Məhkəmə qərarları › İş №2(103)-5616/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5616/2021

02.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5616/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlərə məxsus, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsində olan, iddiaçıya məxsus ağacların əvəzi pulla ödənilsin. İddiaçı 140 ədəd alma ağacının əvəzi kimi 55.440 manat, 12 ədəd gilas ağacının əvəzi kimi 17.280 manat, cəmi 72.720 manat tələb edib. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Torpaq sahəsi cavabdeh tərəfə məxsusdur, ağacları isə ora iddiaçı əkib, bu barədə mübahisə yoxdur. İddiaçı ağacları cavabdehlərin razılığı olmadan əkib. Cavabdeh tərəf bildirir ki, ağaclar onlara lazım deyil, ağacların dəyərini ödəmək istəmirlər, bundan başqa, ağacların bir hissəsi artıq öz ömrünü (məhsuldarlıq dövrünü) başa vurub, iddiaçının ağacları çıxarıb aparmasına (başqa yerə köçürməsinə) heç bir etirazları yoxdur. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Ağacların başqa yerə köçürülməsi mümkündür, bu, torpaq sahəsinə zərər vurmur. 157.7-ci maddənin göstərişi əşyalara aid olsa da ağaclara da şamil oluna bilər. Belə ki, Mülki Məcəllənin 135.3-cü maddəsinə görə bitkilər əşya deyildir, onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir, əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə də şamil edilir. Ona görə də hazırkı mübahisədə ağaclar “ayrıla bilən yaxşılaşdırma” sayılır. Beləliklə, ağacların torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkün olduğuna görə iddiaçı ağacların dəyərinin ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar