Məhkəmə qərarları › İş №2(103)-5564/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5564/2024

04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5564/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı (X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) mülki iş üzrə (Açar sözlər: öhdəliyə depozitə qoyma nəticəsində xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X10, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı (X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “öhdəliyə depozitə qoyma nəticəsində xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1114/2024 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə üçüncü şəxs X13 (bundan sonra üçüncü şəxs) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin, 10 saylı mənzili 40.000 manata iddiaçıya satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən iddiaçı mənzilin bu qiymətindən 10.000 manat pulu xx.xx.2017-ci il tarixdə bağlanmış “Beh” müqaviləsi əsasında üçüncü şəxsə ödəmiş, hazırda 7.000 manat məbləğində pulu üçüncü şəxsə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 23.000 manat məbləğində pulu isə iddiaçı xx.xx.2018-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Quba Rayon Məhkəməsinin 2(027)-1178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə üçüncü şəxsin iddiaçıya qarşı “beh və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında (ümumilikdə 3 dəfə) mübahisələndirilmiş və nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2093/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1545/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin nəticə ilə razılaşmışdır. Həmin mülki iş üzrə apellyasiya instansiyası məhkəməsində üçüncü icraat zamanı məhkəmə kollegiyası xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçının üçüncü şəxsə xx.xx.2017-ci il – xx.xx.2018-ci il tarixlərində ((xx.xx.2017-ci il tarixə 500 manat, 10.000 manat (beh müqaviləsi əsasında) + xx.xx.2017-ci il tarixdə 7.000 manat + xx.xx.2018-ci il tarixdə 6.500 manat + xx.xx.2018-ci il tarixdə 11.500 manat (depozit hesabı vasitəsi ilə) + xx.xx.2018-ci il tarixdə 1.000 manat (çıxarışın alınması üçün)), cəmi 36.500 manat məbləğində ödəniş etdiyini müəyyən etmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-43/2033 nömrəli hökmünə əsasən qeyd edilən mənzilə görə İddiaçı əri X14 tərəfindən X11 çatası 6.500 manat pulun sonuncunun xahişi ilə İlqar Əliyevə verilmiş, müqavilə üzrə İddiaçı tərəfindən X11 xx.xx.2017 - xx.xx.2018-ci il tarixlərdə 36.500 (10000+7000+11500+1000+500+6500=36500) manat ödəniş edildiyi təsdiqini tapmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət edərək, ödənilməmiş qalan 3.500 manat pul vəsaitinin notariusun depozit hesabı vasitəsi ilə X11 ödənilməklə daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınması üçün alqısatqı müqaviləsində göstərilən öhdəliklərinin tam icra edildiyini təsdiq edən bildirişin verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən notariat işində olan sənədlərə əsasən müqavilə ilə müəyyən edilmiş əmlakın dəyərinin ödənilməsi öhdəlikləri tam icra edilmədiyindən və satıcı X11 nəğd şəkildə ödənilmiş 8.000 manat pul vəsaitinin ümumi satış qiymətinə daxil edilməsi barədə məhkəmə göstərişi olmadığından iddiaçıya müvafiq bildirişin verilməsinin mümkünsüz olduğu bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onunla X13 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış 4Ə-817 reyestr nömrəli Alqı-satqı müqaviləsi üzrə onun tərəfindən ödənilən 3.500 manat məbləğində pul vəsaitinin notariusun depozit hesabına qəbul edilməsi və həmin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddianı işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə əsaslandırmışdır.

4. Məhkəmənin təşəbbüsü ilə X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1114/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X13 və İddiaçı arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış 4Ə-817 reyestr nömrəli “alqı-satqı müqaviləsi” üzrə İddiaçı tərəfindən ödənilən 3.500 manat məbləğində pul vəsaitinin notariusun depozit hesabına qəbul edilməsi və həmin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinin üzərinə qoyulmuş, məhkəmə xərcləri iddiaçıya aid edilmiş, qətnamənin icrası Bakı şəhəri 50 saylı Notariat Ofisinə həvalə edilmişdir (hakim X12).

6. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sübut edildiyindən və həmin qətnamənin hazırki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıması nəzərə alınaraq Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” üzrə alıcı qismində İddiaçı tərəfindən nəğd şəkildə edilmiş ödənişlərin cavabdeh tərəfindən nəzərə alınmaması, eyni zamanda qeyd olunan müqavilə üzrə qalıq 3.500 manatın depozit hesabına qəbul edilməməsi və nəhayət nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsindən imtina edilməsi iddiaçının hüquqlarının qeydə alınmasını mümkünsüz etmiş, bu isə iddiaçının gələcəkdə əmlakı barəsində sərəncam vermək imkanından məhrum edilməsi deməkdir ki, məhkəmə bunu mülkiyyət hüququnun pozulması kimin qiymətləndirir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

7. İddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü, 146-cı, 152-ci, 178-ci, 532-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 88-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Qərarın 49-cu, 152-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 41-ci maddələrinə və “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, pul notariusda birdəfəlik deyil, hissəhissə verilmişdir, alqı-satqı müqaviləsinin hansı tarixdə bağlanması məlum deyil. Hazırki işdə isə onun tərəfindən ev 40.000 manata satıldığı halda, beh kimi alıcı İddiaçı tərəfindən ona 50 saylı Notariat Ofisində 10.000 manat, beh müqaviləsi üzrə alqı-satqı rəsmiləşdirilərkən isə 7.000 manat xx.xx.2017-ci il tarixdə verilmişdir. 11.500 manat isə 8 aydan sonra, yəni xx.xx.2018-ci il tarixində notariusun depoziti vasitəsilə guya ona ödənilmişdir, qalan 11.500 manat isə depozitə qoyulmamış, ödənilməmişdir. İddiaçı və yoldaşı maklerlə görüşüb onun əleyhinə iş aparmış və ona bildirməmişlər. Nəticədə həmin şəxs Əliyev İlqar Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda cəzasını çəkir. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, qalıq 11.500 manat notariusun depozitinə daxil olmamış və notariusun bu işdən xəbəri olmamışdır, tərəf həmin pulu həbsdə olan Əliyev İlqara vermişdir. İşdə bununla bağlı hökm də vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X7 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır; 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. 600.1-ci maddəsinə əsasən alı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Qərarın: 49-cu hissəsinin 5-ci və 6-cı abzasları: Müqavilə təsdiq edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alqı-satqı ilə əlaqədar alıcı tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat verir. Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir. 152-ci hissəyə əsasən əgər kreditor icranın qəbulunu yubadırsa və onun olduğu yer məlum deyildirsə, borclu pulları və ya qiymətli kağızları kreditora verilməsi üçün notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulduğundan, borclu öz öhdəliyindən azad edilir.

17. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və hüquqi nəticə etibarı ilə iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nisyə alqımüqaviləsinə əsasən üçüncü şəxs mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin, 10 saylı mənzili 40.000 manata iddiaçıya satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən iddiaçı mənzilin bu qiymətindən 10.000 manat pulu xx.xx.2017-ci il tarixdə bağlanmış “Beh” müqaviləsi əsasında üçüncü şəxsə ödəmiş, hazırda 7.000 manat məbləğində pulu üçüncü şəxsə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 23.000 manat məbləğində pulu isə iddiaçı xx.xx.2018-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 23.000 manat məbləğin 11.500 manat hissəsini xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisinin depozit hesabına köçürmüşdür.

24. Hazırda iddiaçı ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürdüyü məbləğin qalıq qalmış 11.500 manat hissəsinin 500 manat (xx.xx.2017-ci il tarixdə), 1.000 manat (həmin mənzil üçün reyestrdən çıxarışın alınması üçün), habelə 6.500 manat hissəsini (üçüncü şəxsin tapşırığına əsasən X5 vermişdir) də ödədiyini, hazırda onun üçüncü şəxsə cəmi 3.500 manat məbləğində borcunun qaldığını, lakin üçüncü şəxsin daha çox borcun qalmasına istinad edərək, qeyd edilən məbləği qəbul etmədiyini, bununla bağlı notariat ofisinə müraciət etməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə bağlı bildirişin ona verilmədiyini bildirir və tərəfindən ödənilən 3.500 manat məbləğində pul vəsaitinin notariusun depozit hesabına qəbul edilməsi və həmin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildirişin (arayışın) verilməsi öhdəliyinin qoyulmasını tələb edir. Üçüncü şəxs isə iddia ilə razılaşmır, iddiaçının ona ümumilikdə 11.500 manat borcunun qaldığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

25. Məhkəmə kollegiyası müqavilə üzrə ödənilməli olan məbləğlə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış beh müqaviləsi əsasında 10.000 manat, alqı-satqı müqaviləsi bağlanarkən 7.000 manat və sonradan notariusun depozit hesabına 11.500 manat, cəmi 28.500 manat pulun iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. Bu ödənişləri üçüncü şəxsin özü də qəbul edir, qalan 11.500 manat məbləğində pulun isə bügünədək ona ödənilmədiyini bildirir.

26. Lakin bu mövqedən çıxış etməsinə baxmayaraq, üçüncü şəxs adı çəkilən X3 (bu şəxs etibardan sui-istifadə edərək, aldatma yolu ilə üçüncü şəxsin əmlakını ələ keçirib ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir) Azərbaycan Respublikasının CM-nin 178.4-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində çıxış edərək, həmin icraat çərçivəsində hazırki iş üzrə iddiaçının əri X14 tərəfindən məhz onun tapşırığına əsasən 6.500 manat məbləğində pulun X5 verilməsini, iddiaçının əri tərəfindən ona mənzilin çıxarışı ilə əlaqədar 1.000 manat və ümumilikdə 38.500 manat pulun verilməsini etiraf etmiş və onun bu məzmunda ifadəsi artıq qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(007)-43/2033 nömrəli hökmündə öz əksini tapmışdır. Hökmə əsasən X9 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni zamanda, maddi ziyan qismində 45.000 manat məbləğində pulun ondan tutularaq, üçüncü şəxsə ödənilməsi hökm edilmişdir.

27. Nəzərə alınmalıdır ki, qeyd edilən 11.500 manat pulun 8.000 manat hissəsinin 500 manat, 1.000 manat və 6.500 manat hissələrlə ödənilməsi üçüncü şəxsin iddiaçıya qarşı “alqı-satqı və beh müqavilələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə aparılmış araşdırma zamanı da öz təsdiqini tapmış və nəticə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2093/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən edilmiş hal kimi göstərilmişdir. Həmin icraat çərçivəsində məhkəmə kollegiyası mənzilin dəyərini təşkil edən 40.000 manat pulun 36.500 manat hissəsinin cavabdeh (hazırda iddiaçı) tərəfindən ödənildiyini, onun 3.500 manat pulu evin faktiki sahibliyinə verilməməsi səbəbindən ödəmədiyini müəyyən etdiyindən 3.500 manat pulun ödənilmədiyini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirməmiş, eyni zamanda mənzili müəyyən edilmiş müddətdə təhvil verilməməklə müqavilənin şərtinin ilk olaraq məhz üçüncü şəxs tərəfindən pozulması qənaətinə gəlmişdir.

28. Bununla belə, tərəflərin iştirak etdiyi digər məhkəmə işləri üzrə çıxarılmış məhkəmə aktları ilə xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən ödənilməli olan 40.000 manat pulun 36.500 manat hissəsinin ödənildiyi, eyni zamanda, həmin müqavilə üzrə öhdəliklərin ilk olaraq məhz üçüncü şəxs tərəfindən pozulduğu müəyyən edilmişdir. Bu baxımdan hazırki vəziyyətdə məhz üçüncü şəxs, müqavilə üzrə ödənilməmiş qalan 3.500 manat pulu əsassız olaraq qəbul etmir və hüquqi nəticə etibarı ilə müqavilənin predmeti olan mənzilin iddiaçının mülkiyyətinə keçməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirir. Nəticədə iddiaçı mənzilə münasibətdə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir, bu əmlak barəsində sərəncam vermək hüququnun əldə edilməsi imkanından məhrum edilir. Halbuki, notariusun depozit hesabı vasitəsi ilə olmasa da, 8.000 manat pulun da məbləğ etibarı ilə hissə-hissə ödənilməsi iddiaçının notariusun depozit hesabına məhz 3.500 manat məbləğində ödəniş etməklə həmin müqavilə üzrə öhdəliklərin tam icra edilməsini təsdiq edən bildirişin verilməsini tələb etmək hüququnu yatarmış olur.

29. Bu baxımdan 3.500 manat məbləğində pul xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliyin icrası qaydasında depozitə qəbul edilməli və hər hansı başqa bir borcun qalmaması səbəbindən iddiaçıya bu müqavilə üzrə öhdəliklərin tam icra edildiyini təsdiq edən bildiriş (arayış) verilməlidir. Qeyd edilənlər öz növbəsində iddianın əsaslı olmasını təsdiq edir və onun təmin edilməsini şərtləndirir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Üçüncü şəxsin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxsin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçüncü şəxsə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1114/2024 nömrəli qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar