Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5604/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-924/21) iddia təmin edilməmişdir. Sözügedən qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 12.06.2020-ci il tarixdə idarə etdiyi "Chevrolet Spark" markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə "VAZ-21723" markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı BDYPİ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuşdur və hadisə baş verən zaman avtomobili nikah şəhadətnaməsi əsasında idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ-21723" markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobilə 200 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə, 23.06.2020-ci il tarixli İAS 200625 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 200 manat sığorta ödənişi həyata keçirilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Göründüyü kimi, nikah şəhadətnaməsi yol hərəkətinin iştirakçıları üçün idarəetmə hüququnu təsdiq edən sənəd hesab olunmur. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, avtomobilin qanunsuz idarə olunmasına dair barəsində hər hansı bir inzibati protokol və ya qərar mövcud deyildir. Bu mənada iddiaçının, avtomobili qanunsuz idarə etdiyi əsası ilə subroqasiya qaydasında pul tələb etməsi əsassızdır. Digər tərəfdən, "Chevrolet Spark" markalı, **-VP-*** qeydiyyat nişanlı avtomobil arvadı tərəfindən 29.02.2020 tarixində alınmışdır. Nikaha 08.05.2007-ci il tarixində daxil olmuşlar. Göründüyü kimi avtomobil nikah dövründə əldə olunmuşdur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. O cümlədən Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 37-ci maddəsinə əsasən sürücü nəqliyyat vasitəsinin sahibi olmadıqda digər sadalanan sənədləri təqdim etməlidir. Ailə Məcəlləsinin 32.1 və Mülki Məcəllənin 225.1-ci maddələrinə əsasən avtomobilin sahibi sayılır. Bu fakt avtomobilin qeydiyyat şəhadətnaməsi və nikah şəhadətnaməsi ilə sübut olunur. Bu halda ondan etibarnamə, müqavilə və bənzər bu kimi sənədlərin tələb olunması əsassızdır. Digər tərəfdən Ailə Məcəlləsinin 32.1 və Mülki Məcəllənin 225.1-ci maddələrinə əsasən nikah şəhadətnaməsi həmin avtomobilə dair onun mülkiyyət hüquqlarını təsdiq edir. Bu faktı sübut etmək üçün əlavə sənəd təqdim etməməlidir. Əgər Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə Mülki Məcəllə arasında ziddiyət varsa və ya Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu onun mülkiyyət hüquqlarını məhdudlaşdırırsa, hesab edir ki, Mülki Məcəllə əsas götürülməlidir. X6 Aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Yuxarıda deyilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması və iddianın təmin olunması xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddəsi ilə əsaslandıraraq göstərmişdir ki, Xətai Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən nikah şəhadətnaməsinin avtomobilə sahiblik hüququnu təsdiq edən sənəd olub-olmamasına hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, şəxsin idarəetmə hüququ olmadan avtomobili idarə etməsi iş materiallarına əlavə edilmiş inzibati tənbehvermə haqqında qərarda öz əksini tapmamışdır. İdarəetmə hüququnun olmadığını təsdiq edən səlahiyyətli dövlət orqanı tərəfindən hər hansı qərarın qəbul edilməsinin subroqasiya hüququnun yaranması üçün məcburiliyi sığorta qanunvericiliyində qeyd edilməmişdir. Çünki, inzibati məsuliyyətə cəlb edilmə mülki-hüquqi məsuliyyət daşımanın ilkin və məcburi şərti kimi çıxış etmir. Əks halda, preyudisiallıqdan söhbət gedə bilər ki, bu hal da qanunvericilikdə birbaşa öz əksini tapmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə istinad edilmiş və sürücünün avtomobilə sahiblik hüququnu təsdiq edən sənəd kimi ümumi mülkiyyət haqqında şəhadətnamə göstərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Cavabdeh 12.06.2020-ci il tarixdə, 21.07.2011-ci il tarixdə verilmiş AB418016 nömrəli sürücülük vəsiqəsi və nikah şəhadətnaməsi əsasında idarə etdiyi X2 məxsus "Chevrolet Spark" markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus olan, X3 idarə etdiyi "VAZ-21723" markalı **- FU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq ona zərər vurulmuşdur. İddiaçının tələbi cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində sığorta ödənişinin tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmaması iddia olunsa da, iddiaçı tərəfindən iddia ərizəsinə bu barədə heç bir mötəbər sübut əlavə edilməmiş, məhkəmə baxışı zamanı isə məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməklə xətaları törədilməsinə görə məsuliyyət nəzərdə tutan normaların mövcud olmasına baxmayaraq, iş materiallarında olan inzibati txəta haqqında protokolun və inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, cavabdeh həmin inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb edilməmişdir. Beləliklə də, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında ödənilmiş sığorta məbləğini tələb etmək hüququnun yaranması əsaslandırılmamışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1108-ci, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci və s. maddələr ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə idarəetmə hüququnun olmadığını təsdiq edən səlahiyyətli dövlət orqanı tərəfindən hər hansı qərarın qəbul edilməsinin subroqasiya hüququnun yaranması üçün məcburiliyi sığorta qanunvericiliyində qeyd edilməmişdir. Çünki, inzibati məsuliyyətə cəlb edilmə mülki-hüquqi məsuliyyət daşımanın ilkin və məcburi şərti kimi çıxış etmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Göründüyü kimi, nəqliyyat vasitəsinin qanunsuz idarə edilməsi halı heç bir sübutla təsdiq edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5604/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5604/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver