Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5619/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə səlahiyyətli dövlət orqanının əməkdaşlarının baxış keçirmələrinə yaradılan maneələrin qadağan olunması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 Rzabəy oğluna qarşı “texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən 1 saylı ev Bakı şəhər X5 İcraiyyə Komitəsinin Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” texniki pasporta əsasən Bəhrıgül Abutalıb qızının və Fətdarbəy Mirzəbəy oğlunun adınadır.
2. X4 1982-ci ildə, Bəhrəgül Abutalıb qızı isə 1983-cü ildə vəfat etmişlər.
3. ünvan 1 ünvanında yerləşən 1 saylı evdə İddiaçı, Cavabdeh1, Cavabdeh2 qeydiyyatdadırlar.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 5 oktyabr 1909-cu il təvəllüdlü Bəhrəgül Əbətalib qızının İddiaçı nənəsi, 29 mart 1982ci il tarixdə ölmüş atası - Fətdarbəy Mirzəbəy oğlunun isə anası olması faktının müəyyən edilməsi qət edilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu Sidqi Həbibbəylinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi döngə 2 ev 1 barədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinasının əsassız hesab edilməsi qət edilmişdir.
6. 4 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 2210 nömrəli xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı müraciəti əsasında mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1982-ci ildə ölmüş X2 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlara əsasən mərhum X2 adına olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanında olan fərdi yaşayış evi üzərində hüquqların mərhum X3 məxsus olması barədə arayışın verilməsi ilə bağlı İddiaçı ərizəsinə baxılmış, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 Rzabəy oğluna (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə mütəxəssislər tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmasının cavabdehlərə həvalə edilməsi, bununla bağlı hər hansı bir maneənin yaradılmasının onlara (cavabdehlərə) qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Balaxanı qəsəbəsi, Cahangirov küçəsi (keçmiş Yaroslavski) dalan 2, ev 1 ünvanında yeləşən fərdi yaşayış evi 1963-cü ildə tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”a əsasən mərhum X1nun və mərhum nənəsi Bəhrəgül Abutalıb qızının adınadır. X1 1982-ci ildə, nənəsi Bəhrəgül Abutalıb qızı isə 1983-cü ildə vəfat etmişlər. Atası və nənəsinin vəfatından sonra qeyd olunan ünvanda yerəşən fərdi yaşayış evi miras qalmışdır. Sonrdan o, miras əmlakla bağlı 4 saylı Bakı "ASAN XİDMƏT” mərkəzindəki notariat ofisinə müraciət etmiş, müraciəti əsasında həmin notariat ofisində X1nun adına vərəsəlik işi açılmışdır. Öz növbəsində 4 saylı Bakı "ASAN XİDMƏT” mərkəzindəki notariat ofisində vərəsəlik işi açıldıqdan sonra 18 sentyabr 2023-cü il tarixli 2210 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə müraciət edərək miras qoyanın - X2 adına Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Balaxanı qəsəbəsi, Cahangirov küçəsi (keçmiş Yaroslavski) dalan 2, ev 1 ünvanında yeləşən daşınmaz əmlaka (fərdi yaşayış evi) dair dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur. Miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Balaxanı qəsəbəsi, Cahangirov küçəsi (keçmiş Yaroslavski) dalan 2, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi "A” və "B” tikilisindən ibarətdir. O, öz ailə üzvləri ilə birmərtəbəli olan "B” tikilisində yaşayır. Digər vərəsələr olan cavabdehlər isə "A” tikilisində yaşayırlar. "A” tikilisi iki mərtəbəlidir. Baxmayaraq ki, "A” və "B” tikilisi bir ünvanda yerləşir, həmin tikililər faktiki olaraq bir-birindən təcrid olunmuş tikililərdir. Orada yaşayan hər üç ailə yaşadıqları sahələrdən ayrıca giriş-çıxışı olmaqla istifadə edilir. 4 saylı Bakı "ASAN XİDMƏT” mərkəzindəki notariat ofisi məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə müraciət etdikdən sonra həmin qurumun mütəxəssisləri fərdi yaşayış evi üzərində hüquqların mərhum X1na məxsus olması barədə arayışın verilməsi məqsədi ilə ilkin olaraq texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin ünvanda olmuş, lakin cavabdehlər yaşadıqları sahədə mütəxəssislər tərəfindən qeyd edilən işlərin aparılmasına maneçilik törədərək şərait yaratmamışlar. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hazırda müəyyən yaş həddinə çatmışdır və istəyir ki, yaşadığı evə dair mülkiyyət hüququ əldə etsin. Lakin cavabdehlərin miras əmlakla bağlı bu prosesin ilkin mərhələsi olan texniki baxışın keçirilməsi və inventarlaşdırma işlərinin aparılmasına şərait yaratmamaqla maneçilik törətmələri çətinliklərin yaranmasına səbəb olmuşdur.
10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
11. Birinci instansiya məhkəməsinin 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının Cavabdeh1 və Cavabdeh2 qadağan olunması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının mərhum X1na və mərhum nənəsi Bəhrəgül Abutalıb qızına məxsus olmuş, X4 1982-ci ildə, Bəhrəgül Abutalıb qızı isə 1983-cü ildə vəfat etmiş, iddiaçının müraciəti əsasında xx.xx.1982-ci ildə ölmüş X2 adına vərəsəlik işi açılmış və sonuncudan miras qalmış ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən xahiş olunmuş, həmin İdarənin mütəxəssisləri miras əmlaka ilkin olaraq texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün ünvana gəlsələr də, cavabdehlər mütəxəssislər tərəfindən zəruri işlərin aparılmasına maneçilik törətmiş, bu səbəbdən miras əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində iddiaçı miras əmlaka mülkiyyət hüququ əldə edə bilmir.
13. Məhkəmə öz qənaətini Mülki Məcəllənin 152.1-ci, 152.5-ci, 157.4-cü, 157.8ci, 178.1-ci, Torpaq Məcəlləsinin 55-ci, 68-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə, Avropa Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.
14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın həmin hissədə də rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının öz iddia tələbini sübuta yetirə bilmədiyi, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka baxış keçirilməsinə heç bir maneə yaratmadığı, məhkəmənin işi hərtərəfli araşdırmadan səhv nəticəyə gəldiyi, iddiaçının vərəsəlik şəhadətnaməsini qanunsuz şəkildə əldə etdiyi və bu barədə digər vərəsələri məlumatlandırmadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
15. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahat
16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh də məhkəməyə gəlməmişdir.
17. İşin halları, cavabdehin (apellyatorun) teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
28. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin “ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının Cavabdeh1 qadağan olunması” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamə ilə razılaşmış, digər Cavabdeh2 isə ümumiyyətlə şikayət verməmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçı mərhum X2 vərəsəsidir və qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında X2 adına vərəsəlik işi açılaraq ondan miras qalan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən xahiş olunmuşdur.
42. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Əsasnaməsi”nin 3.0, 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifəsidir.
43. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanladığı məktubdan, mübahisəsi gedən evə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə maneələr yaradıldığı aydın olur – hansı ki, belə maneənin yaradıldığını işin hallarına və Cavabdeh1 apellyasiya şikayətində irəli sürdüyü arqumentlərə əsasən də ehtimal etmək mümkündür. Bu cür maneənin hazırda evin “A” tikilsində yaşamayan iddiaçının özü tərəfindən yaradıldığı ağlabatan olmadığına görə, onun məhz cavabdeh(lər) tərəfindən yaradıldığı qəbul edilməlidir.
44. Bu zaman həm də nəzərə alınmalıdır ki, əgər müvafiq baxışın keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmırsa, bununla əlaqdar çıxarılan qətnamə cavabdehin hər hansı mənafeyinə toxunmayacaqdır.
45. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun nümayəndəsinin məhkəmənin hazırlıq iclasında iştirak etdiyi və məhkəmə baxışının vaxtı haqqında lazımi qaydada məlumatlandırıldığı, həmin iclasın məhz cavabdehlərin gəlməməsinə görə təxirə salındığı aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
46. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğvi üçün əsas deyildir.
47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğ apellyatorun özünə aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2841/2024 saylı iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının Cavabdeh1 qadağan olunması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov