Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5616/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “hərracın yekunları barədə protokolun və nəticələrinin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “hərracın yekunları barədə protokolun və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-413/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 450000 manat pul və ödənilmiş 743 manat dövlət rüsumunun X4 tutularaq mülki iddiaçı X5 ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs X11 tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1356/2023 nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır.
2. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 2(004)- 5344/2020 nömrəli xx.xx.2020ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, cavabdeh X4 68000 manat pul tutularaq iddiaçı X7 xeyrinə ödənilməlidir.
3. xx.xx.2023-cü il tarixli xx/xx-150960/18 nömrəli məktuba əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli 170930/18 nömrəli sifariş Cavabdeh2 MMC-yə göndərilmişdir.
4. "xxxx" MMC-nin 28 aprel 2023-cü il tarixli QXM 3442 nömrəli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 100000 manat, likvid dəyəri isə 85000 manat təşkil edir.
5. Cavabdeh2 MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin hərracın keçirilməsi vaxtı 13 iyun 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 5000 manat təşkil etmişdir.
6. Cavabdeh2 MMC-nin hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş ilkin hərrac baş tutmamışdır.
7. Cavabdeh2 MMC-nin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 90.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 25 iyun 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4500 manat təşkil etmişdir.
8. Cavabdeh2 MMC-nin hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır.
9. Cavabdeh2 MMC-nin Təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 80.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 14 iyul 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4000 manat təşkil etmişdir.
10. Cavabdeh2 MMC-nin hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır.
11. Cavabdeh2 MMC-nin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 70.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 28 iyul 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 3500 manat təşkil etmişdir.
12. Cavabdeh2 MMC-yə ünvan 2i ünvanında yaşayan Cavabdeh1 açıq hərracda iştirak etmək üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və 3500 manat beh ödəmişdir.
13. Cavabdeh2 MMC-nin Açıq hərracın yekunları barədə 28 iyul 2023-cü il tarixli 181/23 nömrəli Prokoluna əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalib alıcı, fiziki şəxs Cavabdeh1 tərəfindən 71.000 manat dəyərində əldə edilmişdir.
14. X12 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, hərrac predmeti olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2023-cü ilin aprel ayı üzrə bazar dəyəri 278.000 manat, likvid dəyəri isə 236.000 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 450 manat təşkil etmiş və iddiaçı X9 tərəfindən ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı X9 cavabdehlər Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. İddiaçı X9 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə yazılı vəsatətlə müraciət edərək Cavabdeh1 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmişdir.
17. İddiaçı X9 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini “müvafiq fərdi yaşayış evinin satılması üçün yenidən hərrac keçirilməsi” hissəsində azaltmış, ərizə icraata qəbul edilmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 413/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 450000 manat pul və ödənilmiş 743 manat dövlət rüsumunun təqsirləndirilən şəxs X4 tutularaq mülki iddiaçıya ödənilməsi barədə hökm qəbul edilmiş və hökmün icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir. Hökmün icrası və borclu X6 digər şəxslər qarşısındaki öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə icra şöbəsi tərəfindən borclu X8 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və 170930/18 nömrəli xx.xx.2023-cü il tarixli sifarişlə müvafiq evin hərrac vasitəsilə satışı Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Həmin hərrac qanunsuz formada həyata keçirilmiş, əmlakın hərracda satışına dair elan verilməmiş, əmlakın ilkin satış qiyməti 100.000 manat müəyyən edilsə də, 71.000 manat dəyərində satılmışdır. Odur ki, hərracın nəticələri etibarsız hesab edilməlidir.
19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, borclu X8 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışına dair açıq hərracın yekunları barədə 181/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokol və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və ekspertiza xərci kimi iddiaçı tərəfindən ödənilmiş 450 manat pul Cavabdeh2 MMC-dən tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. (hakim X14)
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh bankın nümayəndəsi iddiaçının hərracın keçirilməsi barədə lazımi qaydada məlumatlandırıldığını və hərracın qanunauyğun şəkildə keçirildiyini bildirsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmiş, bunları yalnız izahatlarında bildirməklə kifayətlənmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi hərracın keçirilməsinə dair bildirişlərin onlar tərəfindən alındığını, məktubun üzərində isə surətlərinin iddiaçının ünvanına göndərilməsinin qeyd edildiyini, həmçinin onlar tərəfindən bir dəfə hərracın keçiriləcəyi barədə məlumatın iddiaçıya göndərildiyini bildirmişdir. Lakin qeyd edilməlidir ki, məktubun üzərində digər şəxslərin də ünvanına göndərilməsinin qeyd edilməsi bildirişin həmin şəxslərə həqiqətən də göndərildiyini təsdiq edən fakt kimi çıxış edə bilməz. Bu hal yalnız göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi vasitəsilə təsdiq oluna bilər. Həmçinin bankın iddiaçını hərracın keçirilməsi ilə bağlı bir dəfə məlumatlandırması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsi bilavasitə hərrac təşkilatının üzərinə düşsə də bank tərəfindən məktubun göndərildiyini təsdiq edən sənəd təqdim edilmiş, lakin həmin sənəddən göründüyü kimi, məktub ünvan sahibi ilə əlaqə yaratmaq mümkün olmadığından geri qaytarılmışdır. Hərrac təşkilatından hərrac işinin materiallarının göndərilməsi ilə bağlı məhkəmə sorğusu verilsə də, eləcə də sübutların təmin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul olunsa da həmin qərardad icra olunmamışdır. Belə ki, Yasamal Rayon İcra şöbəsinin icra məmurunun məktubuna əsasən hərrrac təşkilatına icra sənədinin göndərilməsinə baxmayaraq icra şöbəsinə heç bir məlumat daxil olmamışdır. Hərracın keçirilməsi zamanı elanlar verilməsinin qanunvericinin müəyyən etdiyi imperativ tələb olmasına baxmayaraq, “X2 Mərkəzi” MMC tərəfindən hərracın təşkilatçısı kimi hərracın keçirilməsinə və baş tutmamasına dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə bildirişlərin göndərilməsini və elanların verilməsini təsdiq edən subutların məhkəməyə təqdim olunması təklif olunsa da, cavabdeh həmin sübutların onlarda mövcud olmadığından təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, müvafiq işlərdə sübut etmə yükü, yəni tərəflərin hərrac keçirilərkən məlumatlandırılması və elanların verilməsini sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Tərəfin sübut etmədiyi halları isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hərracın keçirilməsi barədə iddiaçının məlumatlandırılmasını, bu barədə və hərracın baş tutmamış hesab edilməsi haqda elanların verilməsini təsdiq edən sübutların təqdim edilmədiyini, ümumiyyətlə iddiaçının Market qəzetinin həmin dövrdə fəaliyyət göstərməməsi ilə bağlı dəlillərinin əksini təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılmamış, hərracların keçirilməsi və baş tutmaması barədə elanlar dərc olunmamışdır. Nəticədə hərraclar barədə bildirişlərin göndərilməsi və elanların dərc olunması qaydalarına əməl edilməyərək, əmlak ilkin satış qiymətindən qırx faiz aşağı qiymətə tələbkar bank tərəfindən əldə edilmişdir. Bununla da iddiaçı hərracın keçirilməsində iştirak etmək, daşınmaz əşyanı ilkin satış qiymətinə hərracdan əldə etmək imkanlarından məhrum olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçıya yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan xəbərsiz və qanun pozuntuları ilə keçirilməsi, elanların verilməməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmışdır. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Eyni zamanda “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə uyğun olaraq, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci, 414.4-cü,415-ci, 416-cı, 337.1-ci, 354-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü, 61-ci, 62-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 81-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanunvericiliyə əsasən Cavabdeh1 əmlakı vicdanlı əldə edəndir, yəni Cavabdeh1 ev alması qanunvericiliklə müəyyən edilmiş qaydada baş vermişdir. Əzimova Nisənin iddia qaldırması, Cavabdeh1ı“vicdanlı əldə edən” statusundan məhrum etmir. Qanunvericilik vicdanlılıq faktının əşya verilənə qədər mövcud olmasını şərtləndirir. Hazırki mübahisədə Cavabdeh1 əmlakı hərrac yolu alarkən vicdanlı olmuşdur və iş materiallarında bunu istisna edən hal yoxdur. Hətta Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı halda əmlakı əldə edən alıcı vicdanlı hesab edilir. Hərrac keçirilən zaman Əzimova Nisənin hər hansı qanuni qüvvəsini almış məhkəmə qərarı olmamış və Cavabdeh1 da Əzimova Nİsə ilə bağlıməhkəmə mübahisələrdən məlumatı olmamışdır. Əzimova Nisə xx.xx.2024-cü il tarixdə, yəni qanunda nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə tam qanunsuz şəkildə iddia müddətinin tətbiqindən imtina etmiş, qeyd etmişdir ki, hər hansı hüquqi nəticə yaratmayan hüquqi aktın mübahisələndirilməsinin zamana tabe tutulması normanın qarşısına qoyduğu məqsədlərə uyğun deyildir. Məhkəmənin bu mövqeyi də onun mübahisəyə subyektiv və ədalətsiz yanaşmasının bariz nümunəsidir. xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın Əzimova Nisənin tələbkar olduğu icra sənədi ilə heç bir əlaqəsi olmasa da, məhkəmə formal mülahizə əsasında Əzimova Nisənin subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Hərrac xx.xx.2023-cü il tarixdə keçirilmiş, Əzimova Nisəyə aid olan məhkəmə hökmü isə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni ev başqa bir icra sənədinin icrası ilə əlaqədar hərraca çıxarılmış və həmin vaxt icra qurumunda Əzimova Nisə ilə bağlı heç bir icra işi olmayıb. Sadalanan hallar hazırki mübahisədə Əzimova Nisənin iddia qaldırmaq üçün subyektiv hüququnun olmasını birmənalı istisna edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iddiaçı X9 apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, icra mərhələsində müəyyən edilmişdir ki, Nərimana məxsus olan əmlak, başqa şəxsə olan borcunun bağlanılması məqsədilə Cavabdeh2 MMC-nin təşkil etdiyi hərrac nəticəsində 70.000 manata satılması müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən mənzil 4 dəfə hərrac keçirildikdən sonra satılmışdır. Evin satıldığı Nicat adlı şəxs orada yaşadığını bildirsədə, evə real baxış keçirilən zaman orada yaşayış olmadığı müəyyən edilmişdir. Digər tərəfdən isə evin real bazar qiyməti 278.000 manat olması müəyyən edilmişdir. Digər tələbkara olan borcun əsaslı və qanuni olmamasını sübuta yetirə bilməsə də, hesab edirlər ki, sözügedən icra işi qəsddən aparılmış, nəticədə qarşı tərəf iddiaçının borcunu ödəməkdən yayınmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
26. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə apellyasiya şikayətinə iş üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir;
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
29. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-ci maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
35. Hazırkı işin faktiki hallarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 413/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 450000 manat pul və ödənilmiş 743 manat dövlət rüsumunun X4 tutularaq mülki iddiaçı X5 ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs X11 tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1356/2023 nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 2(004)- 5344/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, cavabdeh X4 68000 manat pul tutularaq iddiaçı X7 xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli xx/xx-150960/18 nömrəli məktuba əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli 170930/18 nömrəli sifariş Cavabdeh2 MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 28 aprel 2023-cü il tarixli QXM 3442 nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 100000 manat, likvid dəyəri isə 85000 manat təşkil edir. Cavabdeh2 MMC-nin Açıq hərracın keçirilməsinə dair xx.xx.2023- cü il tarixli bildirişə əsasən, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin hərracın keçirilməsi vaxtı 13 iyun 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 5000 manat təşkil etmişdir. Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş ilkin hərrac baş tutmamışdır. Cavabdeh2 MMC-nin Tərar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən, ilkin satış dəyəri 90.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 25 iyun 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4500 manat təşkil etmişdir. Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır. Cavabdeh2 MMC-nin Tərar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən, ilkin satış dəyəri 80.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 14 iyul 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4000 manat təşkil etmişdir. Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır. Cavabdeh2 MMC-nin Təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən, ilkin satış dəyəri 70.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 28 iyul 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 3500 manat təşkil etmişdir. Cavabdeh2 MMC-yə ünvan 2i ünvanında yaşayan Cavabdeh1 açıq hərracda iştirak etmək üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və 3500 manat beh ödəmişdir. Cavabdeh2 MMC-nin Açıq hərracın yekunları barədə 28 iyul 2023-cü il tarixli 181/23 nömrəli Prokoluna əsasən, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalib alıcı, fiziki şəxs Cavabdeh1 tərəfindən 71.000 manat dəyərində əldə edilmişdir. X12 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, hərrac predmeti olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2023-cü ilin aprel ayı üzrə bazar dəyəri 278.000 manat, likvid dəyəri isə 236.000 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 450 (dörd yüz əlli) manat təşkil etmiş və iddiaçı X9 tərəfindən ödənilmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, kollegiya qeyd edir ki, iddiaçı X3 hazırki iddia tələbi üzrə subyektiv hüququ olduğundan mübahisə predmeti olan hərracın nəticələri iddiaçının tələbkar kimi hüquqlarına birbaşa təsir etmişdir. Baxmayaraq ki, hərrac digər icra sənədi əsasında həyata keçirilmişdir, Belə ki, hərrac obyektinin dəyərindən dəfələrlə aşağı satılması digər icra sənədi üzrə tələbkarın tələbini təmin etsə də, qalıq məbləğin qalmaması iddiaçının müvafiq hökm əsasında verilmiş icra vərəqəsi üzrə tələbinin icrasız qalmasına səbəb olmuşdur. Yəni, həmin əmlak hərracda obyektiv olaraq bazar dəyərində satışa çıxarılmış olsa da, digər icra sənədi üzrə öhdəlik icra edildikdən sonra (68000 manat), qalıq vəsait iddiaçının tələbkar olduğu icra sənədinin icrasına yönəldilməklə tələbin ən azında qismən icrasına şərait yaradacaqdı. Yəni, keçirilmiş hərracın nəticələri hazırki mülki iş üzrə iddiaçının hüquqlarına bilavasitə təsir etmişdir.
37. Hərrac dəyəri bazar dəyərindən 3 dəfəyə yaxın aşağı məbləğdə ilkin hərraca çıxarılmışdır. Əmlakın bazar dəyəri 278.000 manat təşkil etsə də, "xxxx" MMC-nin rəyinə əsasən 100.000 manat məbləğində qiymətləndirilməklə ilkin hərraca çıxarılmışdır. İş materiallarında olan hökmdəki məlumatlara və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, həm Cavabdeh1, həm də borclu X1 rayonu, Bədalan kəndinin sakinləridir.
38. Beləliklə, kollegiya qeyd edir ki, hərracın nəticələrinin formal əsaslarla pərdələnməsi yolverilməzdir.
39. İddia müddətinin tətbiqinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, göstərilən halla bağlı birinci instansiya məhkəməsi yetərli olan əsaslandırmasını vermişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.