Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-563/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 və digər cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “X6 Rover” minik markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra – Avtomobil) Cavabdeh1 mülkiyyətində olmuş və buna dair ona xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilin iddiaçıya satılması məqsədilə tərəflər arasında danışıqlar olmuş, qiyməti 51000 ABŞ dolları – 86700 manata razılaşdırlmış və 3 dəfəyə - birinci dəfə 20000 manat beh olaraq, ikinci dəfə 56000 manat, üçüncü dəfə isə 10000 manat (əvvəlcədən razılaşmaya görə bu sonuncu pul vəsaiti Avtomobilin təmirinə çəkiləcək xərc üçün saxlanılsa da, sonradan Cavabdeh1 xahişi ilə iddiaçı onu da vermişdir) olmaqla ödənilmişdir. Avtomobilin alınması məqsədilə nəzərdə tutulan bu pul vəsaitləri hər üç hissədə Cavabdeh1 şifahi tapşırığı ilə Cavabdeh2 verilmişdir. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh1 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixədək, yəni 1 il müddətinə etibarnamə verilmişdir. Etibarnamə ilə verilən səlahiyyətlər bunlar olmuşdur: sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək. Avtomobil iddiaçının sahibliyinə verildikdən (xx.xx.2023-cü il) sonra, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 avtomobil qəzası keçirmiş, xx.xx.2023-cü tarixdə isə iddiaçıya verdiyi etibarnaməni ləğv etmiş, nəticədə X5 Polisinin əməkdaşları tərəfindən saxlanılaraq məcburi duracağa yerləşdirilmiş və sonradan Cavabdeh1 tərəfindən götürülmüşdür. Avtomobilin alınması məqsədilə ödənilmiş iddiaçı tərəfindən ödənilmiş pul ona qaytarılmamışdır. Bundan başqa, iddiaçının Cavabdeh2 qarşı şikayət ərizəsi üzrə Xətai RPİ-nin İstintaq şöbəsində araşdırma aparılmış və toplanmış material üzrə AR CPM-nin 391.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 86700 manat, Cavabdeh2 avtomobilin təmirinə sərf olunan 8000 manat, vəkil xidməti üçün ödənilmiş 300 manat pulun və 375 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və onun qohumu Cavabdeh2 xx.xx.2023-cü il tarixində etibarnamə əsasında Avtomobil almışdır. Bu məqsədlə də cavabdehə 86700 manat məbləğində pul ödənilmişdir. Sonra cavabdeh etibarnaməni ləğv edib pulunu geri qaytarmamışdır. Bununla bağlı cavabdehlərə müraciət edilsə də, cavabdehlər müraciətini müsbət cavablandırmamışlar. Cavabdeh1la onun qohumu Seymur vasitəsilə tanış olmuşdur. Avtomobili aldıqdan sonra 8000 manat məbləğində vəsait xərcləyərək avtomobili təmir etdirmişdir. Pulun ödənilməsi üçün cavabdehlərə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Həmin məktub bu günə qədər cavabsız qalmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-2920/24) iddia qismən təmin edilmiş, “X6 Rover” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə ödənilmiş 86 700 manat manat və ödənilmiş 375 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh2 aid hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasındakı münasibət avtomobilin alqı-satqısı ilə bağlı olmuş, Cavabdeh1 avtomobili satmaq, iddiaçı isə onu almaq arzusunda olmuş, lakin onlar arasında bununla bağlı qanunla müəyyən edilmiş formada alqı-satqı müqaviləsi bağlanmamışdır. Mülki Məcəllədə alqı-satqı müqaviləsinin şifahi formada bağlanması əsasları nəzərdə tutulsa da, avtomobillərlərlə bağlı müqavilənin yazılı formada bağlanılmaqla notarial qaydada təsdiq edilməsi qanunla birbaşa nəzərdə tutulmuşdur. Belə ki, avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan alqı-satqısı zamanı satıcı onu alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avtomobilə sahilik və istifadə hüququ onun verilməsi ilə baş tutsa da, mülkiyyət hüququ barəsində əqdin notarial qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İşin şərh edilən hallarından da göründüyü kimi, avtomobil etibarnamə əsasında iddiaçının sahiblik və istifadəsinə verilsə də, mülkiyyətə verilməsinin qanunla müəyyən edilmiş qaydası pozulduğundan avtomobilə dair şifahi formada bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. İşin mübahisəsiz halıdır ki, etibarnaməni ləğv etməklə avtomobili Cavabdeh1 geri qaytarmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı avtomobilə görə 86700 manat pulun verilməsi də sübuta yetirilmişdir. Belə olan halda, avtomobilə görə verilmiş 86700 manat pul iddiaçıya qaytarılmalıdır
6. Avtomobilin satılmasına görə bütün ödənilən pul vəsaitlərindən Cavabdeh1 məlumatı olmuş və həmin pul vəsaitləri onun tapşırığı ilə Cavabdeh2 verilmişdir. Əks halda, avtomobilə görə Cavabdeh1 iddiaçıya etibarnamə verilməkdən imtina edərdi, həmçinin təmir xərcinə görə saxlanılmış pulu deyil, avtomobilin dəyərini tam tələb edərdi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, avtomobilə dair alqı-satqı müqaviləsi etibarsız olduğundan, eyni zamanda avtomobil Cavabdeh1 tərəfindən geri qaytarıldığından, habelə pulun Cavabdeh2 tərəfindən alınması Cavabdeh1 tapşırığı ilə yerinə yetirildiyindən avtomobilə görə ödənilmiş pul vəsaiti sonuncu tərəfindən iddiaçıya qaytarılmalıdır.
7. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi avtomobilin təmirinə ödənilmiş 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı avtomobilin təmir edilməsi üçün 8000 manat məbləğində xərc çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
8. Məhkəmə iddia tələbinin vəkil xidməti üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi xidmət üçün 300 manat məbləğində ödənişin aparılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, 375 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya qaytarılmalıdır. Ona görə ki, cavabdehlərin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 324.1. 331.1, 334.1, 337, 407, 567, 650-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilin iddiaçıya satılması məqsədilə tərəflər arasında danışıqlar birbaşa Cavabdeh2la aparılmış və Cavabdeh2la Bəhruz uşaqlıqdan dost olmuşlar. Avtomaşının qiyməti 51000 ABŞ dolları – 86700 manata razılaşdırılmış (bu barədə Seymur da qeyd etmişdir. 3 dəfəyə - birinci dəfə 20000 manat beh Cavabdeh2 olaraq,ikinci dəfə 56000 manat yenə də Cavabdeh2 üçüncü dəfə isə 10000 manat olmaqla yenə də Cavabdeh2 verilmişdir. Əvvəlcədən hər hansı məbləğlə bağlı Gürşad Məmmədov hər hansı bir təmirlə bağlı razılaşma aparmamış, bütün danışıqlar Seymur tərəfindən aparılmışdır. Halbuki, Seymur hər dəfə müxtəlif izahatlar vermiş, lakin hansı izahat məhkəməyə sərf etmişdirsə ona istinad etmişdir. Bu iş üzrə audio-video çəkilişlər apellyasiya məhkəməsində baxılarkən tam tədqiq edilməlidir. Seymurun qeyd etdiklərinin əksəriyyəti qətnamədə yoxdur. Belə ki, əgər pul Seymurda deyildirsə onda nəyə görə 40000 (qırx min) manatın onda olduğunu qeyd edir. Həmin pulu verməyə razı olduğunu bildirir. Bunu yazmamaqla məhkəmə qərəzli olduğunu bir daha göstərir. İşə birtərəfli baxmasını sübut edir. Məhkəmə daima Cavabdeh2 müdafiə etmişdir. Cavabdeh2 tərəfindən yazılmış qəbzi sübut kimi təqdim edərək 89000 manat pulun Seymurda olmadığını təsdiq edir. Lakin məhkəmə əhəmiyyət vermir. Həmin əlyazıya münasibət bildirmir. Qətnamədə bu barədə hər hansı bir qeyd yoxdur. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh1 tərəfindən iddiaçıya 1 il müddətinə, xx.xx.2024-cü il tarixədək verilmiş etibarnaməni alqı-satqı müqaviləsi hesab etməklə alqı-satqı müqaviləsinə münasibətdə qanunvericiliyi şərh edir. Alqı-satqı ilə bağlı qanunvericiliyə istinad edir. Nə qədərki alqı-satqı müqaviləsi həyata keçirilməyib, avtomobil Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçının pulunun olduğu şəxsi dəqiq göstərsə də və məhkəmə iclasında bu sübut olunsa da, nədənsə məhkəmə əhəmiyyət verməmişdir. Halbuki, Cavabdeh2 pulun Cavabdeh1 verilməsini təsdiq edəcək heç bir sübut təqdim etməmiş və hətta özü də etiraf etmişdir ki, pulu hansısa tikinti işinə yatırmışdır. Cavabdeh1 həmin pulu Seymurun hansısa işə yatırması barədə razılaşması yoxdur, olmamışdır da. Ümumiyyətlə, bu barədə sübut da yoxdur. Göründüyü kimi, iddiaçı Cavabdeh2 qarşı şikayət ərizəsi üzrə Xətai RPİ-nin İstintaq şöbəsində müraciət etmiş və araşdırma aparılmış və toplanmış material üzrə AR CPM-nin 391.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, razılaşma aparılanda, beh veriləndə Gürşad Məmmədov burda da olmamışdır. Ancaq Cavabdeh2 istintaqda verdiyi ifadəsini yadından çıxararaq məhkəmədə yalan izahatlar vermişdir. Həmin qərarda verdiyi izahatında qeyd etmişdir ki, maşın satılaraq behi alınanda Gürşad Bakı şəhərində olmamış və sonradan dəvət edildikdən sonra gəlmiş, 56000 manat pul veriləndə Gürşadın yanında verilməmiş və Gürşadı yola saldıqdan sonra Bəhruz, Anar və Seymur Anarın evinə gedərək pulu oradan götürmüşdür. Həmin qərarda hər dəfə pul verilərkən Gürşadın orada olmadığı təsdiqini tapmışdır. Hər iki şəxs Seymur və Anar bunu təsdiq etmişlər. Həmin vaxt da göründüyü kimi İddiaçı da öz pulunu Seymurdan tələb etmişdir. Əgər Seymurun bu pulu götürüb məqsədi Gürşada vermək olmuşdursa belə bunu etməmiş və bu gün də həmin məbləğ Gürşada qaytarılmamışdır. Ümumiyyətlə, burda pulun tutulması tələb edilməli şəxs Cavabdeh2 olmuşdur. Nədənsə ona qarşı formal bir tələb irəli sürməklə hər iki tərəfin qarşılıqlı razılığı əsasında Cavabdeh1 qarşı iddia sürmüşlər. Məhkəmədə hər iki tərəf yalan məlumatlar vermiş, polisdə veridkləri ifadələri eyni qaydada təkzib etməyə çalışmışlar. Məhkəmə də onların bu yalanlarına don geyindirmək üçün hazırkı qərəzli qətnaməni çıxarmağa nail olmuşdur. Məhkəmə polisdə olan materialın tələb edilsə belə məhkəməyə gətirilməsində iddialı olmamışdır. Bu etibarnamənin verilməsindən sonra Cavabdeh1 yol-nəqliyyat hadisəsi keçirməsi öz təsdiqini tapmışdır. Bununla bağlı sənədlər təqdim ediblər. Eyni zamanda Cavabdeh2 da bunu təsdiq etmişdir. Cavabdeh1 özünə gələn kimi bu etibarnaməni haqlı olaraq ləğv etdirmişdir. Çünki göründüyü kimi pullar da Seymurda qalmışdır. Belə olan halda iddiaçı Cavabdeh2 pul tələb etsəydi daha məqsədə müvafiq olardı. Hər ikisi hazırkı iddiada bildirirlər ki, “Notariusda təmir xərci üçün 10 000 manat saxlayaraq yerdə qalan pulu Gürşad vermiş, Gürşad isə pulu Seymura vermişdir.” Lakin iş materialalrında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarda Gürşadı yola saldıqdan sonra Seymur Bəhruz və Anar birlikdə evə gedərək orada pulu Seymura verdiklərini bildirmişlər. Məhkəmədə buna aydınlıq gətirə bilmədilər. Sadəcə olaraq bildirdi ki, “66 000 manat məbləğində pul vəsaitinin notariusdan çıxarkən, yoxsa həmin gün axşam Gürşadı “Şeş beş” restoranında düşürdükdə verdiyi tam dəqiq yadında deyil, ancaq dəqiq bilir ki, 66 000 manat məbləğində pul vəsaiti Gürşadın razılığı ilə Seymura verilib.” Pulun verilməsi üçün Gürşadın hansısa razılığı alınmamışdır. Göründüyü kimi, etibarnamə verilərkən və ondan sonra Cavabdeh1 hər hansı məbləğdə pul verilməmişdir. Ümumiyyətlə, Cavabdeh1 heç bir halda pulu görməmişdir. Bu işin mübahisəsiz haldır. Görünən odur ki, Anarla Bəhruz, eyni zamanda Bəhruzla Seymur dostdurlar və onların dostluqları uşaqlıqdan davam edir. “Seymur məhkəmə iclasında onu da qeyd etmişdir ki, Gürşadla birlikdə fərdi yaşayış evlərinin tikilib satılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Gürşad avtomobilin satışından əldə edilmiş 86700 pul vəsaitini həmin sahibkarlıq fəaliyyətinə sərmayə qoymuşdur.” Sahibkarlığın nədən ibarət olması, hansı məbləğdə sərmayələrin qoyulması barədə işdə heç bir məlumat yoxdur. Sadəcə olaraq Cavabdeh2 yalan mülahizələrindən biridir. Bu məbləğdə pulun hansısa biznesə sərmayə qoyulması barədə Cavabdeh1 heç bir tapşırığı olmamışdır. Görünən odur ki, Cavabdeh2 pulu Gürşada şəxsən verməmişdir. Amma nədənsə məhkəmə Seymurun etirafına baxmayaraq pulun Gürşadda olması qənaətinə gəlməkdədir. Burada məhkəmə yalnışlığa yol vermişdir. Bütün bu hallar düzgün araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavavdeh Cavabdeh1 nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Digər Cavabdeh2 da apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh1la onun qohumluq münasibətləri var. Belə ki, Cavabdeh1 onun arvadının əmisidir. Avtomobilin satışından əldə olunan 86700 manat vəsaitini iddiaçıdan avtomobilin sahibi Cavabdeh1 özü qəbul etmiş və sonra şərikli tikinti biznesində istifadə olunması üçün ona vermişdir. Sonradan Cavabdeh1 avtomobil qəzasına uğramış, ondan tikintiyə qoyduğu pulu tələb etmiş, o, 46700 manatı Cavabdeh1 vermiş, 40000 manat isə onda qalmışdır. Onda qalan bu pulun avtomobil alqı-satqısına heç bir aidiyyəti yoxdur. Bu pul tikintiyə qoyulmuş puldur və tikinti də yarımçıq qalmışdır. Həmin vaxta qədər o, Cavabdeh1la birgə şərikli olaraq tikinti biznesi ilə məşğul olmaqla təxminən 10 ədəd ev tikib satmışlar. Lakin hazırda münasibətləri pozulmuşdur.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın Cavabdeh1 münasibətdə təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Hazırkı iş üzrə İddiaçı Cavabdeh1 xx.xx.2023-cü il tarixli etibarnamə əsasında avtomobil aldığını, bunun müqabilində Cavabdeh1 86700 manat pul verdiyini, sonuncunun etibarnaməni ləğv etdirdiyini, avtomobili geri aldığını, lakin avtomobilə görə ödədiyi pulu qaytarmadığını bildirir və həmin məbləği Cavabdeh1 tələb edir.
24. İddiaçının Cavabdeh2 qarşı tələbi mübahisəli avtomobilin təmirinə sərf olunan 8000 manat vəsaitin qaytarılması ilə bağlıdır və apellyasiya qaydasında mübahisələndirilmədiyindən hazırkı apellyasiya baxışının predmeti deyildir.
25. Mübahisəli avtomobilə görə İddiaçı tərəfindən 86700 manat pulun ödənildiyi işin mübahisəsiz halıdır.
26. İddiaçı 86700 manat pulun Cavabdeh1 verildiyini iddia edir, sonuncu isə iddiaya etiraz edərək həmin pulu almadığını, pulun Cavabdeh2 tərəfindən qəbul edildiyini bildirir.
27. Cavabdeh2 isə apellyasiya baxışı zamanı izahat verərkən göstərdi ki, Cavabdeh1 onun arvadının əmisidir. Onlar şərikli tikinti biznesi ilə məşğul olmuşlar. Lakin hazırda münasibətləri pozulmuşdur. Avtomobilin satışından əldə olunan 86700 manat vəsaitini iddiaçıdan avtomobilin sahibi kimi Cavabdeh1 özü qəbul etmiş və sonra şərikli tikinti biznesində istifadə olunması üçün ona vermişdir. Sonradan Cavabdeh1 avtomobil qəzasına uğramış, ondan tikintiyə qoyduğu pulu tələb etmiş, o, 46700 manatı Cavabdeh1 vermiş, 40000 manat isə onda qalmışdır. Onda qalan bu pulun avtomobil alqı-satqısına heç bir aidiyyəti yoxdur. Bu pul tikintiyə qoyulmuş puldur və tikinti də yarımçıq qalmışdır.
28. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 izahatında bildirişdir ki, Gürşadı Seymurun vasitəsilə tanıyıb. İddiaçı ona bir dəfə bildirmişdir ki, o, “Range Rover” markalı avtomobil almaq istəyir. O, iddiaçıya zəng edərək belə bir avtomobilin olduğunu bildirdi. İddiaçı ona dedi ki, avtomobilə gedib baxsın, avtomobilə baxdıqdan bir gün sonra axşam saatlarında Seymur yanında bir nəfərlə birlikdə “Ukrayna” dairəsi yaxınlığına avtomobili gətirdi. İddiaçı avtomobilə baxaraq bəyəndi. Həmin vaxt Seymur bildirdi ki, avtomobilin dəyəri 51 000 ABŞ dolları, yəni 86 700 manat təşkil edir, Avtomobilin təmir xərcini də özləri qarşılayacaq. Həmin vaxt Gürşad orada olmasa da, Seymurla telefonla əlaqə saxlayırdı. Seymur onlara bildirdi ki, avtomobilə 20 000 manat məbləğində beh verilməlidir və 20 000 manat məbləğində beh Seymura verildi. Daha sonra, onlar avtomobilə dair etibarnamənin verilməsi üçün notariusa getdilər. Gürşad avtomobilə dair etibarnamə verdi. Avtomobildə olarkən 56 700 manat sayılaraq Gürşada verilərkən Gürşad pulu Seymurun götürməsini bildirdi. Danışığa əsasən avtomobilin pulundan 10 000 manat avtomobilin təmirinə görə saxlanılmalı idi. Lakin, sonradan Gürşad ona zəng edərək bildirdi ki, ona təcili 10 000 manat pul lazımdır, həmin pulu Seymura versinlər. Həmin gün Seymur atası ilə birlikdə Anarın yaşadığı ünvana gedərək 10 000 manat pulu Anardan götürmüşdür.
29. Göründüyü kimi, avtomobilin satılması ilə bağlı bütün danışıqlardan Cavabdeh1 məlumatı olmuşdur. Belə ki, əvvəlcə 20 000 manat beh olaraq Cavabdeh2 ödənilmiş, avtomobilin dəyəri yenidən iddiaçı, cavabdehlər və şahid Bəhruz Əlikişiyev birlikdə şam yeməyi yeyərkən müzakirə edilərək razılaşdırılmış, avtomobildə olan qüsurlara görə xərcin ödənilməsi məsələsi müzakirə edilmiş və Gürşad buna görə 10000 manat pulun saxlanılmasını təklif etmiş, avtomobilin satış dəyərindən qalan 56 700 manat pul iddiaçı tərəfindən Cavabdeh1 təqdim edilsə də, o, Seymurdan pulu almasını xahiş etmiş, sonradan ehtiyacı olduğundan, təmir üçün saxlanılan 10000 manat pulun da Seymur vasitəsi ilə ona göndərilməsini iddiaçıdan xahiş etmişdir. Seymur məhkəmə iclasında onu da qeyd etmişdir ki, Gürşadla birlikdə fərdi yaşayış evlərinin tikilib satılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Gürşad avtomobilin satışından əldə edilmiş 86700 pul vəsaitini həmin sahibkarlıq fəaliyyətinə sərmayə qoymuşdur.
30. Şərh edilənlərdən də aydın görünür ki, avtomobilin satılmasına görə bütün ödənilən pul vəsaitlərindən Cavabdeh1 məlumatı olmuş və həmin pul vəsaitləri onun tapşırığı ilə Cavabdeh2 verilmişdir. Əks halda, avtomobilə görə Cavabdeh1 iddiaçıya etibarnamə verilməkdən imtina edərdi, həmçinin təmir xərcinə görə saxlanılmış pulu deyil, avtomobilin dəyərini tam tələb edərdi. Mülki Məcəllənin 782.1-ci maddəsində qeyd edilir ki, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı Cavabdeh1 qarşı tələbinə dair hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
34. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
35. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
36. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir və ona görə də qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
38. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 avtomobilin sahibi, iddiaçı isə həmin avtomobili alan şəxs olmuşdur. Onlar arasında alqı-satqı münasibətləri yaranmış, cavabdeh bu məqsədlə avtomobil üzərində sərəncam vermək barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə notariat qaydasında etibarnamə vermiş, avtomobili faktiki olaraq iddiaçının istifadə və sahibliyinə vermiş, iddiaçı avtomobilə görə cavabdehə 86700 manat pul ödəmiş, lakin cavabdeh onun şifahi tapşırığı əsasında hərəkət edən Cavabdeh2la münasibətləri korlandığına görə sonradan xx.xx.2023-cü il tarixdə iddiaçıya verdiyi etibarnaməni ləğv etdirmişdir. xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan 3 aya yaxın müddət ərzində cavabdeh avtomobilin pulunun verilməməsi ilə bağlı iddiaçıya müraciət etməmiş, ona hər hansı iradı olmamışdır. Bu isə onu göstərir ki, etibarnamənin ləğv olunmasının səbəbi iddiaçı tərəfindən avtomobilin dəyərinin ödənilməməsi yox, cavabdehlə onun şifahi tapşırığını həyata keçirən qohumu Cavabdeh2 arasında münasibətlərin korlanması olmuşdur.
39. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsinin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas vermir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 04 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 qarşı tələbin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.