Məhkəmə qərarları › İş №2(103)-5557/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5557/2025

08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5557/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2025 saylı, 31 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qanuni qüvvəsini almış Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)- 14/2024 saylı hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

2. Hökmə əsasən müəyyən edilmişdir ki, istinad olunan cinayətlərin törədilməsində təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə inzibati binasında fiziki zor tətbiq etmiş, ona güclü fiziki ağrılar vermiş, habelə etiraf etmədiyi halda saxlanıldığı yerdən çıxa bilməyəcəyini bildirməklə şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar vermiş, düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması barədə etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər etmiş, ona işgəncə vermiş, 28 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə silah və silah qismində istifadə edilən əşyalarla həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmiş, kobud şəkildə konstitusion hüquqlarını pozmuş, İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarsınca alçaltmış, onu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” “vətən xaini” adı ilə “ləkələnməklə” kimi təqdim etmiş, qanunsuz azadlıqdan məhrum etmişdir.

3. İddiaçı AO ******* nömrəli hərbi biletindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 14.525 manat, mənəvi zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. O, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi N saylı hərbi hissədə kursant olmuşdur. xx.xx.2015-ci il tarixdən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi işləməyə başlamışdır. Tərtər hadisələri çərçivəsində qanunsuz sorğu-suala və işgəncəyə məruz qalmış və elə işgəncə altında olarkən xx.xx.2017-ci il tarixdə qanunsuz olaraq ehtiyata buraxılmışdır. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçının zərərçəkmiş şəxs olması öz təsdiqini tapmışdır. Hökmə əsasən təqsirləndirilən şəxslər cəmi 28 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni iddiaçının və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir (hökm səhifə 94). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökm qüvvədə saxlanılıb. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. Maddi ziyana görə, o, aşağıdakı təzminatı istəyir: ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. xx.xx.2015-ci il tarixdə 3 illik müqavilə bağlayaraq xidmətə başlamışdır. 2017-ci ildə Tərtər hadisələri çərçivəsində saxlanılan zaman elə işgəncədə olarkən 31 may 2017-ci il tarixdə qanunsuz olaraq hərbidən təxris edilmişdir. Faktiki olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müqaviləsi olduğu halda əsassız olaraq işdən çıxarılıb və faktiki olaraq 15 ay müddətində əmək haqqından məhrum edilib. 2017-ci il üçün onun orta əmək haqqısı 835 manat (2017-ci ilin 6 ayı üçün əmək haqqısı 5.012 manat təşkil edir və bu da işlədiyi ayların sayına bölünərək orta əmək haqqı çıxarılır) təşkil edib. Həmçinin 15 ay üçün nəzərdə tutulan maddi yardım və 13-cü ödənişi almayıb. 15 ay (xx.xx.2017-xx.xx.2018)*835=12.525 manat, 2000 manat digər əlavələr (maddi, maaşa əlavə, 13-cü ödənişlər və s.). Beləliklə, o, maddi ziyanın əvəzi olaraq tələb etdiyi kompensasiyanın həcmi 14.525 manat təşkil edir. O, işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. Qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə stres keçirmişdir. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı yerdə olan qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. Vurulmuş mənəvi zərəri 300.000 (üç yüz min) manat məbləğində qiymətləndirir. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan da görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin tutulması yuxarıda istinad edilən Mülki Məcəllənin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. İddiaçıya qarşı qanunazidd hərəkətlərin törədilməsi nəticəsində zərərin vurulması, zərərlə qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi Bakı Hərbi Məhkəməsinin istinad edilən hökmü ilə təsdiq olunur. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona qarşı qanunsuz hərəkətlərə yol verməklə ziyan vurmuş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı qəbul edildikdən sonra qüvvəyə mindiyindən hazırkı iddiaya baxılarkən preyudisial əhəmiyyətə malik olan akt kimi çıxış edir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə onun işdən azad edilməsinin hüquqazidd olması qeyd edilmişdir, yəni məhkəmə tərəfindən buna hüquqi qiymət verilmişdir. Ona qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilsə də, hazırkı iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2025 saylı 31 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 14.000 (on dörd min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Bununla belə məhkəmə, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat məbləğində kompensasiya tələbinin təmin edilməsinin mümkün olmadığını qeyd etmişdir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 14.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.

8. İddianın “maddi zərər” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) ehtiyata buraxılması barədə əmr verilmişdir. Həmin əmrin iddiaçı tərəfindən mübahisələndirilməsi və ya əmrin qanunsuz olması barədə mötəbər sübut təqdim edilməmişdir. Deməli, əmr mübahisələndirilmədiyinə görə qüvvəsini itirməmişdir. Hazırda həmin əmrin mübahisələndirilmədiyini (mübahisə predmetini təşkil etmədiyini), həmin əmrin mübahisələndirilməsi məsələsinə baxılmasının inzibati məhkəmələrin yurisdiksiyasına aid olduğunu və əmrin qüvvədə olmasını nəzərə alaraq, məhkəmə iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının qanunsuz olması barədə hər hansı sübut təqdim edilmədiyini qeyd etmişdir. Buna görə də iddiaçının məhrum olduğu əmək haqqı və əlavələrə görə kompensasiya tələbi əsaslı hesab edilmir. İddiaçı həmin əmri mübahisələndirərək müsbət nəticə əldə etsəydi, məhrum olduğu əmək haqqı və əlavələrin iddiaçıya ödənilməsi məsələsi də müvafiq olaraq öz həllini tapacaqdı.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(006)-3604/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin maddi tələb hissəsində tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə onun işdən azad edilməsinin hüquqa zidd olması qeyd edilmişdir, yəni məhkəmə tərəfindən buna hüquqi qiymət verilmişdir. Məhkəmə qeyd edilən qərarı düzgün olaraq tətbiq etsə də, həmin maddi hüquq normalarını səhv təfsir etməklə sonda səhv nəticəyə gəlib. Onunla bağlanmış əmək müqaviləsinin müddəti 17 avqust 2018-ci il tarixində bitməli olduğu halda qanunsuz olaraq işdən çıxarılmışdır və işdən çıxarılmanın qanunsuz olması Bakı Hərbi Məhkəməsinin hökmü ilə təsdiq edilmişdir. Ancaq məhkəmə yalnış əsaslandırma edib. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsində “Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə iddiaçının işdən azad edilməsinin hüquqa zidd olmasının qeyd edildiyi” göstərilsə də, məhkəmə tərəfindən elə bir qeyd müəyyən edilməmiş və bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bu halla bağlı qeyd edir ki, məhkəmə hökmün 4-5 və 6-cı səhifələrinə baxış keçirsəydi o zaman hökmün bu iş üzrə tətbiq edilməli olduğunu aydın görəcəkdi. Çünki hökmün qeyd edilən səhifəsində onun qanunsuz işdən çıxarılmasına məhkəmə tərəfindən hüquqi qiymət verilib. Qətnamədə o da qeyd edilib ki, “bundan əlavə bir daha qeyd edilməlidir ki, iddiaçının işdən azad edilməsi ilə əlaqədar mübahisəyə baxılması hərbi məhkəmələrin deyil, inzibati məhkəmələrin yurisdiksiyasındadır. Buna görə də iddiaçının məhrum olduğu əmək haqqı və əlavələrə görə kompensasiya tələbi əsaslı hesab edilmir.” Ancaq məhkəmə bu hissədə düzgün nəticəyə gəlməyib. Əgər şəxs bu iş üzrə əmrin ləğv edilməsi və işə qaytarılması tələbi qoysaydı, o zaman məhkəmə qeyd edə bilərdi ki, bu tələb əmək münasibətlərinə aiddir və inzibati məhkəmədə baxılmalıdır. Ancaq məhkəmə bu halı araşdırmadan bu məsələyə hüquqi qiymət vermədən və hökmün bu iş üçün predusiyalığını nəzərə almadan maddi ziyan hissəsində iddianı təmin etməmişdir. Çünki şəxs yalnız hökmlə onun qanunsuz işdən çıxarılması təsdiq edildiyi üçün həmin zaman qüvvədə olan müqavilə üzrə ödənilməli olan məbləği istəyib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qeyd edilən maddi hüquq normasının tələblərini və eləcə də iş üzrə qəbul edilmiş məhkəmə hökmlərində və qərarlarında göstərilənləri nəzərə almamışdır. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Məhkəmə qeyd edilən maddi hüquq normasını tətbiq etməyib və zərərin əvəzinin tam yox, qismən təmin edilməsi barədə qərar qəbul edib. Ona qarşı qanunazidd hərəkətlərin törədilməsi nəticəsində zərərin vurulması, zərərlə qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin mövcudluğu vəzərər vuran şəxsin təqsirliliyi Bakı Hərbi Məhkəməsinin istinad edilən hökmü ilə təsdiq olunur. Məhkəmə maddi ziyanın ödənilməsi hissəsində düzgün nəticəyə gəlməyib, işin hallarını düzgün araşdırmadan səhv nəticəyə gəlib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin maddi zərərlə bağlı hissədə ləğv eildərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 21.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 22.1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 23.1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 24.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin

25.57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 26.58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun

27.1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 28.5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 29.6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 30.7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

31.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

32.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 35.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 36.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2, 1100 və 1101.2-ci maddələri təşkil edir. Həmin maddələrin məzmununa görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Beləliklə də istinad olunan maddələrin tətbiqi, yəni mülki hüquq pozuntusundan (Dövlət orqanlarının vəzifəli şəxslərinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün aşağıdakı şərtlərin hər biri - zərərin mövcud olması, bunun Dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məhkəmə tərəfindən müəyyən edilməlidir.

40. İş materiallarından da görünür ki, təhqiqat və ibtidai istintaq orqanlarının vəzifəli şəxslərinin törətdiyi əməllərə görə qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyətin yaranması üçün zəruri olan bütün şərtlərin mövcud olması Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 1-1(093)-14/2024 saylı hökmü ilə müəyyən edilmişdir.

41. Belə ki, həmin hökmə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Sübuta yetirilmişdir ki, istinad olunan cinayətlərin törədilməsində təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinnədək, cəmi 28 gün ərzində sərbəst hərəkət etmək imkanını məhdudlaşdıraraq, iradəsinə zidd olaraq qanunsuz şəkildə azadlıqdan məhrum etmişlər. Dövlət orqanlarının vəzifəli şəxslərinin bu qanunsuz hərəkətlərinin iddiaçının əsassız olaraq icra etdiyi vəzifələrdən azad olunması ilə nəticələndiyi müəyyən edilmişdir.

42. Hazırda iddiaçı verdiyi apellyasiya şikayətində qeyd edir ki, o, vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində azadlıqdan məhrum edildiyi dövrdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Belə ki, o, xx.xx.2015-ci il tarixdə üç illik müqavilə bağlayaraq xidmətə başlamış, xx.xx.2017-ci il tarixdə isə qanunsuz olaraq hərbi xidmətdən təxris edilmişdir. Bildirir ki, əgər xx.xx.2017-ci il tarixindən müqavilə müddəti başa çatana qədər (xx.xx.2018-ci il tarixinədək) qanunsuz tərxis edilmədən hərbi xidmətini davam etdirmiş olsaydı, həmin dövr üçün əmək haqqı almaq hüququna malik olacaqdı. Bu qanunsuz tərxis nəticəsində o, 15 aylıq (14.525 manat) əmək haqqından məhrum edilmişdir.

43. Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Hazırki halda da iddiaçı dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində itirilmiş əmək haqqının maddi zərər kimi tanınaraq əvəzinin tam ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından da göründüyü kimi, iddiaçı barəsində qanunsuz olaraq aparılan araşdırma müddətində, yəni azadlığı məhdudlaşdırıldığı dövrdə faktiki olaraq işləmək imkanından məhrum olsa da, işdə ola sənədlərə əsasən, həmin dövr (may ayı) üçün əmək haqqı olaraq hesablanmış məbləğ onun adına açılmış bank hesabına köçürüldüyü müəyyən edilmişdir.

45. İddiaçı barəsində qanunsuz olaraq aparılmış təhqiqat dövrü ilə əhatə olunmayan müddət (xx.xx.2017-xx.xx.2018-ci il) üçün əmək haqqının, habelə malik olduğu digər əmək hüquqlarının bərpa olunmasını tələb etmək hüququna malikdir. Bu hüquqların həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual qaydalar birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsində ətraflı şəkildə izah verilmişdir.

46. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2025 saylı 31 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar