Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5639/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2335/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh3 Zülfüqar oğluna qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə hökmünə əsasən ona məxsus əmlaklarla bağlı verilmiş icra sənədi üzrə icraatın dayandırılması, həmin əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi və əmlakın Cavabdeh1 aidiyyətinin olmaması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanda yerləşən 983,8 kv.metr və 1.935,8 kv.metrdən ibarət qeyri-yaşayış sahələri xx.xx.2019-cu il tarixdən iddiaçıya məxsusdur. İş üzrə cavabdeh olan Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsini 145.3, 178.3.1 və sair maddələri ilə təqsirləndirilməsi barədə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə iddiaçıya aid yuxarıda qeyd edilən əmlakların müsadirə edilməsi hökm edilmişdir. Hökm əsasında verilmiş icra sənədinə əsasən əmlaklar satılması üçün açıq hərraca çıxarılmışdır. Halbuki, iddiaçının Cavabdeh1 törətdiyi cinayət əməllərinə heç bir aidiyyəti yoxdur və iddiaçının adı məhkəmə hökmündə hallanmır. Odur ki, mübahisəli əmlaklarla bağlı verilmiş icra sənədi üzrə icraat dayandırılmalı, əmlaklar həbsdən azad olunmalı və iddiaçıya qaytarılmalıdır. İddia ərizəsinin icraata qəbulunun mümkünlüyünü yoxlayan Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmiş və iddia ərizəsini geri qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçı tərəfindən iddianın əsası kimi göstərilmiş faktlar – qeyri-yaşayış sahələrinin müsadirə edilməsi barədə məhkəmənin hökmündən iddiaçıya münasibətdə apellyasiya şikayəti vermək hüququnun tanınmaması hələ cinayət mühakimə icraatı növü üzrə bütün imkanların tükənməsi demək deyildir. Çünki cinayət-prosessual qanunvericilikdə iddia tələbində göstərilən məsələlərə baxılması ilə bağlı prosessual hüquqi mexanizm mövcuddur və iddiaçı da məhz bu imkanlardan istifadə etməlidir. Habelə qəbul edilsə ki, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilər, iddia tələbinin təmin olunacağı halında eyni əmlaklar barədə fərqli məhkəmə aktları ilə fərqli qərarlar ortaya çıxacaqdır. İddiaçı qeyd edilən həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göründüyü kimi mülki prosessual qanunvericilik iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qaytarılması halında məhkəmənin üzərinə iddiaçının hansı orqana müraciət etməli olmasının göstərilməsi vəzifəsini qoymuşdur. Lakin iddiaçının iddia ərizəsini yuxarıda qeyd olunan əsasla qaytaran Rayon Məhkəməsinin MPM-nin 153.3-cü maddəsinin tələblərinə əməl etməmiş, mübahisənin həlli məqsədi ilə hansı orqana müraciət edilməli olduğunu iddiaçıya izah etməmişdir. Bununla da Rayon Məhkəməsi prosessual hüquq normasını pozmuşdur. Odur ki, iddiaçını şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardad ləğv edilməli, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh3 Zülfüqar oğluna qarşı icra sənədi üzrə icraatın dayandırılması və sair tələbi barədə” iddia ərizəsinin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5639/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5639/2020
22.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver