Məhkəmə qərarları › İş №2(103)-5596/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5596/2020

20.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5596/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbi barədə iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-514/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanmasına dair müqavilənin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi etibarsız hesab edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6 ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin altında yerləşən 0,42 ha torpaq sahəsinin üzərində onun vərəsəlik hüququnun tanınması, bu əmlaklardan onun 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının razılığı ilə Cavabdeh əsl cavabdeh X12 ilə əvəz edilmişdir. İşin məhkəmə baxışında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6 ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 saylı DNK tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X12 ilə Cavabdeh, X10 və X16 arasında miras payın bağışlanmasına dair xx xxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdeh X8 verilmiş xx xxxxxx 2017-ci il tarixli mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun 1/3 hissədə miras payının (vərəsə payının) müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ünvan 2 ünvanında yerləşən şəraitsiz evdə yaşayır. Hal-hazırda yaşadığı ünvan onun mərhum əmisinə məxsus olmuşdur. Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6-da yerləşən 2 nömrəli ev və onun altında yerləşən 0,42 ha torpaq sahəsi atasına məxsus olmuşdur. Atası X4 xx xxxx 1990-cı il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi ünvanda yerləşən fərdi yaşayış evi altındakı torpaq sahəsi ilə birlikdə qardaşı Cavabdeh istifadəsində qalmışdır. Qardaşları ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıqlar səbəbindən o, uzun müddətdir ki, ata yurduna gedə bilmir. Bir neçə dəfə sözügedən ünvana gedib orada yaşamaq istəsə də, qardaşı və ailə üzvləri onu atasına məxsus evə buraxmamışlar. Onun hüquqi savadı olmadığı üçün atasına məxsus evə pay hüququnun olmasını bilməmişdir. Ona görə də bugünə qədər atasından miras qalmış əmlakdan öz payını ala bilməmişdir. Bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, atası tərəfindən verilmiş vəsiyyətnamə əsasında onun Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6 ev 2 ünvanında yerləşən evin 1/3 hissəsinə vərəsəlik hüququ vardır. Belə ki, atası X4 xx xxxxxx 1987-ci il tarixdə özünə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6 ev 2 ünvanında yerləşən evin 1/3 hissəsini ona vəsiyyət etmişdir. O, özünə məxsus payı cavabdehdən tələb etdikdə, o, qeyd olunan əmlakdan ona düşən payı verməkdən boyun qaçırmışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı Əlizadə X11 rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə etməyərək təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfində n xx xxx 2019-cu il tarixdə verilmiş 1416 №-li arayışdan görünür ki, X4 xx xxxx 1990-cıildə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş İE seriyalı 668826 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X4, anası Leyla Fərəcquli qızıdır. İş materiallarında olan Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda xx xxxxxx 1987-ci il tarixdə 43-23.340 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X21 Ağa Dadaş oğlu ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsini qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli məktubundan və ona əlavı edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6 ev 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1956-cı il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ev üzərində 3/6 hissədə Cavabdeh, 1/6 hissədə X7, 1/6 hissədə X13, 1/6 hissədə X5 payı müəyyən edilmişdir. Bakı şəhəri 17 saylı notariat kontorunda xx xxxx 2017-ci il tarixdə bağlanmış miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh, X10 və X16 Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6 ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən onlara düşən miras paylarını X8 bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li xx xxxxxx 2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6 ev 2 ünvanında yerləşən fərdi yaşayış evi X7 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, miras qoyan X6 iddiaçının atasıdır, miras qoyan sağ ikən mübahisəli miras əmlakın mülkiyyətçisi olmuş, miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsi döngə 6 ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini İddiaçı vəsiyyət etmişdir. Miras qoyan xx xxxx 1990-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin1133-cü maddəsində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1. və 1159.2. maddələrinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşlarıbərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1145-ci maddəsindən görünür ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1. maddəsindən görünür ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1246-cı maddəsinin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 1976-cı ildə ailə quraraq mübahisəli evi tərk etmiş, 1990-cı ildə atası X3 ölümündən sonra mirası faktiki olaraq qəbul etməmiş, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin1246-cı maddəsiilə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş altı ay ərzində bu hüquqlarından istifadə etməmiş, mübahisəli miras əmlakı əldə etmək üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində və qaydada mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə müraciət etməmiş və beləliklə də, qanunda nəzərdə tutulmuş müddəti ötürmüş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu hərəkətləri ilə İddiaçı mirası faktiki olaraq qəbul etmədiyini, sonradan da miras əmlaka dair hər hansı iddiasının olmamasını aşkar şəkildə nümayiş etdirmiş, beləliklə, onun miras əmlakda payı müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının 30 il sonra vəsiyyətnamədən qonşular vasitəsi ilə xəbər tutmasına dair dəlilini işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq ağlabat hesab etməmişdir. Göründüyü kimi, hüquqdan sui-istifadənin qarşısının alınması üçün qanunverici tərəfindən müvafiq tələblər üzrə iddia müddətləri müəyyən edilmişdir ki, həmin müddətlərin hətta bir neçə gün ötürülməsi şəxsin tələbində haqlı olsa belə, tələbin təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçınınhal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar