Məhkəmə qərarları › İş №2(103)-561/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-561/2024

11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-561/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nın Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı MMC-nın vəkili Vəkil1, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nın Cavabdeh qarşı “kommunal xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3890/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Babək prospekti 15 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki 88 saylı mənzilə dair Cavabdeh mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. Mənzil hazırda da onun mülkiyyətindədir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat idarəsi tərəfindən 2023-cü il tarixdə təsdiq edilmiş nizamnaməyə əsasən İddiaçı MMC xx.xx.2023-cü il tarixdə İddiaçı MTK-nın çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və təhvil aktına uyğun olaraq İddiaçı MTK-nın hüquqi varisidir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, e-2(011)-6231/2023 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Babək prospekti 15 ünvanında yerləşən "xxxx" MMC-nin yaşayış binasının 7ci mərtəbəsindəki 88 mənzilə düşüb-qalxmaq üçün liftdən istifadəyə görə Cavabdeh yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi "xxxx" MMC-yə və "xxxx" MMC-yə həvalə edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ödənilməmiş 2.356,96 manat məbləğində kommunal xərclərin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nobel prospekti 15, Azure Residens ünvanında yerləşən binaya idarəedici təşkilat olaraq “X7” MMC xidmət göstərir. Sakinlərlə bağlanılan xidmət müqavilələri əsasında aylıq xidmət haqqı hesablanmışdır. Cavabdeh müvafiq xidmətlərdən yararlanmasına baxmayaraq, ödəniş etməkdən yayınır. Nəticədə, cavabdehin 2.356,96 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müştəri kart hesabından çıxarışa əsasən cavabdeh bu il ərzində 1 ay üçün hesablanmış xidmət haqqını ödəmiş, qalan aylar üzrə xidmət haqqını ödəməmişdir. Cavabdehin 1 ay üzrə xidmət haqqını ödəməsi tərəflər arasında faktiki müqavilə münasibətlərinin mövcudluğunun göstəricisidir.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tələbində göstərilənləri təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İddiaçının ümumiyyətlə iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Kommunal xərclərlə bağlı iddiaçı ilə hər hansı müqavilə bağlanmamış və onunla aralarında bu istiqamətdə hər hansı razılıq belə olmamışdır. O, həmin mənzilin mülkiyyətçisidir və 2018-ci ildən ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Kommunla xərclərlə bağlı hər hansı bir müqavilə bağlamasalar da, mənzillə bağlı "xxxx" MMC-yə ödənişlər etmişdir. xx.xx.2018-ci il tarixdə müddətsiz xidmət müqaviləsi əsasında binada yerləşən və mülkiyyətində olan avtodayanacaqdan istifadəyə görə 100 manat aylıq xidmət haqqı ödəmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3890/2023 saylı qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “kommunal xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X10)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 2 məhkəmə hazırlıq iclası və 1 məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, iddia ərizəsində qeyd olunan xüsusatlar, iddiaçının tələbə dair subyektiv hüququnun olmasını təsdiq edən sübutlar və iddia tələbi üzrə digər sübutlar (müqavilə, razılaşma, borcun yaranma əsasları, meyarları, borc məbləğinin hüquqi və faktiki əsasları, hesablanma qaydası, düsturu və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla belə məhkəmə o halı da qeyd etmişdir ki, iddia təmin olunsa belə cavabdehdən tutulmalı pulun məbləğini müəyyən etmək mümkün deyil. Bundan əlavə, mülki iş üzrə elektron məhkəmə informasiya sistemində və iddia ərizəsində iddiaçı qismində İddiaçı MTK qeyd edilməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq materiallar “X7” MMC-yə məxsusdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmi edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh sahə mülkiyyətçisi hesab edildiyindən qanunla müəyyənləşdirilmiş vəzifəsini yerinə yetirməlidir. Mənzil mülkiyyətçisinin kommunal xidmətlərin dəyərini ödəmək vəzifəsi vardır. Odur ki, əsaslı olaraq Cavabdeh adına hesablanmış 2.356,96 manat məbləğində kommunal xidmət haqqı ödənilməlidir. Cavabdeh sözügedən çoxmənzilli binanın ümumi əmlakının saxlanılmasına, təmirinə, ona məxsus sahənin saxlanılmasına görə heç bir haqq ödəməmişdir. Məhkəmə isə cavabdehin qanunla üzərinə qoyulmuş vəzifəsini kobudcasına pozmasına heç bir məhəl qoymadan qətnamə çıxarmışdır. Məlum olduğu kimi, sözügedən çoxmənzilli binanın idarəçiliyi "xxxx" MMC tərəfindən həyata keçirilir. Bununla ələqədar əksəriyyət təşkil edən sahə mülkiyyətçiləri ilə yazılı müqavilə bağlansa da, bəzi mülkiyyətçilərlə isə şifahi formada razılaşma olmuşdur. Məhkəmə qətnaməsində iddia ərizəsində “X8” MTK ilə “X8” MMC qeyd olunması məsələsinə toxunmuşdur. Bununla bağlı məhkəməyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin məlumatları təqdim edilmişdir. Cavabdehlə aralarında yazılı müqavilənin olmaması göstərilən kommunal xidmətlərlə bağlı ödənişlərin həyata keçirilməməsi üçün əsas ola bilməz. "xxxx" MMC-nin həmin ərazidə xidmət göstərməsini təsdiq edən əlavə müqavilələr iş materiallarına əlavə edilmişdir. Həmin müqavilələrdən biri də məhz “Azəriqaz” İB ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədir ki, həmin müqavilədə də iddiaçının həmin ərazidə fəaliyyəti ilə bağlılığı göstərilmişdir. Bundan əlavə digər mülkiyyətçilərlə olan yazılı müqavilə də məhkəmə sənədlərinə əlavə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC üçün vergi kodu təyin edilmişdir. Həmin vergi kodu da təqdim edilmiş sənədlərin tərkibindədir. Həmin vergi kodu ilə iddiaçının əhatə etdiyi fəaliyyət sahəsi müəyyənləşdirilmişdir. Məhkəmə təqdim edilən sübutlara qiymət vermədən qərar çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı işin faktiki hallarına və iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyası İddiaçı MTK-nın xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə çevrilərək yenidən təşkil edildiyini və həmin cəmiyyətin iddiaçının hüquqi varisi olduğunu nəzərə alaraq, İddiaçı MTK-nı onun hüquqi varisi olan İddiaçı MMC ilə əvəz etmişdir.

14. Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və buna uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı verilmiş yazılı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüququ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2.3-cü və 135.2.4-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir; 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.;

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.2.4-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında nümayiş etdirilmiş mövqeyi rəhbər tutaraq hazırki apellyasiya şikayətinin dəlili kimi göstərilməsə də, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.

26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MTK xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra xx.xx.2023-cü il tarixdə çevrilmə nəticəsində İddiaçı MMC olaraq yenidən təşkil edilmiş və cəmiyyət İddiaçı MTK-nın hüquqi varisidir. Bununla belə, İddiaçı MTK iddiaçı qismində cavabdehə qarşı hazırki iddianı qaldırdıqdan (xx.xx.2023-cü il) təxminən bir ay sonra (xx.xx.2023-cü il) təşkilati hüquqi formasını dəyişərək, İddiaçı MMC-yə çevrilmiş və hüquqi nəticə etibarı ilə qətnamə çıxan xx.xx.2023-cü il tarixə mövcud olmamışdır. Qeyd edilən çevrilməni təsdiq edən “X7” MMCnin nizamnaməsi birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

27. Lakin bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi həmin nizamnaməyə düzgün hüquqi qiymət verməmiş, o cümlədən İddiaçı MTK-ni onun hüquqi varisi olan “X7” MMC ilə əvəz etməmiş və hüquqi nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdən mövcud olmayan iddiaçının iddiası üzrə qətnamə qəbul etmişdir. Bununla da mülki işə baxılması zamanı prosessual pozuntuya yol verilmişdir.

28. Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

32. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır.

33. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

34. Hazırda iddiaçı cavabdehin yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış binasına kommunal xidmətlər göstəriyini, iddiaçının həmin xidmətlərdən yararlanmasına baxmayaraq, bunun üçün müəyyənləşdirilmiş aylıq xidmət haqqlarını ödəmədiyini, nəticədə kommunal xidmətlərə görə 2.356,96 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin ondan tutulmasını tələb edir.

35. Lakin iddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış binasında kommunal xidmətlərin göstərilməsi üzrə bütün fəaliyyətin ona həvalə olunduğunu təsdiq edəcək hər hansı sübut təqdim edə bilmir. Hər bir halda, iddiaçının kommunal xidmətlərin göstərilməsi və bunun müqabilində haqq tələb etməsi üçün buna səlahiyyətli olan şəxslə onun arasında, daha sonra isə cavabdehlə arasında bağlanmış müqaviləyə (səlahiyyətli şəxs tərəfindən ona verilmiş səlahiyyətlərə) söykənən hüquqi əsas olmalıdır. Cavabdeh isə kommunal xidmətlərin göstərilməsinə görə hər ay kommunal haqları əvvəllər "xxxx" MMCyə ödənildiyini bildirir.

36. Bununla belə, iddiaçının həmin binada kommunal xidmətlərin göstərilməsi səlahiyyətlərinə malik olmasını, habelə onunla cavabdeh arasında bu sahədə qarşılıqlı öhdəliklərin yaranmasını (xidmətlərin göstərilməsi – xidmət haqqının ödənilməsi) təsdiq edən hər hansı sübut yoxdur. Ümumiyyətlə iddiaçı tərəfindən göstərilən xidmətlərin dairəsi və cavabdehdən tələb edilən kommunal haqqın miqdarının hesablanması qaydası və üsulunun özü qeyri-müəyyəndir. Bu baxımdan mövcud vəziyyətdə iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir.

37. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 387-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3890/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “kommunal xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar