120/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov