Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5580/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh Mirtofiq oğluna qarşı “şəxsin dövlət mükafatına təqdim edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı Metropoliteninin əmək veteranıdır, lakin işlədiyi illər nəzərə alınmamış və illər ərzində cavabdehə müraciətləri müsbət cavablandırılmışdır. Belə ki, onun ağır şərtlərlə ömrünün uzun illərini həsr etdiyi metropolitendə işlədiyi illər nəzərə alınmamış və o, dövlət mükafatına təqdim edilməmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
4. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
8. Belə ki, iddia ərizəsini geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı tərəfindən mübahisənin məhkəməyəqədər həlli üçün mediasiya sessiyasında iştirak olunmamışdır.
9. Kollegiya bununla bağlı qeyd edir ki, MPM-in 4.6-cı maddəsinə görə, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
10. Hazırkı iddia tələbi isə MPM-in 4.6-cı maddəsində qeyd edilən ailə və əmək münasibətlərindən irəli gələn mübahisə olmadığından, rayon məhkəməsi hazırkı iddia tələbini qeyd edilən əsasla baxılmamış saxlamaqda haqlı olmamışdır.
11. Ümumiyyətlə, rayon məhkəməsi hazırkı iddia tələbinə məhkəmədə baxılmalı olub-olmaması, baxılmalı olduğu halda isə onun mülki və ya inzibati icraat qaydasında baxılmalı olub-olmamasını da araşdırmamışdır.
12. Halbuki, iddiaçının işin materiallarına əlavə edilmiş çoxsaylı ərizə və müraciətlərindən, eləcə də həmin müraciətlərlə bağlı ona ünvanlanmış cavablardan aşkar bəlli olur ki, iddiaçının hazırkı tələbi üzrə hər hansı fiziki şəxsin cavabdehliyi istisna olunur.
13. Əgər işə baxan məhkəmə hazırkı ərizəyə mülki icraat qaydasında baxılmalı olmaması qənaətinə gələrsə, onda MPM-in 153.3-cü maddəsinə uyğun olaraq iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını göstərməlidir. Məhkəmə həm də hazırkı işin halları baxımından ərizəçinin yaşını, onun icraatın aparıldığı dildə yaza bilməməsini, xüsusən də onun tələbinin heç də sadə olmamasına baxmayaraq, peşəkar vəkilin yardımından istifadə etməməsini nəzərdən qaçırmamalıdır.
14. Belə olan vəziyyətdə dövlətin pozitiv öhdəlikləri ilə bağlı məsələ aktuallıq kəsb edir. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı da dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər, hər şeydən əvvəl məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur.
15. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur.
16. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
18. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X5rşı işlər).
19. “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.
20. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.
21. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbindən və iddiaçının təqdim etdiyi digər sənədlərdən görünür ki, iddiaçı uzun müddət işlədiyi qurumun onu dövlət mükafatına təqdim etməsi və ona vurulmuş zərərin ödənilməsini tələb edir, lakin o həmin tələbini fiziki şəxs olaraq (onun "xxxx" QSC-nin sədri olması hazırkı halda əhəmiyyət kəsb etmir) Cavabdeh qarşı yönəltmişdir.
22. İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
23. Demək ki, rayon məhkəməsi iddiaçının hazırkı tələbinin İPM-in 34.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, hazırkı tələbin müvafiq inzibati quruma qarşı yönəldilməklə inzibati icraat çərçivəsində baxılıb-baxılmamasını araşdırmalı və müvafiq olaraq da gəldiyi qənaətini qərardadında əsaslandırmalı, eləcə də MPM-in 14.1-ci maddəsinin tələblərinə əsasən, bunu ərizəçiyə ətraflı izah etməlidir.
24. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
26. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
27. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
28. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.