Məhkəmə qərarları › İş №2(103)-5561/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5561/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5561/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1436/2024 saylı 26 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİ seriyalı 371367 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 aprel 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 oktyabr 2023-cü il tarixdə 763 nömrəsi ilə qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********43-11301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 saylı bağ evi X6 xüsusi mülkiyyətindədir. Bağ evi onun adına 26 fevral 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22 aprel 2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi qızı Cavabdehdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 saylı bağ evidir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36.000 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh atası mərhum X8 hissə-hissə olmaqla 2019-2023-cü illərdə ev tikdirmək üçün ondan hissə-hissə 40.000 manat pulu borc almış, aldığı borcdan 4.000 manatını qaytarsa da 36.000 manat ödənilməmiş qalmışdır. X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh onun qızıdır. Borcun verilməsini və ödənişlərin olunmasını təsdiq edən şahidlər məhkəməyə təqdim olunacaqdır. Cavabdehdən borcun ödənilməsini tələb etsə də borcu ödəməkdən boyun qaçırır. Ərizəyə əlavə olunan qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, Cavabdeh X6 vəfatından sonra ona məxsus əmlakdan vərəsəlik qaydasında tam pay almışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Məmmədov Arif onun əmisidir. Rəhimin ona pul verməsini gözü ilə görməmişdir. Qonaq gedəndə söhbət əsnasında əmisi deyirdi ki, evi Rəhimə verəcək. Evi Rəhim tikirdi. Ev 1 mərtəbəlidir. Evdə tikinti gedirdi. Rəhim nə qədər pul verib, bilmir. Amma bilir ki, Rəhim ona maddi kömək edib. Pul verib, ya material alıb bilmir. Onların evləri bir həyətdə idi. Rəhim ona qulluq edirdi deyə o, da evi Rəhimə verəcəyini deyirdi.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Arif Məmmədov qonşusu olub. 20 ildi orada yaşayır. Arifin evi ilə onun evi arasında 1, 2 ev var. Rəhimin arvadı Kəmalə xanım ilə rəfiqədir. Kəmalənin maşınını və torpağın bir hissəsini satıblar. Arifin həyətində ev tikilirdi. Kəmalə deyib ki, pul çatmadı, Rəhim verdi. 20.000 manatdan çox pul xərcləyib deyirdi Kəmalə. Arif ölməmişdən 1 il qabaq ev tam tikildi. Rəhimin əmisi Arif orada yaşayırdı. Pulun verilməsini görməyib, Kəmalədən eşidib. Evi tikən Rəhim olub, ora pul xərcləyib. Əmisi evin Rəhimin olduğunu deyirdi. O vaxt Rəhimə əmisi təklif edib ki, evləri onun adına keçirsin, o, razı olmayıb.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, usta işləyirdi. Evi bünövrədən o, tikib. Usta pulunu onlara Rəhim verirdi. Materialları da Rəhim alırdı. Arif Rəhimə deyirdi ki, qoyulan xərci ev satılan kimi verəcək, əvvəlki 2 mərtəbəli evi deyirdi. Nə qədər məbləğ olduğunu bilmir. O, öz payına düşən 8000 manat usta pulunu almışdı.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1436/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatına və şahid ifadələrinə əsasən iddiaçı tərəfindən X6 tikdiyi ev üçün alınmış materialların İddiaçı tərəfindən alındığı bildirilsə də həmin materialların nədən ibarət olması və dəyəri barədə konkret məlumat verilməmiş və bunu sübut edəcək hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə tələb olunan borc məbləği 3.000 manatdan yuxarı olduğu üçün tərəflər arasında yazılı şəkildə borc müqaviləsi bağlanmalı idi, lakin belə bir müqavilə mövcud deyildir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiyi 36000 manat məbləğində pulun cavabdehin atasına verilməsini sübut edə bilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1436/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında X6 tikdiyi ev üçün alınmış materialların onun tərəfindən alındığı bildirilmiş şahidlər evin bünövrədə onun tərəfindən tikildiyini təsdiq etmişlər. Məhkəmə isə materialların konkret nədən ibarət olması və dəyəri barədə hər hansı sübutun təqdim edilmədiyi və 36.000 manatın borc verildiyinin sübut edilmədiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, ifadə verən şahidlərin üçü də evin Arifin tapşırığı əsasında onun tikdirdiyini təsdiq etmişlər. Məhkəmə isə işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən təqdim olunan sübutları araşdırmamış, şahid ifadlərinə düzgün hüquqi qiymət verməmiş, iş üzrə ətraflı araşdırma aparmamış, tərəflər arasında olan münasibətlərə düzgün hüquqi norma tətbiq etməmişdir. İş üzrə materialların alındığı və tikintiyə xərcləndiyi müəyyən edilsə də məhkəmə əmtəəşünslıq ekspertizası təyin edib həmin materialları və onları müəyyən etmək əvəzinə onu ağır sübutetmə yükü altında qoyub həmin materialların və onların dəyərini sübut etməyi istəmişdir. Halbuki, şahid usta evin bünövrədə başa qədər tikdiyini və materialların və pulun onun ödədiyini təsdiq etmişdir. Məhkəmə nədənsa həmin şahidin də ifadəsini obyektiv və qərəzsiz hesab etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 və onun nümayəndəsi-vəkili X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təminolunmasını xahiş etmişdirlər.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

21.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

22.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 27.752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

26. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

27. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

28. 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısınıvəkalət verənə verməyə borcludur. 28.1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 29.1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 30.1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

31. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 32.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 33.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 35.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir. 36.İddiaçı iddia ərizəsində, Cavabdeh atası mərhum X6 22 aprel 2023-cü il tarixdə öldüyünə, sonuncuya hissə-hissə ödəmək şərti ilə 40.000 manat məbləğində borca pul verdiyinə, həmin məbləğdən isə cəmi 4.000 manat pulun qaytarıldığına, Cavabdeh mərhumun yeganə vərəsəsi olduğuna, onun mirası qəbul etmiş vərəsə olaraq atasının öhdəlikləri üzrə borcluya çevrildiyinə və qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıdığına istinad etmişdir. O, həmçinin verdiyi apellyasiya şikayətində şahidlərin ifadələrinə istinadən mərhum X6 tapşırığına əsasən öz pulu ilə ev tikdiyini göstərmişdir. 37.Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, bu kateqoriyadan olan iddianın düzgün həlli üçün ilk öncə iddiaçı ilə mərhum borclu arasında öhdəlik hüquq münasibətlərinin yaranıb-yaranmadığını, yarandığı təqdirdə həmin münasibətlərin xarakteri və nəticəsi düzgün müəyyən edilməlidir. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır. 38.Hazırkı işdən də göründüyü kimi iddiaçı gah mübahisə predmeti olan məbləği cavabdehin atasına borc olaraq verdiyinə, gah da bu pulu mərhumun tikinti işlərinə maddi köməklik göstərməsi məqsədilə ödədiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsi də iddiaçının məhkəmə iclasında verdiyi izahatların ziddiyyətli olduğunu, məhkəmə iclasında dindirilən şahidlərin isə borc verilən vaxtı İddiaçı yanında olmadıqlarını, ümumi söhbət əsnasında başqa adamlardan eşitdiklərini bildirdiyini qeyd edərək iddianın əsassız olduğu qənaətinə gəlmişdir. 39.Həqiqətən də işdə olan sübutlara əsasən iddiaçının cavabdehin atasına borca pul verdiyini və ya mərhum X6 tapşırığına əsasən öz pulu ilə ev tikdirdiyini müəyyən etmək mümkün olmamışdır. Halbuki istinad edilən bu halların mövcud olmasını sübut etmək yükünü iddiaçı daşıyır, lakin o, bu halları və bununla da onunla qarşı tərəfin atası arasında hər hansı əsasla öhdəlik hüquq münasibətlərinin yarandığını təsdiq edə biləcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. 40.Belə ki, sübutetmə yükünün tərəflər arasında düzgün bölüşdürülməklə istinad olunan halların hər iki qanuni əsasla yoxlanılması üçün iddiaçı tərəfindən müvafiq məbləğdə cavabdehin atasına borca pul verilməsi və ya sonuncunun iddiaçıya evin tikilməsinə dair tapşırıq verilməsi halları sübuta yetirilməlidir. 41.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın əsassız olduğundan rədd edilməsi qənaəti işin hallarına tam uyğun olmuşdur. 42.Çünki mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 43.Bundan başqa, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. 44.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 45.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 46.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1436/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar