Məhkəmə qərarları › İş №2(103)-5592/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5592/2024

04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5592/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Bakı şəhəri Yasamal rayon Prokurorluğu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1413/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (Bakı şəhəri Yasamal rayon Prokurorluğu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev tərəfindən verilmiş İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilərək, sonucunun barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə baxaraq, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-433/2021 saylı qərarını ləğv etmiş və təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə sonucu məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev tərəfindən verilmiş İddiaçı barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatəti təmin edilərək sonucu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2022-ci il tarixdə bitdiyinə görə, barəsində xx.xx.2022-ci il tarixdə tərəfindən polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 12/2023- cü il tarixli hökmü ilə İddiaçı əməllərində Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023-cü il tarixli bəraət hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fəridə Bəhramov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixdə baxaraq, apellyasiya protesti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023-cü il tarixli hökmü İddiaçı nisbətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarından Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fəridə Bəhramov tərəfindən verilmiş kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixdə baxaraq, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilmişdir. Belə ki, iddiaçını qanunsuz olaraq 08 avqust 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək (2 ildən çox müddətə) təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək polis nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz məhkəməyə verilməsi nəticəsində 2 il 1 ay 17 gün işsiz qalmışdır. Bu müddət ərzində işsiz qalmağı nəticəsində onun və ailəsinin maddi durumu olduqca acınacaqlı vəziyyətə düşmüşdür. Bu müddət ərzində o, taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi gündəlik orta hesabla 40 manat qazancından qalmaqla, ümumilikdə 31.000 (otuz bir min) manat məbləğində qazancından məhrum olmaqla yanaşı böyük mənəvi sarsıntılarda keçirmişdir. Heç bir təqsiri olmadığı təqdirdə 2 il 1 ay 17 gün müddətində təqsirləndirilən şəxs qismində ittiham olunaraq, faktiki olaraq həyat və iş fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Bundan başqa, İddiaçı Bakı İstintaq Təcridnasında saxlanarkən ona xx.xx.2021-ci il tarixdə COVİD-19 xəstəliyinə qarşı Sinovak peyvəndi vurulmuşdur. İddiaçı peyvənd vurulan zaman bildirsə də ki, onun bir böyrəyi yoxdur və bu peyvənd ona olmaz, lakin buna baxmayaraq həmin COVİD-19 xəstəliyinə qarşı Sinovak peyvəndi ona məcburi qaydada vurulmuşdur və nəticədə onun səhəttində ciddi problemlər yaranmışdır, yəni yeganə böyrəyi bu peyvənd nəticəsində tam sıradan çıxmışdır. Belə ki, xx.xx.2021-ci il tarxidə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad olunandan sonra səhhətində yaranmış problemlə bağlı xx.xx.2021-ci il tarixdə 3 saylı Şəhər Kliniki Xəstəxanaya müraciət etmiş və orada analizlər vermişdir, analizlərin nəticəsi heç də yaxşı olmamışdır. Belə ki, həkim İddiaçı dərhal Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına göndərərək orada müalicə alınmasını bildirmişdir. Mülacinənin ona bir xeyri olmadığından həkim dərhal hemodializ müalicəsini məsləhət görmüşdür. xx.xx.2021-ci il tarixdə İddiaçı EGE HOSPİTAL-a müraciət edərək, aparılmış ilkin müayinələrdən sonra xəstəyə “Hiperteniz nefropatiya, xroniki böyrək xəstəliyi V mərhələ” diaqnozu qoyulmuş və hemodializ müalicəsinə başlanılmışdır. Bu müalicənin aparılmasına səbəb məhz həbsdə yatdığı zaman ona edilmiş peyvənd olmuşdur. Özü həbsdən azad olunduqdan sonra hemodializ prosedurlarına 1081 manat pul xərcləmək möcburiyyətində qalmışdır. Həmin məbləğ də zərərçəkmiş şəxs İddiaçı ödənilməlidir. Yeganə böyrəyini məcburi peyvənd aparılmaqla faktiki olaraq sıradan çıxması nəticəsində İddiaçı sağlamlığına bərpaolunmaz dərəcədə ağır zərər vurulmuşdur. Bu zərərin əvəzi qismində İddiaçı əlavə olaraq 100.000 (yüz min) manat zərərin əvəzi qismində ödənilməlidir. Habelə, iddiaçı qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyinə görə hələ də fiziki və psixi əzab və iztirablar çəkməkdədir. Hesab edir ki, iddiaçının qanunsuz və əsassız olaraq təqsirli bilinməyi onun şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən bir hal kimi çıxış etməkdədir və bu vəziyyət ona şəxsi həyatında hələ də problemlər yaratmaqdadır. Hesab edilir ki, mənəvi zərər qismində İddiaçı daha 50.000 (əlli min) manat məbləğində pul vəsaiti ödənilməlidir və bu, ədalətlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmş maddi ziyana görə 31.000 (otuz bir min) manat, peyvəndlə bağlı məcburi müalicə xərclərinə görə 1081 (min səksən bir) manat, vurulmuş mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində, sağlamlığına vurulmuş zərərə görə 100.000 (yüz min) manat və hüquqi yardım üçün ödənilmiş 830 (səkkiz yüz otuz) manat, cəmi 182911 (yüz səksən iki min doqquz yüz on bir) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz əməlləri nəticəsində dəymiş zərərə görə ümumilikdə 182.911 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə etiraz edərək bildirilir ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir. Həmçinin, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan başqa, iddiaçı peyvəndlə bağlı məcburi müalicə xərclərinə görə 1081 manat vəsaitin ödənilməsini tələb etmişdir. Lakin işin materiallarına iddiaçının qeyd etdiyi kimi məcburi peyvənd olunduqdan sonra bu xəstəliyə məruz qalmasını təsdiq edən sənəd əlavə edilməmişdir, iddiaçı bəlkə həbs edilmədən öncə bu xəstəliyin daşıyıcısı olub. Ümumiyyətlə, iddiaçı sağlamlığına vurulmuş zərər üçün tələb olunan məbləğin həqiqətən də müalicə ilə bağlı xərclənməsini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd edilir ki, tələb olunan məbləğ ağlabatan deyil. Həmçinin, iddiaçı hüquqi yardım üçün 830 manat məbləğdə vəsaitin ödənildiyini qeyd etmiş, amma bununla da bağlı sübutlar təqdim etməmişdir. Belə ki, hüquqi yardımla bağlı sənədlər işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı bu cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Belə olan halda məhkəməyə müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri təqdim olunmalıdır. İddiaçı həmçinin mənəvi ziyanın ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı «Təhqiqat, ibtidai stindaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya nərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — üz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi araratı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin eməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir.

5. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal rayon Prokurorluğu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1413/2024 nömrəli qərardadı ilə vəsatət təmin olunaraq iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 tərəfindən verilmiş 368/KEŞ nömrəli Ekspert rəyindən görünür ki, 1980-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. X7 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 2000-ci ildə onun üzərində “Sol tərəfli nefroektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. 2. X1 müvafiq protokol qaydalarına əsasən, sol tərəfli nefroektomiya cərrahiyyə əməliyyatı olunmuş şəxsə “Covid-19” virus infeksiyası əleyhinə peyvənd aparıla bilər. 3.4. X7 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Xroniki böyrək xəstəliyi V mərhələ” xəstəliyinin olduğu qeyd edilmişdir ki, bu da onun böyrəyinin fəaliyyətinin pozulmasına və bununla əlaqədar hemodializ prosedurunun aparılması zərurəti doğurmuşdur.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1413/2024 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 5.800 (beş min səkkiz yüz) manat məbləğində mənəvi zərərin və iddiaçı tərəfindən ödənilmiş 830 (səkkiz yüz otuz) manat məbləğində vəkil xərcinin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi Azərbaycan RespublikasıMilli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatıNazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olmasıməsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası(qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. İş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlıməhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 5800 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. İddiaçıya mənəvi zərərə görə 5800 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

14. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” xx.xx.1998ci il tarixli Azərbaycan Respublikasının Qanunu Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda;https://eqanun.az/framework/5104 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir.

15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1413/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

17. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən İddiaçı xeyrinə 5.800 manat məbləğində mənəvi zərərin və 830 manat məbləğində vəkil xərcinin əvəzinin tutulması qət edilmiş, qətnamə iddianın təmin olunan hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir.

18. “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən olunur ki, iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

19. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir.

20. Hazırki halda qanunvericiliyin tələbinə əsasən iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1413/2024 nömrəli qətnaməsi ləğv edilsin, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar