Məhkəmə qərarları › İş №2(103)-5637/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5637/2025

14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5637/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4007/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli ödəniş üzrə hesabına əlavə edilmiş və xx.xx.2025-ci il tarixində geri alınmış 30 manat keşbək məbləğinin tutulması barədə inzibati hərəkətin qanunsuz hesab edilməsi və ləğv edilməsi, əgər zəruri sayılarsa – mənəvi və maddi ziyanın kompensasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4007/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi qeyri-müəyyən olması əsası ilə geri qaytarılmışdır. Halbuki, iddiaçın əsas və konkret tələbi cavabdeh bankın əsassız olaraq geri tutduğu 30 manat keşbekin onun hesabına geri qaytarılmasıdır. Bu tələb istehlakçı hüquqlarının müdafiəsi ilə birbaşa bağlıdır və Mülki Prosessual Məcəllənin (MPM) 149.2.2-ci maddəsinin tələblərinə uyğundur. İddia ərizəsinə ödəniş və geri tutulma əməliyyatlarını təsdiq edən bank çıxarışları əlavə edilmişdir. Bu da faktın sübutu üçün yetərlidir. İstehlakçı hüquqlarının müdafiəsi haqqında Qanun və Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsi (zərərin ödənilməsi hüququ) əsasında vətəndaşın bank xidmətləri nəticəsində hüquqlarının pozulması halında məhkəmənin iddianı geri qaytarması yox, mahiyyəti üzrə araşdırması tələb olunur. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən iddianın “qeyri-müəyyən” hesab edilməsi əsassızdır və MPM-in tələblərinə ziddir. Cavabdeh Bank xx.xx.2025-ci il tarixində istehlakçıya – idiaçının balansına 30 manat keşbek vəsaiti əlavə etmiş, lakin xx.xx.2025-ci il tarixdə əsassız olaraq geri tutmuşdur. Bu əməliyyat bank çıxarışlarında öz əksini tapmışdır və faktiki olaraq cavabdehin əsassız zənginləşməsi deməkdir. Birinci instansiya məhkəməsi bu faktları araşdırmadan iddianı geri qaytarmaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddia ərizəsi MPM-in 149.2.2-ci maddəsinə tam cavab verir, çünki ərizədə konkret tələb göstərilmişdir – “cavabdeh Bank tərəfindən tutulmuş 30 manat keşbek vəsaitinin iddiaçıya qaytarılması”. Əlavə olaraq, iddianın əsası kimi bank çıxarışları təqdim edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı qeyri-müəyyən hesab edərək geri qaytarmış, nəticədə MPM-in 152.1.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Əslində məhkəmə iddianı qəbul edib, faktiki halları araşdırmalı idi. İddianın mahiyyətinə baxmadan geri qaytarılması prosessual hüquq normalarının pozulmasıdır. Məhkəmə işə qəbul etmədən iddia ərizəsinin mahiyyəti üzrə faktları araşdırmamışdır. Bankın xx.xx.2025-ci il tarixdə balansına əlavə etdiyi və xx.xx.2025 tarixdə geri tutduğu 30 manat keşbek əməliyyatı rəsmi bank çıxarışlarında öz əksini tapır. Bu faktlar aydınlaşdırılmadan iddia geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4007/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci, 152.1.3-cü və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə və ya müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı irəli sürdüyü ilk tələbində dolayısı ilə 30 manat pulun qanunsuz olaraq ondan alınması səbəbindən geri qaytarılmasını xahiş etsə də, digər tələbi üzrə məbləğini dəqiqləşdirmədən ona maddi və mənəvi zərərin vurulması halının mövcudluğunun müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Halbuki, tələblər dəqiq olmalı, onların əsası kimi istinad edilən faktlar və hallar, onları təsdiq edən sübutlar göstərilməlidir. Bununla belə, irəli sürülmüş tələblərin qeyri-müəyyən olması artıq iddianın qeyri qaytaırlması üçün əsas yaradır. Digər tərəfdən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində istehlakçı anlayışına (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) aydınlıq gətirilmiş, 3-cü maddəsində isə istehlakçının hüquqları sadalanmışdır. Bu baxımdan hazırki iddia istehlakçı hüquqlarının pozulmasından irəli gələn iddia kimi qiymətləndirilə bilməz. Hər bir halda, iddiaçının şəxsi tələbatı avia biletlə bağlı olmuş və məhz bu məqsədlər üçün 1.987,70 manat məbləğində pul ödənilmişdir. Bu da öz növbəsində irəli sürülmüş iddianın qiymətinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini və bu halı təsdiq edən sənədin təqdim edilməsini şərtləndirir. Belə bir sənədin təqdim edilməməsi də iddianın geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Maddi və mənəvi zərər, o cümlədən onun məbləği ilə bağlı dəqiq tələbin irəli sürülməməsi dövlət rüsumunun məbləğinin müəyyən edilməsini də qeyri-mümkün edir. Nəzərə alınmalıdır ki, bu qəbildən olan iddialar hüquqi şəxs olan cavabdeh "xxxx" ASC-nin ünvanının olduğu yerə görə verilir. Cavabdeh isə ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır. Başqa sözlə, hazırki iddiaya məhkəmə aidiyyəti üzrə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmaı deyil. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4007/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4007/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar