Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5583/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, 22 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Cavabdeh2 mənzil və nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin və bununla bağlı qadağanın götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "Porshe Cayenne" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin avtomobil və mənzillə bağlı qadağanın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərib ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-33/2018 saylı mülki iş üzrə məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə mülkiyyətində olan "Porshe Cayenne" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulmaqla, həmin avtomobilin və mənzilin özgəninkiləşdirilməsi ona qadağan edilmişdir. Mülki iş üzrə yekun məhkəmə aktını qəbul edilməklə eyni vaxtda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə adıçəkilən minik avtomobil və mənzillə bağlı məhdudiyyətlər ləğv edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət baxılması üçün, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6283/2018 saylı xx.xx.2018- ci il tarixli qərardadı ilə (sədrlik edən - M.Məmmədov, hakimlər- X.Sarıyev, H.Həmidov) İddiaçı şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin adıçəkilən qərardadının qəbul edilməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli qərardadı yenidən qüvvəyə minmişdir, yəni mülkiyyətində olan “Porshe Cayenne" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanda yerləşən mənzillə bağlı məhdudiyyətlər yenidən tətbiq edilmişdir. Mülki iş üzrə məhkəmə mübahisəsi başa çatmış, yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hesab etmişdir ki, məhkəmə aşağıdakıları nəzərə almaqla mülkiyyətində olan "Porshe Cayenne" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş həbsi götürməli, həmin avtomobil və mənzillə bağlı qadağanı ləğv etməlidir. Qeyd etdiyi kimi, mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, məhkəmə tərəfindən icraya yönəldilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsində icra icraatına başlanmış, icra məmuru tərəfindən icra hərəkətləri yerinə yetirilmişdir. Mülkiyyətində olan avtomobil üzərində birinci instansiya məhkəməsi tərəfindən həbs qoyulduğundan icra məmuru xx.xx.2024-cü il tarixli qərarı ilə həmin nəqliyyat vasitəsinin axtarışını elan etmişdir. İcra məmurunun qərarı ilə razı deyil. O, iş adamı olduğundan gündəlik nəqliyyat vasitəsindən istifadəyə böyük ehtiyacı var. Hesab etmişdir ki, mülkiyyətində olan avtomobili istifadə etmək imkanı olsa, məhkəmə qətnaməsi ilə qət olunmuş pulu tələbkara vaxtında ödəmək imkanı olacaqdır. Odur ki, adıçəkilən avtomobil üzərinə qoyulmuş həbs götürülməli və onunla bağlı qoyulmuş qadağa ləğv edilməlidir. Mülkiyyətində olan mənzil ilə bağlı icra məmuru hər hansı icra hərəkəti etməmişdir, çünki qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun bir yaşayış evi (mənzili) varsa, ödəmənin həmin evə (mənzilə) yönəldilməsinə yol verilmir. Qeyd olunan məsələ ilə bağlı icra məmuruna ünvanladığı ərizəyə verilmiş cavab məktubu ərizəyə əlavə edilmişdir. Məktubdan görünür ki, mülkiyyətində olan avtomobilin axtarışı elan olunsa da, mənzillə bağlı hər hansı məcburi icra hərəkəti edilməmiş, mənzil üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli elektron arayışdan görünür ki, mülkiyyətində yalnız bir yaşayış evi (mənzil) vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-19/2023 nömrəli icra sənədi üzrə yaranmış öhdəliklər borclu-ərizəçi Cavabdeh2 tərəfindən yerinə yetirilməmiş, həmçinin özünün bildirməsinə görə öhdəliklərin bir qisminin yerinə yetirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə ərizəçinin üzərində məhdudiyyətlər tətbiq edilmiş mənzilin onun yeganə yaşayış sahəsi olması ilə bağlı bildirir ki, bu hal həmin əmlaka tutma yönəldilməsini istisna edən haldır, müvəqqəti təminat tədbiri isə özlüyündə borcluya öhdəliklərin icrasına təsir xarakter daşıyır və həmin məhdudiyyətə görə borclu öz əmlakını üçüncü şəxslərə özgəninkiləşdirə bilməz, lakin mülkiyyətdən öz mülahizəsinə görə, eləcə də yaşayış sahəsi kimi istifadə etməkdə azaddır. Nəqliyyat vasitəsilə bağlı məsələdə isə ümumiyyətlə hər hansı istisna hal yoxdur. Həmin nəqliyyat vasitəsi borclunun bilavasitə əmək fəaliyyətinin icrasına zəruri olan alət və ya vasitə deyildir, ona görə də həmin əmlak üzərindən də məhdudiyyətin götürülməsinə əsas yoxdur. Həmin qərardaddan ərizəçi Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil) şikayət vermiş, şikayətini həbsin götürülməsi barədə ərizəsi ilə eyni məzmunda əsaslandıraraq qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, 12 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti təmin etməmək barədə mövqeyini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı müvəqqəti təminat tədbiri xarakteri daşıyır. İş üzrə yekun məhkəmə aktında isə göstərilmişdir ki, Cavabdeh2 İddiaçı xeyrinə 560 895,75 (beş yüz altmış min səkkiz yüz doxsan beş manat 75 qəpik) manat tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə Cavabdeh2 əmlaklarına qoyulmuş həbsin saxlanması əsası məhz Mülki-Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirlərinin məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamasından irəli gələn haldır. İş materiallarından da görünür ki, Cavabdeh2 qarşı olan iddia təmin edilmiş, lakin məhkəmə aktı tam icra olunmamışdır. Bu səbəbdən də, Cavabdeh2 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilə bilməz. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı nümayəndəsi X1 dəftərxana vasitəsilə təqdim etdiyi yazılı izahatında şikayətin təmin edilməməsini xahiş edib bildirmişdir ki, hazırki şikayətin verilməsində məqsəd məhkəmə qətnaməsinin icrasından yayınmaqdır. Cavabdeh hazırda evin qiymətləndirilməsinə maneə yaradır. Evin dəyəri kifayət qədərdir, borcun ödənilməsinə və cavabdehin özünün də evlə təmin olunmasına kifayət edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər və ya arbitraj mübahisəsinin tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, ərizəçi iş adamı olduğundan gündəlik nəqliyyat vasitəsindən istifadəyə böyük ehtiyacı olduğundan ondan istifadə etmək imkanı olsa, məhkəmə qətnaməsi ilə qət olunmuş pulu tələbkara vaxtında ödəmək imkanı olacağını qeyd etsə də bu cür dəlillər başa düşülən deyildir. Çünki ərizəçi avtomobildən istifadəyə ehtiyacı olduğundan üzərində qadağanın qalmasını istəmir və ondan istifadə etmək istəyir, lakin dövlətin adından çıxarılmış qətnaməni icra etməməsindən narahat deyil. Bu cür münasibət isə açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyır. Bundan əlavə, ərizəçiyə qarşı iddia təmin edildiyindən müvəqqəti təminat tədbiri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalıdır. Məhkəmə aktını icra etdiyini ərizəçi bəyan etmir. Lakin mülkiyyətində olan mənzilin yeganə yaşayış yeri olduğuna görə üzərində qadağanın qalmasını da istəmir. Ancaq mənzilin ögəninkiləşdirilməsinin qadağan edilməsi ondan yaşayış yeri kimi istifadə edilməyə maneə deyildir. Ona görə də mənzilin yeganə yaşayış yeri oması və borcun ona yönəldilə bilməməsi qadağanın götürülməsi əsas sayıla bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5583/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5583/2024
23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver