Məhkəmə qərarları › İş №2(103)-559/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-559/2020

20.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-559/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdeh1 nümayəndəsi Vəkil1 və Cavabdeh5 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, “BioLab” Tibb Mərkəzi, X4 və Azərbaycan Tibb Universiteti X3rşı “sağlamlığa dəymiş zərərin əvəzinin və müalicəyə çəkiləcək xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-513/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X5, Cavabdeh3, Cavabdeh5, “BioLab” Tibb Mərkəzinə, X2 və Azərbaycan Tibb Universiteti X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına dəymiş maddi və mənəvi ziyana görə Cavabdeh1 və BioLab Tibb Mərkəzindən müştərək qaydada 5 000 manat, Cavabdeh3 və X1 müştərək qaydada 2 000 manat, Cavabdeh5 və Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasından müştərək qaydada 7 000 manat, sağlamlığına dəymiş ziyanın müalicəsi məqsədilə Cavabdeh1 və BioLab Tibb Mərkəzindən müştərək qaydada 3 000 manat, Cavabdeh3 və X1 müştərək qaydada 2000 manat, Cavabdeh5 və Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasından müştərək qaydada 10 000 manat pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun bütün cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-513/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin məhkəmədə araşdırılmasına olduqca qısa zaman ayrılmış, işə baxılarkən iclaslar arasındakı vaxt lüzumsuz yerə həddindən çox uzadılmış, məhkəmə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına xidmət edən zəruri prosessual hərəkətləri etməmiş, bu barədə verilən vəsatətləri əsaslandırmadan rədd etmişdir. Məhkəmədə işə baxılarkən cavabdeh şəxslərin ikisinin nə özləri, nə də nümayədələri işdə iştirak etməyiblər. İş araşdırılarkən məhkəmə həmin şəxslərin dindirilməsini təmin etməmiş, onların fikirlərini almadan hamısını haqlı hesab etmişdir. Halbuki, həmin həkimlərin istər tibbi müalicə metodologiyaları, istər qoyduqları diaqnozlar üst-üstə düşmür. Aydın məsələdir ki, eyni xəstəliyə 3 fərqli diaqnoz qoyulursa bu diaqnozlardan ən azı ikisi yanlışdır. Sağlamlığına dəyən ziyanın səbəbinin, ölçüsünün müəyyən edilməsi üçün hələ 2019-cu ilin yanvar ayında ekspertiza aparılması barədə vəsatət versə də, hakim heç bir əsaslı səbəb göstərmədən ekspertizanın keçirilməsi haqqında qərarını aprel ayında vermişdir. May ayında cavabı çıxan ekspertizanın nəticələrini isə onlara iyul ayının 31-i bildirmiş, elə həmin gün də yekun qərar çıxararaq qarşı tərəfi günahsız hesab edərək, iddianı rədd etmişdir. Sağlamlığına məhz yanlış diaqnoz, yanlış müalicə üsulu, yanlış cərrahiyyə əməliyyatları ucbatından ziyan yetirildiyini iddia edən şəxsin dediklərininin yoxlanılması yalnız xüsusi tibbi bilik, təcrübə, səriştəsi olan ekspert və mütəxəssislərin köməyi iləhəyata keçirilə bilər. Bəs məhkəməni nə vadar etmişdir ki, iddianın gerçəkliyini yoxlamaq üçün 4 aydan sonra ekspertiza təyin edilməsini qəbul etsin, sonra əldə olunan nəticəni yenidən 2 ay uzadaraq məhkəmə iştirakçılarına bildirsin? Bu müddət ərzində həkimlərin ona vurduqları ziyanın mənşəyini, fəsadların miqyasını “təbii baş verən xəstəlik prosesləri” ilə əvəzləmək niyyətimi, yoxsa ölkə vətəndaşının sağlamlığına, hüquqlarının kobud şəkildə pozulmasına qarşı biganə münasibətmi ? Sağlamlığına vurulmuş zərərin səbəbini və ölçüsünün müəyyən edilməsi üçün keçirilən ekspertiza nəticəsində ekspertlər qarşısında qoyulan suallara cavab verilib-verilməməsi məhkəmədə araşdırılmamış, işin faktiki hallarının aşkar edilməsinə yönələcək təkrar ekspertiza keçirilməsinə dair vəsatət isə əsassız olaraq birbaşa rədd edilmiş, məhz bu iş üçün heç bir sübut əhəmiyyəti olmayan ekspertiza rəyinə əsaslanaraq qətnamə çıxarılmışdır. Ekspert onu - sağlamlığına zərər vurulan şəxsi ümumiyyətlə müayinə eləmədən rəy vermişdir. Yasamal Rayon Məhkəməsinə bu barədə etirazını və təkrar ekspertiza keçirilməsi tələbini yazılı vəsatətlə bildirdisə də, heç bir əsas göstərilmədən vəsatəti rədd edilmişdir. Bundan başqa məhkəmə ekspert rəyini çox gec açıqlamasına baxmayaraq (təxminən 2 ay yarım) elə həmin gün etirazlarına məhəl qoymadan, ekspertiza rəyində yazılanları diqqətə almadan yekun qərar qəbul edərək qətnamə çıxartmışdır. Məhkəmə işi araşdırarkən qərəzli olmuş, işin faktiki hallarının öyrənilməsinə, həqiqətin üzə çıxararaq ədalətin bərqərar olmasına yox, sırf qarşı tərəfin uydurulmuş, pərdələnmiş “məsumiyyətinə” haqlı don geyindirməyə çalışmışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi Vəkil2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (maddə 1112). Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən düzgün aparılmamış müalicə nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Kollegiya qeyd edir ki, iddiaçı sağlamlığına vurulmuş zərərin məhz cavabdehlər tərəfindən düzgün aparılmamış müalicə nəticəsində yarandığını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, işdə olan sübutlarla iddiaçının səhhətində yaranmış problemlərlə cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 117/KEŞ saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı aparılmış müvafiq klinik laborator və instrumental müayinələr əsasında “Sağ diz oynağının Villonodulyar sinovit”i diaqnozu təyin edilmişdir. Qeyd olunan patoloji proses müxtəlif səbəblərdən (autoimun faktor, iltihab, allergik reaksiya, travma və s.) yarana bilər. “Villonodulyar sinovit” xəstəliyinin müalicəsi istər cərrahi müdaxilə, istərsə də konservativ yolla aradan qaldırıla bilər. Həkim Cavabdeh1 və həkim Cavabdeh3 tərəfindən xəstə İddiaçı adına yazmış olduqları resept blanklarında qeyd olunan dərman preparatları onda mövcud olan əsas xəstəliyin kəskinləşməsinə səbəb ola bilməzdi. Qeyd edilmiş dərman preparatlarının annotasiyalarında onların revmatizm və artrit kimi xəstəliklərdə istifadə olunması nəzərdə tutulur. İddiaçı adına “ATU-nun X9”nda tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Villonodulyar sinovit” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstəyə “Artroskopik sinovitin təmizlənməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyatdan sonra xəstə nəzarətdə saxlanılmış və xx.xx.2018-ci il tarixdə evə yazılmışdır. Əməliyyat zamanı götürülmüş biomaterial patohistoloji müayinəyə təqdim edilmiş və infiltrariv-qranulematoz sinovitinin olduğu öz təsdiqini tapmışdır. İddiaçı “ATU-nun X9”nda aparılmış müalicələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatı təyin edilmiş diaqnoza uyğun olmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 1096.1, 1099, 1112, 668-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, sağlamlığını pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etmək üçün məhz cavabdehlərin iddiaçının sağlamlığını pozması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Lakin iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun sağlamlığının pozulduğunu sübut edə bilməmişdir. İddiaçının cavabdehlərə yönəltdiyi tələbinin ona dəymiş maddi ziyanın ödənilməsi hissələri təmin edilmədiyindən müvafiq olaraq da tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər.İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən onun cavabdehlərə qarşı iddiası rədd olunmalıdır. Ekspert rəyi əsasında iddiaçının sağlamlığına vurulmuş zərərin məhz cavabdehlər tərəfindən düzgün aparılmamış müalicə nəticəsində yarandığı sübuta yetirilmədiyi üçün iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə üst-üstə düşür və Məhkəmə kollegiyasi həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Apelyator şikayətində ekspertin onu müayinə eləmədən rəy verdiyini bildirmiş və apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etmiş və İddiaçı müayinə etməklə ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 həvalə edilmiş və bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 verdiyi xx.xx.2020-ci il tarixli 758 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, ona aparılmış müvafiq müayinələrdən sonra “Sağ diz oynağının villonodulyar sinovit”i diaqnozu düzgün təyin edilmişdir. Villonodulyar sinovit sinovial oynaqların, selikli qişaların, tendon örtüklərinə təsir edən nadir xəstəliklərdəndir. Daha çox diz oynağında rast gəlinir. Bu patoloji proses müxtəlif səbəblərdən (autoimmun faktor, iltihab, allergik reaksiya, travma və s.) yarana bilər. İddiaçı xx.xx.2020-ci il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı, xəstəyə “Sağ diz oynağının osteoartriti, keçirilmiş septik artritin qalıq əlamətləri, xroniki osteomielit, remissiya mərhələsi” diaqnozu təyin edilmiş, hazırda irinli və iltihabi proses qeyd olunmadığı, sağ diz oynağında açıcı-bükücü kontrakturanın olması, sağ aşağı ətrafda yüngül əzələ atrofiyası, həmin nahiyədə əməliyyatdan sonrakı çapıqların olması təyin edilmişdir. Qeyd olunan patologiya ilə əlaqədar aparılan konservativ müalicə düzgün olmuşdur. Müalicənin uzunmüddətli olması onun xroniki gedişi ilə əlaqədardır. “Villonodulyar sinovit” xəstəliyinin müalicəsi həm konservativ yolla, həm də cərrahi yolla aparıla bilər. Həkim Cavabdeh1 və həkim Cavabdeh3 tərəfindən xəstə İddiaçı adına yazılmış resept blanklarında təyin edilmiş dərman preparatları onun xəstəliyinin kəskinləşməsinə səbəb ola bilməzdi. Həmin dərman preparatlarından revmatizm və artrit kimi xəstəliklərin müalicəsində istifadə olunması nəzərdə tutulur. İddiaçı adına “ATU-nun X9”nda tərtib edilmiş tibbi sənədlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə klinikaya daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Villonodulyar sinovit” diaqnozu təyin edilərək, xx.xx.2018-ci il tarixdə “Sinovitin artroskopik təmizlənməsi” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2018-ci il tarixdə evə yazılmışdır. Əməliyyat zamanı götürülmüş biomaterial patohistoloji müayinəyə təqdim edilmiş və infiltrativ-qranulematoz sinovitin olduğu öz təsdiqini tapmışdır. “ATU-nun X9”nda İddiaçı aparılmış müalicələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatı təyin edilmiş diaqnoza uyğun olmuşdur. Hazırda qüvvədə olan təlimatda sağlamlığa zərər vurma dərəcəsinin təyini yalnız bədən xəsarətləri ilə əlaqədar nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-513/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar