Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5586/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda satılması və satış pulunun bölüşdürülməsi, pulun tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehlə ümumi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, İ. Məmmədov küçəsi ev 2, 56 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölünməsi, eləcə də cavabdehdən xeyrinə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) işin icraatının dayandırılması barədə vəsatət verərək, təmsil etdiyi şəxsin X1, İddiaçı, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində “sərəncamın və çıxarışın ləğv edilməsi” tələbini irəli sürdüyünü, həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırki işə baxılmasının mümkün olmadığını bildirmiş, məhkəmənin 20 iyun 2022-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsinin (vəkilinin) həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixli qərardadla şikayət üzrə apellyasiya icraatı mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 258.2-ci maddəsinə görə isə, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 258.2-ci maddəsinin mənasına görə, qanunvericilik işin icraatının dayandırılmasından imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, bu cür qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Bu baxımdan kollegiyanın qənaətinə görə, verilmiş şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Qeyd olunmalıdır ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normasını düzgün tətbiq etməməklə öz qərardadında ondan şikayət verilə bilməsi imkanını əks etdirməsi nəticəsində yaranmışdır; bununla belə nəzərə alınmalıdır ki, bu hal, həmin səhvin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərardadından verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, işin hallarından, Bakı şəhəri, Nizami rayonu, İ. Məmmədov küçəsi ev 2, 56 saylı mənzilin hazırda İddiaçı mülkiyyətində olan 11,50 m2 sahəli 1 otağının Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinin xx.xx.2020-ci il tarixdə icraya yönəldilməsi nəticəsində X1 xx.xx.2020-ci il tarixli Sərəncam əsasında kirayəçi olaraq verildiyi, sonradan sonuncunun adına qeydiyyata alınaraq İddiaçı bağışlandığı, cavabdehin Bakı İnzibati Məhkəməsində irəli sürdüyü iddia tələbində eyni zamanda məhz həmin sərəncamı da mübahisələndirdiyi aydın olur və cavabdehin bildirməsinə görə, Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi Bakı şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə ləğv edildiyi halda əsassız olaraq icraya yönəldilmiş, beləliklə də müvafiq sərəncam ləğv edilmiş qətnamə əsasında verilmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, məhkəmə yuxarıda qeyd olunan məsələləri araşdırmalı, işin icraatının dayandırılması üçün əsaslar olub-olmadığını müzakirə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-312/2022 saylı iş üzrə 20 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5586/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5586/2022
09.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver