Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5623/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional şöbəsinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1378/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində anası X7 vəfat etməsi ilə bağlı cavabdehlərin mülki qanunvericiliyin tələblərini pozan hüquqa zidd əməlləri nəticəsində ona vurulmuş maddi zərərə görə 10.000 manat, mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsatinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan “SAZ NP 37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobusu Cavabdeh2 icarəyə vermiş və xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsinin idarə edilməsini ona etibar etmişdir. Cavabdeh2 cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional şöbəsi ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən Atyalı yaşayış massivi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi məntəqələri arasında 551 nömrəli avtobus marşrutu üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirir. Həmin marşrut üzrə istifadə edilən bu mikroavtobusun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə edilməsi üçün Cavabdeh2 tərəfindən Rafiq Əliyev, Elxan Nəcəfov və Nahib Qarayev adlı şəxslərə yol vərəqəsi verilmişdir. X14 xx.xx.2019-cu il tarixdə 551 saylı marşrut üzrə bu mikroavtobusu “D” kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə edərək, yol-nəqliyyat hadisəsi törətmişdir (idarə etməni itirmiş və nəticədə onun idarə etdiyi mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq başqa bir avtomobillə toqquşmuşdur). Hadisə zamanı mikroavtobusda olan sərnişin X15 aldığı xəsarətlər nəticəsində xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bununla bağlı başlanmış cinayət işinə məhkəmədə baxılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-387/2020 saylı hökmünə əsasən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci, 186.2.2-ci və 263-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1 il müddətinə, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 4 il müddətinə və Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbayca Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X9 qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda iddiaçı anasının ölümü ilə bağlı ona vurulmuş maddi və mənəvi zərərə görə cavabdehlərin mülki məsuliyyət daşıdığını, məhz onların hüquqa zidd əməlləri nəticəsində qanunvericiliyin tələblərinin pozulduğunu və ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir. İddiaçının dəlillərinə əsasən yol nəqliyyat hadisəsi baş verən günü “SAZ NP 37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobus Cavabdeh2 məxsus olan 551 saylı marşrut üzrə qanunsuz istifadə edilmiş, həmin nəqliyyat vasitəsi ilə bağlı etibarnamə Cavabdeh2 onun mülkiyyətçisi Cavabdeh3 tərəfindən yalnız xx.xx.2019-cu il tarixdə, yəni hadisədən yeddi ay sonra verilmiş, bu səbəbdən hadisə günü Cavabdeh2 həmin nəqliyyat vasitəsini idarə etmək və ya 3-cü şəxslərə etibar etmək üçün yol vərəqəsi vermək hüququ olmamışdır. Nəcəfov X10 Tural Tofiq oğlu ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən həmin mikroavtobusun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə olunması üçün Əliyev Rafiq, Nəcəfov Elxan və Qarayev Nahib adlı şəxslərə yol vərəqəsi vermişdir. Halbuki, həmin vaxt bu əmlakın idarə olunması ilə bağlı ona etibarnamə verilmədiyindən, bu şəxslərə yalnız Cavabdeh3 tərəfindən yol vərəqəsi verilə bilərdi. Lakin onların arasında bağlanmış icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq edilməmiş və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanda, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmamışdır. Bu da öz növbəsində onların arasında bağlanmış icarə müqaviləsinin saxta olduğunu təsdiq edir. Həmçinin, qeyd edilən nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olmasını və onun xəttə buraxılmasının mümkünlüyünü təsdiq edən 04, 05 və 06 fevral 2019-cu il tarixli aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın tələblərinə zidd olaraq, buna hüququ olmayan təmir ustası Əfqan Zalovun, kalon rəisi Siyavuş Əsgərovun və marşrut xəttinin sahibi Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. Halbuki, həmin qaydalara əsasən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi və icazə verdiyi fiziki şəxs tərəfindən təşkil edilmiş müayinə məntəqəsində yoxlanılmalı və həmin məntəqənin möhürü ilə təsdiq edilmiş arayış verilməlidir. Bu səbəbdən hesab edir ki, qeyd edilən pozuntulara yol vermiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ona vurulmuş zərərə görə mülki məsuliyyət daşıyırlar. İddiaçının dəlillərinə əsasən cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional şöbəsi də daşımaların təşkili ilə bağlı qanunvericiliyin tələblərini pozduğu üçün ona vurulmuş maddi və mənəvi zərərə görə mülki məsuliyyət daşıyır. Belə ki, bu qurumla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə “Avtomobil nəqliyyatı ilə mərşrut üzrə sərnişin daşıma xədmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanan zaman “SAZ NP 37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobus onun mülkiyyətində, o cümlədən istifadəsində və ya icarəsində olmamış, lakin bu hal həmin qurum tərəfindən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yoxlanılmamışdır. Həmçinin, Cavabdeh2 bu qanunun tələblərinə uyğun olaraq 551 nömrəli marşrut xətti üzrə şəhərdaxili sərnişin daşımalarının yerinə yetirilməsinə müsabiqə əsasında cəlb edilməmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1378/2022 saylı 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1, 1108.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
11. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
12. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
13. Maddə 1099.1 hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir;
14. Maddə 1099.2 bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun;
15. Maddə 1108.1 ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;
16. Maddə 1108.2 yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1378/2022 saylı 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin “Cavabdeh3 maddi və mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verdiyi xx.xx.2019-cu il tarixdə “SAZ NP37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobus qanuni əsaslarla (xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında əldə edilmiş icarə hüququ ilə) onun deyil, digər şəxsin, yəni Cavabdeh2 istifadə və sahibliyində olmuşdur. Bu da öz növbəsində hazırki iddia üzrə Cavabdeh3 hər hansı formada və məbləğdə zərərin tutulmasını istisna edir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Cavabdeh2 maddi və mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, bu şəxs icarə hüququ əsasında onun istifadəsində olan “SAZ NP37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobusun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə edilməsi üçün Rafiq Əliyevə, Elxan Nəcəfova və Nahib Qarayevə yol vərəqəsi vermişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini alımış xx.xx.2020-ci il tarixli, 1(101)-387/2020 saylı hökmü ilə də təsdiq edilir. Həmin şəxslərin Cavabdeh2 ilə əmək münasibətlərində olması müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə onların arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin gün qeyd edilən mikroavtobusu idarə edərkən yol nəqliyyat hadisəsini törətmiş X14 isə Cavabdeh2 işçisi olmamış, o cümlədən onunla əmək və ya mülki hüquq münasibətlərində olmamış, sonuncu nə hadisə günü, nədə ki, bundan əvvəl həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona hər hansı tapşırıq və ya səlahiyyət verməmişdir. Ümumiyyətlə onların hadisədən əvvəl biri-birini tanıması müəyyən edilmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini alımış xx.xx.2020-ci il tarixli, 1(101)- 387/2020 saylı hökmündə əks olunmuş şahid ifadələrinə əsasən xx.xx.2019-cu il tarixdə mikroavtobus X9 onu yol vərəqəsi əsasında idarə etmək səlahiyyəti olan X16 tərəfindən verilmişdir. X5 ilə yanaşı öz ifadələrində şahidlər X4 və X3 da bildirmişdir. Bu şəxslərlə X14 arasında keçirilmiş üzləşmə zamanı onlar həmin ifadələrində göstərdikləri bu xüsusatı Nəsirov Həmin idris oğlunun üzünə qarşı bir daha təsdiq etmişdilər. X8 mikroavtobusu xx.xx.2019-cu il tarixdən X2 razılığı ilə idarə etməyə başlaması barədə ifadəsi isə öz təsdiqini tapmamışdır. Bununla belə, xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi (mülki hüquq pozuntusu (delikt)) Cavabdeh2 ilə əmək münasibətlərində olan və ya onun tapşırığı ilə mikroavtobusu idarə edən hər hansı şəxs tərəfindən deyil, onunla hər hansı münasibətdə olmayan X14 tərəfindən törədilmişdir. Bu səbəbdən onun tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş hər hansı zərər üçün Cavabdeh2 məsuliyyət daşıya bilməz.
28. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd edir ki, iddiaçının dəlilləri (icarə hüquqlarının qeydə alınmaması, etibarnamə olmadan yol vərəqəsinin verilməsi və sair) cavabdehlərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün əsas yaradır. Lakin onlardan iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulmasını şərtləndirmir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional şöbəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı dəlilini də əsassız hesab edir. Eyni zamanda, qeyd olunmalıdır ki, yol nəqliyyat hadisəsinin mikroavtobusun texniki baxımdan nasaz olması səbəbindən baş verməsi öz təsdiqini tapmır.
30. Məhkəmə kollegiyası, iddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı ümumilikdə qeyd edir ki, iddiaçı hadisə nəticəsində anasının xəsarət alması ilə bağlı müxtəlif məsələlər, o cümlədən anasının bir ay müddətində müayinə və müalicə olunması üçün 10.000 manat məbləğində vəsait sərf etdiyini iddia edir və bu məbləğin əvəzini ona vurumuş maddi zərər olaraq cavabdehlərdən 10.000 manat məbləğində pulun tutulmasını tələb edir. Lakin bu məqsədlər üçün hər hansı ödənişin aparılmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Bu da öz növbəsində cavabdehlərin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərər üçün maddi məsuliyyət daşıdıqları halda belə iddia tələbinin bu hissədə təmin edilməsini qeyrimümkün edir.
31. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1378/2022 saylı, 29 mart 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.