Məhkəmə qərarları › İş №2(103)-5588/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5588/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5588/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh, eyni zamanda Cavabdeh4 ASC-nin nümayəndəsi Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh4 ASC-yə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ümumi yığıncağın İdarə Heyətinin üzvlərinin seçilməsinə dair qərarının ləğv edilməsi, hüquqi şəxslərin dövlət reyestrində edilmiş dəyişikliyin ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 ASC, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ASC-nin səhmdarlarının xx xxx 2018-ci il tarixdə keçirilən ümumi yığıncağının Cavabdeh4 ASC-nin İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı qəbul edilmiş qərarın qeyri-qanuni hesab edilərək ləğv edilməsi, həmin protokol əsasında hüquqi şəxslərin dövlət reyestrində edilmiş dəyişikliyin ləğv edilməsi və əvvəlki reyestr qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı xx xxxxx 2018-ci il tarixinə təyin edilmişdir. Qeyd edilən tarixdə keçirilən səhmdarlarının ümumi yığıncağı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1-ci və Cavabdeh4 ASC-nin nizamnaməsinin 4.1.10-cu maddəsinin tələblərinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etmədiyi üçün yetərsay formalaşmamış və bu səbəbdən də ümumi yığıncaq səlahiyyəti olmadığından səhmdarların ümumi yığıncağının keçirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada xx xxx 2018-ci il tarixinə təyin edilmişdi. xx xxx 2018-ci il tarixdə keçirilən səhmdarların ümumi yığıncağı zamanı 4 səhmdarın adından etibarnamə əsasında iştirak edən Cavabdeh1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh1 təmsil etdiyi şəxslərdən aldığı səlahiyyətdən öz xeyrinə istifadə edərək, “xxx.” ASC-nin İdarə Heyətinin üzvlərinin seçkisi zamanı səsvermədə xeyrinə səs verməklə özünün “xxx.” ASC-nin idarə heyətinin üzvü seçilməsinə nail olmuşdur. Bununla da Cavabdeh1 qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bunun da nəticəsində xx xxx 2018-ci il tarixində keçirilən səhmdarların ümumi yığıncağı zamanı gündəlikdə duran 3-cü məsələ ilə bağlı, yəni “xxx.” ASC-nin İdarə Heyətinin üzvlərinin seçilməsi zamanı kobud qanun pozuntusuna yol verilmiş və “xxx.” ASC-nin İdarə Heyəti qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə formalaşdırılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi isə qeyd edilən fakt nəzərə almadan həmin protokol üzrə seçilmiş İdarə Heyətinin üzvləri barədə məlumatları hüquqi şəxslərin dövlət reyestrinə daxil etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Qətnamədən Cavabdeh4 ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, “xxx.” ASC-nin səhmdarlarının xx xxx 2018-ci il tarixli ümumi yığıncağının keçirilməsi haqda kütləvi informasiya vasitələrində elan verilmiş və hər bir səhmdara, o cümlədən iddiaçıya ümumi yığıncağının keçirilməsi haqda bildiriş göndərilmişdir. xx.xx.2018-ci il tarixli ümumi yığıncaq təkrar çağrıldığı üçün səsli səhmlərin 40%-i iştirak etdikdə səlahiyyətli hesab edilirdi. Ümumi yığıncaq başlanılmazdan əvvəl gələn şəxlərin şəxsiyyətlərini təsdiq edən sənədləri, ümumi yığıncaqda iştirak etmək üçün gələn digər şəxslərin etibarnamələri (etibarnamələrdə sadalanan hüquqlara xüsusi diqqət yetirilmiş) yoxlanılmışdır. Daha sonra ümumi yığıncağının sədri və katibi seçilmişdir. Bundan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılmışdır. Gündəlikdə duran məsələlərin hər biri haqda ayırılıqda qərarlar qəbul edilmiş və səsvermənin nəticələri protokloda öz əksinin tapmışdır. Ümumi yığıncaqda qəbul edilmiş dəyişikliklərin Vergilər Nazirliyinin müvafiq idarəsində qeydə alnması üçün sənədlərin təqdim edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin müvafiq idarəsi tərəfindən baş vermiş dəyişiklikər qeydiyyata alınmışdır. Beləliklkə də ümumi yığıncağın keçirilməsində, ümumi yığıncaq tətəfındən qəbul edilmiş qərarlarda və səsvermənin nəticələrində heç bir qanun pozuntusu olmamışdır. Belə ki, ümumi yığıncaqda iddiaçını səhmdarlardan biri olan Cavabdeh3 təmsil etmişdir. İddiaçının nümayəndəsi bütün qərarlardan xəbərdar olmuşdur. İdarə Heyətinin seçilməsi iddiaçının heç bir hüququnu pozmamış və mənafeyinə zidd olmamışdır, onun nümayəndəsi, cavabdehlərdən biri olan Cavabdeh3 İdarə Heyətinin üzvü seçilmişdir. Digər bir məsələ bundan ibarətdir ki, Cavabdeh1 öz xeyrinə heç bir əqd bağlanmamışdı. Cavabdeh1 təmsil etdiyi səhmdarlar ona ümumi yığıncaqda: səs vermək, seçmək və seçilmək səlahiyyətlərini vermişlər və Cavabdeh1 etibar edilmiş səlahiyyətlərdən istifadə etmişdir (səs vermişdir). Bundan əlavə hazırkı iş üzrə müstəqil tələblər sürməyən üçüncü şəxs Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin nümayəndəsi məhkəmədə verdiyi izahatda iddianı qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, Cavabdeh1 səsvermə zamanı digər səhmdarların əvəzinə öz xeyrinə səs vermək səlahiyyəti bu şəxslər tərəfindən ona verilmiş etibarnamələrdə təsbit edilmişdir və buna görə də Cavabdeh1 ona verilmiş etibarnamələrdə göstərilmiş səlahiyyətlər daxilində hərəkət etmişdir. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən digər səhmdarların əvəzinə öz xeyrinə səs vermək səlahiyyəti bu şəxslər tərəfindən ona verilmiş etibarnamələrdə təsbit edilmiş və buna görə də o, ona verilmiş etibranamələrdə göstərilmiş səlahiyyətlər daxilində hərəkət etmişdir. Həmçinin qətnamədən Cavabdeh2 da apellyasiay şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini yuxarıdakı apellyasiya şikayətlərinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətlərinin məzmunlarına uyğun izahatlar verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətlərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi isə nümayəndəsini məhkəmə iclasına göndərməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbləri rədd edilməlidir. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh4 ASC Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə D-2376 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Universal ev” ATSC-nin hüquqi varisi olan xx.xx.1998-ci il tarixdə 30 №-li şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxx.” ATSC-nin hüquqi varisidir. X10 orqanı onun səhmdarlarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq səsli səhmlərin 60 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir. Ümumi Yığıncaqda yetərsay olmadıqda, Ümumi Yığıncaq yenidən çağırılır. Bu zaman Ümumi Yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan Ümumi Yığıncaq səsli səhmlərin 40 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir. Ümumi Yığıncaqda səs vermə “bir səsli səhm – bir səsdir” prinsipi əsasında həyata keçirilir. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyəti tək sayda olmaqla azı üç fiziki şəxsdən ibarət olur. İdarə Heyətinin üzvləri Ümumi Yığıncaq tərəfindən Cəmiyyətin səhmdarları və kənar şəxslərdən üç il müddətinə seçilir. İdarə Heyətinin iclası üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. İdarə heyətinin sədri üzvlər arasından Ümumi Yığıncaq tərəfindən təyin edilir. Cəmiyyətin hazırda 14 nəfər səhmdarı var. Cəmiyyətin fəaliyyəti ilə bağlı bir sıra məsələrin müzakirə edilməsi məqsədi ilə xx xxxxx 2018-ci il tarixdə ümumi yığıncağın iclasının keçirilməsi planlaşdırılmış, lakin yetərsay olmadığından həmin tarixə təyin edilmiş ümumi yığıncağın iclası baş tutmamış və ümumi yığıncaq xx xxx 2018-ci il tarixdə yenidən çağırılmışdır. Həmin iclasın gündəliyinə dəyişiklik edilmiş və digər məsələlərlə yanaşı Cavabdeh4 ASCnin seçkili orqanlarının yenidən seçilməsi məsələsi də gündəliyə daxil edilərək, müzakirəyə çıxarılmış və 11 səhmdarın iştirak etdiyi bu iclasda İdarə Heyətinin üzvlüyünə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 namizədliyi təklif edilməklə, bu məsələ səsverməyə çıxarılmışdır. Ümumilikdə 47,31% səhmə malik olan səhmdarların lehinə səs verməsi (səhmdar Allahverən Piriyev səsvermədə iştirak etmədi, digər səhmdar bitərəf qaldı) nəticəsində bu şəxslər İdarə Heyətinin üzvü, eyni zamanda X1 Heyətinin sədri seçilmişdir. Həmin yığıncaqda qəbul edilmiş qərarlar cəmiyyətin İdarə Heyətinin keçmiş sədri Cavabdeh3 tərəfindən yığıncağın gündəliyinin qanunsuz olaraq dəyişdirilməsi əsası ilə mübahisələndirilmiş, lakin onun bu barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Apellyasiya və Kassasiya instansiyaları məhkəmələri bu nəticə ilə razılaşmışlar. Həmin protokol və digər aidiyyəti sənədlərə uyğun olaraq Azərbaycan Respublikası Vergilər Naziriliyi tərəfindən cəmiyyətdə baş vermiş dəyişiklik qeydiyyata alınmışdır. Hazırda cəmiyyətin səhmdarı olan İddiaçı həmin yığıncağın “cəmiyyətin idarə heyətinin üzvlərinin seçilməsinə dair” qərarını mübahisələndirir və bu barədə qərar qəbul edilərkən cəmiyyətin səhmdarları olan X2, X6, X4 və X3 verdikləri etibarnamə əsasında onların adından səsvermədə Cavabdeh1 iştirak etdiyini və bu zaman bu şəxsin öz xeyrinə səs verərək, İdarə Heyətinin üzvü seçildiyini və bununla da etibarnamədən qanunsuz olaraq öz xeyrinə istifadə etdiyini iddia edir və həmin qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir. Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Mülki Məcəllənin 106-1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Mülki Məcəllənin 107.1-ci maddəsinə görə isə, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Səhmdarlarının sayı əllidən çox olan cəmiyyətdə direktorlar şurası (müşahidə şurası) yaradılır. Direktorlar şurasının (müşahidə şurasının) yaradıldığı halda cəmiyyətin nizamnaməsində onun müstəsna səlahiyyəti müəyyənləşdirilməlidir. Nizamnamə ilə direktorlar şurasının (müşahidə şurasının) müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və (və ya) təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. Səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər. Məcəllənin 107-1.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər, 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq), 107-1.3-cü maddəsinə əsasən səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir, 107-1.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir, 107-1.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: cəmiyyətin adı və olduğu yer; səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; səhmdarların ümumi yığıncağının gündəliyi; səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası. Mülki Məcəllənin 107-1.6-cı maddəsinə əsasən səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır, 107-1.7-ci maddəsinə əsasən səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır, 107-1.8-ci maddəsinə əsasən səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtmı və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. Məcəllənin 107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir, 107-2.2-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir, 107-2.3cü maddəsinə görə, yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada, gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq səsli səhmlərin 25 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir, 107-2.4-cü maddəsinə əsasən 107-2.3-cü maddəyə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, cəmiyyət maliyyə bazarlarına nəzarət orqanına məlumat verərək yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya maliyyə bazarlarına nəzarət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır. Məcəllənin 107-3.1-ci maddəsinə əsasən səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır, 107-3.2-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və sair) təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər, 107-3.3-cü maddəsinə əsasən qiyabi səsvermənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir, 107-3.4-cü maddəsinə əsasən səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən olunmuş qaydada həvalə edilir, 107-3.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə “bir səsli səhm - bir səsdir” prinsipi əsasında həyata keçirilir. Məcəllənin 107-5.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Qanunda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir, 107-5.2ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz, 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir, 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Cavabdeh4 ASC-nin səhmdarlarının xx xxx 2018-ci il tarixdə keçirilən ümumi yığıncağında yalnız Cavabdeh1 “xxx.” ASC-nin idarə heyətinin üzvü seçilməsi məsələsi həll olunmamışdır. Həmin yığıncaqda 2017-ci ilin maliyyə balansının təsdiq edilməsi, dividendlərin bölüşdürülməsi, cəmiyyətin seçkili orqanlarının yenidən seçilməsi və cari məsələləri həll olunmuşdur. Həmin yığıncaqda X14 Heyyətinin sədri, Cavabdeh1 və Cavabdeh3 üzvləri, Müqabil Məmmədov isə Təftiş Müfəttişi seçilmişdir. Sadalanan mülki qanunvericilik müddəalarını və yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, yığıncağın İdarə Heyyətinin digər üzvlərinin seçilməsində, həmçinin cari məsələlərin həll edilməsində hər hansı qanun pozuntusu olmamış və buna görə də birinci instansiya məhkəməsi xx xxx 2018-ci il tarixdə keçirilən ümumi yığıncağın protokolu üzrə İdarə Heyyətinin üzvlərinin seçilməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv etməklə düzgün nəticəyə gəlməmişdir. Kollegiya xüsusi olaraq onu vurğulayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiyanın qənaətinə görə, Cavabdeh1 “mənim adımdan səs verməyi, seçməyi və seçilməyi” səlahiyyəti verən etibarnamələr səhmdarlar X5, X11, X9 və X7 tərəfindən verildiyindən, Cavabdeh1 İdarə Heyyətini üzv seçilməsi və onun həmin etibarnamələr əsasında öz xeyrinə səs verməsi məsələsini mübahisələndirməkdə hazırki İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, hazırki iddia tələbini Cavabdeh1 etibarnamə vermiş səhmdarlar irəli sürə bilər. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etmişdir. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh4 ASC-yə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ümumi yığıncağın İdarə Heyətinin üzvlərinin seçilməsinə dair qərarının ləğv edilməsi, hüquqi şəxslərin dövlət reyestrində edilmiş dəyişikliyin ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi” barədə iddia tələbləri təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar