Məhkəmə qərarları › İş №2(103)-561/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-561/2023

01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-561/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Həsənqulu qızının cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı Həsənqulu qızı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Həsənqulu qızı (bundan sonra iddiaçı) cavabdehlər "xxxx" ASC-yə (bundan sonra cavabdeh sığorta şirkəti) və Cavabdeh2 (bundan sonra cavabdeh) qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş 5770 manat məbləğində ümumi maddi zərərin ödənilməyən 3458 manat məbləğində hissəsinin və Cavabdeh2 vurduğu mənəvi zərərə görə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:40 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində idarə etdiyi özünə məxsus “Jeep” markalı, **-TD- *** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən cavabdeh idarə etdiyi “Hyundai Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun avtomobilini vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərbənin təsirindən onun avtomobili parklanma vəziyyətində olan “Mazda” markalı, 90- HR-166 dövlət qeydiyyat nişanlı avtomobilə toxunmuşdur.

3. Cavabdeh2 yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır.

4. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.

5. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” 000504 nömrəli arayışından görünür ki, ona məxsus “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sağ qapısı və avtomobilin qabaq hissəsi xarici əzintilərə məruz qalmış, zədələnmişdir.

6. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərarı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə saat 07:40-da Yasamal rayonunun H.Məcidov küçəsi ərazisində “Hyundai Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozması xətasını (327.2) və yol hərəkəti qaydalarını pozduqdan sonra yol nəqliyyat hadisəsi yerindən yayınması xətasını (327.6.) törətdiyinə görə təqsirli hesab edilərək barəsində 100 manat məbləğində cərimə tənbeh növü seçilmiş, qərardan şikayət verilməmiş və qüvvəyə minmişdir.

7. Cavabdeh T.Nəsirova sığorta şirkətində sığortalı olduğu üçün müraciəti əsasında hadisə ilə bağlı cavabdeh sığorta şirkəti tərəfindən sığorta aktı tərtib edilmiş, dəymiş ziyanın məbləğinin 4090 AZN olduğu qeyd edilmiş, ona 2312,83 AZN ödənilməsi qərara alınmışdır. Dəymiş ziyanın sığorta şirkəti tərəfindən tam şəkildə ödənilməməsi “Mazda” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə də zərər vurulması, sığorta şirkətinin onun da zərərini ödəyəcəyi ilə və qanunvericiliklə müəyyən edilmiş zərər qarşılama limitinin olması ilə əsaslandırılmışdır.

8. İddiaçı bildirir ki, o, həm bununla, həm də zərərin məbləği ilə razılaşmamış, özü mütəxəssislərə müraciət etmiş, nəticədə onun avtomobilinə 5770 manat məbləğində real zərər vurulduğu müəyyən olunmuşdur. Həmin məbləğin 2312 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilsə də, yerdə qalan 3458 AZN zərər nə sığorta şirkəti, nə də təqsirkar tərəfindən ödənilməmişdir.

9. Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ASCdən vurulmuş maddi ziyana görə 2227,17 (iki min iki yüz iyirmi yeddi manat 17 qəpik) manat məbləğində pul vəsaiti və 91 (doxsan bir) manat dövlət rüsumunun tutularaq, İddiaçı Həsənqulu qızının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qərara alınmışdır.

10. İddiaçı və Cavabdeh2 qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir.

11. Cavabdeh sığorta şirkəti qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

12. Cavabdeh sığorta şirkəti apellyasiya şikayətində qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələbinə görə icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir. Sığorta şirkəti olaraq onlar tərəfindən xx.xx.2021-ci il tarixdə mütənasib qaydada iddiaçıya məxsus “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə 2312,83 manat, hadisə nəticəsində digər zərərçəkmiş “Mazda” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X3 isə 2687,17 manat məbləğ ödənmişdir ki, bu məbləğlərin də cəmi qanunla bir sığorta hadisəsi üçün müəyyən olunmuş 5000 manat təşkil edir.

13. Beləliklə də, məlum olur ki, sığorta şirkəti tərəfindən xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə öhdəliyinə düşən 5000 manat vəsait ödənilmişdir. Buna baxmayaraq, rayon məhkəməsi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya cəmi 4540 manat məbləğində ziyan dəydiyini, həmin məbləğdən 2312,83 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini, belə olan halda hazırkı iddia tələbinin qanuni və əsaslı olduğunu, bu səbəbdən də qismən təmin edilərək, cavabdeh sığorta şirkətindən vurulmuş maddi ziyana görə 2227,17 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçının xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. Apellyasiya şikayətinə görə rayon məhkəməsinin həmin qənaəti əsassız və qanunsuz olmuşdur. Tərəflərin izahatı:

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh sığorta şirkətinin nümayəndəsi M.Mirzəbutov apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və bildirdi ki, sığortaçı olaraq onların məsuliyyətinin həddi qanunla konkret müəyyənləşdirilmişdir, bu məbləğ 5000 manat təşkil edir, sığortaçı yalnız həmin məbləğ həddində məsuliyyət daşıyır, lakin buna baxmayaraq rayon məhkəməsi qanunun imperativ tələblərinin və bu işlər üzrə oturuşmuş məhkəmə praktikasına ziddinə qətnamə qəbul etmişdir. Bununla yanaşı, cavabdehin nümayəndəsi göstərdi ki, bir yol- nəqliyyat hadisəsi zamanı neçə avtomobilə və ya şəxsə maddi zərərin dəyməsindən asılı olmayaraq, qanunun tələbinə və onların mövqeyinə görə bu bir sığorta hadisəsi hesab olunur və buna dair qüvvədə olan çoxsaylı məhkəmə aktları mövcuddur.

15. Hazırkı halda olduğu kimi, bir yol-nəqliyyat hadisəsi zamanı iki və daha çox şəxsə zərər vurulmasına baxmayaraq, icbari sığorta qanunvericiliyinin, konkret olaraq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2., 56 və 58.3-cü maddələrinin tələbinə görə, bu hal bir sığorta hadisəsi hesab olunur və sığorta ödənişinin məbləği də həmin qanunda müəyyən olunmuş hədlə məhdudlaşır. Əks yanaşma, yəni bir yol-nəqliyyat hadisəsi zamanı birdən artıq üçüncü şəxsin əmlakına zərərin vurulması halında, hər zərərçəkənə münasibətdə bunun ayrıca sığorta hadisəsi kimi qəbul olunması, icbari sığortanın mahiyyətinə zidd olmaqla yanaşı, həm də sığorta şirkətlərinin iflasına səbəb ola bilər.

16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, ona dəymiş zərərin məbləği mübahisələndirilmir, həm də sığorta şirkəti tərəfindən ona ödənilmiş və məhkəmənin qət etdiyi məbləğ ümumilikdə götürüldükdə (2312,83 manat + 2227,17 manat =4540 manat) qanunla müəyyən olunmuş 5000 manat həddini aşmır, ona görə də cavabdeh sığorta şirkətinin istinad etdiyi dəlillər əsassızdır, çünki qanunun 10.2-ci və 56-cı maddələrində bir sığorta hadisəsindən bəhs olunur, qətnamə qanuni və əsaslıdır.

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, hadisə baş verən vaxt onun maşını dayanacaqda dayanmışdı, onun hadisədə bir təqsiri olmamışdır, lakin protokolda hadisənin onun təqsiri ucbatından baş verdiyi göstərilir, o protokolu mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

19. "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış Cavabdeh2 idarə etdiyi “Hyundai Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Həsənqulu qızına məxsus “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilə və hadisənin üçüncü iştirakçısı X3 məxsus “Mazda” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi ziyan dəymişdir.

20. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin vəzifəli şəxsi polis polkovniki X4 xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci (yolayrıcı keçmə qaydalarının pozulması) və 327.6-cı maddələrində (yol hərəkəti qaydalarını pozduqdan sonra yol nəqliyyat hadisəsi yerindən yayınma) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə edilmə tənbeh növü seçilmişdir.

21. "xxxx" ASC tərəfindən sığorta aktları tərtib edilmiş, “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın məbləğinin 4090 manat, “Mazda” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin isə 4752 manat olduğu müəyyən edilmişdir. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə"də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limitin 5000 manat təşkil etməsi və həmin məbləğin zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən az olması, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mülanasib surətdə ödənilməsi nəzərə alınmaqla, iddiaçıya 2312,83 manat, X3 isə 2687,17 manat ödənilməsi qərara alınmış və həmin məbləğdə sığorta ödənişləri onlara ödənilmişdir.

22. “Hibrid City” avtoservisi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli təmin aktının surətindən görünür ki, “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın məbləği 4400 manat təşkil edir.

23. Alqı-satqı kassa çeklərinin surətindən görünür ki, İddiaçı Həsənqulu qızı avtomobilin təmiri üçün ön sağ fara- 230 AZN, ön lampa- 350 AZN, ön işığın dumannı oçkisi- 50 AZN, su radiatoru – 250 AZN, kondisioner radiatoru – 240 AZN, ön oblisovka 100 AZN, ön sağ dumannı – 150 AZN, cəmi 1370 manatlıq ehtiyat hissələri satın almışdır.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3301 saylı eksperti rəyindən görünür ki, Xalq Sığorta” tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Jeep Compas” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4540 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-3270 manat; təmir-bərpa işlərinin qiyməti 1270 manatdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir. 1.2. Bu Qanunun Xüsusi bölməsinin müddəaları yalnız həmin bölmənin müvafiq fəsilləri ilə müəyyən olunan icbari sığorta növünə şamil edilir. 1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

27. 3.1. Bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsipləri aşağıdakılardır:

28. 3.1.2. sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı;

29. 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.

30. 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

31. 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

32. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

33. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

34. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

35. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

36. 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

37. 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

38. 58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

45. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

48. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

49. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

50. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

53. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

54. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Hüquqi dəyərləndirmə:

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh sığorta şirkətinin şikayətinə əsasən sığorta şirkətinə aid mübahisələndirilən hissədə yoxlayır.

58. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən cavabdeh sığorta şirkətinə aid hissədə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi cavabdeh sığorta şirkətinə münasibətdə təmin edilməməlidir.

59. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-561/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin həmin qanunun 3.2.1., 4.1., 10.2., 13.1., 13.2. və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır.

60. Həmin müraciətdə qeyd edilmişdir ki, tərəflər arasında eyni bir məsələyə, yəni icbari sığorta münasibətləri zamanı sığorta hadisəsinə səbəb olan bir yol-nəqliyyat hadisəsi nəticəsində birdən artıq üçüncü şəxslərin əmlakına zərər vurulduğu halda, həmin üçüncü şəxslərə sığorta ödənişinin hansı məbləğdə ödənilməsinə dair tamamilə fərqli yanaşmalar mövcuddur.

61. Belə ki, iddiaçı tərəf bildirmişdir (hesab edir) ki, ona zərərəin vurulması özözlüyündə ayrıca bir sığorta hadisəsidir və vurulmuş zərərinin 5000 manat məbləği həddində qarşılanması onun icbari sığorta qanunvericiliyinin müdafiəsinə təminat verdiyi qanuni haqqıdır.

62. Baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində (hazırkı işdə olduğu kimi) birdən artıq üçüncü şəxsin əmlakına zərər vurulması faktı hər bir zərərçəkənə münasibətdə ayrı-ayrılıqda sığorta hadisəsi hesab olunmalıdır, yoxsa bir yolnəqliyyat hadisəsi elə bir sığorta hadisəsi hesab edilir.

63. Məsələnin müzakirəsi zamanı həm hakimlər, həm digər hüquqşünaslar, eləcə də sığorta sahəsinin mütəxəssisləri iki fərqli, həm də biri digərini inkar edən mövqedə olmuşlar, həmçinin hər iki mövqeyin tərəfdarlarının yetərli hesab oluna biləcək əsasları və istinad etdikləri maddi hüquq norması mövcuddur. Birinci mövqedə olanlar hesab edirlər ki, icbari sığorta münasibətlərində bir yol nəqliyyat hadisəsi nəticəsində hansı sayda şəxsin əmlakına zərər vurulmasından asılı olmayaraq bu, bir sığorta hadisəsidir və müvafiq olaraq da sığorta məbləğinin son həddi olan 5000 manat vurulmuş zərərə mütənasib olaraq zərərçəkənlər arasında bölüşdürülməlidir.

64. Bu mövqeyin tərəfdarları bildirirlər ki, bu yanaşma “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci və 58.3-cü maddəsində birbaşa təsbit olunmuşdur, qeyd edilən maddələri qanunun 56 və digər əlaqəli normaları ilə əlaqəli təfsiri və təhlili də həmin qənaətin əsalı olduğunu təsdiqləyir. Həm də uzun illərin mövcud məhkəmə təcrübəsi də bu yöndə olmuşdur. Eyni zamanda, onlar hesab edirlər ki, bir yol-nəqliyyat hadisəsi zamanı birdən artıq üçüncü şəxsin əmlakına zərər vurulması halında onların hər birinin ayrı-ayrılıqda sığorta hadisəsi hesab edilməsi, öz-özlüyündə icbari sığortanın mahiyyətinə zidd olmaqla yanaşı, həm də bu hal sığorta şirkətlərinin müflis olmasına səbəb ola bilər. İkinci mövqedə olanlar hesab edirlər ki, icbari sığorta münasibətlərində bir yolnəqliyyat hadisəsi zamanı birdən artıq şəxsin əmlakına zərər vurulması halında, bu, hər bir zərərçəkənə münasibətdə ayrı sığorta hadisəsi hesab edilməl və söğorta məbləğinin son həddi kimi müəyyən edilmiş 5000 manat hər bir zərərçəkənə münasibətdə tətbiq olunmalıdır.

65. Bu mövqedə olanlar hesab edirlər ki, bu yanaşma “İcbari sığortalar haqqında” Qanunun icbari sığortanın əsas prinsiplərini müəyyən edən 3-cü, icbari sığortanın məqsədlərini müəyyən edən 4.1-ci, sığorta hadisənin anlayışını müəyyən edəndən 13cü, əmlaka dəyən zərərin anlayışını müəyyən edən 15-ci, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsəd və təyinatını müəyyən edən 50.1-ci, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsini müəyyən edən 52.1-ci, eləcə də sığorta məbləğini müəyyən edən 56cı maddələrinin sistematik və məntiqi təfsiri bu qənətin əsaslı olduğunu təsdiqləyir, qanunun 58.3-cü maddəsi isə hansı hadisənin, halın və ya faktın sığorta hadisəsi olması məsələsini deyil, yalnız sığorta hadisəsinin özünə aid məsələləri tənzimləyir.

66. Eyni zamanda, onlar hesab edirlər ki, bu yanaşma icbari sığortanın mahiyyətinə nəinki zidd deyil, əksinə, onun mahiyyətinə və güddüyü məqsədlərə tam uyğundur. Bu mövqeyin tərəfdarları həmçinin də hesab edirlər ki, bir yol-nəqliyyat hadisəsi zamanı birdən çox üçüncü şəxsə zərər vurulması halında, bunun hər zərərçəkənə münasibətdə ayrıca sığorta hadisəsi hesab olunmasının sığorta şirkətlərinin iflasına səbəb olacağı barədə fikirlər də əsassızdır, çünki ümumi məlumatlara görə bir yol-nəqliyyat hadisəsi zamanı birdən çox üçüncü şəxsə zərərin vurulması həmin növ icbari sığorta hadisələrinin ümumi sayının 3-5 faizini, bu vaxt həmin hadisələr zamanı üçüncü şəxslərə dəyən əmlak zərərinin ümumi məbləğinin 5000 manatdan artıq olması faizi isə 1-2 faiz təşkil edə bilər ki, bu da həmin növ üzrə ümumi sığorta hadisələrinə münasibətdə olduqca əhəmiyyətsiz bir hissə deməkdir.

67. Beləliklə də, göründüyü kimi, tərəflərin də istinad etdikləri “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci, 56-cı və 58.3-cü maddələrinin həmin qanunun əlaqəli digər normaları ilə sistematik və məntiqi təfsiri və təhlili də mübahisəli məsələyə dair vahid qənaətə gəlinməsinə kifayət etməmişdir.

68. Həmin müraciətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 14 aprel 2023-cü il tarixli qərarı qəbul etmişdir.

69. Həmin qərara əsasən:

1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.

2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

4. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.

70. Hazırkı mübahisəli məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarı ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməməsi müəyyən edilmişdir.

71. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə görə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat təşkil edir.

72. Cavabdeh sığorta şirkəti tərəfindən xx.xx.2021-ci il tarixində mütənasib qaydada iddiaçıya məxsus “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə 2312,83 manat, hadisə nəticəsində digər zərərçəkmiş “Mazda” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobin sahibi X3 isə 2687,17 manat məbləğ ödənmişdir ki, bu məbləğlərin də cəmi qanunla bir sığorta hadisəsi üçün müəyyən olunmuş 5000 manat təşkil edir.

73. Belə olan halda, sığorta şirkəti tərəfindən xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə öhdəliyinə düşən 5000 manat vəsait ödənildiyindən birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh sığorta şirkətinə münasibətdə təmin etməkdə haqlı olmamışdır.

74. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

75. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin

76. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün təfsir etməyərək, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin cavabdeh sığorta şirkətinə aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi cavabdeh "xxxx" ASC-yə aid hissədə təmin edilməməlidir. Nəticə:

77. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün təfsir etmədiyindən, qətnamə qismən, iddia tələbinin cavabdeh sığorta şirkətinə aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi cavabdeh "xxxx" ASC-yə aid hissədə təmin edilməməlidir.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

79. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıdan cavabdeh sığorta şirkətinin xeyrinə tutulmalıdır.

80. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə aid təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdeh "xxxx" ASC-yə aid hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 45.50 manat İddiaçı Həsənqulu qızından alınaraq cavabdeh "xxxx" ASC-yə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar