Məhkəmə qərarları › İş №2(103)-5602/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5602/2024

18.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5602/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MTK-ya və X4 qarşı “dayanacaq yerinə hüquqlarının bərpa edilməsi və s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2078/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MTK-ya və X4 qarşı “dayanacaq yerinə hüquqlarının bərpa edilməsi və s” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 MMC və X6 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6720/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 MMC və X6 tərəfindən verilmiş apellyasiya şikayətilərinin AR Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavəsində qeyd edilmiş apellyasiya şikayətinin forma və məzmununa dair müəyyən edilmiş qaydada verilmədiyindən qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən apellyasiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla cavabdehlər Cavabdeh1 MMC və X2 apellyasiya şikayətləri geri qaytarılmışdır. Cavabdeh Babək Babayev vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən yenidən apellyasiya şikayət vermiş, eyni zamanda həmin tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır: “Bakı şəhəri Xətai Rayon Məhkəəsinin 2(011)- 2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsindən tərəfimdən apellyasiya şikayəti qanunla müəyyən edilmiş vaxtda verilmiş, lakin elektron kabinetə əlavə edilmədiyimdən onun geri qaytarılması haqqında məlumatım olmamışdır. Bildirirəm ki, qətnamədə göstərilən bir sıra hallarla razı deyilik və həmin qətnamədən apellyasiya şikayəti vermək hüququndan istifadə etmək istəyirik. Lakin, qeyd edilən qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində şikayət versək də, şikayətimiz geri qaytarılmışdır. Göstərilən əsəslar apellyasiya şikayəti vermək hüququnu üzürlü səbəbdən məhdudlaşdırmışdır.” Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2078/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh X2 ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan verilən şikayətdə göstərilmişdir ki, “cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan məlumatı olmamağına baxmayaraq məhkəmə iş materiallarında olan xəbərnaməyə istinad etmiş və xəbərnamənin Babayev Babəkin adından Dəmirova Aygün adlı şəxs tərəfindən imzalandığını qeyd etmişdir. Lakin məhkəmə X5 Babəkin adından məktubları qəbul etmək və ya digər müvafiq səlahiyyətlərinin olub-olmamasını və ya Aygün Dəmirovanın ümumiyyətlə şəxsiyyətini müəyyən etməmişdir. Prosessual normanın mahiyyətindən də göründüyü kimi məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs onu aidiyyəti olmayan şəxsə vermişdir. Hesab edirəm ki Aygün Dəmirovanın qərardadı qəbul etməsi onun Babayev Babəkə rəsmi qaydada verilməsi anlamına gəlməməlidir. Lakin məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmadığından qanunsuz və əsassız qərar qəbul edərək Aygün Dəmirovanın qərardadı qəbul etməsini onun rəsmi qaydada Babayev Babəkə çatdırılması kimi qiymətləndirmişdir. Göründüyü kimi məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış və Aygün Dəmirovanın səlahiyyətini və şəxsiyyətini müəyyən edərək mövcud vəziyyətin hazırda qüvvədə olan normalara uyğun olmadığını qiymətləndirməmişdir. Hesab edirəm ki, məhkəmənin bu qərardadı ləğv edilməlidir.” Cavabdehin qeyd edilən qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görəm məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, cavabdeh Babək Babayev Məhkəmənin xx.xx.2023cü il tarixli qətnaməsindən birinci dəfə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, lakin həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6720/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə AR Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavədə qeyd edilmiş forma və məzmuna uyğun verilmədiyindən qeyri-mümkün hesab edilmiş və cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı cavabdeh Babayək Babəyin nümayəndə-vəkili A.Rəfiyevanın elektron kabinetinə isə xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir. Daha sonra Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən apellyasiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla cavabdeh X2 apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd edilən qərardad poçt vasitəsilə onun ünvanına göndərilmiş və xəbərnaməyə imza edilməklə xx.xx.2023-cü il tarixində “Aygün Dəmirova” adlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi cavabdeh Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından 3 ay sonra xx.xx.2024-cü il tarixdə ikinci dəfə apellyasiya şikayəti verərkən müddəti ötürməsini Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından məlumatlı olmaması ilə əsaslandırmışdır. Kollegiya cavabdehin ərizədə müddəti ötürməsinin üzrlü səbəbi kimi istinad etdiyi həmin dəlillə razılaşmır və hesab edir ki, iş materialları ilə əsasında bu dəlilin əsaslı olması qənaətinə gəlmək olmur. Belə ki, əvvala kollegiya qeyd edir ki, cavabdeh Babək Babayev onun qətnamədən verilmiş ilkin apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsi və həmin şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsini təsbit edən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6720/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixdə nümayəndə-vəkilinin elektron kabinetinə yerləşdirilməsi vasitəsilə məlumatlı olmuşdur. Yəni, cavabdeh artıq həmin tarixdən etibarən ilkin olaraq verdiyi apellyasiya şikayətinin forma-məzmun baxımından uyğunsuzluğundan və geri qaytarılacağından xəbərdar olmuşdur. Bundan əlavə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı cavabdeh Babək Babayevin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində özünün ünvanı kimi qeyd etdiyi 8 Noyabr prospekti , “X10”-nə göndərilmiş və orada xx.xx.2023-cü il tarixində “Aygün Dəmirova” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. Qeyd edilənlər əsasında kollegiya belə qənaətə gəlir ki, cavabdeh Babək Babayevin müddətin bərpasından ötrü ərizədə istinad etdiyi hal üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Çünki işin faktiki hallarından gəlinən qənaətə görə o, qətnamədən verdiyi ilkin apellyasiya şikayətinin geri qaytarılmasından məlumatlı olmuş, buna baxmayaraq, növbəti şikayətini uzun müddət sonra təqdim etməklə müddəti üzrlü əsaslar olmadan ötürmüşdür. Şikayətin dəlillərinə münasibətdə kollegiya bildirir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsində göstərdiyi, bununla da məhkəməyə sonuncu məlum olan ünvanına çatdırılmış və orada “Aygün Dəmirova” adlı şəxs qərardadı qəbul etmişdir. Bununla belə cavabdeh nə həmin ünvanın, nə də qeyd edilən şəxsin ona aidiyyətinin olmaması ilə bağlı hər hansı dəlili irəli sürməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, MPM-nin 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilən normanın hazırki işə analoji qaydada tətbiqindən çıxış etdikdə kollegiya hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı cavabdehə rəsmi qaydada verilmiş hesab edilməlidir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməklə düzgün nəticəyə gəlmişdir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2078/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar