Məhkəmə qərarları › İş №2(103)-5626/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5626/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5626/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(001)- 1836/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 ABŞ dollarının ödəniş gününə uyğun olaraq, Azərbaycan manatı ilə tutularaq ona ödənilməsi barədə qətanamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi uzun illərdir ki, tanımışdır. Belə ki, illər öncə evinin təmirini ona həvalə etmişdir. Elə həmin vaxtdan cavabdehlə münasibəti yaranmış, dəfələrlə təmir işləri ilə bağlı ona müraciət etmişdir. Beləcə aralarında qarşılıqlı inam formalaşmışdır. 2015-ci ildə cavabdeh ona müraciət edərək, şəxsi məqsədləri üçün pul vəsaitinə ehtiyacı olduğunu bildirmişdir. Həmin dövrdə maddi vəziyyəti yaxşı olduğundan onun xahişini yerinə yetirmişdir. 14 noyabr 2015-ci il tarixində cavabdeh tərəfindən ona borc müqaviləsinin əvəzinə qəbz verilmişdir. Adıçəkilən qəbzə əsasən cavabdeh ondan 3700 ABŞ dolalrı borc almış və 5 ilə ərzində qaytarmalıdır. Lakin vaxtın tamam olmasına baxmayaraq cavabdeh ona borcunu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur.Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il, tarixli 2(001)- 1836/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 3700 (üç min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1836/2021 saylı iş üzrə 02.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə məhkəmə İddiaçı ona qarşı “borc tələbinə» dair iddiası üzrə qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamış, iddiaçının iddiasını təmin edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Qətnamə MPM-nin 88-ci maddəsinə zidd olmaqla qanuni və əsaslı deyildir. Bildirir ki, o, borc pulu manatla götürmüş, dollarla yox. Onun cavabdehə 3700 manat və 140 manat ödənəcək borcum var. Bunu etiraf edir və qısa müddətdə ödəyəcəyini qeyd etmişdir. Özünün yaşlı təqaüdçü və gəlir yerinin olmadığını qeyd etmişdir. Belə bir vəziyyətdə o, 3700+140 manat borcun yerinə, niyə görə 3700 dollar ödəməli olduğunu qeyd etmişdir. Göstərilən qanun pozuntularını nəzərə alaraq, hesab edir ki, 1-ci instansiya məhkəməsi işin bütün hallarını tam araşdırmayıb, səhv nəticəyə gəlmişdir. Ona görə də qətnamə AR-sı MPM-nin 385.1.3cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan, Cavabdeh tərəfindən İddiaçı yazılan 14 noyabr 2015-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 3700 ABŞ dolları məbləğində borc aldığını və borcunu 5 il müddətində ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan, 01.12.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 14 noyabr 2015-ci il tarxində İddiaçı 3700 ABŞ dolları məbləğində pulu Cavabdeh borc vermiş, Cavabdeh qeyd edilən məbləği ondan qəbul edərək, 5 il müddətində yəni, 14.11.2020-ci il tarixədək qaytarmağı barədə öhdəlik götürmüşdür. Hazırda iddiaçı cavabdehə verdiyi həmin məbləğinin aralarında bağlanan şifahi müqavilənin şərtlərinə uyğun olaraq bu günədək ona qaytarılmadığını bildirir və bu məbləğin ödənilməsini ondan tələb edir. Cavabdeh isə həmin borc məbləğinin manatla olduğunu, borcunun dollarla olduğunu müəyyən səbəblərə görə yazdığını demişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin halları ilə məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 3700 ABŞ dolları məbləğində pulu vermiş, Cavabdeh isə 14 noyabr 2015-ci il tarxindən 5 il müddətində borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş vaxtda qaytarmalı olduğu halda, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh həmin borc məbləğinin dollarla yox əslində manatla olduğunu vurğulasa da, məhkəməyə bu faktı təsdiq edəcək əsaslı sübut təqdim etməmişdir. Bu baxımdan cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Məhkəmə kollegiyası borc müqaviləsinin xarici valyuta ilə bağlanmasını nəzərə alaraq borcun öhdəliyin icra edildiyi gün (ödəniş anı) Mərkəzi bankın müəyyən etdiyi məzənnəyə uyğun manat ekvivalentində alınmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh 3700 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla tutularaq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(001)- 1836/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar