Məhkəmə qərarları › İş №2(103)-558/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-558/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-558/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 qızının, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 Qabiliyyət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu” üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1932/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə şifahi formada bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ümumilikdə dəyəri 1.712,56 manat təşkil edən 4 ədəd (arxa-qabaq hisssələr üçün) “Pirelli P-zero Luxarv-S” markalı, 255/35R19 DOT 4019,255/35 R19DÜT2020, 255/35 R19DOT2020, 255/35 R19DOT2021 şin almışdır.

2. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Texniki müayinə haqqında” aktın surətindən görünür ki, «10-BP013» dövlət qeydiyyat nişanlı ağ rəngli «Audi A5 minik» avtomaşının üzərində olmuş 1 (bir) ədəd «Pirelli P-zero Luxury-S» (ölçüləri: 255/35R19) avtomobil şini (sonrakı mətndə “ş/n") müayinə olunmuş və aşağıdakılar müəyyən edilmişdir: 1.Şin istismar zamanı iti maneə ilə toqquşmuş və bunun nəticəsində gözlə aydın görünən dəlik əmələ gəlmişdir. 2. Şində əmələ gəlmiş dəlik nəticəsində onun daxilindəki hava təzyiqlə çölə çıxmışdır. 3. Sürücü nəqliyyat vasitəsinin hərəkətini həmin şinin boş olmasına baxmayaraq uzun müddət davam etdirmişdir. 4. Şinin boş vəziyyətdə istismar olunması nəticəsinə avtomobilin diski şini dairəvi formada kəsərək onu iki hissəyə ayırmışdır. 5. Şinin təmiri və ya bərpası texniki cəhətdən mümkünsüzdür. 6. Texniki müayinə zamanı şində istehsalat qüsuru aşkar olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu” üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilməsi, cavabdeh tərəf olan Cavabdeh MMC-dən iddiaçıya satılan 4 ədəd (arxa-qabaq hissələr üçün) “Pirelli P-zero Luxary-S” markalı, 255/35R19 DOT 4019,255/35 R19DOT2020, 255/35 R19DOT2020, 255/35 R19DOT2021 4 ədəd şinin cavabdeh şirkətə geri qaytarılması və onlar tərəfindən həmin şinlərin satış dövriyyəsindən çıxarılması öhdəliyinin “Radius Plus“ MMC-nin üzərinə qoyulması və təkrar satılmasının qadağan edilməsi, tərəfindən ümumi olaraq ödənilmiş 1.712,56 (min yeddi yüz on iki manat əlli altı qəpik) manat maddi, 5.000 (beş min) manat mənəvi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, 1.712,56 (min yeddi yüz on iki manat əlli altı qəpik) manat maddi və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin onun, mənəvi zərərin əvəzi olaraq ödənilməli olan 5.000 (beş min) manat pul vəsaitinin “Yaşat Fondu”nun xeyrinə ödənilməsinə dair və Cavabdeh MMC barəsində "xüsusi qərardad” elan edib, aidiyyəti üzrə üzrə prokurorluğa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərib, araşdırma nəticəsinin məhkəməyə təmin edilməsinin tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində cavabdeh şirkət Cavabdeh MMC-nin Səbail rayon ərazisində yerləşən (Şıx Massivi, 1-ci Badamdar qəsəbəsində yerləşən) “X4 Mərkəzi” mağazasından Audi A5 2015-ci il markalı, 10BP 013 dövlət qeydiyyat nişanlı avtomobili üçün 4 ədəd (arxa-qabaq hisssələr üçün) “Pirelli P-zero Luxarv-S” markalı, 255/35R19 DOT 4019,255/35 R19DÜT2020, 255/35 R19DOT2020, 255/35 R19DOT2021 şin almış və bunun müqabilində elə həmin tarixdə nəğd formada 1.712,56 (min yeddi yüz on iki manat əlli altı qəpik) manat pul vəsaiti ödəmişdir. Şinlərin hər biri 428,14 manat olmaqla ümumilikdə 4 ədədi 1.712,56 ( min yeddi yüz on iki manat əlli altı qəpik) manat pul vəsaitini əhatə etmişdir. Təkərlər onlar tərəfindən avtomobilinə quraşdırılmışdır. Həmin vaxtdan təxminən bir neçə gün sonra xx.xx.2022-ci il tarixində X2 (keçmiş Nasosnu qəsəbəsi) qəsəbəsindən şəhərə gələn ərazidə cavabdeh şirkətdən aldığı şinlərdən biri keyfiyyətsiz və təmiz fabrik istehsalı olmaması səbəbəbilə avtomobilinin idarəetməsindən çıxıb, kənara yuvarlandı və ailəcə getdiyi avtomobil son anda qəza şəraitindən qurtarmış olmuşdur. Belə ki, həmin şinin (təkər) rezin hissəsi birbaşa dairəvi bitişik hisəsi olan metal hissədən ayrılaraq qəza vəziyyətinə şərait yaratmışdır. Bu da ailəlikcə onlara həmin an böyük stress, həyəcan, mənəvi zərbə yaratmışdır. Uzun müdddət həmin hasidisənin stress vəziyyətindən çıxa bilməmişdir. Dərhal cavabdeh şirkətə məlumat verməyinə baxmayaraq, şirkət laqeyd formada yalınız qəzaya uğradan şini yenisi ilə əvəzləyəcəyini, baş verən hadisəni unutmağını təklif etmişdir. Bununla əlaqədar olaraq aidiyyəti Səbail rayon Prokurorluğuna ünvanladığı şikayət ərizəsi aidiyyəti üzrə Səbail RPİ 41 PB-yə göndərilmiş, daha sonra xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bu da hüquqmühafizə orqanının cavabdeh şirkətin keyfiyyətsiz, insanları aldadaraq satdığı saxta məhsullarla insanların həyati təhlükə yaratmalarına dair qanuna zidd əməllərinə göz yumaraq, himayədarlıq etməsinin göstəricisidir. Həmin hadisədən bu günə qədər dəfələrlə cavabdeh şirkətə müraciətləri nəticəsiz qalmaqla yanaşı, insanlara eyni ona verdikləri keyfiyyəti qüsurlu şinləri satmağa davam edirilər.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1932/2023saylı 26 sentyabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli texniki müayinə aktının surətindən görünür ki, şin (təkər) istismar zamanı iti maneə ilə toqquşmuş və bunun nəticəsində gözlə aydın görünən delik əmələ gəlmişdir. Şində (təkərdə) əmələ gəlmiş delik nəticəsində onun daxilindəki hava təzyiqlə çölə çıxmışdır. Sürücü nəqliyyat vasitəsinin hərəkətini həmin şinin boş olmasına baxmayaraq uzun müddət davam etdirmişdir. Şinin (təkərin) boş vəziyyətdə istismar olunması nəticəsinə avtomobilin diski şini (təkəri) dairəvi formada kəsərək onu iki hissəyə ayırmışdır. Şinin (təkərin) təmiri və ya bərpası texniki cəhətdən mümkünsüzdür. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya keyfiyyətsiz malın (şinlərin) satılması barədə iddia əsassızdır və təmin edilə bilməz

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624; Mülki Posessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1932/2023saylı 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd edilməsi barədə qərar qəbul edərək yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən aşağıdakı hallara düzgün qiymət verməmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş, sübut kimi təqdim edilmiş sənədləri tədqiq edərkən Cavabdeh MMC-nin özü tərəfindən tərtib edilmiş “texniki müayinə aktı”nı mötəbər sübut kimi qiymətləndirmiş, həmin aktın cavabdeh şirkət tərəfindən hazırlanmış olmasını diqqətə almamış, aktda göstərilən məlumatların həqiqətə uyğun olub-olmamasını araşdırmamış, bununla da xüsusi bilik tələb edən məsələlər ilə bağlı işin nəticəsində marağı olan şəxs tərəfindən hazırlanmış sənədə mötəbər dəlil kimi əsaslanaraq yanlış nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış 2(006)-1932/2023 nömrəli sorğusu nəticəsində əldə edilmiş Cavabdeh MMC tərəfindən idxal edilmiş “Pirelli” və “Luxury” markalı avtomobil şinlərinin idxalı məqsədilə tərtib olunmuş bəyannamələr və müşayiət sənədlərinə, hansı ki, həmin sənədlərdən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən ona satılmış 4 ədəd avtomobil şininin qeydiyyat nömrələri şirkət tərəfindən idxal edilmiş məhsulların (avtomobil şinlərinin) qeydiyyat nömrələri arasında yoxdur. Bununla da sübut edilir ki, Cavabdeh MMC tərəfindən ona satılmış 4 ədəd avtomobil şini saxta olub şirkətin özü tərəfindən qeyri-qanuni olaraq hazırlanmış və ona orijinal kimi satılmışdır. Nəsimi Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxarkən cavabdehin və maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Səbail Rayon Prokurorluğunun və “Yaşat Fondu”nun nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iş üzrə yekun qərarı onların iştirakı olmadan qəbul etmişdir.

10. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin istinad etdiyi təkər müayinəsi barədə akt öz işçiləri tərəfindən tərtib olunmuşdur, hansıkı məhkəmə qətnamədə rəsmi sənədlərdə olan nüansları kənara qoyaraq konkret cavabdeh tərəfin marağında olan şəxsin özünün işçiləri tərəfindən tərtib olunmuş, mötəbərliyi məhkəmə tərəfindən hansı hallarda qəbul edildiyi müəyyən olunmayan akta istinad edərək tələbi rədd etmişdir. Həmin akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Eyni zamanda mütəxəssis rəyi də olmalıdır. Həmin təkərlər ölkəyə idxal edilməmişdir. Gömrük Bəyannamələrinin ümumi sənədlərindən görünür ki, satılmış 4 dənə şin ümumiyyətlə ölkəyə idxal edilməmişdir, ölkəyə idxal edilməmiş bir təkərlərin iddiaçıya satılması artıq pozuntudur. Həmin təkərlər keyfiyyətsiz olmuşdur. Xarici ölkədə nümayəndəsi olan şirkət təkər idxal edərkən idxal sənədləri olmalıdır. Təkərlər iddiaçının özündədir. Cavabdeh tərəfindən iddiaçıya satılmış təkərlər özlərinin təqdim etdiyi gömrük bəyannamələri ilə ölkəyə idxal edilmiş təkərlərin siyahısında ümumiyyətlə yoxdur. Əgər həmin təkərlər zavoddan idxal edilibsə nəyə görə təqdim etdiyi siyahıda yoxdur. Həmin təkərlər zavod tərəfindən istehsal edilməyən, ölkəyə idxal edilməyən keyfiyyətsiz təkərlərdir və iddiaçıya satılmışdır

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şinlərdə ancaq modelin nömrəsi göstərilir. Onlar əvvəlki məhkəmələrdə bu məsələni araşdırdılar ki, həmin gömrük bəyannaməsində göstərilən kodlar növlü əşyaların kodlarıdır, orada sadəcə təkərlərin ölçüləri, eni, uzunluğu və diametri göstərilir. Avotomobil istifadəçilərinin çoxu bilir ki, onlar fərdi müəyyən əşyalar deyildir, onların hər birinin seriya nömrəsi olmur. Təqdim olunan gömrük bəyannamələrinin içərisində çoxsaylı həmin kodlu olan təkərlər idxal olunub. İstehsalçı təkərə unikal bir nömrə vermir, təkərlərin sadəcə 3 parametrdən asılı olan kodları vardır, bu onun diametri, hündürlüyü və enidir

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19.21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

22. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 24.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

25. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

26. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 29.445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 30.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 32.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 33.588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 34.614.1-ci maddəsinə əsasən, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 35.624-cü maddəsinə əsasə, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki, keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 39.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsini və müqavilənin predmeti olan əmlak üçün ödədiyi pulun ona qaytarılmasını xahiş etmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyinə, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna istinad etmişdir.

43. Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.

44. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.

45. Hazırki işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini, yəni tərəflərin müqavilənin ləğvi ilə bağlı razılığa gəlməsi ya da onlardan birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, həmçinin müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarını müəyyən etmək mümkün olmamışdır.

46. Belə ki, cavabdehdən müvafiq məbləğdə pulun tutulmasına aid hissədə tərəflərin arasında yaranan mübahisə, alğı-satqı münasibətlərinə aid olub, satıcının lazımi kefiyyətdə olmayan əşyanın alıcıya verilməsi ilə bağlı yaranan mübahisədir və bu hissədə etirazın maddi hüquqi əsasını Mülki Məcəllənin 587.2.1-ci maddəsi təşkil edir.

47. Bununla əlaqədar qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Mülki qanunvericiliyin müvafiq normalarından göründüyü kimi satıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni alıcının müəyyən məbləğdə pul-müqavilə qiyməti müqabilində keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya almaq hüququnu pozduqda sonuncunun öz seçimi ilə Mülki Məcəllənin 587-ci maddəsinə nəzərdə tutulan imkanlardan istifadə etmək üzrə hüququ yaranır.

48. Hazırki işdə də iddiaçı aldığı əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulduğuna istinad edir (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) və öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etməklə, əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edir.

49. İstinad edilən normanın tətbiqi zamanı malın qüsuruna görə satıcının cavabdeh olmasının müəyyən edilməsi də önəmlidir. Çünki Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Göründüyü kimi qanun alıcı və satıcı arasında satılan malın keyfiyyətsizliyinə dair sübutetmə vəzifəsinin dəqiq bölgüsünü aparır.

50. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sübutlar, habelə iddia tələbinin yönəldiyi şəxsin cavabdehlik daşıyıb-daşımadığı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, iddiaçının apellyasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

51. Belə ki, Qanun satılan malların keyfiyyəti ilə bağlı satıcının məsuliyyətini müəyyən etmişdir. Həmin tələblərə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur (MM-in 581.1 və 581.2-ci maddələri).

52. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir (MM-in 588.1-ci maddəsi). Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin (MM-in 588.2-ci maddəsi).

53. Göründüyü kimi, satıcının satılan malın qüsurlarının mövcud olmadığını sübutetmə vəzifəsi yalnız o zaman yaranır ki, satıcı həmin mala görə keyfiyyət qarantiyası vermiş olsun. Hazırkı halda isə satıcının (cavabdehin) iddiaçıya satdığı mala görə keyfiyyət qarantiyası verməsi işə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir. Deməli, hazırda əşyanın qüsurlu və ya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gəlməyən vəziyyətdə satılması barədə sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. Halbuki iş materiallarından göründüyü kimi iddiaçı alıcı kimi, iş üçün əhəmiyyətli olan sübutları məhkəməyə təqdim etməmiş, mövqeyini tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. Bununla da, o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

54. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, şin istismar zamanı iti maneə ilə toqquşmuş və bunun nəticəsində gözlə aydın görünən delik əmələ gəlmişdir. Şində əmələ gəlmiş delik nəticəsində onun daxilindəki hava təzyiqlə çölə çıxmışdır. Sürücü nəqliyyat vasitəsinin hərəkətini həmin şinin boş olmasına baxmayaraq uzun müddət davam etdirmiş, şinin boş vəziyyətdə istismar olunması nəticəsinə avtomobilin diski şini dairəvi formada kəsərək iki hissəyə ayırmışdır.

55. İddiaçı məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli “Texniki müayinə haqqında” aktın cavabdeh şirkət tərəfindən hazırlanmış olduğunu və bu aktın sübut qismində qəbul edilməli olmadığını bildirsə də, iddia tələblərinin əsaslı olmasını, yəni şinlərin satılan zaman qüsurlu olması, qüsurlu vəziyyətdə iddiaçıya təqdim olunmasını, nasazlığın sonradan edilmiş müdaxilələr nəticəsində yaranmamasını, qüsurların əşya iddiaçıya verildikdən sonra tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

56. Məhkəmə kollegiyası iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları əsaslı olub-olmamasını müəyyən etmək məsədilə ekspertiza keçirilməsini labüd hesab etmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-trasoloji ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tədqiqat obyektləri təqdim edilmədiyi üçün ekspertizanın keçirilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir.

57. Göründüyü kimi apellyator birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası da mübahisələndirilən qətnamə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əşyanın nasazlığının cavabdehin təqsiri üzündən baş verdiyinin iddiaçı tərəfindən sübut olunmadığına, bu səbəbdən də ziyanın cavabdeh tərəfindən vurulduğunun müəyyən olunmadığına dair mövqeyini qanuni və əsaslı hesab etdiyindən apelyatorun digər dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

58. Məhkəmə kollegiyası iddiaçının cavabdeh barəsində xüsusi qərardad çıxarılması tələbi ilə əlaqədar isə qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardadın qəbul edilməsindən imtina edilməlidir.

59. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən əsas tələb üzrə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

61. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

62. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1932/2023 saylı 26 sentyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar