Məhkəmə qərarları › İş №2(103)-5613/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5613/2021

10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5613/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(001)-443/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehə borc kimi verdiyi 223301 manat pulun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödədiyi 30 manat pulun, ümumilikdə 223331 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında əvvəllər qarşılıqlı etimada əsaslanan münasibətlər olmuş, 2014-cü ilin fevral, iyul və oktyabr aylarında cavabdeh ondan gümüş məmulatlarının birgə alveri ilə məşğul olmaq məqsədi ilə, habelə oğlunun törətdiyi avtoqəza hadisəsi ilə bağlı pula ehtiyacı olduğuna görə 70000, 50000 və 80000 manat olmaqla cəmi 200000 manat borc almışdır. Cavabdeh borcunu qaytara bilmədiyinə özünə məxsus olan evi iddiaçının adına keçirəcəyini vəd etmiş, həmin evə görə 34500 manat kredit borcunu bağlayacağı təqdirdə evi onun adına keçirəcəyini bildirmişdir. İddiaçı 34500 manat pulu 19 may 2016-cı il tarixdə Cavabdeh versə də, sonuncu evi iddiaçının adına keçirməyərək vədinə əməl etməmişdir. Cavabdeh iddiaçıdan aldığı 234500 manat puldan 11199 manatı geri qaytarmış, 223301 manatı isə qaytarmamışdır. Cavabdeh ona qarşı dələduzluq edərək külli miqdarda pul vəsaitini ələ keçirdiyinə görə o, şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna müraciət etmiş, Nərimanov Rayon Prokurorluğu tərəfindən 23 sentyabr 2016-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi qaldırılmışdır. 11 oktyabr 2019-cu il tarixə qədər cinayət işinin ibtidai istintaqı davam etmiş və tərəflər arasında münasibətlərin mülki xarakterli olması qənaətinə gəlinərək işin icraatına xitam verilmişdir. Cinayət işinin materiallarında olan cavabdehin yazdığı və öz imzası ilə təsdiqlədiyi qəbzdə cavabdeh iddiaçıdan pul aldığını etiraf etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(001)- 443/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 213301 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə qeyri-obyektiv olmaqla yanaşı, iş üzrə əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə onların arasında borc münasibətləri olmamış, iddiaçı onlara yalnız kredit almaqda köməklik göstərmişdir. İddiaçı onun səsini qanunsuz yazmaqla Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozmuş, birinci instansiya məhkəməsi isə qanunsuz yolla əldə olunmuş sübutdan istifadə etmişdir. İddiaçı ona borc verdiyi halda, bunu notarial qaydada təsdiq edilmiş borc müqaviləsi ilə etməli idi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(001)-443/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Yenə həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarında olan sübutlardan görünür ki, tərəflər arasında faktiki olaraq borc münasibətləri yaranmışdır. Belə ki, İddiaçı cavabdehin ona pul borclu olmasını sübuta yetirmək üçün sonuncudan yazılı qəbz almış və aralarında olan danışığı mobil telefon vasitəsilə yazmışdır. Həmin sübutlar İddiaçı məxsus külli miqdarda pulun Cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı zamanı tədqiq edilmişdir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 30 noyabr 2017-ci il tarixli 28422 saylı rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 01.06.2016-cı il tarixli qeyd kitabçasının səhifəsində “Mən Cavabdeh 07.02.2014, 10.07.2014, 21.10.2014-cü tarixdə İddiaçı 190 min, 34,500 AZN almışam. Qaytarmaq məqsədilə almışam lakin məyən səbəblərə görə qaytara bilmirəm və qaytamamışam. Özüm yazdım öz imzamla təsdiqləyirəm.” yazıları və həmin yazıların aşağı tərəfindəki imza Cavabdeh tərəfindən icra olunmuşdur. (i.v.34, 78- 81) İbtidai istintaq zamanı keçirilmiş məhkəmə fonoskopik ekspertizasının 1 dekabr 2017-ci il tarixli 24280 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı CD diskdə əks olunan səs yazıları İddiaçı və Cavabdeh məxsusdur. Danışıqların məzmunundan görünür ki, Cavabdeh İddiaçı ilə olan danışığı zamanı sonuncuya 225000 manata yaxın məbləğdə pul borclu olduğunu etiraf etmiş və borclarını qaytaracağını bildirmişdir. Həmin işin istintaqı zamanı Cavabdeh həm əlyazmanın onun tərəfindən yazılmasını, həm də səs yazısının ona aid olmasını etiraf etmiş, əlyazmanı təzyiq altında yazdığını, səs yazısındakı etirafını isə mübahisənin böyüməməsi, oğlanlarının bu işə qarışmaması üçün etdiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə 224500 manat pul verməsi (190000+34500=224500), cavabdehin ona olan borcundan 3 ay boyunca 3733 manat olmaqla ümumilikdə 11199 manat ödəniş etdiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edib 213301 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən cavabdehin səsinin gizlicə yazılmaqla Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması, birinci instansiya məhkəməsinin qanunsuz yolla əldə olunmuş sübutdan istifadə etməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən təqdim olunmuş səs yazısı qanunsuz sübut kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən Cavabdeh borc verilərkən yazılı formada müqavilə bağlanmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin yarandığı 2014-cü ildə 3000 manatdan yuxarı məbləğdə borcun verilməsinə dair müqavilənin yazılı formada bağlanmasına dair mülki qanunvericilikdə norma olmamış, həmin norma Mülki Məcəlləyə 31 may 2016-cı ildə daxil edilmiş və 30 iyun 2016-cı ildə qüvvəyə minmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(001)- 443/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar