Məhkəmə qərarları › İş №2(103)-5573/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5573/2025

15.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5573/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Şirinov Ziya Allahverdi oğlu və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, İddiaçının nümayəndə-vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3612856Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X11, Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33nin 1 saylı Bakı Ərazi İdarəsi və qeyriləri cəlb edilməklə “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-354/2025 nömrəli, 05 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evi İddiaçı (2 otaq), cavabdehlər Cavabdeh1 (2 otaq), Cavabdeh2 (3 otaq; y/s 39.1 kv.m, k/s 8.2 kv.m) və Cavabdeh3 (1 otaq; y/s 20 kv. m) ümumi mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərə qarşı ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş 137,5 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, ona düşən hissəsinə 115 kv. metr torpaq sahəsini və 2 otaq yəni 57.9 kv. metr tikilidən ibarət payının ayrılması və naturada real bölgüsünün aparılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X11, Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33nin 1 saylı Bakı Ərazi İdarəsi və qeyriləri cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş 137,5 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, ona düşən hissəsinə 115 kv. metr torpaq sahəsini və 2 otaq yəni 57.9 kv.metr tikilidən ibarət payının ayrılması, naturada real bölgüsünün aparılması barədə ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 1/5 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət olaraq 2 otağı iddiaçı kimi ona məxsusdur. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında yerləşən mülkün yerləşdiyi paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsində yerləşən və mülkiyyətdə olan 137.5 kv. metr tikililərindən ibarətdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33nin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən sənəddə daşınmaz əmlakın ümumi sahəsi mülkiyyətdə olan 137.5 kv. metr tikilinin və mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü 0,0406 ha. göstərilmişdir, (Daşınmaz Əmlakın Reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 aprel 2023-cü il) Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 xüsusi mülkiyyət hüquqi ilə hüquq sahibləri 4 (dörd) payçıdan ibarətdir. Qədirli küçəsi, ev 1/5 ünvanı hazırda sadalanan şəxslərin adlarında qeydiyyatdadır: 1) X22-2 otaq 2) İddiaçı-2 otaq; 3) Cavabdeh2-3 otaq, y/s-39.1kv.m., k/s-8.2 kv.m; 4) Cavabdeh3-1 otaq, y/s-20.0 kv.m; adlarına qeydiyyatdan keçmişdir və mülkiyyətlərində olması məlum olmuşdur. Bu iddia ərizəsilə məhkəməyə müraciət etmək ərəfəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33nin 1 saylı ünvan 2 ünvanına dair müvafiq məlumatların verilməsi barədə vəkil sorğusu verilmişdir. “Qeyd olunan ünvana dair müvafiq məlumatların verilməsi barədə” vəkil sorğusuna cavab verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33nin 1 saylı Bakı Ərazi İdarəsinin 06 oktyabr 2022-ci il tarixli **********86 nömrəli məktubunda yazılmışdır ki, “Məlumatların təqdim edilməsi haqqında Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanına aid müvafiq məlumatların təqdim edilməsinə dair sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirmişlər ki, Bakı şəhəri, Qədirli küçəsi, ev 1/5 (ü/s 261.4 kv.m, y/s 205.7 kv.m) ilk dəfə tarixsiz olaraq Xanım İsmayıl qızı və X23 adlarına qeydiyyatdan keçmişdir. xx.xx.1978-ci il tarixdə X23 vəfatından sonra mülkün 1/2 hissəsinə 1 saylı DNK-da 2265 və 2266 saylı reyestrlərlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X14 vərəsəlik qəbul etmiş və xx.xx.1979-cu il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1994cü il tarixdə Xanım İsmayıl qızının vəfatından sonra mülkün 1/2 hissəsinə 5 saylı DNK-da 2v-2a-231 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X2 vərəsəlik qəbul etmiş və xx.xx.1994-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1997ci il tarixdə S.İ.Musabəyova "B" tikilidə 6 otaqlı mənzilin 2 otağını 12 saylı DNK-da 3m-A- 4-648 saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən İddiaçı Məmmədtağı oğluna bağışlamış və o, xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1997-ci il tarixdə S.İ.Musabəyova "B" tikilidə 6 otaqlı mənzilin 4 otağını 12 saylı DNK-da 3m-6-1100 saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən X17 bağışlamış və o, xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1998-ci il tarixdə X7 vəfatından sonra 12 saylı DNK-da 2v-1-272 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinə X8 vərəsəlik qəbul etmiş və xx.xx.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1998-ci il tarixli Yasamal rayon məhkəməsinin (İş N2-822/98) qətnaməsinə əsasən Cavabdeh2 "B" tikilinin 8 saylı sahəsi 12.2m² olan yaşayış sahəsi, 7.4m² olan dəhlizinə mülkiyyət hüququ tanınmış və o xx.xx.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 294 saylı sərəncamına əsasən Cavabdeh2 məxsus əlavə tikililər qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə X19 28 saylı DNK-da 48-2-304 saylı reyestrlə qeydə alınmış alqısatqı müqaviləsinə əsasən 3 otaqdan 1 otaq 20.0m² X3 və o xx.xx.2003-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.2007-ci il tarixdə X20 19 saylı DNK-da 40-145 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən mülkün 1 ot. 20.0 kv.m hissəsini X1. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-311/2016 saylı icra vərəqəsinə əsasən X4 məxsus hissə qeyd olunan fərdi yaşayış evindən naturada ayrılaraq Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 1F saylı fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmış, xx.xx.2020-ci il tarixdə isə sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,043 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənmiş 4ə-2494 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən ümumi sahəsi 137,5 kv.m təşkil edən (naturada ayrıldıqdan sonra) Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanının 1 otaq, y/s-20,0 kv.m təşkil edən hissə Cavabdeh3 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə bəhs edilən fərdi yaşayış evinin yerləşdiyi 0,0406 ha torpaq sahəsi payçıların xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri 19 saylı 48-340 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mülkün 2 otağı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məlumat üçün bildirirlər ki, ümumi sahəsi 137,5 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanı hazırda sadalanan şəxslərin adlarında qeydiyyatdadır: 1) İddiaçı-2 otaq; 2) Cavabdeh2-3 otaq, y/s-39.1kv.m., k/s-8.2 kv.m; 3) Cavabdeh3-1 otaq, y/s-20.0 kv.m; 4) Cavabdeh1-2 otaq. Bu günədək mülkün ona düşən hissəsinin payının naturada real bölgüsü aparılmamışdır. Lakin mülkiyyətçilərin hamısının eyni vaxtda müvafiq icra orqanına müraciəti mümkün olmadığına görə mülkün naturada real bölgüsünün aparılması mümkün olmamışdır. Bu da bir çox hallarda çətinlik yaradır, belə ki alqı-satqı, ipoteka, girov qoyulması və sair hallarda. Mülki qanunvericilik onlara imkan verir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X22 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin ona düşən hissəsinə, yəni 115 kv. metr torpaq sahəsindən ibarət payının ayrılması və naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-354/2025 nömrəli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-354/2025 nömrəli, 05 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsi faktiki vəziyyətinə uyğun naturada ayrılması, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 100 (yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, “payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1491 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evdə paylı mülkiyyətdə olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətini, planlı yerləşməsini, İddiaçı faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evdən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7- 3 “X30 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə istinad edilən qanunvericilik normalarını rəhbər tutaraq, ümumi paylı mülkiyyətdə olan əşyanın naturada ayrıla bilən olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsi faktiki vəziyyətinə uyğun naturada ayrılmalıdır”. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sadəcə paylı mülkiyyətçi olmasına istinad etmiş və məhkəmə də bu halı rəhbər tutmuşdur. Lakin bu halda məhkəmə paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının əsl niyyətinin ümumi mənzilin bölünməsi, yaxud ondan payının ayrılmasını tələb etməsi olub-olmamasını dəqiqləşdirməmişdir. Belə ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılmasını nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan aydın olur ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli 02/2024 saylı qərardadındakı hüquqi mövqelərə əsasən qeyd edir ki, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları MPM-in 14.1 və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələrini məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirməlidir. Məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. Hesab edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsinin tələblərinə görə Bu Məcəllənin vəzifələrindən biri də mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləməkdən ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən həm də sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri pozulmaqla, icraatında lazımi qaydada qiymətləndirilməklə mötəbərliyi təsdiq edilməmiş şahid ifadələrinə və s. uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli 02/2024 saylı Qərardadına əsasən paylımülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması– bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 4 aprel tarixli Qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsində ləğv edilməklə həmin hissədə iddia rədd edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası ilk olaraq iddia tələbinin təmin edilən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evi İddiaçı (2 otaq), cavabdehlər Cavabdeh1 (2 otaq), Cavabdeh2 (3 otaq; y/s 39.1 kv.m, k/s 8.2 kv.m) və Cavabdeh3 (1 otaq; y/s 20 kv. m) ümumi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi baxışı zamanı payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1491 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evdə yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətini, planlı yerləşməsini, İddiaçı faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evdən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7- 3 “X30 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçı sadəcə paylı mülkiyyətçi olmasına istinad etmiş və məhkəmə də bu halı rəhbər tutmuşdur. Lakin bu halda məhkəmə paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının əsl niyyətinin ümumi mənzilin bölünməsi, yaxud ondan payının ayrılmasını tələb etməsi olub-olmamasını dəqiqləşdirməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya baxışı zamanı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evinə yerli baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin bir hissəsinin söküldüyü müşahidə olunmuşdur. Evin mülkiyyətçilərindən yalnız İddiaçı və Cavabdeh2 aid olan hissələr mövcuddur. İddiaçının nümayəndəsi-vəkilinin izahatına görə Cavabdeh3 məxsus ev mövcuddur, lakin həmin evə baxış keçirilməsi mümkün olmamışdır. İddiaçı evinə giriş həyət tərəfdən, Cavabdeh2 otağına giriş isə küçə tərəfdəndir. Həm iddiaçı, həm də cavabdeh onlara məxsus evlərdən istifadə edib yaşayırlar. İddiaçıya məxsus evdə 2 otaq, Cavabdeh2 isə istifadəsində 3 otaq mövcuddur. Cavabdeh1 məxsus olan ev ümumiyyətlə mövcud deyil. Həmçinin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-57065/2025 nömrəli, 28 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 1/5 saylı fərdi yaşayış evinin 2 otağı İddiaçı, 3 otaq, y/s-39.1kv.m., k/s-8.2kv.m hissəsi Cavabdeh2, 1 otaq, y/s 20.0 kv.m hissəsi Cavabdeh3, 2 otağı Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evi iddiaçının və cavabdehlərin müəyyən hissədə olmaqla mülkiyyətlərindədir. Məhkəmə Kollegiyası yuxarıda istina edilən normaların tələbləri baxımından apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, daşınmaz əmlak üzərində payların natura (real) ayrılması üçün ilk növbədə mülkiyyətçilər arasında razılıq olmalıdır. Əgər razılıq əldə olunmazsa, paylı mülkiyyətin istənilən iştirakçısı öz payının natura ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə əvvəlcə əmlakın natura bölünməsinin mümkünlüyünü araşdırır. Hazırki işin hallarından da göründüyü kimi fərdi yaşayış evinin naturada ayrıla bilməsi mümkün olmuşdur. Bu hal kollegiya tərəfindən keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri evə dair hissədə əsassız olmuşdur, çünki ilk olaraq mülkiyyətçilər arasında faktiki olaraq ev sahələri ilə paylar müəyyən edilməklə həmin paylar qeydiyyatdan keçməklə və hazırda da mülkiyyətdə olmaqla tərəflərin bununla bağlı mübahisələri yoxdur. Bu isə fərdi yaşayış evinin naturada bölünməsi mümkünlüyünə əsas yaradır. Həmçinin müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evinin naturada ayrıla bilməsi mümkün olduğundan məhkəmə məhz bu hissədə, yəni evə dair hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası iddia tələbinin müzakirə edilən hissəsi ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmamış və fərdi yaşayış evinin müəyyən edilmiş paylara münasibətdə faktiki vəziyyətinə uyğun naturada ayrılması barədə düzgün nəticəyə gəlinmişdir. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən - tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsində düzgün nəticəyə gəlməmişdir və gəldiyi nəticə ilə maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi əvvəlcə hər bir mülkiyyətçinin ümumi əşyadakı payı dəqiq müəyyən edilməli, bundan sonra bölünmə və ya payın ayrılması prosesi həyata keçirilə bilər. Bu qayda, birgə mülkiyyətdə payların əvvəlcədən müəyyən edilməsinin zəruriliyini və yalnız bundan sonra bölünmə və ya ayrılmanın hüquqi əsasının yarandığını göstərir. Bu isə o deməkdir ki, birgə mülkiyyət iştirakçıları arasında payların müəyyənləşdirilməsi olmadan ümumi əşyanın bölünməsi və ya payın ayrılması hüquqi cəhətdən mümkün deyil. Hazırki işin faktiki hallarından da göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsinə dair mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirilmiş payları olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən hissədə, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş payların naturada bölgüsünə dair müəyyən edilmiş qaydaların ardıcıllığa əməl edilməmişdir. Birinci instansiya məhkəməsi isə torpaq sahəsinin mülkiyyətçilər arasında paylarının müəyyən edilməməsinə əhəmiyyət verməmiş və torpaq sahəsinin də faktiki vəziyyətinə uyğun naturada ayrılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmır və hesab edir ki, qətnamə - tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsində maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi - tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-354/2025 nömrəli, 05 avqust 2025-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən - tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar