Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5627/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Tərcüməçi Əhmədova Könül Seyidələkbər qızının, İddiaçı, Cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “əmlakına vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-414/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “əmlakına vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi ev 7, mənzil 3-ə dəymiş maddi ziyana görə 2500 manat, dəymiş mənəvi zərərə görə əvəzi olaraq 1000 manat və ödənilmiş dövlət rüsumunun 30 manat olmaqla cəmi 3530 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək cavabdeh tərəfindən onun yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi ev 7, mənzil 3-ə dəymiş maddi ziyana görə 2500 manat, dəymiş mənəvi zərərə görə əvəzi olaraq 1000 manat və ödənilmiş dövlət rüsumunun 30 manat olmaqla cəmi 3530 manat məbləğində pul vəsaitinin ona ödənilməsi və cavabdehin mənzilinin sanitar qovşağının (hamam otağında) kommunikasiya xətlərində mövcud olan nasazlıqların cavabdehin hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-414/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Cavabdeh tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi ev 7, mənzil 3-ə dəymiş maddi ziyana görə 727 manat, dəymiş mənəvi zərərə görə əvəzi olaraq 100 manat vəödənilmiş dövlət rüsumunun 7 manat olmaqla cəmi 834 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməsi, cavabdehin mənzilinin sanitar qovşağının (hamam otağında) kommunikasiya xətlərində mövcud olan nasazlıqlar cavabdeh hesabına aradan qaldırılması,iddianın qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manatın 23,63 manat hissəsinin cavabdeh X1, 76,37 manat hissəsi isə İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsi qanun tələblərinə məhəl qoymayaraq, işə birtərəfli baxaraq, iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. İddia tam təmin edilməli idi. Məhkəmə dəymiş zərərin miqdarını çox cüzi və az təmin etmişdir. Mənzilə dəyən zərərin həcminin ödənilməsi üçün kifayət etmir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi dəqiq olsa da, məhkəmə tərəfindən sübutetmək və bərabərlik prinsipi pozularaq, məhkəmə öz təşəbbüsü ilə eksperti məhkəmə iclasına dəvət etmiş, cavabdehin iştirakı olmayan (rəsmi bildiriş göndərilməmiş) məhkəmə iclasında dindirilmişdir. Ekspert yönəldici sual verilmiş “iddiaçının mənzilinə su axıdılması nəticəsində dəymiş zərər cavabdehin mülkiyyətində olan evdən su axması nəticəsində ola bilərmi?” sualı verilmiş və ekspert bu halın istisna olmadığını, binanın köhnə tikili olduqu üçün komunikasiya xətlərinin yerini müəyyən etmək mümkün olmadığını bildirmişdir. Eyni sual digər qonşulara münasibətdə də verilsə ekspert tərəfindn eyni cavab veriləcəkdir.Lakin məhkəmə qətnaməsində ekspertin adından təhrif olunmuş izahat verilmişdir. İclas protokolu ilə tanış olan zaman qətnamədə qeyd olunan izahat protokolda öz əksini tapmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kolelgiyasının iclasında iştirak edən İddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin şikayətinin isə rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin vəkili X6 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəaları-nın həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. 6 nömrəli mənzil 3 nömrəli mənzilin üstündə yerləşir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 25387 nömrəli, xx xxxxxx 2019cu il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsindəki 7 nömrəli evin cavabdehə məxsus 6 nömrəli mənzil yaşayış binasının 3-cü mərtəbəsində yerləşdiyini və 3 nömrəli mənzil isə yaşayış evinin 2-ci mərtəbəsində yerləşdiyi və baxış zamanı cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirildiyi zaman iddiaçının 3 nömrəli mənzilinin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmadığını nəzərə alaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi 7 nömrəli evin 3 nömrəli mənzilində əmələ gəlmiş zədələrin 6 nömrəli mənzilindən suyun axması ilə səbəb əlaqəsi olub- olmamasını dəqiqliklə müəyyən etmək mümkün deyildir.Eyni zamanda rəydə su sızmanın 4 səbəbdən baş verə bilməsi müəyyən edilmişdir:boru xətlərində yaranan qəzadan;sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan;kanalizasiya borularının çatlamasından,birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan;yararsız sanitar-qovşaq avadandıqlarından istifadə edilməsindən.Rəydə 3 saylı mənzilin dəhliz, hamam və mətbəx tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 727 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməi tərəfindən tərtib olunmuş ekspert rəyində aydın olmayan məqamların dəqiqləşdirilməsi üçün rəyi tərtib edən ekspert X7 məhkəməyə dəvət olunmuş və izahatında qeyd etmişdir ki, su sızmanın səbəbi kimi rəydə qeyd olunan boru xətlərindən yaranan qəzadan dedikdə cavabdehə məxsus boru xətlərindən yaranan qəzadan su sızması baş vermişdir. Cavabdehə istifadəsində olan sanitar-qovşaq avadanlıqlarından, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar-qovşaq avadanlıqlarında istifadə edilməsindən də su sızması ola bilər. Səbəb kimi göstərdiyi 4 halın hər biri cavabdehin istifadəsində olan mərtəbəarası örtük konstruksiyasına aiddir. Su sızma mərtəbəarası örtük kontruksiyasından olduğu üçün tam olaraq hansı borudan olduğunu müəyyən etmək mümkün olmamışdır. Həmin evə su sızır, ev təmirli olmasa da parket döşəmə çürüyüb, evdə su sızma ilə bağlı qüsurlar mövcuddur. Rəydə su sızmanın səbəbini konkret olaraq ona görə göstərməmişdir ki, susızma mərtəbəarası örtük konstruksiyasından baş vermişdir. Konkret hansı səbəbdən olduğu müəyyən olunmasa belə, hər bir halda susızmanın səbəbi üst qonşunun təqsirindən baş vermişdir.Üst mərtəbədəki mənzildə konstruktiv dəyişikliklər baş vermişdir. Yəni iddiaçının sanitar qovşağının üstündə cavabdehin mətbəxi yerləşir, cavabdeh yeridəyişən paltaryuyan maşından istifadə edir, həmin maşının suburaxan borusu kanalizasiya sisteminə qoşulmayıb, istənilən yerə həmin borunu yerləşdirmək olur. Susızmanın səbəbi buda ola bilər. Amma hər bir halda susızma cavabdehə məxsus mənzildən baş verir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin məcəllənin 21.1. maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakmdan məhrum olması və ya əmlakmm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi ev 7, 3 saylı mənzilə həmin binanın sahənin üstündə yerləşən, cavabdehə məxsus 6 saylı mənzildən su axıtma nəticəsində maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilinə su axıdılmasının cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya ziyan vurulması iş materialları, ekspert rəyi və ifadəsi ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və hər hansı sübutla öz təstiqini tapmır. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunun təhrif edilmiş formada tərtib edilməsinə istinad etsə də, onun həmin protokola qeydlər verilməsi ilə bağlı ərizəsi iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, tərəflərin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh X2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-414/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5627/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5627/2020
25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver